Məhkəmə qərarları › İş №2-2(103)-37/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-37/2024

14.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-37/2024 14.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə1 oğlunun, cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 03 may 2023-cü il tarixli, e-2-2(113)-760/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı MMC Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən 63150 manat məbləğində borc pulun və ödənilmiş 420 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, bağlanmış müqaviləyə əsasən Cavabdeh QSC Aİ-92 və dizel yanacağını lazımi keyfiyyətdə İddiaçı MMC-yə verilməsini öhdəsinə götürmüşdür. İddiaçı MMC isə alınmış Aİ-92 və dizel yanacağının dəyərinin Cavabdeh QSC-ə ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. İddiaçı MMC müqavilə əsasında aldığı yanacağın dəyərini tam olaraq Cavabdeh QSC-ə ödəmişdir. Lakin Cavabdeh QSC müqavilə üzrə öhdəliklərin icrası şərtlərini pozaraq dizel yanacağını lazımi keyfiyyətdə verməmiş, bu səbəbdən İddiaçı MMC-yə məxsus avtomobillərin yanacaq sistemləri yararsız vəziyyətə düşmüş və MMC-yə ümumilikdə 63150 manat məbləğində ziyan dəymişdir. Belə ki, yük avtomobillərində yanacağın tərkibində su olması və keyfiyyətsiz olması səbəbindən "xxxx" MMC tərəfindən dəymiş zərərin hesablanması məqsədi ilə qiymətləndirmə aparılmış və xx.xx.2022-ci il tarixdə rəy tərtib olunmuşdur. Tərtib olunmuş № 001155 saylı rəyə əsasən İddiaçı MMC-yə məxsus MAN TGX YÜK markalı ** JM *** dövlət qeydiyyat nişanlı avtomobilə 25740 manat və №001156 saylı rəyə əsasən MAN TGX YÜK markalı 99 JM012 dövlət qeydiyyat nişanlı avtomobilə 26020 manat zərər dəymişdir. Həmçinin İddiaçı MMC-nin müraciəti əsasında şirkətə məxsus yük avtomobillərinə "xxxx" MMC tərəfindən texniki baxiş keçirilmiş yük avtomobillərinin yanacaq sistemlərində su aşkar olunması və yanacağın keyfiyyətinin aşağı olması səbəbindən təmir olunmuşdur. Ehtiyat hissələri AVTO 999 mağazasından № 060300, № 060296, № 060304, № 060298, № 060303 nömrəli qaimələr əsasında alınmışdır. Həmin avtomobillərin ehtiyat hissələri və təmir xərcləri aşağıdakı kimi qiymətləndirilmişdir. 1. MAN TGA **-JR-*** (ehtiyat hissə 1740 manat + təmir 400 manat = 2140 manat) 2. MAN TGA **-JM-*** (ehtiyat hissə 1870 manat + təmir 540 manat = 2410 manat) 3. MAN TGA 99- JM-017 (ehtiyat hissə 1620 manat + təmir 450 manat = 2070 manat ) 4 MAN TGA 99- JK018 (ehtiyat hissə 1870 manat + təmir 550 manat = 2420 manat) 5 MAN TGA 99- JK- 019 (ehtiyat hissə 1870 man + təmir 480 man = 2350 man) Göründüyü kimi "xxxx" QSC ilə bağlanmış müqaviləyə əsasən dizel yanacağını İddiaçı MMC-yə lazımi keyfiyyətdə verməmiş və bu səbəbdən də İddiaçı MMC-yə ümumilikdə 63150 manat məbləğində ziyan dəymişdir (25740+26020+2140+2410+2070+2420+2350=63150 manat). İddiaçı MMC ilə Cavabdeh QSC arasında bağlanan müqavilənin beşinci bəndinin şərtlərini Cavabdeh QSC pozmuşdur. Belə ki, həmin müqavilənin 5.1-ci hissəsində qeyd edilmişdir ki, bu müqavilə əsasında təhciz edilən Malın keyfiyyəti DÜİST-ə, TŞ-ə və istehsalçı tərəfindən verilmiş keyfiyyət pasportuna uyğun olmalıdır. Həmçinin tərəflər arasında bağlanmış müqavilənin 8.1-ci bəndinə əsasən – tərəflər bu Müqavilədə nəzərdə tutulan vəzifələrin lazımı qaydada yerinə yetirmədikdə, bunun nəticəsində digər tərəfə dəymiş bütün zərərlərin ödənilməsinə görə məsuliyyət daşıyırlar. Müqavilənin 10.2-ci bəndinə əsasən mübahisənin yaranma tarixindən etibarən iki həftə ərzində Tərəflər qarşılıqlı razılığa gəlmədikdə, bütün mübahisələr Azərbaycan Respublikasının səlahiyyətli məhkəmələrində baxılmalıdır. Bu barədə Cavabdeh QSC-yə pretenziya məktubu göndərilməsinə baxmayaraq heç bir cavab gəlməmişdir. Ona görə də Cavabdeh QSC tərəfindən İddiaçı MMC-ə vurulmuş ziyan ödənilməlidir.

3. Cavabdeh QSC iddia ərizəsinə etiraz vermiş və etirazında bildirmişdir ki, Cavabdeh QSC və İddiaçı MMC arasında xx.xx.2021-ci il tarixli, AZ201002734 Ns-li neft məhsullarının alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə üzrə 2021-2022-ci illər ərzində “Likard” yanacaq kartları ilə neft bazasından dizel yanacağı buraxılmışdır. Sözügedən müqavilənin 5.1-ci bəndinə əsasən təhciz edilən neft məhsullarının keyfiyyəti DÜİST-ə, TŞ-ə və istehsalatçı tərəfindən verilmiş keyfiyyət pasportuna uyğun olmalıdır. Həmin müqavilənin 5.6-cı maddəsinə əsasən neft məhsullarının təsadüfi məhvi, zodələnməsi və ya keyfiyyətinin pisləşməsi riski, habelə neft məhsullarına mülkiyyət hüququ onun alıcıya faktiki təhvil verilməsi zamanı tam həcmdə satıcıdan alıcıya ötürülür. Satıcı neft məhsullarının yanacaq kartları ilə obyektdə buraxılmasından sonra neft məhsullarına dəymiş ziyana görə məsuliyyət daşımır. Həmin müqavilənin 5.7-ci bəndinə əsasən neft məhsullarının satıcıdan alıcıya ötürülməsi anı neft məhsullarının obyektdə buraxılması tarixi və vaxtı hesab edilir. Neft məhsullarının (Aİ-92 və dizel yanacağının) xx.xx.2021-ci il tarixli, 01/001 №li alqı-satqı müqaviləsi üzrə təchizatçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodundan Cavabdeh QSC-nin neft bazasına boru kəməri vasitəsilə çatdırılması həyata keçirilir. Boru kəməri vasitəsilə Aİ-92 və dizel yanacağının çatdırılması tərəflərlə imzalanmış neft məhsullarının qəbulu haqqında aktla və neft məhsullarının pasportu ilə təsdiq edilir. xx.xx.2022-ci il tarixində neft məhsullarının boru kəməri vasitəsilə qəbulu haqqında 117 №-li akt tərtib edilmiş və dizel yanacağının TŞ AZ 35 36601.243-2015 tələblərinə uyğun olması barədə 107 №-li pasport təqdim edilmişdir. Cavabdeh QSC-nin neft bazasından müştərilərə neft məhsulları buraxılaraq müvafiq əmtəə-nəqliyyat qaimələri tərtib edilir və müştərilərə nəft məhsulları qəbul edilərkən təqdim edilir. xx.xx.2022-ci il tarixində İddiaçı MMC-nin ** JM *** (** ZJ ***) yük avtomobilinin mayeləri saxlamaq və daşımaq üçün böyük çəninə 40 ton dizel yanacağı doldurulmuş və yanacağın buraxılması zamanı əmtəə-nəqliyyat qaiməsi tərtib edilmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin 03 may 2023-cü il tarixli, e-2-2(113)-760/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

5. İddiaçı MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli. e-2-2(113)-760/2023 saylı qətnaməsini ləğv edərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi üzrə mübahisə müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisə olduğundan, yəni alqı-satqı müqaviləsi üzrə tələblər cavabdeh tərəfindən pozulduğundan birinci instansiya məhkəməsi tərəfindən araşdırılması vacib olan və hüquqi nəticəyə nail olmaq üçün diqqət yetirilməli məqamlar vardır. Belə ki, tərəflər arasında müqavələ bağlanmış və Cavabdeh QSC tərəfindən müqavilənin şərtləri pozulmuşdur. Həmin müqavilənin 5.1-ci hissəsində qeyd edilmişdir ki, bu müqavilə əsasında təhciz edilən Malın keyfiyyəti DÜİST-ə,TŞ-ə və istehsalçı tərəfindən verilmiş keyfiyyət pasportuna uyğun olması, həmçinin tərəflər arasında bağlanmış müqavilənin 8.1-ci bəndinə əsasən – tərəflər bu Müqavilədə nəzərdə tutulan vəzifələrin lazımi qaydada yerinə yetirmədikdə, bunun nəticəsində digər tərəfə dəymiş bütün zərərlərin ödənilməsinə görə məsuliyyət daşıması qeyd edilsə də, cavabdeh müqavilə şərtlərini pozaraq İddiaçı MMC-ə satdığı dizel yanacağını lazımı keyfiyyətdə verməmişdir. Yəni yanacağın tərkibində su aşkar olunmuşdur. Bu səbəbdən də İddiaçı MMC-yə yuxarıda qeyd edilən məbləğdə maddi ziyan dəymişdir. İddiaçı olaraq məhkəməyə yetərincə sübut təqdim etməklərinə baxmayaraq birinci instansiya məhkəməsi həmin sübutlara düzgün hüquqi qiymət verməmiş, təqdim edilmiş sübutların bir hissəsini qətnamədə qeyd etsə də, vacib olan hissəsini qeyd etməmişdir. Belə ki, məhkəmə iclası video yazı vasitəsi ilə keçirilmiş və məhkəmədə tədqiq olunan sübutlarla məlum olmuşdur ki, İddiaçı MMC tərəfindən alınmış dizel yanacağı cavabdehə məxsus bazadan çıxarılarkən yanacağın müqavilədə nəzərdə tutulmuş keyfiyyətdə olması barədə cavabdeh tərəfindən heç bir sənəd verilməmişdir. Dizel yanacağı cavabdehin bazasından iddiaçıya məxsus yanacaq daşıyan yük avtomobili ilə çıxarılarkən bazada avtomobil möhürlənir və avtomobilə quraşdırılmış GPS aparatı vasitəsilə müəyyən vaxt rejimində İddiaçı MMC-nin anbarına daxil olur və orada videokamera altında müşahidə olunur. Alınmış yanacaq İddiaçı MMC-yə məxsus yük daşıyan avtomobillərə vurulur. Qeyd etmək istəyir ki, İddiaçı MMC-yə məxsus yük avtomobilləri Almaniya Federativ Respublikasından sement məhsulları daşımaq məqsədilə 2018-2019-cu illərdə yeni avtomobil olaraq gətirilmişdir. Cavabdeh QSC-dən alınan dizel yanacağı İddiaçı MMC-nin anbarına gətirildikdən sonra həmin yanacaq MMC-yə məxsus yük avtomobillərinə vurulduqdan bir gün sonra iddiaçıya məxsus avtomobillərin yanacaq və motor hissələrində nasazlıqlar yarandı. Bundan sonra Cavabdeh QSC-nin iddiaçıya satdığı yanacaqda su aşkar olunması barədə həm mobil telefonla və watçap yazışması ilə cavabdehə məlumat verilmişdir. Eyni zamanda cavabdehin email ünvanına rəsmi məktub göndərilmişdir. İddiaçının anbarında qalan dizel yanacağı ilə cavabdehin satdığı dizel yanacağını eyniləşdirmək, müqayisə etmək üçün mütəxəssislərini göndərmək təklif olunmuşdur. Hal-hazırda da alınmış dizel yanacağının nümunəsi iddiaçıya məxsus anbarda saxlanılmışdır. Lakin cavabdeh tərəfdən heç bir nümayəndə gəlməmişdir. Qeyd etdikləri məhkəmə iclaslarında həm şifahi olaraq bildirilmiş, həm də yazılı olaraq elektron kabinet vasitəsilə yerləşdirilmişdir. Lakin məhkəmə qeyd etdiklərinin bəzi məqamlarını qətnamədə göstərməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən o qənaətə gəlmişdir ki, iddiaçı "xxxx" MMC-nin yanacaq daşıyan yük avtomobili Cavabdeh QSC-nin bazasında olarkən yanacağın keyfiyyətsiz olmasını sübut etməli, yəni iddiaçı dizel yanacağını cavabdehin bazasında olarkən keyfiyyətsiz olmasını sübut etməlidir. Bu isə praktik olaraq İddiaçı MMC üçün mümkün deyildir. Çünki cavabdeh bunu özü etməlidir. Cavabdeh QSC-nin bazasından dizel yanacağı çıxarılarkən lazımı keyfiyyətdə olmasını sübut edən heç bir sənəd cavabdeh tərəfindən də təqdim edilməmişdir. Dizel yanacağının keyfiyyətsiz olması barədə həm mobil telefonla və watçap yazışması, həm də email vasitəsilə cavabdehə vaxtında məlumat verilməsinə, həmçinin iddiaçı kimi məhkəməyə təqdim etdikləri mütəxəssis rəyinin, yanacaq sistemində su aşkar olunması barədə sənədin, ehtiyat hissələrinin alınması barədə qaimələrin və yük avtomobillərinin eyni vaxta təmir olunması barədə arayışların olmasına baxmayaraq birinci instansiya məhkəməsi bu qədər sübutların olmasına baxmayaraq, sübutları düzgün tədqiq etməmiş və düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə qətnaməsində yalnız MM-nin 588.1-ci maddəsinə istinat etsə də, həmin məcəllənin 588.2-ci maddəsinin tələblərinin də olduğunu nəzərə almamışdır. Məhkəmə yuxarıda qeyd etdiyi maddi hüquq normalarının tələblərini pozmuşdur. Cavabdeh QSC-nin İddiaçı MMC satdığı yanacaqda su aşkar olunması barədə həm watçap yazışmasını, həm də email ünvanına göndərilmiş yazışmaları “Elektronməhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edilməsinə baxmayaraq həmin yazılı sübutlara məhkəmə tərəfindən qiymət verilməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

11. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

12. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

13. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

14. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

15. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

16. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

17. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

18. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən stıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

19. Həmin Məcəllənin 568.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur.

20. Həmin Məcəllənin 572.1-ci maddəsinə əsasən alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin.

21. Həmin Məcəllənin 572.2-ci maddəsinə əsasən bu Məcəllənin 572.1-ci maddəsində nəzərdə tutulan qaydalar əşyanın verildiyi məqamda üçüncü şəxslərin əşyaya iddialarının olduğu və satıcının bu iddiaları bildiyi halda da, əgər sonralar həmin iddialar müəyyənləşdirilmiş qaydada hüquqa uyğun sayılmışsa, müvafiq surətdə tətbiq edilir.

22. Həmin Məcəllənin 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir.

23. Həmin Məcəllənin 588.2-ci maddəsinə əsasən satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır.

28. Hazırkı işin hallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh QSC arasında bağlanmış neft məhsullarının Likard yanacaq kartları ilə satılması barədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Cavabdeh QSC Likard yanacaq kartları ilə təmin edilməsi, neft məhsullarının satıcının yanacaqdoldurma məntəqələrində yanacaq kartları ilə satılmasını, İddiaçı MMC isə bu müqavilənin şərtləri əsasında malın yanacaq kartları ilə alınması və alınan malların dəyərinin tam olaraq ödənilməsi öhdəliyini götürmüşdür.

29. Müqavilənin 5.1-ci bəndinə əsasən bu müqavilə əsasında təhciz edilən malın keyfiyyəti DÜİST-ə, TŞ-ə və istehsalçı tərəfindən verilmiş keyfiyyət pasportuna uyğun olmalıdır.

30. Müqavilənin 5.6-cı maddəsinə əsasən neft məhsullarının təsadüfi məhvi, zodələnməsi və ya keyfiyyətinin pisləşməsi riski, habelə neft məhsullarına mülkiyyət hüququ onun alıcıya faktiki təhvil verilməsi zamanı tam həcmdə satıcıdan alıcıya ötürülür.

31. Müqavilənin 5.7-ci bəndinə əsasən neft məhsullarının satıcıdan alıcıya ötürülməsi anı neft məhsullarının obyektdə buraxılması tarixi və vaxtı hesab edilir.

32. SGS şirkəti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli analitik hesabatının sürətindən görünür ki, İddiaçı MMC tərəfindən təqdim edilən dizel yanacağında suyun miqdarı 450 ppm (m/m) təşkil edir.

33. 2021 və 2022-ci il tarixlərdə sistemə yüklənilən elektron qaimələrdən görünür ki, Cavabdeh QSC həmin dövr ərzində İddiaçı MMC-yə dizel yanacağı satmışdır.

34. Sistemə əlavə edilmiş bank hesablarından çıxarışlardan görünür ki, İddiaçı MMC Cavabdeh QSC-yə yanacağın satışı üçün 195254,2 manat məbləğində pul köçürmüşdür.

35. xx.xx.2022-ci il tarixli D-01 dizel yanacağının keyfiyyətinin müəyyən edilməsi ilə bağlı tərtib edilmiş 107 nömrəli pasportdan görünür ki, məhsul TŞ AZ 3536601.243-2015 tələblərinə uyğundur.

36. 03.07.2022-ci il tarixli "xxxx" MMC tərəfindən tərtib edilmiş zərər aktından görünür ki, **-JM-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissəsi üçün 1870 manat, enjektor təmiri üçün çəkiləcək xərc isə 540 manat hesablanmışdır.

37. 07.07.2022-ci il tarixli "xxxx" MMC tərəfindən tərtib edilmiş zərər aktından görünür ki, **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissəsi üçün 1740 manat nasos təmiri üçün çəkiləcək xərc isə 400 manat hesablanmışdır.

38. 14.07.2022-ci il tarixli "xxxx" MMC tərəfindən tərtib edilmiş zərər aktından görünür ki, **-JM-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissəsi üçün 1620 manat, nasos təmiri üçün çəkiləcək xərc isə 450 manat hesablanmışdır.

39. 19.07.2022-ci il tarixli "xxxx" MMC tərəfindən tərtib edilmiş zərər aktından görünür ki, **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissəsi 1870 manat, nasos təmiri üçün çəkiləcək xərc 550 manat hesablanmışdır.

40. 19.07.2022-ci il tarixli "xxxx" MMC tərəfindən tərtib edilmiş zərər aktından görünür ki, **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissəsi 1870 man, nasos təmiri və söküb taxılması üçün çəkiləcək xərc isə 480 manat hesablanmışdır.

41. xx.xx.2022-ci il tarixli "xxxx" MMC tərəfindən tərtib olunmuş qiymətləndirmə rəyindən görünür ki, 001155 nömrəli İddiaçı MMC-yə məxsus MAN TGX YÜK markalı ** JM *** dövlət qeydiyyat nişanlı avtomobilə 25740 manat və 001156 nömrəli rəyə əsasən MAN TGX YÜK markalı 99 JM012 dövlət qeydiyyat nişanlı avtomobilə 26020 manat zərər dəymişdir.

42. 08.07.2022-ci il tarixli Cavabdeh QSC-nin İddiaçı MMC-yə göndərdiyi məktubdan görünür ki, Cavabdeh QSC-yə məxsus olan neft bazasından xx.xx.2022-ci il tarixdə İddiaçı MMC-nin aldığı yanacağın tərkibində suyun olub-olmaması barədə müraciət öz təsdiqini tapmamışdır. Həmin gün neft bazasından bir sıra yanacaqdoldurma məntəqələrinə göndərilmiş və müxtəlif şirkətlərin aldığı dizel markalı yanacağın yararsızlığı, keyfiyyətinin aşağı olması barədə şikayət daxil olmamış və tərkibində su olduğu aşkarlanmamışdır.

43. 23 dekabr 2022-ci il tarixli “Star Mining” şirkətinin Cavabdeh QSC-yə ünvanladığı məktubdan görünür ki, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə "xxxx" QSC tərəfindən bir maşını 37 ton olmaqla iki maşın 74 ton dizel yanacağı alınaraq sahəyə göndərilmiş, yanacaq istifadə edilmiş, istər kəmiyyət, istərsə də keyfiyyət baxımından heç bir uyğunsuzluq aşkar edilməmişdir.

44. 14 mart 2023-cü il tarixli 30 nömrəli "xxxx" QSC-nin Cavabdeh QSC-yə ünvanladığı məktubdan görünür ki, 2022-ci ilin may-iyul aylarında Cavabdeh QSC-nin neft bazasından 1516 ton həcmdə dizel yanacağı alınmış və şirkətin ehtiyaclarının qarşılanmasına yönəldilmiş, dizel yanacağının yüksək keyfiyyətinə Cavabdeh QSC-yə minnətdarlıq bildirilmişdir.

45. Kollegiya qeyd edir ki, mülki qanunvericiliyin tələblərinə görə zərər vurulması öhdəliyin əməl gəlmə əsaslarından biridir. Zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.

46. Apellyasiya baxışı zamanı xx.xx.2021-ci il tarixli, AZ201002734 Ns-li neft məhsullarının alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC-nin Cavabdeh QSC-dən aldığı dizel yanacağında aşkar olunan qüsurların istehsalat qüsuru, yaxud sonradan yaranmasının müəyyən edilməsi məqsədi ilə iş üzrə ekspertiza təyin edilmiş, məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/6152 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş dəmir qabdakı sarımtıl rəngli şəffaf maye neft məhsulu olan-dizel yanacağıdır. Dizel yanacağında aparılmış fiziki-kimyəvi göstəricilərindən sıxlıq, setan ədədi və donma temperaturuna görə Azərbaycan Respublikasında qüvvədə olan “Dizle yanacağı “AZS 376-2009” saylı standartın tələbindən irəli gələn göstəricilərinə və iş materiallarında olan istehsalçı tərəfindən verilmiş 107 nömrəli xx.xx.2022-ci il tarixli “Dizel yanacağı D-01 TŞ AZ 35 366601.243-2015” pasportunda qeyd edilmiş faktiki göstəricilərinə uyğun gəlir. Standartda qeyd olunan digər göstəriciləri (kinematik özlülük, turşuluq, alışma temperaturu, fraksiya tərkibi, suyun miqdarı və s.) müəyyən etmək üçün Mərkəzdə müvafiq avadnlıqlar olmadığından həmin tədqiqatlar aparılmadı.

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

48. Həmin məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

49. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

50. Hazırkı məhkəmə araşdırması zamanı xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/6152 saylı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə kollegiyası ekspert rəyini mötəbər sübut kimi qəbul edir.

51. Ekspert rəyindən göründüyü kimi dizel yanacağında aparılmış fiziki-kimyəvi göstəricilərindən sıxlıq, setan ədədi və donma temperaturuna görə Azərbaycan Respublikasında qüvvədə olan “Dizle yanacağı “AZS 376-2009” saylı standartın tələbindən irəli gələn göstəricilərinə və iş materiallarında olan istehsalçı tərəfindən verilmiş 107 nömrəli xx.xx.2022-ci il tarixli “Dizel yanacağı D-01 TŞ AZ 35 366601.243-2015” pasportunda qeyd edilmiş faktiki göstəricilərinə uyğun olmuşdur.

52. Dizel yanacağı nümunəsi iddiaçı tərəfindən təqdim edilmişdir.

53. İddiaçı cavabdehdən aldığı dizel yanacağının məhz bazada İddiaçı MMC-nin yanacaq daşıyan yük avtomobilinə vurularkən keyfiyyətsiz olmasını təsdiq edən sübutları təqdim edə bilməmişdir.

54. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində neft məhsullarının boru kəməri vasitəsilə qəbulu haqqında 117 №-li akt tərtib edilmiş və dizel yanacağının TŞ AZ 35 36601.243-2015 tələblərinə uyğun olması barədə 107 №-li pasport təqdim edilmişdir.

55. MPM-nin 14.2 və 77.1-ci maddələrinin tələbləri baxımından, cavabdeh tərəfin təqsirli hərəkət nəticəsində ziyanın vurulduğunu sübut etmək vəzifəsi ziyanın vurulduğunu iddia edən tərəfin üzərinə düşür.

56. Həmçinin qeyd edilməlidir ki, MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

57. Hazırkı iş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş sübutlar əsasında Cavabdeh QSC-nin iddiaçıya satdığı yanacaqdakı qüsurun istehsalat qüsuru olması nəticəsinə gəlmək üçün kifayət deyildir.

58. Baxılan işin müəyyən edilmiş hallarına görə, iddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində ona ziyan vurulduğunu iddia etsə də, tələbini əsaslandıran mötəbər sübutları işin faktiki hallarını araşdıran məhkəməyə təqdim etməmişdir.

59. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir.

60. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

61. Bu baxımdan, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

62. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 03 may 2023-cü il tarixli, e-2-2(113)-760/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar