Məhkəmə qərarları › İş №2-2(103)-37/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-37/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-37/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2 (113)-1656/2020 saylı qətnaməsindən (hakim Səbinə Nuriyeva) Cavabdeh MMC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx.xx.2015-ci il tarixli 435 saylı müqavilə üzrə Cavabdeh MMC-dən 297.417,62 manat tezlik və radielektron vasitələrinə görə istismar haqqının və hər gecikdirilmiş aya görə məbləğin 0,1 faizi miqdarında olmaqla 2676,78 manat dəbbə pulu, cəmi 300.094,40 manat pulun tutularaq İddiaçı hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 2015-ci il tarixdə tərəflər arasında 435 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə müvafiq olaraq İddiaçınə təqdim olunmuş «Anket materiallarına əsasən «xxxx» MMC-yə 2018-ci il üçün tezlik və radioelektron vasitələrindən istifadəyə görə 297417,62 manat məbləğində 46-K-18, 43-K- 18-2, 43-K-18- 1, 43-K-18, 42-K-18-2, 42-K-18-1 və 42-K-18 saylı hesablar təqdim olunmuşdur. Cavabdeh MMC-yə təqdim olunmuş hesab Azərbaycan Respublikası Tarif Şurasının xx.xx.2004-cü il tarixli iclas Qərarına əsasən təsdiqlənmiş «Radiotezliklərin qeydiyyatı və elektromaqnit uzlaşmanın təmini və istismarına nəzarət tarifləri»nin 50 və 79-cu bəndləri əsasında tərtib olunmuşdur. İddiaçı 435 saylı müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməsinə baxmayaraq Cavabdeh MMC müqavilənin 3-cü bəndini icra etməmişdir. Müqavilənin bu bəndinə müvafiq olaraq hesabların ödənilməsi növbəti ilə keçirildiyi üçün gecikdirilmiş hər aya görə məbləğin 0,1% miqdarında olmaqla, ümumilikdə 2676,78 manat məbləğində dəbbə pulu hesablanmışdır. Adı çəkilən bölmədə qeyd olunur ki, Cavabdeh MMC Tarif Şurasının təsdiq etdiyi tariflərə uyğun təqdim olunan hesabın 10 (on) gün müddətində ödənilməsini təmin etməlidir. Bununla bağlı xx.xx.2019-cu il tarixli DRİ-HKŞ-9/263 saylı pretenziyanın göndərilməsinə baxmayaraq, bu günə kimi Cavabdeh MMC Azərbaycan Respublikası Tarif Şurasının təsdiq etdiyi tariflərə uyğun təqdim olunan hesabı ödəməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2 (113)-1656/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, xx.xx.2015-ci il tarixli 435 saylı müqavilə üzrə 2018-ci il üçün Cavabdeh MMC-dən 297.417,62 manat tezlik və radielektron vasitələrinə görə istismar haqqı, 267 manat dəbbə pulu, cəmi 297.684,62 manat məbləğində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh MMC apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2 (113)-1656/2020 saylı qətnaməsinin dəyişdirilərək “Cavabdeh”MMC dən 206478 (iki yüz altı min dörd yüz yetmiş səkkiz) manat 88 qəpik məbləğində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-nin İddiaçınə olan borcu göstərilən məbləğdən xeyli aşağıdır. Belə ki, Cavabdeh MMC, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli məktublarla İddiaçınə müraciət etmiş və həmin məktublarda xeyli miqdarda avadanlıqların qeydiyyatının ləğv edilməsini xahiş etmişdir. Lakin İddiaçı həmin məktubların göndərilməsinə baxmayaraq, bu avadanlıqları ya ümumiyyətlə qeydiyyatdan çıxarmamış ya da xeyli gec qeydiyyatdan çıxarmışdır və bu müddət ərzində Cavabdeh MMC-nin faktiki olaraq istifadə etmədiyi bu avadanlıqlara görə borc hesablamışdır. Bundan başqa, avadanlıqların qeydiyyatdan çıxarılması və həmin avadanlıqların işləməməsi barədə müraciət olunmasına baxmayaraq, onlara görə yenə də istifadə haqqı hesablamaqda davam etdirilmişdir, avadanlıqların test müddəti üçün vaxt verilməsi müraciətlərinə baxmayaraq, test müddətləri üçün də istifadə haqqı hesablanmışdır. Yuxarıda sadalanan məktublarda qeydiyyatının ləğv olunması xahiş edilmiş avadanlıqlara görə hesablanmış borcun məbləği ümumilikdə 91205 manat 74 qəpik təşkil edir. Birinci instansiya məhkəməsinə bu məktublar və həmin məktubların İddiaçınə çatdırılmasını təsdiq edən poçt qəbzləri iş materiallarına əlavə edilərək, həmin məktublarda sadalanan avadanlıqlara görə hesablanmış 91205 manat 74 qəpik məbləğində borcun ümumi borc məbləğdən çıxılması xahiş edilsə də birinci instansiya məhkəməsinə cavabdeh tərəfindən təqdim edilmiş sübutlara, nə də irəli sürdüyü dəlillərə əhəmiyyət vermədən qətnamə çıxarmışdır. İşə apelyasiya qaydasında baxılması sonuncu dəfə xx.xx.2020-ci il tarixə təxirə salınmış, iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmənin iclasında iştirak etməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin vəkili Vəkil məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2 (113)-1656/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda iş üzrə qəbul edilmiş qətnamə cavabdeh tərəfindən iddianın təmin edildiyi hissədə mübahisələndirilir. Cavabdeh apelyasiya şikayətində iddianı qismən 206478 manat 88 qəpik məbləğində qəbul etdiklərini bildirərək qalan hissədə rədd edilməsini xahiş etmişdir. İddia 297.417,62 manat məbləğində təmin edildiyindən 90939,62 manat məbləğində borcun cavabdeh tərəfindən mübahisələndirilir. Məhkəmə qətnaməni həmin hissədə yoxlayaq hesab edir ki, iddianın təmin edildiyi hissədə məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı, o cümlədən işin faktiki hallarına uyğundur. Belə ki, iş materiallarında olan İddiaçı (İcraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 435 nömrəli “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında” müqavilənin təsdiq olunmuş surətindən görünür ki, bu müqavilə ilə “İcraçı” “Sifarişçi”nin rəsmi müraciətini nəzərə alaraq simsiz internet şəbəkəsi üçün tezlikləri təyin edib, radiorabitə avadanlıqlarının istismarı üçün icazə verir. Həmin müqavilənin 3-cü bəndinə əsasən “Sifarişçi” rabitə vasitələri üçün təqdim etdiyi anket materiallarına əsasən “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri” preyskurantına uyğun hesablarda göstərilən məbləğin ödənişini 10 gün müddətində təmin etməlidir. Radiorabitə vasitələri üçün təqdim olunan anketlər müqaviləyə əlavə edilərək onun əsas hissəsi sayılır və ödənişlərin aparılması üçün əsas götürülür. Hesabların ödənilməsi növbəti ilə keçirildiyi halda “İcraçı” hər gecikdirilmiş aya görə 0,1 % penya ödənilməsini “Sifarişçi”dən tələb edir. Həmin müqavilənin 5-ci bəndinə əsasən müqavilə tərəflərin hər birində 1 nüsxə olmaq şərti ilə imzalandığı tarixdən xx.xx.2015-ci il tarixə qədər müddətində qüvvədədir. Tərəflərdən biri müqavilənin müddətinin bitməsinə 30 gün qalmış onun ləğv olunması haqqında yazılı təklif verməzsə, müqavilə növbəti illər üçün də qüvvədə qalır. Müqaviləyə əlavə və dəyişikliklər tərəflərin razılığı ilə “Razılaşma protokolu” vasitəsi ilə həyata keçirilir. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanan xx.xx.2019- cu il tarixli, DRİ-HKŞ- 9/263 nömrəli pretenziya məktubunun təsdiq olunmuş surətindən görünür ki, iddiaçı radioelektron vasitələrindən istifadəyə görə 297417,62 manat məbləğin ödənilməsini xahiş etmiş, əks təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tədbirlərin görüləcəyini bildirmişdir. Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi İddiaçı tərəfindən 435 nömrəli müqavilə üzrə Cavabdeh MMC-yə verilən 46- K-18 saylı hesaba əsasən Cavabdeh MMC tərəfindən xx.xx.2018-xx.xx.2018-ci il dövrü üçün ödənilməli olan istismar haqqının məbləği ƏDV daxil olmaqla 1854,30 AZN təşkil edir. Cavabdeh MMC-nin İddiaçınə olan borcu haqqında arayışdan görünür ki, Cavabdeh MMC-nin İddiaçınə 2018-ci il üzrə təqdim olunan hesablara görə 297.417,62 manat əsas borcu və gecikdirilmiş aylar üzrə xx.xx.2019-cu il tarixə 2676,78 manat cərimə borcu vardır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş hesablara əsasən tərəflər arasında təqdim edilmiş müqavilə əsasında cavabdehin 2018-ci il üçün borcunun cəmi 297.417,62 manat təşkil etdiyi, cavabdehin həmin borc üzrə hər hansı ödəniş etmədiyi müəyyən olunmuşdu. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə qeyd edilən normaların tələblərinə əsasən əsas borc məbləğini tam, cərimə borcu hissəsində iddianı MM-nin 467-ci maddəsini tətbiq etməklə qismən təmin etmişdir. Cavabdeh apelyasiya şikayətində iddiaçı tərəfindən qeydiyyatının ləğv olunması xahiş edilmiş avadanlıqlara görə 91205 manat 74 qəpik artıq borc hesablandığını qeyd etsə də qeydiyyatdan çıxarılması xahiş olunan, lakin iddiaçı tərəfindən qeydiyyatı ləğv edilməmiş avadanlıqların konkret siyahısı təqdim edilməmiş, artıq hesablandığı iddia edilən 91205,74 manat borcun cavabdeh tərəfindən hansı sənədlər əsasında hesablandığı qeyd edilməmiş, iddiaçının borcu tələb etdiyi hesablardan hansının mübahisələndirildiyi qeyd edilməmişdir. İddiaçının nümayəndəsi işə birinci instansiya qaydasında baxılarkən xx.xx.2020-ci il tarixli məhkəmə iclasında cavabdeh tərəfindən təqdim edilmiş avadanlıqların qeydiyyatının ləğv edilməsi barədə məktublarla bağlı bildirmişdir ki, həmin məktublar nəzərə alınaraq 50 ədəd qurğu cavabdehin balansından çıxarılmışdır. Tələb edilən borc məbləğinin tərkibinə qeydiyyatı ləğv edilmiş avadanlıqlarla bağlı borc daxil deyildir. Cavabdehin nümayəndəsi tələb olunan 91205,74 manat borcun qeydiyyatı ləğv edilməli olan avadanlıqlara görə hesablanmış borc olduğunu məhkəmə araşdırmaları zamanı sübut edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2 (113)- 1656/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh MMC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2 (113)-1656/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (”ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar