Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-370/2022 03.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi X2, Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-320/2022 nömrəli iş üzrə 28 yanvar 2022-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, 18.02.2013-cü il tarixli 10- LA/13 nömrəli müqavilə üzrə 1.184.805 manat gecikdirilmiş əsas borc və hesablanmış 1.605.574,85 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 manatın, cəmi 2.790.879,85 manat pul məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 28.01.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 1.184.805 manat əsas borcun, 50.000 manat cərimənin, hüquqi yardıma görə ödənilmiş 500 manatın, cəmi 1.235.305 manat məbləğdə pulun tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, 18.02.2013-cü il tarixli müqavilə formal olaraq onunla bağlanmışdır. O, lizinq avadanlığından istifadə etməmiş, lizinq münasibətlərinə ümumiyyətlə aidiyyəti olmayıb. Həmin müqaviləni qohumunun xahişi ilə imzalamışdır. Müqaviləni oxumamış, müqavilənin mahiyyətindən xəbəri yoxdur. Bununla belə, lizinq avadanlığı ümumiyyətlə işlək vəziyyətdə olmamış, düzgün quraşdırılmamış və texniki göstəricilərə riayət olunmamışdır. Lizinq avadanlığını təyinatına uyğun istifadə etmək olmur. Belə ki, tərəfindən birinci instansiya məhkəməsində işə baxılarkən təqdim olunmuş "xxxx" ASC-nin Bərdə rayonu üzrə lizinqə verilmiş texnoloji avadanlıqların 01.11.2014-cü il tarixli; 01.11.2015-ci il tarixli ; 01.11.2016-cı il tarixli; 01.11.2017-ci il tarixli; 01.11.2019-cu il tarixli; 01.11.2020-ci il tarixli inventarizasiya barədə məlumatlarından görünür ki, lizinq alan Cavabdeh verilmiş lizinq avadanlığı istismar olunmur, avadanlıq işlək vəziyyətdə deyil, plomblanıb, istifadəyə yararlı deyil. Göründüyü kimi, lizinq verən də hər il lizinq avadanlığının işlək vəziyyətdə olmamasının və istifadəyə yararlı olmamasının şahidi olmuşdur. Bu hallar tərəfindən məhkəmə iclasında da bildirilmişdir. Lakin işə birtərəfli qaydada baxan birinci instansiya məhkəməsi bütün bu halları nəzərə almamış, bununla da AR Mülki Məcəlləsinin 747.1 və 748-1.1-ci maddələrinin tələblərini pozmuşdur. İddia ərizəsi məhkəməyə verilməmişdən öncə kommersiya mübahisəsi olmasına baxmayaraq mediasiya təşkilatlarına iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müraciət edilməmişdir. Belə ki, iddiaçı tərəfindən heç bir mediasiya təklif məktubu ona rəsmi qaydada təqdim edilməmişdir. Bu səbəbdən də mediatora razılıqla bağlı onun tərəfindən heç bir məlumat verilməyib. Mediator tərəfindən də ona rəsmi qaydada ilkin mediasiya sessiyasinda iştirak edilməsi ilə bağlı dəvət məktubu göndərilməmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəkili və nümayəndəsi şikayəti müdafiə edib, ona uyğun izahat vermiş, iddiaçının nümayəndəsi şikayəti qəbul etməyib, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edilsə də, mübahisənin predmeti bölünən olduğu, iddiaçı iddianın qismən təmin olunması ilə razılaşaraq apellyasiya şikayəti vermədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddia rədd olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, qətnamənin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, qətnamə iddia təmin olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır. İşdən müəyyən edilir ki, tərəflər arasında "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə 18.02.2013-cü il tarixli 10-LA/13 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən lizinq verən (iddiaçı) ümumi məbləği 1.406.805 manat (o cümlədən, soyuducu kamera üçün 23.605 manat məbləğdə əlavə avadanlıqlar) olan, bu müqavilənin tərkib hissəsi sayılan 1 nömrəli əlavədə göstərilən təsnifata uyğun 2.000 ton tutumu olan soyuducu kameranın avadanlıqlarının quraşdırılması ilə birlikdə dəyəri lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 9 il müddətinədək lizinqə verir. Avadanlıq Bərdə rayonunda quraşdırılmışdır. Müqavilənin: 1.2-ci bəndinə əsasən, avadanlığın dəyərindən 21 İM nömrəli 10.12.2009-cu il tarixli ilkin müqavilə üzrə ödənilmiş 105.000 manat nəzərə alınmaqla, lizinq alan avadanlığın qalıq dəyərini ödəniş qrafikində göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürür; 2.2.10-cu bəndinə görə, avadanlığın hər hansı bir hissəsinin zədələnməsi, yaxud itirilməsi və ya funksiyalarının itirilməsi lizinq alanı bu müqavilə ilə öhdəliklərindən azad etmir; 4.1-ci bəndinə əsasən, lizinq alan avadanlığın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə No 2) uyğun olaraq ödənişləri həyata keçirir; 4.2-ci bəndinə görə, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir; 4.3-cü bəndinə əsasən, hər təqvim ilinin sonunda və müqavilənin müddəti başa çatdıqda tərəflər qarşılıqlı hesablaşmaların yoxlanışını həyata keçirirlər. 18.02.2013-cü il tarixli 10-LA/13 nömrəli lizinq müqaviləsinin 2 nömrəli əlavəsində əvvəlcədən ödənilmiş 105.000 manat nəzərə alınmaqla tərtib edilmiş ödəniş qrafikinə əsasən lizinq alan tərəfdən ödənilməli olan məbləğlər əks etdirilmişdir. "xxxx" ASC-yə məxsus, Bərdə rayonu ərazisində quraşdırılmış tutumu 2.000 ton olan soyuducu kamera avadanlığının lizinq alana təhvil verilməsi barədə 19.06.2014-cü il tarixli akta əsasən, tutumu 2.000 ton olan soyuducu anbar avadanlığı Bərdə rayon sakini Cavabdeh istifadəyə tam hazır işlək vəziyyətdə təhvil verilmiş, cavabdeh aktı imzası ilə təsdiq etmişdir. İddiaçı tərəfindən verilmiş 17.05.2021-ci il tarixli arayışa görə, 18.02.2013-cü il tarixli 10-LA/13 nömrəli müqavilə üzrə cavabdehin iddiaçıya olan gecikdirilmiş əsas borcu 1.184.805 manat, cərimə borcu 1.605.574,85 manat təşkil edir. Qrafiklər üzrə cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” 17.08.2020-ci il tarixli 1137 nömrəli Fərmanının 1-ci bəndi ilə qərara alınmışdır ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılsın. Fərmanın 2-ci bəndi ilə müəyyən edilmişdir ki: Cəmiyyət kənd təsərrüfatı məhsulları istehsalçılarının, lizinq yolu ilə satılması istisna olmaqla, qanunla müəyyən edilmiş qaydada kənd təsərrüfatı istehsal vasitələri (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, o cümlədən suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və ting) ilə təmin edilməsini, aqrotexniki xidmətlər göstərilməsini və bu sahədə fəaliyyətin təşkilini həyata keçirən kommersiya hüquqi şəxsidir (2.1); "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçir (2.2). Fərmanın 4-cü bəndi ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə tapşırılmışdır ki, bu Fərmanın 2.2-ci bəndində nəzərdə tutulan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Agentliyin həyata keçirməsi ilə bağlı aşağıdakı tədbirlərin görülməsini təmin etsin (4.3): mövcud qalıq portfelinin və qüvvədə olan lizinq müqavilələri üzrə əmlakın idarə edilməsini (4.3.1); lizinq ödənişləri üzrə borcların yığılmasını (4.3.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Qeyd olunmalıdır ki, “Lizinq mühüm iqtisadi-hüquqi hadisə olub, iqtisadiyyata investisiya qoyma forması, istehsalı maliyyələşdirmə üsuludur. Lizinq dünya kommersiya təcrübəsinə bəlli olan elə bir vasitədir ki, onun köməyi ilə sahibkar sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün lazım olan yeni əmlakı müvəqqəti istifadə üçün əldə edir, istifadə müddəti başa çatdıqda isə o, həmin əmlakı ya sahibinə qaytarır, ya istifadə müddətini uzadır, ya da mülkiyyət hüququ ilə əldə edir. Nə alqı-satqı, nə icarə, nə də kredit müqavilələrinin bu kimi kompleks məsələni ayrı-ayrılıqda həll etmək qabiliyyəti və imkanı vardır. Odur ki, lizinq, qeyd olunan müqavilələrin hər biri ilə müqayisədə əlverişli, sərfəli və münasib vasitədir. Bu səbəbdən, lizinqdən istifadə edilməsi böyük üstünlüyə malikdir. Belə ki, istehsalı təşkil etmək və ya istehsalı yenidən qurmaq üçün az olmayan məbləğdə investisiya lazımdır. Əgər sahibkar lizinq vasitəsi ilə avadanlıq əldə edirsə, onda investisiyaya ehtiyac qalmır. Lizinqin üstünlüyü də məhz bundan ibarətdir (Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki Kollegiyalarının “Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən bəzi normalarının tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair” 04.06.2021-ci il tarixli Qərardadı, 12-ci bənd). “Hüquq ədəbiyyatında lizinqin əsasən 2 növü fərqləndirilir: 1) əməliyyat (operativ) lizinqi; 2) maliyyə lizinqi. Maliyyə lizinqi lizinqin ən geniş yayılan formasıdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyində əsasən maliyyə lizinqi nəzərdə tutulmuşdur. ... Maliyyə lizinqində avadanlığın uzun müddətli icarəyə verilməsi və müqavilə müddəti sonunda bu avadanlığın müqavilədə əvvəlcədən müəyyənləşdirilmiş qaydada lizinq alanın mülkiyyətinə keçməsi nəzərdə tutulur. Bu lizinq növündə müqavilələrin müddəti adətən avadanlıqların amortizasiya müddətləri ilə eyni olur. Maliyyə lizinqində avadanlıqları əsasən müştəri (lizinq alan) seçir və lizinq şirkətinə bu avadanlığın alınması üçün sifariş verir. Maliyyə lizinqində avadanlığın cari və əsaslı təmiri lizinq alan tərəfindən öz vəsaiti hesabına həyata keçirilir. Maliyyə lizinqi daha çox bir maliyyələşdirmə növüdür və müştəri tərəfindən seçilən avadanlığın lizinq şirkəti tərəfindən yalnız satın alınmasından ibarətdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12.01.2017-ci il taerixli Qərarı). Lizinq münasibətləri Mülki Məcəllənin XXXVİİİ fəsli ilə tənzimlənir və həmin Məcəllənin 747.1-ci maddəsində lizinq müqaviləsinin anlayışı verilmişdir. Adıçəkilən normaya əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Mülki Məcəllənin: Maddə 748-1.1. Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir; Maddə 748-1.2. Lizinq alan əmlakı qəbul edərkən hər hansı bir çatışmazlıq aşkar edərsə, qəbul protokolunda bu barədə qeyd etməli və çatışmazlıqları aradan qaldırmaq məqsədilə bu əmlakı satan hüquqi və ya fiziki şəxslər qarşısında tələb irəli sürmək üçün lizinq verənə məlumat verməlidir; Maddə 748-1.7. Lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır; Maddə 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir; Maddə 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. MPM-in 372.2-ci maddəsinə əsasən, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun vəziyyətdə ona təhvil verilən lizinq obyekti əmlakdan istifadəyə görə müqavilə ilə müəyyənləşdirilmiş dövriliklə muzd ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir. Belə ki, cavabdeh mübahisəli borcun əsasını təşkil edən müqaviləni və lizinq avadanlığının təhvil verilməsi barədə aktı imzaladığını, həmçinin ilk ödənişdən başqa ödəniş qrafiki üzrə heç bir ödəniş etmədiyi üçün borcun məbləğini mübahisə etmir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, 18.02.2013-cü il tarixli müqavilə imzalandığı andan onun tərəflərinə münasibətdə qüvvəyə minərək, məcburilik ifadə etmiş və hüquqi nəticələr doğurmuşdur. Müqavilənin onun barəsində yaratdığı hüquqi nəticələrə görə cavabdeh iddiaçı ilə razılaşdırdığı cədvələ uyğun qaydada sabit dövri olaraq haqq ödəməli olsa da, bu öhdəliyini yerinə yetirməmişdir. Odur ki, şikayətdə cavabdehin müqaviləni formal olaraq bağladığını, lizinq avadanlığından istifadə etmədiyini, lizinq münasibətlərinə aidiyyətinin olmadığını, müqaviləni qohumunun xahişi ilə imzaladığını irəli sürməsi sonuncunu 18.02.2013-cü il tarixli müqavilə ilə üzərinə götürdüyü məsuliyyətdən azad etmir. Lizinq avadanlığının düzgün quraşdırılıb texniki göstəricilərə riayət olunmaqla “... istifadəyə tam hazır işlək vəziyyətdə ...” ona təhvil verilməsi isə bu barədə tərtib edimiş aktla təsdiq olunur. "xxxx" ASC-nin (daha sonra "xxxx" ASC) Bərdə rayonu üzrə lizinqə verilmiş texnoloji avadanlıqların 01.11.2014, 01.11.2015, 01.11.2017, 01.11.2018, 01.11.2019 və 01.11.2020-ci il tarixə inventarizasiyası barədə məlumatlara gəldikdə isə, həmin məlumatlardan ilk beşində avadanlığın saz vəziyyətdə olduğu, yalnız sonuncuda nasaz vəziyyətdə olduğu qeyd edilmişdir ki, bu hala görə də məsuliyyət 18.02.2013-cü il tarixli müqavilənin 2.2.10-cu bəndi ilə cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh həmin hallar əgər əmlak qəbul edilərkən aşkar edilərdisə Mülki Məcəllənin 748-1.2-ci maddəsinə əsasən bu barədə qəbul protokolunda qeyd etməli və çatışmazlıqları aradan qaldırmaq məqsədilə bu əmlakı satan şəxslər qarşısında tələb irəli sürmək üçün lizinq verənə məlumat verməli idi ki, onun bu vəzifəni yerinə yetirməsi də sübuta yetmir. Şikayətin iddia ərizəsi məhkəməyə verilməmişdən öncə mediasiya təşkilatına iddiaçı tərəfindən müraciət edilməməsinə dair dəlili də əsaslı deyil. Belə ki, mediator X1 işdə olan 02.10.2021-ci il tarixli MŞİH-02786 nömrəli arayışında göstərilmişdir ki, “... tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər.” Cavabdehin apellyasiya instansiyasına təqdim etdiyi Bərdə şəhər sakini X3 ilə bağlı yeni sübutlar məhkəmə kollegiyası tərəfindən MPM-in 372.2-ci maddəsinə əsasən qəbul edilmir və onlara hüquqi qiymət verilmir. MPM-in: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-320/2022 nömrəli iş üzrə 28 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-2(103)-370/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-370/2022
03.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver