Məhkəmə qərarları › İş №2-2(103)-378/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-378/2023

07.03.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-378/2023 07.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, borclunun nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(81)-2234/2008 nömrəli qərardadından Cavabdeh1 MMC tərəfindən verilmiş şikayətə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh1 MMC-yə və 3-cü şəxs “X4” Şirkətinə qarşı müqavilənin etibarsız sayılması və dövlət əmlakının qaytarılması tələbinə dair ilkin iddia ərizəsi və iddiaçı “X4” Şirkəti cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə, Cavabdeh1 MMC-yə, Cavabdeh2nə qarşı pulun tutulması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisadi Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(81)-2234/2008 nömrəli qərardadı ilə tərəflərin barışıq sazişinə dair ərizələri təmin edilərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Cavabdeh1 MMC arasında xx.xx.2006-cı il tarixli 1 saylı Distribyutor müqaviləsi üzrə aldıqları avadanlıqların qarşılıqlı olaraq bir-birinə qaytarmalarına dair bağladıqları xx.xx.2008-ci il tarixli barışıq müqaviləsinin təsdiq edilməsi və iddianın tərəflərin aralarında bağlanan xx.xx.2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Cavabdeh1 MMC ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisadi Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(81)-2234/2008 nömrəli qərardadı üzrə icra sənədinin verilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(81)-2234/2008 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-228/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə Cavabdeh1 MMC tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(81)- 2234/2008 nömrəli qərardadı ləğv edilmiş və icra vərəqəsinin verilməsi ilə bağlı Cavabdeh1 MMC tərəfindən verilmiş ərizəyə yenidən baxılması üçün iş materiallarının birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin 2(81)-2234/2008 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixdə verilmiş icra vərəqəsindən görünür ki, Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2(81)-2234/2008 nömrəli, xx.xx.2008-ci il tarixli barışıq müqaviləsinin təsdiq edilməsi haqqında qərardadına əsasən Cavabdeh1 MMC tərəfindən “5000 DQU” tipli avadanlıq (xx.xx.2007-ci il tarixli aktda qeyd edilmişdir) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (Socar) qaytarılması qeyd edilmişdir. Cavabdeh1 MMC məhkəməyə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2(81)-2234/2008 nömrəli, xx.xx.2008-ci il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qərardadın icrası ilə bağlı Bakı Kommersiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli icra sənədində yol verilmiş aşkar yanlışlığın aradan qaldırılması üçün həmin icra sənədinə düzəliş edilməsi və ya yeni icra vərəqəsinin verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2(81)-2234/2008 saylı, xx.xx.2008-ci il tarixli qərardadı ilə həmin iş üzrə tərəf olan Cavabdeh1 MMC ilə Azərbaycan Respublikası Neft Şirkəti (SOCAR) arasında tərtib edilmiş eyni tarixli barışıq sazişi təsdiqlənmişdir. Həmin qərardadın nəticə hissəsində Azərbaycan Respublikası Neft Şirkəti ilə Cavabdeh1 MMC arasında xx.xx.2006-cı il tarixli 1 saylı Distribyutor müqaviləsi üzrə aldıqları avadanlıqların qarşılıqlı olaraq bir-birinə qaytarılması nəzərdə tutulmuşdur. Qərardadın müəyyən etdim hissəsində belə "... 5000 DQU tipli avadanlıqların hissələrini qaimə üzrə verilmiş .... ” kimi qeyd edilmişdir. Adı çəkilən qərardadla bağlı Bakı Kommersiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli icra vərəqəsində Cavabdeh1 MMC tərəfindən “5000 DQU” tipli avadanlıq (xx.xx.2007-ci il tarixli aktda qeyd edilmişdir) Azərbaycan Respublikası Neft Şirkətinə (SOCAR) qaytarılması tələbi göstərilmişdir. Göründüyü kimi icra vərəqəsində borclu olaraq Cavabdeh1 MMC üçün müəyyən edilən tələb, icra vərəqəsinin verilməsinə əsas olmuş 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2(81)-2234/2008 saylı, xx.xx.2008-ci il tarixli qərardadı ilə müəyyən edilmiş tələbin həddinə və mahiyyətinə uyğun deyildir. Bundan başqa, adı çəkilən qərardadla təsdiqlənmiş barışıq sazişi və həmçinin bunun kökündə duran, tərəflər arasında mövcud olmuş xx.xx.2006-cı il tarixli 1 saylı Distribyutor müqaviləsində belə məhz “5000 DQU” tipli avadanlığın alqı-satqısı ilə verilməsi nəzərdə tutulmamışdır. Belə ki, qeyd olunan xx.xx.2006-cı il tarixli Distribyutor müqaviləsinin predmetində “Xəzər” tipli SPBU, “Şelf ’ tipli PPBU, BU 3D-76, 3D-86, 5000 DQU-İT və Previntorların sualtı bloklarının ehtiyat hissələri, 183/4 “10000 psi” (700-kq/sm) və dəstə daxil olan hissələr, dəniz dayağı (rayzer) 21-300 m başlıqları nm satılması nəzərdə tutulmuşdur. “5000 DQU” tipli avadanlığın verilməsi isə Cavabdeh1 MMC ilə “X4” Şirkəti arasında bağlanmış müqavilənin predmetinə aiddir. Belə ki, müqaviləyə əsasən Cavabdeh1 MMC həmin qorğunun hissələrini alıb, avadanlığı komplekləşdirib alıcıya göndərməsi razılaşdırılmışdır. Bununda SOKAR-la mövcud müqaviləyə, barişıq sazişinə və ya barışıq sazişinin təsdiqinə dair xx.xx.2008-ci il tarixli qərardada heç bir aidiyyəti yoxdur. Bundan əlavə, yuxarıda sadalanan dəlillər həmçinin qanuni qüvvəsində olan Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2(81)-2234/2008 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsi ilə də müəyyən edilmişdir. İcra vərəqəsində qeyd edilmiş xx.xx.2007-ci il tarixli Akta gəlincə, həmin akt “SOCAR”-ın Cavabdeh1 MMC-yə avadanlıqların verilməsi deyil, əksinə Cavabdeh1 MMC-nin “SOCAR”-a avadanlıqların təhvil verilməsi ilə bağlı tərtib edilmişdir. Həmin aktın fabula hissəsi baxımından məsələyə yanaşılsa, Cavabdeh1 MMC-nin təhvil verilməli olan avadanlıqlar verildiyinə dair qaimələr üzrə tələb edilməlidir. Göründüyü kimi hər bir halda xx.xx.2021-ci il tarixli icra vərəqəsi məzmun etibarı ilə borcluya 5000 DQU tipli avadanlığın tam şəkildə təhvil verilməsi kimi mövcud olmayan öhdəlik yaratmaqla, nəticədə icra sənədi onun verilməsinə əsas olan qərardada uyğun verilməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(81)-2234/2008 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Cavabdeh1 MMC həmin qərardaddan şikayət vermiş və Bakı Kommersiya Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi X2 şikayəti müdafiə etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Cavabdeh1 MMC arasında bağlanmış barışıq sazişində tərəflərin bir-birinə geri qaytarmalı olduğu avadanlıqların konkret adları göstərilməsə də, həmin sazişin 1.2-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə uyğun olaraq tərəflər razılaşırlar ki, xx.xx.2006-cı il tarixli 1 saylı Distribyutor müqaviləsi etibarsız olduğundan, tərəflər hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağı öhdələrinə götürürlər. Həmçinin, barışıq sazişinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisadi Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(81)-2234/2008 nömrəli qərardadının əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, “Azərbaycan Respublikasının Neft Şirkətinin “Bayıl Liman” DKQİ-si ilə Cavabdeh1 MMC arasında bağlanmış 22 fevral 2007-ci il tarixli aktına görə “Bayıl Liman” DKQİ Cavabdeh1 MMC-yə 5000 DQU tipli avadanlıqların hissələrini qaimə üzrə vermiş və əvəzində 3D-76 qurğusunun hissələri olan: 1 ədəd - Vişka BV 53x320, 2 ədəd – BL 1200,2 ədəd sürətlər qutusu, 5 ədəd nasos Y8x6M, 11 ədəd - mühərrik V2-450, 4 ədəd – 1 şkifli aqreqat, 4 ədəd - 2 şkifli aqreqat, 2 ədəd - mərkəzli şkifli aqreqat, 2 ədəd – fırlanqıc 250T, 2 ədəd - Kranblok-320 t, 2 ədəd qarmaq alınmışdır. Barışan tərəflər nəzərdə tutmuşlar ki, yuxarıda adları çəkilən avadanlıqları bir-birinə qaytaracaqlar. “Azərbaycan Respublikasının Neft Şirkətinin “Bayıl Liman” DKQİ-si ilə Cavabdeh1 MMC arasında bağlanmış 22 fevral 2007-ci il tarixli aktda isə qeyd edilmişdir ki, ... iyun 2006-cı ildən fevral ayının 2007-ci ilədək, “Bayıl Liman” DKQİ ilə Cavabdeh1 MMC arasında danışıqlar yolu ilə, 5000 DQU tipli avadanlıq qaimələr üzrə “Bayıl Liman” DKQİdən “Real LTD-yə verilmişdir. Lakin, Bakı Kommersiya Məhkəməsinin 2(81)-2234/2008 nömrəli iş üzrə xx.xx.2021ci il tarixdə verilmiş icra vərəqəsində qeyd edilmişdir ki, “Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2(81)-2234/2008 nömrəli, xx.xx.2008-ci il tarixli barışıq müqaviləsinin təsdiq edilməsi haqqında qərardadına əsasən Cavabdeh1 MMC tərəfindən “5000 DQU” tipli avadanlıq (xx.xx.2007-ci il tarixli aktda qeyd edilmişdir) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (Socar) qaytarılsın”. Göründüyü kimi qərardadın nəticə hissəsində və barışıq sazişində konkret hansı avadanlıqların geri qaytarılmalı olması göstərilməsə də, qərardadda 22 fevral 2007-ci il tarixli akta istinad olunaraq məhz həmin aktda göstərilən avadanlıqların geri qaytarılması barədə razılığın əldə olunması müəyyən edilmiş və məhkəmə də həmin sazişi təsdiq etmişdir. Məhkəmə tərəfindən verilmiş icra vərəqəsində isə 22 fevral 2007-ci il tarixli aktda qeyd edilənlər tam olaraq göstərilməmişdir. Çünki həmin aktda icra vərəqəsində qeyd edildiyi kimi “5000 DQU” tipli avadanlıq deyil, iyun 2006-cı ildən fevral 2007-ci ilədək “Bayıl Liman” DKQİ tərəfindən Cavabdeh1 MMC-yə qaimələr üzrə 5000 DQU tipli avadanlığın verilməsi qeyd edilmişdir. Göründüyü kimi aktda həmin avadanlığın müəyyən tarixlərdə və qaimələr üzrə verildiyi göstərilmişdir. Belə olan halda isə qaytarılmalı olan avadanlıq da məhz həmin tarixlərə aid qaimələr əsasında müəyyən edilməlidir. Ona görə də, icra vərəqəsi birinci instansiya məhkəməsinin qeyd etdiyi məzmunda deyil, aşağıdakı məzmunda verilməli idi: - iyun 2006-cı ildən fevral 2007-ci ilədək “Bayıl Liman” DKQİ tərəfindən Cavabdeh1 MMC-yə qaimələr üzrə verilmiş 5000 DQU tipli avadanlıq Cavabdeh1 MMC tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (Socar) qaytarılsın. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və yuxarıda qeyd olunanlara əsasən ərizə təmin edilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh1 MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(81)-2234/2008 nömrəli qərardadı ləğv edilsin. Cavabdeh1 MMC tərəfindən verilmiş ərizə təmin edilsin. Hazırki iş üzrə xx.xx.2021-ci il tarixdə verilmiş icra vərəqəsindəki yanlışlıq düzəldilərək Bakı Kommersiya Məhkəməsi tərəfindən yeni icra vərəqəsi verilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vüsalə Baxışova Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar