Məhkəmə qərarları › İş №2-2(103)-368/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-368/2025

18.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-368/2025 18.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-2(113)-275/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı (“satıcı”) ilə Cavabdeh MMC (“alıcı”) arasında imzalanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən “satıcı" “alıcı"ya mülkiyyətində və üz istifadəsində olan daşınan maddi qiymətliləri (bundan sonra “Mal") satır, “Alıcı” isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşdırılımış qaydada Malın dəyərini “Satıcıya ödəyir. 1.2-ci bəndinə əsasən malın növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri əlavə razılaşma ilə müəyyən olunur. 2.1-ci bəndinə əsasən malın qiyməti və miqdarı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşma ilə müəyyənləşdirilir. 2.2-ci bəndinə əsasən malın alıcının ünvanına çatdırılması ilə əlaqədar xərclər, vergilər və digər məcburi ödənişlər malın qiymətinə daxildir. 2.3-cü bəndinə əsasən malın qiyınəti sabitdir və hər hansı bir dəyişikliyə məruz qala bilməz. 3.4.1-ci maddəsinə əsasən satıcı tərəfindən hesab-faktura təqdim edildikdən sonra müqavilənin qiyməti alıcı tərəfindən bank köçürmə yolu ilə 5 gün ərzində ödənilir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur

2. İddiaçı tərəfindən Cavabdeh MMC-yə EBDB 999140 saylı xx.xx.2023-cü il tarixli ƏDV daxil 9440 manat, EBDC 000421 nömrəli xx.xx.2023-cü il tarixli ƏDV daxil 4781,12 manat, EBDE 679346 nömrəli xx.xx.2023-cü il tarixli ƏDV daxil 16078.68 manat, EBDG 609301 nömrəli xx.xx.2023-cü il tarixli ƏDV daxil 826 manat, EBDH 391884 nömrəli xx.xx.2023-cü il tarixli ƏDV daxil 8372,60 manat (cəmi:49498,4 manat) məbləğində elektron qaimə təqdim edilmişdir.

3. “X2” ASC tərəfindən verilmiş İddiaçı məxsus hesabdan çıxarış məlumatlarından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixdə 4051,80 manat və 8000 manat məbləğində pul ödənilmişdir.

4. İddiaçı tərəfindən iş materialarına əlavə olunmuş vatsap yazışmalarından görünür ki, şəxsiyyəti müəyyənləşdirilməyən şəxs tərəfindən İddiaçı olan borcunu ödəyəcəyini bildirmiş, lakin dəqiq məbləğ göstərilməmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

5. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehndən müqavilə üzrə yaranmış 35277,32 manat qalıq borc məbləğinin, 200 manat ödənilmiş dövlət rüsumunun, cəmi 35477,32 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, fərdi sahibkar İddiaçı (satıcı) Cavabdeh MMC (alıcı) arasında 16 mart 2023-cü il tarixli 08/2023 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, satıcı alıcıya mülkiyyətində və öz istifadəsində olan daşınan maddi qiymətliləri (bundan sonra “Mal”) alıcıya satmağı, alıcı isə qeyd edilən əlavədə razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə uyğun olaraq xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023cü il tarixdə olmaqla mallar satıcı tərəfindən alıcıya təhvil verilmişdir. Müqavilənin icra edilməsindən aylarla vaxt keçməsinə baxmayaraq, müqavilə üzrə ödənilməli olan yekun məbləğin tam ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Beləki ümumi ödənilməli olan 49498,8 manat məbləğdən indiyədək 14221,12 manat ödənilmişdir. Qalan 35277,32 manat borc indiyədək ödənməmişdir. Bu barədə dəfələrlə şifahi və yazılı danışıqlar aparılmışdır. Lakin aparılan danışıqlar hazırki vaxtadək heç bir nəticə verməmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-275/2025 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş və cavabdeh "xxxx" MMC -dən 826 manat manat əsas borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflərin məhkəmə iclaslarında verdiyi izahatların məzmunundan görünür ki, tərəflər arasında alqı satqı münasibətlərinin mövcud olması, cavabdeh tərəfindən təhvil alınmış malların bir qisminin dəyərinin ödənilməsi işin mübahisəsiz hallarıdır. Tərəflər arasında mübahisəli hal iddiaçı cavabdehə göndərilmiş 3 elektron qaimə üzrə EBDE 679346 nömrəli xx.xx.2023-cü il tarixli 16078.68 manat,EBDG 609301 nömrəli xx.xx.2023-cü il tarixli 826 manat,EBDH 391884 nömrəli xx.xx.2023-cü il tarixli 18372.60 manat iddiaçı tərəfindən mallar təhvil verilsə də, cavabdeh tərəfidən heç bir ödəniş olmadığını iddia edir, qeyd edilən hala dair yeganə sübutlar onun tərəfindən göndərilmiş elektron qaimələri məhkəməyə təqdim edir, cavabdeh isə yalnız EBDG 609301 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə malları təhvil aldığını qeyd edərək iddianı həmin hissədə 826 manat hissədə qəbul edir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, cavabdehin qismən etirafı ilə yalnız 826 manat hissəsində öz təsdiqini tapır, həmin hissədə təmin edilməli, digər hissədə sübutetmə yükü iddiaçının üzərinə düşsə də, qeyd edilən dəyərdə 2 qaimə üzrə (EBDE 679346 nömrəli xx.xx.2023-cü il tarixli 16078.68 manat, EBDH 391884 nömrəli xx.xx.2023-cü il tarixli 18372.60 manat) malları cavabdehə təhvil verilməsinə dair sübutları məhkəməyə təqdim etmədiyindən rədd edilməlidir. Məhkəmə qeyd etmişdir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, tələb edilən malları cavabdehə satsa da, cavabdeh təqdim edilmiş malın dəyərini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya 826 manat məbləğində borcu yaranmışdır. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərindən – 826 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, eləcə də cavabdehin iddiaçıya 826 manat məbləğində borcunu təsdiq etdiyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən 826 manat borc tutularaq iddiaçıya ödənilməlidir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi AR Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.1, 567-ci maddələrini göstərmişdir.

10. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək Baki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-2(113)-275/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı haqlı olaraq, mübahisə ilə bağlı məhkəmənin gəldiyi nəticə ilə razılaşmır, qətnaməni iş üzrə müəyyən edilən faktiki hallara uyğun çıxarılmadığından əsassız, iddianın cavabdehin etirafı əsasında təmin edilməsini isə məntiqsiz hesab edir. İlkin olaraq məhkəmənin gəldiyi qənaətə istinadən qeyd edilməlidir ki, məhkəmə tərəflər arasında alqı-satqı münasibətlərinin mövcud olması, cavabdeh tərəfindən təhvil alınmış malların bir qisminin dəyərinin ödənilməsini işin mübahisəsiz halları kimi qəbul etmişdir. Lakin cavabdeh tərəfindən hansı məbləğdə malın qəbul etdiyi və qəbul etmədiyi malın məbləğinin hansı hissəsinin ödədiyini qeyd etmir. Əksinə mübahisəsiz hal kmi müəyyən etdiyinin ziddinə olaraq, yalnız 1 qaimə üzrə 826 manat məbləğində malın verildiyi qənaəti ilə qətnamə çıxarmışdır. İşin müəyyən edildiyi hallara görə tərəflər arasında mövcud müqavilə üzrə malın verildiyi və təhvil götürüldüyünə dair yalnız bir sübut növü, iddiaçı tərəfindən göndərilmiş və cavabdeh tərəfindən qəbul edilmiş “elektron qaimələr” mövcuddur. Həmin qaimələr verilmiş malın həcmi və məbləğinə dair məlumatları özündə əks etdirən, elektron sənəddir. Tərəflər arasında verilmiş və qəbul edilmiş 5 elektron qaimə mövcuddur. EBDB 999140saylı xx.xx.2023-cü il tarixli 9440 manat, EBDC 000421 nömrəli xx.xx.2023-cü il tarixli 4781.12 manat, EBDE 679346 nömrəli xx.xx.2023-cü il tarixli 16078.68 manat, EBDG609301 nömrəli xx.xx.2023-cü il tarixli 826 manat, EBDH391884 nömrəli xx.xx.2023-cü il tarixli 18372.60 manat, Həmin elektron qaimələr qeyd olunduğu tarixlərdə iddiaçı tərəfindən cavabdehə elektron sistemlə göndərilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. Həmin elektron qaimələrlə göndərilmiş malın dəyəri ümumilikdə 49.498,4 manat təşkil edir. Bu müddət ərzində cavabdeh tərəfindən iddiaçıya ilk 2 qaimə üzrə məbləği olaraq cəmi 14.221,12 manat ödənilmiş, yerdə qalan 3 qaimə üzrə yaranmış 35.277,28 manat borcun ödənilməsi təmin edilməmişdir. Cavabdeh tərəfindən ümumilikdə 5 qaimənin təsdiqləndiyi elektron sistemdə yer aldığından mübahisəsiz haldır. Lakin cavabdeh 826 manat məbləğində olan EBDG 609301 nömrəli qaiməni qəbul edir. Başqa qaimələrin olmadığını, ödənilməyən digər iki qaiməni isə görmədiyini deyir. Diqqət edək, 826 məbləğdə olan EBDG 609301 nömrəli qaimə xx.xx.2023-cü il tarixdə verilmişdir. 16078.68 manat məbləğindəolan EBDE 679346 nömrəli qaimə ondan 28 gün əvvəl xx.xx.2023-cü il tarixdə verilmişdir. Yəni 826 məbləğdə olan qaiməni gördüyü halda, ondan əvvəl sistemə yerləşdirilmiş 16078,68 manat məbləğində olan qaiməni görməməsi mümkün olmadığı bəllidir. Cavabdeh iş üzrə maraqlı tərəfdir və öz xeyrinə, maraqlarına uyğun davranması məlumdur. Bu baxımdan ona qarşı iddia tələbini etiraf və ya imtina etməsi mövqeyinə uyğun həll edilə bilməz. Sübut etmə yükünə gəlincə, tərəflər arasında mövcud müqavilənin şərtinə uyğun olaraq, malın verilməsi, iddiaçı tərəfindən göndərilmiş və cavabdeh tərəfindən qəbul edilmiş elektron qaimənin məlumatları əsasında, alınmış mala görə ödəniş isə tərəflərə məxsus bank hesabından çıxarışla təsdiqlənir. İddiaçı tərəf malın verildiyinin təsdiqinə dair cavabdeh tərəfindən elektron təsdiqlənmış “elektron qaimələri”, ödənilmiş məbləğlərin təsdiqinə dair bank hesabından çıxarışı təqdim edir. Cavabdeh tərəf isə bunun əksini təsdiqedən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə isə cavabdehin etirafını, eyni zamanda imtinasını mübahisəsiz sübut kimi qəbul etmişdir. Nəticə etibarı ilə məhkəmə malın verilməsi, yaranmış borcun, ödənilən və ödənilməmiş borc məbləğləri ilə bağlı qeyd olunan halları tam aydınlaşdırmamış, şikayət olunan qətnaməsini iş üzrə müəyyən edilən hallara uyğun əsaslandırmamış və maddi hüququ normaları tərəflərin münasibətinə görə düzgün tətbiq etməmiş, iddianın təmin edilmədiyi hissədə yanlış nəticəli qətnamə qəbul etmişdir. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında bağlanmış 16 mart 2023-cü il tarixli 08/2023 nömrəli alqı-satqı müqaviləsi mövcuddur və həmin müqaviləyə əsasən tərəflər arasında mal mübadiləsi olmuş, alınmış mallara görə ödənişlər edilmişdir. Malın verilməsi və təhvili, iddiaçı tərəfindən göndərilmiş və cavabdeh tərəfindən oferta edilən “elektron qaimələr” vasitəsi ilə təsdiqlənir. İş üzrə məhkəmədə müəyyən edilmiş hallara görə, müqavilə əsasında malın göndərilməsinə dair iddiaçı tərəfindən cavabdehin elektron sistemində ümumi 49.498,4 manat məbləğində 5 elektron qaimə yerləşdirilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. Təqdim edilmiş bank hesabı çıxarışında cavabdeh tərəfindən alınmış mallara görə iddiaçıya ilk 2 qaimə üzrə cəmi 14.221,12 manat ödəmişdir. Nəticədə yerdə qalan 3 qaimə üzrə yaranmış 35.277,28 manat borcun ödənilməsi təmin edilməmişdir. Qeyd olunan maddi hüquq normasının tələbinə əsasən cavabdeh iddiaçı ilə aralarında mövcud müqavilədə şərtləndirilmiş tələblərə uyğun olaraq, yaranmış 35.277,28 manat məbləğində borcun ödənilməsini təmin etmyə borcludur. Bu baxımdan həmin məbləğin ödənilməsi ilə bağlı cavabdehə qarşı tələbində iddiaçı haqlı olmuşdur. Lakin cavabdeh iddiaçı tərəfindən verilmiş qaimələrdən məbləği 826 manat olan yalnız bir qaimə üzrə mal verildiyini etiraf etdiyi baxımından, məhkəmə iddianı həmin məbləğdə təmin etmişdir. Göründüyü kimi məhkəmə qətnaməsini iş üzrə müəyyən edilən hallara uyğun deyil, cavabdehin etirafı və ya etirazına uyğun əsaslandırmışdır. Məhkəmə qətnamə qəbul edərkən qeyd olunan maddi hüquq normasıni işin müəyyən edilmiş hallarına nisbətdə tətbiq edilməli olduğu halda tətbiq etməmiş, iddianın təmin edilməməsi hissəsində maddi hüquq normaların tələbləri aşkar şəkildə pozulmuşdur. İşin müəyyən edildiyi hallara görə tərəflər arasında mövcud müqavilə üzrə malın verildiyi və təhvil götürüldüyünə dair yalnız bir sübut növü, iddiaçı tərəfindən göndərilmiş və cavabdeh tərəfindən qəbul edilmiş “elektron qaimələr” mövcuddur. Həmin qaimələr verilmiş malın həcmi və məbləğinə dair məlumatları özündə əks etdirən, elektron sənəddir. Tərəflər arasında mövcud müqavilənin şərtinə uyğun olaraq, malın verilməsi, iddiaçı tərəfindən göndərilmiş və cavabdeh tərəfindən qəbul edilmiş elektron qaimənin məlumatları əsasında, alınmış mala görə ödəniş isə tərəflərə məxsusbank hesabından çıxarışla təsdiqlənir. İddiaçı tərəf malın verildiyinin təsdiqinə dair cavabdeh tərəfindən elektron təsdiqlənmış “elektron qaimələri”, ödənilmiş məbləğlərin təsdiqinə dair bank hesabından çıxarışı təqdim edir. Cavabdeh tərəf isə bunun əksini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə isə cavabdehin etirafını, eyni zamanda imtinasını mübahisəsiz sübut kimi qəbul etmişdir. Şikayətin yuxarıdakı bölümlərində qeyd edilənlərdən göründüyü kimi, məhkəmə malın verilməsi, yaranmış borcun, ödənilən və ödənilməmiş borc məbləğləri ilə bağlı halları tam aydınlaşdırmamış, şikayət olunan qətnaməsini iş üzrə müəyyən edilən hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış və maddi hüququ normaları tərəflərin münasibətinə görə düzgün tətbiq etməmişdir. Bu da iddianın təmin edilmədiyi hissədə yanlış nəticəli qətnamə qəbul etməsinə səbəb olmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

12. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

13. Məhkəmə iclasında iddiaçı və iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməsini, iddia tələbinin təmin edilməmiş hissədə ləğv edilərək, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər.

14. Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

15. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

16. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 119.6-cı maddəsinə əsasən yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir.

14. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli Qərarında sərgilənən hüquqi mövqeyə görə, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergihesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

Apellyasiya baxışının hədləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin diyindən, iddiaçının apellyasiya şikayətinin dəlilləri qətnamənin qismən ləğv edilməsinə və iddianın isə tam təmin edilməsinə yönəldiyindən qətnamənin əsaslığı mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə iddianın təmin edilməmiş hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi tam təmin edilməlidir.

21. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 16 mart 2023-cü il tarixli 08/2023 nömrəli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Hazırda iddiaçı həmin müqavilə üzərinə düşən öhdəlikləri icra edərək sifariş edilmiş malları cavabdehə təqdim etdiyini, cavabdehin isə həmin malların dəyərini tam şəkildə ödəmədiyini, nəticədə cavabdehin iddiaçıya ƏDV daxil 35277,32 manat məbləğində borcu yarandığını əsas göstərərək alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsini tələb edir. Cavabdeh yalnız EBDG seriyalı 609301 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə 826 manat dəyərində malın təqdim edildiyini qəbul edir, qalan hissədə malların onlara təqdim edilməməsini əsas göstərməklə iddiaya etiraz edir.

22. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 567, 598.1-ci maddələri təşkil edir.

23. Birinci instansiya məhkəməsi alqı-satqı müqaviləsi üzrə ƏDV daxil 34.451,28 manat məbləğində borcun tutulması hissəsində iddianı rədd edərkən gəldiyi nəticəni iddiaçının EBDE 679346 nömrəli xx.xx.2023-cü il tarixli və EBDH 391884 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimələrdə göstərilmiş malların təqdim edilməsi faktını sübuta yetirə bilməməsi ilə əsaslandırmışdır.

24. Bununla bağlı kollegiya qeyd edir ki, iddiaçı mübahisəli malların təqdim edilməsi faktını sübuta yetirmək üçün cavabdeh tərəfindən etiraz edilməmiş və düzəliş üçün qaytarılmamış elektron qaimələrlə yanaşı mübahisəli alqı-satqı müqaviləsi üzrə daha əvvəlki dövr üçün cavabdehə göndərilmiş elektron qaimələri və həmin qaimələr üzrə cavabdeh tərəfindən ödəniş edilməsini təsdiq edən bank hesabından çıxarışı məhkəməyə təqdim etmişdir. Təqdim edilmiş sübutlar ona dəlalət edir ki, tərəflər arasında malların təqdim edilməsinin elektron qaimələr göndərilməklə rəsimiləşdirilməsi ilə bağlı işgüzar münasibət formalaşmışdır. Odur ki, yuxarıda qeyd edilən sübutların məcmusu ilə iddiaçı tərəfindən iki mübahisəli elektron qaimə üzrə malların təqdim edilməsi faktı da öz təsdiqini tapır.

25. Cavabdeh tərəfindən isə həmin elektron qaimələr üzrə ödəniş edilməsini təsdiq edən sübutlar təqdim edilməmişdir.

26. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini həmin qaimələr üzrə 34.451,28 manat məbləğində pulun tutulması hissəsində rədd etməklə iş üzrə düzgün nəticəyə gəlməmişdir.

27. Odur ki, həmin hissədə qətnamə ləğv edilməli, iddia tələbi həmin hissədə iddia təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə ƏDV daxil 34.451,28 manat məbləğində pul vəsaiti tutulmalıdır.

28. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edildiyindən və iddia tam təmin edildiyindən apellyasiya şikayəti və iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

29. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-2(113)-275/2025 saylı qətnaməsi mübahisələndirilən hissəsində, yəni iddianın təmin edilməmiş hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin edilsin. Cavabdeh "xxxx" MMC -dən ƏDV daxil 34.451,28 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamə məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində dəyişdirilsin və cavabdehdən iddiaçının xeyrinə dövlət rüsumunun əvəzi olaraq tutulacaq məbləğ 200 manat məbləğində müəyyən edilsin. Apellyasiya şikayəti verilərkən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar