Məhkəmə qərarları › İş №2-2(103)-373/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-373/2021

11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-373/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı «xxxx» Kommersiya Bankı ASC-nin Cavabdeh MMC-yə qarşı (müstəqil tələ irəli sürməyən üçüncü şəxs “xxxx” MMC) “maddi zərərin ödənilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2(113)-89/2020 saylı xx xxxxxx 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı «xxxx» Kommersiya Bankı ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 83.520,55 ABŞ dolları məbləğində banka vurulmuş maddi zərərin və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2(113)-89/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti, elektron kabinet vasitəsilə verilmədiyindən, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2-2(113)-89/2020 saylı qərardadı ilə geri qaytarılmışdır. Cavabdeh nöqsanı aradan qaldırdıqdan sonra, elektron kabinet vasitəsilə müddətin bərpası barədə vəsatət və apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-89/2020 saylı xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə cavabdehin vəsatəti təmin edilmiş, qətnamədən buraxılmış apellyasiya şikayəti vermə müddəti bərpa edilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. İddiaçının həmin şikayəti Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş, baxılmlası üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsasdandırılmışdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (“MPM”) mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması ilə bağlı münasibətləri tənzimləyən 10-1.3-cü maddəsində aydın qeyd olunur ki, “Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.” Lakin, məhkəmə cavabdehin apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizəsini təmin edərkən nəzərə almamışdır ki, MPM-ə edilən məlum dəyişiklik 2 il bundan öncəyə aiddir. Cavabdeh fiziki şəxs deyil, məhz hüquqi şəxsdir və məhkəmə iclaslarında hüqüq sahəsi üzrə ali təhsilli və təcrübəli nümayəndə vasitəsilə təmsil olunmuşdur. Belə olan halda, nümayəndə vasitəsilə təmsil olunan hüquqi şəxs olan cavabdehin nümayəndəsinin 2 il bundan öncə edilmiş dəyişiklikdən xəbərdar olmaması reallığı əks etdirmir. Bundan əlavə, Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinəəsasən qanunu bilməmək məsuliyyətdən azad etmir. MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Ona görə də, apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizənin təmin edilməsinin hüquqi əsası yoxdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayətin təmin olunmasını, cavabdehin nümayəndəsi isə birinci instansiya məhkəməsinin qərardadının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyası iş materillarını araşıdırb belə hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini xx.xx.2020-ci il tarixində almış, xx.xx.2020-ci il tarixində həmin qətnamədən apellyasiya şikayətini poçta təqdim etmiş, lakin şikayət elektron kabinet vasitəsilə verilmədiyinə görə məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə geri qaytarılmış, həmin qərardad ona xx.xx.2020-ci il tarixində ona təqdim olunduqdan bir gün sonra, yəni, xx.xx.2020-ci il tarixində qətnamədən apellyasiya şikayətini və müddətin bərpası barədə vəsatətini elektron kabinet vasitəsilə məhkəməyə təqdim etmişdir. Göründüyü kimi, ilkin olaraq cavabdeh poçt vasitəsilə apellyasiya şikayəti verərkən, bir aylıq şikayət vermə müddətini ötürməmiş, şikayət qaytarıldıqdan dərhal sonra isə nöqsanı aradan qaldıraraq apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə ilə yenidən məhkəməyə müraciət etmişdir. MPM-in 264.0.5-ci maddəsinin tələbinə görə məhkəmə tərəfindən gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi göstərilməlidir. Birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2021-ci il tarixli qərardadından da görünür ki, məhəkəmə, yuxarıda qeyd olunanlar baxımından, cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti vermə müddətinin buraxılmasını üzrlü hesab edərək, müddəti bərpa etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qərardad işin halları və MPM-in 133.1-ci maddəsinin tələbi baxımından qanuni və əsaslıdır. MPM-in 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası iddiaçının şikayətinin müddətin bərpası üçün hüquqi əsas olmadığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin 2(113)-89/2020 saylı xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və MPM-in 263-264, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı «xxxx» Kommersiya Bankı ASC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2(113)-89/2020 saylı xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar