Məhkəmə qərarları › İş №2-2(103)-371/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-371/2022

16.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-371/2022 16.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı Hüseynxan oğlunun iştirakı ilə Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-445/2022 nömrəli iş üzrə 02 fevral 2022-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən 23.672 manat məbləğdə əsas borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 161 manat məbləğdə dövlət rüsumunun əvəzi, mediasiya xidmətləri üçün ödənilmiş 200 manat məbləğdəki pul vəsaitinin əvəzi və vəkil xidməti üçün ödənilmiş 211 manat məbləğdə pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, tərəflər arasında bağlanmış AGCX 14/2019, AGCX 41/2019 və AGCX 92/2019 nömrəli xidmət müqavilələrinə əsasən iddiaçıya məxsus texnikaların xidmətlərindən yaranmış borcun bir qismi iddiaçıya ödənilməmişdir. Hazırda cavabdehin iddiaçıya olan borcu 23.672 manat təşkil edir və bu borc məbləği 01.04.2021ci il tarixli üzləşmə aktı ilə hər iki tərəfin səlahiyyətli nümayəndələri tərəfindən təsdiqlənmişdir. Bakı Kommersiya Məhkəməsinin 02.02.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 23.672 manat əsas borcun, 211 manat hüquqi yardıma görə ödənilmiş pulun və ödənilmiş 361 manat məbləğdə dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamənin əsaslarına görə, iş materiallarında olan təhvil-təslim aktları, habelə 01.04.2021-ci il tarixli üzləşmə aktı ilə cavabdehin iddiaçıya 23.672 manat borcunun olması öz təsdiqini tapmışdır. Cavabdehin nümayəndəsi tərəfindən həmin sübutları şübhə altına sala biləcək, habelə təkzib edə biləcək dəlillər göstərilməmiş, buna dair hər hansı sübut təqdim edilməmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olumasını xahiş etmişdir. Şikayətin dəlillərinə görə, iddiaçı xidmətin göstərilməsini təsdiq edən təhvil-təslim aktlarını təqdim edə bilməmişdir. Bu bir daha sübut edir ki, ümumiyyətlə həmin müqavilə üzrə xidmət göstərilməmiş və buna müvafiq olaraq da cavabdeh tərəfindən ödəniş edilməmişdir. Məhkəmə prosesi zamanı iddaçıdan qaimələrin təqdim edilməsi bildirilmiş, lakin qaimələr təqdim edilməmiş, nə də iş materiallarına əlavə edilməmişdir. Qaimələrin verilməməsi, təhvil-təslim aktlarının və digər sənədlərin təqdim edilməməsi, bir daha sübut edir ki, ümumiyyətlə həmin müqavilə üzrə xidmət göstərilməmişdir. Bu səbəbdən məhkəmə prosessual normalara riayət etməmiş, habelə məhkəmə nəticə üçün mühüm əhəmiyyətə malik olan sübutları obyektiv aydınlaşdırmamış, iş materiallarına əlavə edilmiş sənədləri sadalamaqla işini bitmiş saymış və nəticədə əsassız qətnamə çıxarmışdır. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı şikayəti qəbul etməyib, rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşdən müəyyən edilir ki, tərəflər arasında müddəti 1 il olan 04.02.2019-cu il tarixli AGCX 14/2019 nömrəli, 28.04.2019-cu il tarixli AGCX 41/2019 nömrəli və 01.07.2019-cu il tarixli AGCX 92/2019 nömrəli xidmət müqavilələri bağlanmışdır. Müqavilələrə və həmin müqavilələrə əlavələrə əsasən icraçı (iddiaçı) özünə məxsus texnikalarla sifarişçinin (cavabdehin) verdiyi sifarişlər əsasında xidmətlər göstərməyi öz öhdəsinə götürmüşdür. 04.02.2019-cu il tarixli müqavilənin bir aylıq xidmət haqqı 5.325 manat, 28.04.2019-cu il tarixli müqavilənin bir aylıq xidmət haqqı 4792,50 manat, 01.07.2019-cu il tarixli müqavilənin bir aylıq xidmət haqqı 4.000 manatdır, müqavilələrin 3.5-ci bəndinə görə, xidmət haqqı təhvil-təslim aktı imzalandıqdan sonra növbəti ayın ilk beş iş günü ərzində bank köçürmə yolu ilə həyata keçir. Tərəflər arasında imzalanmış 01.04.2021-ci il tarixli üzləşmə aktına əsasən, sifarişçinin icraçıya 04.02.2019-cu il tarixli müqavilə üzrə 5.325 manat, 28.04.2019-cu il tarixli müqavilə üzrə 6.869,25 manat, 07.07.2019-cu il tarixli AGCX 92/2019 nömrəli müqavilə üzrə 11.478 manat olmaqla, ümumilikdə 23.672,25 manat məbləğdə borcu vardır. Akt sifarişçinin direktoru X1 imzası və möhürü, iddiaçının imzası ilə təsdiq edilmişdir. 30.11.2020, 30.12.2020, 31.01.2021, 01.02.2021, 12.02.2021, 01.03.2021 və 29.03.2021-ci il tarixli təhvil-təslim aktlarından görünür ki, iddiaçı tərəfindən AGCX 14/19 nömrəli müqaviləyə əsasən cavabdehə 10.01.2021-31.01.2021-ci il tarixlərdə 21 gün üçün 3.727,50 manat, 01.02.2021-10.01.2021-ci il tarixlərdə 10 gün üçün 1.597,50 manat, AGCX 92/19 nömrəli müqaviləyə əsasən 01.03.2021-20.03.2021-ci il tarixlərdə 20 gün üçün 2.354 manat, 2021-ci ilin fevral ayı üçün 3.531 manat, 2021-ci ilin yanvar ayı üçün 3,531 manat, 2020-ci ilin noyabr ayı üçün 3,531 manat, AGCX 41/19 nömrəli müqaviləyə əsasən 2020-ci ilin dekabr ayı üçün 4.792,50 manat, 17.11.2020-30.11.2020-ci il tarixlərdə 14 gün üçün 2.076,75 manat dəyərində xidmətlər göstərilmiş, aktlar sifarişçinin direktorları X4 və X2 imzası və möhürü, iddiaçının imzası ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir; Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; Maddə 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Eyni Məcəllənin 176-cı maddəsinə görə, həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.03.2017-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə əsasən, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, xidmət müqavilələrinə əsasən iddiaçının gördüyü işlərin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilələrlə müəyyən edilən müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilələr üzrə iddiaçıya yaranan borcunu ödəməlidir. Belə ki, tərəflər arasında üç xidmət müqaviləsi bağlanmış, həmin müqavilələrə əsasən iddiaçı ona məxsus texnikalarla (ekskavator və avtokran) cavabdehə xidmətlər göstərmişdir. Xidmətlərin göstərilməsi və borcun məbləği iş materiallarında olan üzləşmə aktı və təhvil-təslim aktları ilə təsdiq olunur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin “iddiaçı xidmətin göstərilməsini təsdiq edən təhvil-təslim aktlarını təqdim edə bilməmişdir” məzmunlu dəlili ilə razılaşmır. Belə ki, təhvil-təslim aktları işdə mövcuddur. Şikayətin iddiaçının elektron qaimələri təqdim etmədiyinə dair dəlili də əsaslı deyil. Belə ki, əvvəlcə, elektron qaimələrin təqdim edilməsi ümumi hüququn tənzimləmə predmetinə daxil olan vergi qanunverciliyinin və digər normativ-hüquqi aktın tətbiqi sahəsinə aid publik hüquqi xarakterli hərəkət olub, təqdim edilməməsi özlüyündə mülki hüquqi məsuliyyət yaratmır. Digər tərəfdən, icraçının elektron qaimələri təqdim etməməsi sifarişçini görülmüş işlərin müqabilində ödənişləri etmək vəzifəsindən azad etmir. Həmçinin, işdə olan görülmüş işlərin təhvil-təslim aktlarından, üzləşmə aktından, bank hesabından çıxarışdan da məlum olur ki, tələb olunan borc məbləği görülmüş ümumi işlərin bir hissəsidir və xidmət müqavilələri üzrə cavabdeh iddiaçıya əvvəllər ödənişlər etmişdir ki, bu hal da həm icraçının xidmət müqavilələri üzrə öhdəliklərini icra etdiyini, həm də sifarişçinin həmin icraları faktiki olaraq qəbul etdiyinə dəlalət edir. MPM-in: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-445/2022 nömrəli iş üzrə 02 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar