Məhkəmə qərarları › İş №2-2(103)-376/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-376/2023

07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-376/2023 07.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı QSC-nin Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “pul” tələbinə dair ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 2(113)-4315/2022 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı QSC (bundan sonra – iddiaçı) Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən GS -17/20 saylı, 12 aprel 2020-ci il tarixli alqı-satqı müqaviləsinə, xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixinədək göndərilən qaimələrə əsasən çatdırılan malların dəyəri olan 258611,71 manat, bu ödənişlərə əlavə olaraq mediasiya sessiyasında iştirak etməmələri səbəbindən iddiaçının ödədiyi 400,00 manat mediasiya xərci, ümumilikdə 259011,71 manat, buna əlavə olaraq işin məhkəmədə baxılmasına dair ödənilən dövlət rüsumunun və proses zamanı yaranacaq digər xərclərin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-4315/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək apellyasiya şikayətinin təmin edilməsi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 4315/2022 saylı qətnaməsinin əsassız və qanunsuz olduğundan ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, e-2-2(113)-4315/2022 saylı qərardadadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayət verib, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4315/2022 saylı qərardadının ləğv edilməsini, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Şikayət onunla əsaslandırılmışdır ki, tərəflərindən verilmiş apellyasiya şikayəti tam olaraq qanunvericiliyin tələblərinə uyğun qaydada verilmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsinin tərəflərindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması əsassızdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4315/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4315/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində: şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı əks olunmalıdır. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş apellyasiya şikayətinin tələb hissəsində (yeni qətnamə qəbul edilməsi” xahiş edilmiş, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, yeni qətnamə ilə iddianın tam və ya qismən rədd edilməli olduğu qeyd edilməmişdir. Eyni zamanda cavabdeh məhkəmə tərəfindən maddi və prosessual pozuntulara yol verildiyini qeyd etsə də, normaları sadalamaqla kifayətlənmiş, istinad edilən normaların düzgün tətbiq edilməməsinə dair mövqe əsaslandırılmamışdır. Mülki Prosessual Məcəllənin 361.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4315/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400-cü maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4315/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar