Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-368/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-67/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qrunt sularına görə cavabdehə 2016-cı il ödənilmiş 1772,40 manat, 2018-ci ildə ödənilmiş 5372 manat vəsaitin, həmin vəsaitlərin qanunsuz olaraq saxlanılmasına görə illik 17 faiz dərəcəsi ilə 1215 manat dəyən zərərin, 30 manat məhkəmə rüsumunun, cəmi 8389,40 manat vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması və qrunt sularının ümumi şəhər təsərrüfatına aid kanalizasiya şəbəkəsinə axıdılması üçün əlavə vəsaitin hesablanmamasının və tutulmamasının cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2-2(113)-67/2020 nömrəli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı qrunt sularının ümumi şəhər təsərrüfatına aid kanalizasiya şəbəkəsinə axıdılması üçün əlavə vəsaitin hesablanmamasının və tutulmamasının cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə icraata xitam verilmişdir. İddiaçı MMC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 şikayətə etiraz etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsaslanaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iddia icraatı qaydasında hansı növ tələblərin irəli sürülməsinin mümkünlüyünü Mülki və Mülki Prosessual Məcəllənin ayrı-ayrı maddələrindən aydın şəkildə müəyyən etmək olur. Məsələn əmlakın alınması, pul vəsaitlərinin tutulması, müqavilənin ləğv və ya etibarsız hesab edilməsi, dəyişdirilməsi, əmlakın bölünməsi, naturada ayrılması, cavabdehi müəyyən hərəkətləri etməyə məcbur etmə, alimentin alınması, zərərin əvəzinin ödənilməsi və s. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 7-ci bəndi və Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinin tələblərindən də göründüyü kimi məhkəmələr gələcəkdə pozulması ehtimal edilən hüquqların bərpası məsələsini deyil, artıq pozulmuş hüquqların müdafiəsi məsələsini həll edir. Həmçinin mülki prosesdə iddia icraatı qaydasında irəli sürülən tələblər xarakter etibarı ilə konkret və dəqiq olur. Lakin iddiaçı tərəfindən irəli sürülmüş qrunt sularının ümumi şəhər təsərrüfatına aid kanalizasiya şəbəkəsinə axıdılması üçün əlavə vəsaitin hesablanmamasının və tutulmamasının cavabdehə həvalə edilməsi barədə iddia artıq pozulmuş hüquqların bərpası məqsədi ilə deyil, gələcəkdə pozulması ehtimal edilən hüquqların indidən bərpası məqsədi ilə verilmişdir. Bundan başqa həmin tələb yuxarıda qeyd olunan məqsədləri daşımır və qeyrimüəyyən və qeyri-dəqiq olmaqla yanaşı, mülki qanunvericilikdə nəzərdə tutulan heç bir növ iddia tələblərinə aid deyildir. Həmçinin birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən qrunt sularının kanalizasiya şəbəkəsinə axıdılmasına görə sonuncu dəfə 2018ci ildə cavabdehə ödəniş edilmişdir. Gələcəkdə tərəflər arasında hansı münasibətlərin ola bilməsi (hazırkı münasibətlərin davam etdirilməsi, yeni müqavilə münasibətlərinin yaranması və s.) qeyri-müəyyəndir. Gələcəkdə tərəflər arasında qrunt sularının axıdılması ilə bağlı münasibətlərin hansı çərçivədə yaranacağını, həmin münasibətlərdə tərəflərin hansı hüquq və vəzifələrə sahib olacaqlarını müəyyənləşdirmək mümkünsüzdür. Ona görə də, hazırda mövcud olmayan, əsasları qeyri-müəyyən olan mübahisəyə məhkəmə tərəfindən baxıla bilməz. Qeyd olunanları və Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq həmin hissədə iş üzrə icraata xitam verilməsi nəticəsinə gəlmişdir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-67/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-368/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-368/2021
03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver