Məhkəmə qərarları › İş №2-2(103)-373/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-373/2022

27.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-373/2022 27.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 07.01.2022-ci il tarixli 2-2(113)-274/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 21027,70 manat məbləğində pul vəsaitinin, mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş 200 manat məbləğindəki pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutularaq ödənilməsi barədə qətnamə qəbul xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC və Cavabdeh MMC arasındakı qarşlıqlı razılaşmaya əsasən tikinti materiallarının satışı ilə bağlı mütəmadi işgüzar əməkdaşlıq edilmiş, cavabdehə göndərilmiş tikinti materiallarının dəyərinin bir qismi ödənilməmişdir. Hazırda Cavabdeh MMC-nin cəmiyyətə 21027,70 manat məbləğində borcu yaranmışdır. Bakı Kommersiya Məhkəməsinin 07.01.2022-ci il tarixli 2-2(113)-274/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə qəul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilənin 4.3-cü maddəsinə əsasən mal təhvil verilərkən, tərəflər təhvil-təslim aktını imzalayır və/və ya təhvil-təslimi təsdiq edən müvafiq qaiməni (qaimələri) imzalayırlar. Lakin məhkəmə prosesi zamanı iddiaçı malların cavabdehə verilməsini təsdiq edən təhvil-təslim aktlarını məhkəməyə təqdim edə bilməmiş, yalnız elektron qaimələr təqdim etməklə kifayətlənmişdir. Halbuki həmin qaimələrdə malların cavabdeh tərəfindən qəbul edilməsinə dair müvafiq imzalar mövcud olmamışdır. Cavabdehə elektron qaimələrin göndərilməsi və onların təsdiq edilməsi malların təhvil alınmasının sübutu kimi qiymətləndirilməməlidir. İddiaçı iddia tələbində göstərilən məbləğin nəyin əsasında yaranmasını, bu elektron qaimələrin malların təhvil-təslimini bildirən hansı sənədlər əsasında tərtib olunmasını göstərən sübutları məhkəməyə təqdim etməli idi. Malların elektron qaimə əsasında verilməsinin iddia edilməsi yanlışdır. Belə ki, mallar təhvil verilən zaman Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 04 aprel 2016-cı il tarixli Q-09 nömrəli qərarı ilə təsdiq edilmiş ciddi hesabat blanklarının forma və rekvizitlərinə uyğun olaraq malların təhvil qəbul aktı tərtib edilməli və ya ən azından həmin malların qəbuluna dair aktı, bu olmadıqda elekton qaimədə qeyd edilən təhvil aldım hissəsində müvafiq imza və ya qeyd olmalı idi. İşə apellyasiya qaydasında baxılması sonuncu dəfə 27.04.2022-ci il tarixə təyin edilmiş, işdə iştirak edən şəxslərə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmənin iclasına gəlməmişlər. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə işdə iştirak edən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Bakı Kommersiya Məhkəməsinin 07.01.2022-ci il tarixli 2-2(113)-274/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 03.05.2016-ci il tarixli, HA 001/0516 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı malı satmağı, alıcı isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən spesifikasiyalarda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə malları satıcıdan almağı və malın müqabilində satıcıya bu müqavilə ilə nəzərdə tutulmuş qiyməti ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə 1 saylı Əlavədə satılmalı olan təmir tikinti materiallarını növü və qiyməti göstərilmişdir. Həmin müqaviləyə 02.05.2017-ci il tarixli 2 saylı Əlavəyə əsasən müqavilənin müddəti 31.12.2018-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan EAAQ seriyalı, 533084 saylı 18.02.2019-cu il tarixli elektron qaiməyə əsasən iddiaçı tərəfindən cavabdehə 3041,38 manat dəyərində, EAAS seriyalı, 865185 saylı 10.04.2019-cu il tarixli elektron qaiməyə əsasən 2841,44 manat dəyərində, EAAX seriyalı, 287591 saylı 17.07.2019-cu il tarixli elektron qaiməyə əsasən 1646,10 manat dəyərində, EAAX seriyalı, 287418 saylı 17.07.2019-cu il tarixli elektron qaiməyə əsasən 7782,10 manat dəyərində, EAAX seriyalı, 287624 saylı 17.07.2019-cu il tarixli elektron qaiməyə əsasən 365,80 manat dəyərində, EAAZ seriyalı, 863054 saylı 15.09.2019-cu il tarixli elektron qaiməyə əsasən 5246,28 manat dəyərində, EBAA seriyalı, 289250 saylı 24.09.2019-cu il tarixli elektron qaiməyə əsasən 3374,80 manat dəyərində, EBAA seriyalı, 967940 saylı, 09.10.2019-cu il tarixli elektron qaiməyə əsasən 1770 manat dəyərində, EBAB seriyalı, 327090 saylı, 17.10.2019-cu il tarixli elektron qaiməyə əsasən 2362,36 manat dəyərində, EBAF seriyalı, 907206 saylı, 05.02.2020-ci il tarixli elektron qaiməyə əsasən 2742,32 manat dəyərində, EBAG seriyalı, 645050 seriyalı, 20.02.2020-ci il tarixli elektron qaiməyə əsasən 182,90 manat dəyərində, EBAH seriyalı, 440234 saylı, 10.03.2020-ci il tarixli elektron qaiməyə əsasən 619,50 manat dəyərində, EBAJ seriyalı, 295079 saylı 28.04.2020-ci il tarixli elektron qaiməyə əsasən 1060,82 manat dəyərində mal verilmişdir. Elektron qaimələrdən görünür ki, alqı-satqı müqaviləsinin qüvvədə olma müddəti bitdikdən sonra da tərəflər arasında alqı-satqı münasibətləri davam etmişdir. İşdəki sübutlardan görünür ki, tərəflər arasında alqı – satqı müqaviləsi bağlanmış, satıcı müqaviləyə uyğun olaraq malları alıcıya təhvil vermiş, iddiaçının bildirdiyinə görə alıcı qismən aldığı malın dəyərini ödəmiş, lakin 21027,70 manat dəyərində malın pulunu satıcıya ödəməmişdir. İddianın hüquqi əsasını aşağıdakı normalar təşkil edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Cavabdehin nümayəndəsi işə birinci instansiya qaydasında baxılarkən yalnız 04.11.2021-ci il tarixli məhkəmə iclasında iştirak edərək iş materialları ilə tanış olmaq üçün iclasın təxirə salınmasını xahiş etmiş, digər iclaslarda müxtəlif səbəblər göstərərək məhkəmə iclaslarına gəlməmiş, iddiaya etiraz təqdim etməmişdir. Cavabdeh apellyasiya şikayətində tərəflər arasında təhvil – təslim aktlarının tərtib olunmaması əsası ilə iddianın rədd edilməsini xahiş etmiş, apellyasiya şikayətinin dəlillərinin araşdırılması üçün məhkəmə iclasında gəlməmişlər. Məhkəmə kollegiyası cavabdehin bu dəlilini əsassız hesab edir. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində malların təhvil-təslim aktı əsasında təhvil verilməsi nəzərdə tutulduğundan məhkəməyə iddiaçı tərəfindən bu barədə sübut təqdim edilməməsi iddianın rədd edilməsi üçün əsasdır. İş materiallarından göründüyü kimi, 03.05.2016-ci il tarixli, HA 001/0516 saylı alqısatqı müqaviləsinin qüvvədə olma müddəti 31.12.2018-ci il tarixdə bitdiyindən müəyyən olunur ki, hazırda dəyəri tələb olunan mallar 2019 və 2020-ci il tarixdə şifahi bağlanmış alqı-satqı müqaviləsi əsasında təhvil verilmişdir. Cavabdehin apellyasiya şikayətində tərəflər arasında alqı-satqı münasibələrinin mövcud olduğu nə təsdiq, nə də inkar edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Dəyəri tələb edilən mallarla bağlı elektron qaimələr göndərilərkən qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.03.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi” Qaydasının 1.2-ci bəndinə əsasən elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən elektron qaimə-faktura malı (işi, xidməti) təqdim edən vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində yaradılmış elektron qaimə-faktura sistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsinə daxil olaraq elektron qaimə-fakturanı hazırlayır, təsdiq edir və alıcıya təqdim edir. Həmin Qaydaların 3.9-cu bəndinə əsasən ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Cavabdehin iddiaçı tərəfindən göndərilmiş elektron qaimələrə hər hansı etiraz etməməsi, qaimələrdə qeyd edilmiş malların təhvil verilmədiyinə dair pretenziya göndərməməsi belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh həmin malları təhvil almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 372.2-ci maddəsinə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən tərəflərin izahatları (o cümlədən cavabdehin iddiaya etirazı) da sübutlara aiddir. Əgər cavabdeh birinci instansiya məhkəməsində buna imkanı olduğu halda iddiaçının təqdim etdiyi sübutlara etirazının nədən ibarət olduğunu şifahi və ya yazılı izahatında qeyd etməmişsə MPM-nin tələblərinə əsasən həmin sübutlar apellyasiya instansiyası mərhələsində mübahisələndirilə bilməz. Hazırkı halda cavabdeh birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçı tərəfin təqdim etdiyi sübutların mötəbərliyinə etiraz etmədiyindən, o cümlədən tərəflər arasında alqı-satqı münasibətləri olduğuna və dəyəri tələb edilən malın təhvil alınmadığına dair hər hansı etiraz bildirmədiyindən məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi işdə olan sübutlar əsasında mübahisəni düzgün həll etmişdir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Bakı Kommersiya Məhkəməsinin 07.01.2022-ci il tarixli 2-2(113)- 274/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 07.01.2022-ci il tarixli 2-2(113)-274/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar