Məhkəmə qərarları › İş №2-2(103)-368/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-368/2022

12.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-368/2022 12.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-187/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 13.01.2022-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6976,50 manat məbləğində əsas borcun və 2155,77 manat ƏDV borcunun, ödənişin gecikdirilməsinə görə 2313,06 manat məbləğində dəbbə pulunun, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh "X1" MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 13.01.2022-ci il tarixli e-2-2(113)-187/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən 6.976,5 manat (altı min doqquz yüz yetmiş altı manat əlli qəpik) məbləğində əsas borc, 2155,77 manat (iki min yüz əlli beş manat yetmiş yeddi qəpik) məbləğində ƏDV, cəmi 9.132,27 manat (doqquz min yüz otuz iki manat iyirmi yeddi qəpik) məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi və qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır. İddiaçının istinad etdiyi hallar ondan ibarətdir ki, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında bağlanılmış alqı-satqı müqavilələri əsasında cavabdeh təşkilatın 28.01.2020-ci il tarixli, EBAF seriyalı, 570406 saylı elektron qaiməyə əsasən 11856,50 manat əsas borc, 2134,17 manat ƏDV borcu yaranmışdır. 07.05.2020-ci il tarixdə bu qaiməyə əsasən əsas borcdan 5000 manat ödənilmişdir. Sözügedən qaimə üzrə ödənilməmiş 6976,50 manat əsas borcu, 2134,17 manat ƏDV borcu qalmışdır. Eləcə də, 13.02.2020-ci il tarixli, EBAG seriyalı, 346816 saylı elektron qaiməyə əsasən 120 manat əsas borc, 21,60 manat ƏDV borcu yaranmışdır. Qeyd olunan borcun ödənilməsi dəfələrlə şifahi qaydada tələb olunmuş, lakin keçən müddət ərzində 28.01.2020-ci il tarixli, EBAF seriyalı, 570406 saylı elektron qaimə üzrə cəmi 5000 manat əsas borcdan ödəniş edilmişdir. Qalan borcun ödənilməsi istiqamətində tərəflərindən hər hansı addım atılmamışdır. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, İddiaçı MMC iddia tələbinin əsası kimi 28.01.2020-ci tarixli müqaviləyə istinad etmiş, lakin Cavabdeh MMC və İddiaçı MMC arasında belə bir müqavilə mövcud deyil və iddiaçı iddia etdiyi məbləğə dair sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən satılmış və təhvil verilmiş mallara dair heç bir razılaşma protokolu, təhvil-təslim aktları mövcud deyil. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır. Belə ki, kollegiya qeyd edir ki, əvvəla tərəflər arasında alqı-satqı müqaviləsi üzrə münasibətlərin olub-olmaması araşdırılmalıdır. Çünki iddiaçı istinad etdiyi müqavilənin surətini təqdim etməyib, cavabdeh isə ümumiyyətlə müqavilənin bağlanılmadığına istinad edir. Mülki Məcəllənin alqı-satqı ilə bağlı münasibətləri tənzimləyən 29-cu fəslinin 1-ci paraqrafında daşınar əşyanın alqı-satqı müqaviləsinin mütləq qaydada yazılı formada bağlanmasını nəzərdə tutan hər hansı imperativ norma mövcud deyildir. Bu isə onu deməyə imkan verir ki, daşınar əşyaların (rəsmi reyestrdə qeydə alınan daşınar əşyalar istisna olmaqla) alqı-satqı müqaviləsi şifahi formada da bağlanıla bilər. Eyni zamanda iş materiallarında olan hesabdan çıxarışdan görünür ki, 07 may 2020ci il tarixdə müqavilə üzrə «X1” MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 5000 manat məbləğində ödəniş edilmişdir. Həmçinin iş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 28.01.2020-ci il tarixli, EBAF seriyalı, 570406 saylı (11856,50 manat əsas borc, 2134,17 manat ƏDV borcu) elektron qaimə göndərilmişdir. Göründüyü kimi tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq şifahi alqı-satqı müqaviləsi bağlanılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəmək vəzifəsini yerinə yetirməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən verilmiş əşyaların ödənilməmiş dəyərlərinin ödənilməsini tələb etməkdə haqlıdır və ona görə də, iddia tam əsaslıdır. Cavabdehin dəlilləri isə əsassızdır. Belə ki, yuxarıda göstərilən sübutlarla təsdiq olunur ki, iddiaçının cavabdehə göndərdiyi elektron qaiməyə əsasən cavabdeh qismən (5000 manat məbləğində) ödəniş etmişdir. Əgər cavabdehin bildirdiyi kimi həqiqətən də tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmasaydı və mallar cavabdehə təhvil verilməsəydi cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələrə qanunla müəyyən edilmiş 5 gün müddətində etiraz edər və bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyil, əksinə cavabdeh ona göndərilmiş qaimə üzrə qismən ödəniş etmişdir. Bu hal isə onun tərəfindən iddiaçının göndərdiyi malların bəyənməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Həmçinin sonradan da cavabdeh tərəfindən bununla bağlı etiraz göndərilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, cavabdehin həmin dəlilləri əsassızdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-187/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 13.01.2022-ci il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar