Məhkəmə qərarları › İş №2-2(103)-38/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-38/2020

20.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-38/2020 20.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibiQasımova Nərgiz Emin qızının katibliyi, İddiaçının nümayəndəsi X2 və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1063/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən iqtisadi işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibai-İqtisadi Məhkəməsinə müraciət edərək, sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh MMC-dən 10.225 manat borcun, özgəsinin pul vəsaitini qanunsuz saxlamağa görə illik beş faiz ödənilməsi ilə birlikdə 1500 manat məbləğində pulun, iddia tələbi üzrə göstərilən hüququ yardıma görə 200 manat məbləğində pulun və iddia ərizəsi üzrə ödənilmiş 30 manat məbləğində pulun birdəfəlik tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini və iddia tələbinin həcminin artırılması barədə ərizəni onunla əsaslandırmışdır ki, xx xxxxxxx 2017-ci il tarixində İddiaçı MMC ilə Cavabdeh MMC arasında “poçt və bağlama daşınmasına” dair 39 saylı müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə müvafiq olaraq “İcraçı”, yəni “xxxx” MMC ölkədaxili göndərişlərin (məktublar, banderollar, kiçik paketlər, bağlamaları və s.) çatdırılması üçün express kuryer xidmətini həyata keçirir,“Sifarişçi” isə bunun əvəzinə Xidmət haqqının ödənilməsinə dair hüquqi öhdəliyi öhdəsinə götürür. İddiaçı MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edərək 01-xx xxxxxx 2018-ci il tarixlərində, 01-xx xxxxxx 2019-cu il tarixlərində və 01xx xxxxxx 2019-cu il tarixlərində Sifarişçi Cavabdeh MMC-nin sifarişlərini yerinə yetirsə də, Sifarişçi müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və nəticədə İddiaçı MMC-yə 10225 (on min iki yüz iyirmi beş) manat borcu yaranmışdır. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5, 442, 448.1, 448.2, 460.1, 462.1 və 545.7-ci maddələrinə istinad edərək iddianın təmin edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin e-2-2(81)-1063/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Məhkəmənin qeyd olunan qətnaməsindən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2-2(81)-1063/2019 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, müqavilə əsasında icraçı kimi onlar tərəfindən 2018-ci ilin dekabr, 2019-cu ilin yanvar və fevral aylarında sifarişçiyə xidmətlər göstərilmiş, sifarişçi isə qəbul etmiş və hüquqi şəxs kimi öz möhürü ilə təsdiq etmişdir. Bundan əlavə cavabdeh “Cavabdeh MMC”-nin əməkdaşları Əliyev Elnur, İsmayılov Mehdi, Əlizadə Novruzəli, Abdulov Natiq və Abbasov Elman təsdiq etmişdirlər ki, həqiqətən İddiaçı MMC-yə “xxxx” MMC tərəfindən məktublar aparılmış və xidmət göstərilmişdirlər. 2017-ci ilin 26 oktyabrda, 16, 23 noyabrında, 21, 22 dekabrında, 2018-ci ilin 26 yanvarında, 12 fevralında, 05, 18 aprelində, 21 mayında və 14 iyununda icraçı tərəfindən sifarişçiyə göstərilən xidmətlər müqabilində hüquqi şəxslər arasında təhvil-təslim aktlarına əsasən ödənişlər edilmiş və bu hal xx.xx.2019-cu il tarixli “xxxx” ASC-nin xxxx filialındakı hesabla çıxarışla təsdiq olunmuşdur. Həmçinin işi mahiyyəti üzrə araşdıran məhkəmə qətnaməsində qeyd edilmişdir ki, tərəflər arasındakı müqavilə xüsusi sahə olan poçt çatdırmaları ilə bağlı ekspress kuryer xidməti münasibətlərini tənzimləmişdir. “Poçt haqqında” Azərbaycan Respublikası Qanunun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan poçt rabitəsi xidmətlərinə universal, sürətli, kuryer və s poçt rabitəsi xidmətləri aiddir.Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xx xxxx 2006-cı il tarixli 131 saylı əmri ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın 136-cı bəndinə görə bir hüquqi və fiziki şəxs tərəfindən göndərilən və eyni vaxtda bir neçə F.103 siyahısı ilə qəbul edilən poçt göndərişlərinə bır ümumi və ya hər bir siyahı üçün ayrıca qəbz yazılır.Həmçinin Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xx xxxxxx 2016-cı ıl tarixli 0001 saylı qərarı ilə təsdiq edilmiş qaydaların 7.23cü bəndinə görə qrupla göndərişlərinin, pul köçürmələrinin göndərilmə üçün qəbulu barədə göndəriciyə bir siyahıya görə bir qəbz verilir. Eyni zamanda bır siyahının bır nüsxəsi poçt işçisi tərəfindən qəbul barədə imza edilməklə və təqvim ştempeli vurulmaqla göndəriciyə qaytarılır. Bununla belə, məhkəmə özünün gəldiyi hüquqi nəticə üzrə tətbiq etdiyi maddi hüquq normasını düzgün təfsir etməyərək cavabdehin tələbindən çıxış edərək onun digər şəxs qarşısında öhdəlik yarandığı halda pulun cavabdehin üzərinə qoymamaqla qanunsuz qətnamə çıxarmışdır Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin direktoru X3 və iddiaçının vəkili və nümayəndəsi Vəkil1 ayrı-ayrılıqda apellyasiya şikayətinin və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, cavabdeh tərəfindən 2018-ci ilin dekabr ayına qədər olan xidmət haqqlarının son olaraq 2019-cu ilin fevral ayında ödənildiyini, 2018-ci il dekabr, 2019-cu il yanvar, fevral ayları üzrə xidmət haqlarının ödənilmədiyini bildirdilər və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsini barədə qətnamə qət edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh MMC -nin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, tərəflər arasında müqavilə münasibətləri olmuş, lakin iddiaçı tərəf bir icraçı kimi 2018-ci ilin noyabr ayından sonra sifarişçinin heç bir sifarişini icra etməmiş, bu barədə təhvil-təslim aktı mövcud olmamışdır. Tərəflər arasında bağlanmış xx xxxxxxx 2017-ci il tarixli 39 nömrəli müqavilənin əsas şərtlərindən biri də sifarişçi tərəfindən qabaqcadan icraçıya göndərişin göndərilməsi üçün lazım olan bütün məlumatlar- göndərişin təyinat ünvanı, qaimənin nömrəsi, bağlamaların sayı, göndərişin çəkisi və s. haqqında məlumat verməsidir. Lakin hazırki iş üzrə icra etdiyi işlərin sifarişçinin sifarişi əsasında icrasını təsdiq edən sübutlar təqdim etməmişdir, çünki sifarişçi tərəfindən göstərilən tarixlərdə belə bir sifarişlər olmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş işlərin görülməsi haqqında aktlar birtərəfli qaydada imzalanmış, məktub və bağlamaların qəbulu ilə təhvil təslim olmamışdır. Hətta cavabdehin bir işçisi işdən çıxdıqdan sonra iddiaçının şirkətində işə başlamış, işdən çıxan zamanı özü ilə Cavabdeh MMC-nin bir çox qəbzlərini aparmışdır. Bu barədə dəfələrlə polisə müraciət olunmuş, lakin “xxxx Express” MMC ilə müqavilənin olması səbəbindən məsələ araşdırılmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə yönəldiyi üçün apellyasiya instansiya məhkəməsi qətnaməni bütövlükdə yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını apellyasiya şikayətinin dəlilləri ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi Cavabdeh MMC-dən iddiaçının xeyrinə 10.225 (on min iki yüz iyirmi beş) manat borcun tutulması hissəsində təmin edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən məhkəməyə mötəbər sübutlar təqdim edilmədiyi və iddianın sübuta yetirilmədiyi qənaətinə gəlmiş, iddianın təmin edilməməsi barədə qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir. İş materiallarından müəyyən olunur ki, xx.xx.2017-ci il tarixdə Cavabdeh MMC (“Sifarişçi”) ilə İddiaçı MMC (“İcraçı”) arasında 39 saylı poçt və bağlama daşınması haqqında müqavilə bağlanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin predmetini icraçı tərəfindən ölkədaxili göndərişlərin (məktublar, banderollar, kiçik paketlər, bağlamalar və s.) çatdırılması üçün ekspress kuryer xidmətinin (bundan sonra “xidmət”) adlandırılacaq) göstərilməsi, sifarişçi tərəfindən isə bunun əvəzinə xidmət haqqının ödənilməsinə dair hüquqi öhdəliyin yaranması təşkil edir. Bu müqavilənin 1.2-ci bəndinə əsasən, xidmət müqavilənin ayrılmaz hissəsi olan Əlavədə göstərilən xidmət zonaları və tarifləri əsasında göstərilir. Müqavilənin 2.3.1-ci bəndinə əsasən icraçı hər ay sifarişçiyə göstərilən xidmətin aylıq hesabatını təqdim edir. Müqavilənin 4.1 və 4.2-ci bəndlərinə əsasən, xidmətin dəyəri müqavilənin ayrılmaz hissəsi olan əlavədə göstərilir və ödəmə hər ay xidmət göstərilən aydan sonraki ayın 30-dan gec olmayaraq icraçının təqdim etdiyi hesab əsasında həyata keçirilir. Müqavilənin 6-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və 01 il müddətində qüvvədə qalır (6.1); tərəflərdən hər hansı biri digər tərəfi 30 gün əvvəlcədən yazılı şəkildə xəbərdar etməklə müqaviləyə birtərəfli qaydada xitam verə bilər (6.2); müqavilənin müddətinin bitməsinə 30 gün qalmış tərəflər ona xitam verilməsini bildirməmişlərsə, o zaman müqavilə daha bir il uzadılmış hesab edilir. Müqavilədən görünür ki, müqavilə hər iki tərəf arasında razılaşdırılaraq imzalanmış və möhürlənmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli müqaviləyə uyğun işlərin görülməsi haqqında xx xxxxxx 2019-cu il, xx xxxxxx 2019-cu il və xx xxxx 2019-cu il tarixli aktlardan və onlara əlavə edilmiş xidmətin dəyəri ilə bağlı tərtib olunmuş siyahılardan görünür ki, “xxxx” MMC-nin sifarişi əsasında İddiaçı MMC tərəfindən müvafiq olaraq 01-xx xxxxxx 2018-ci il üçün 3.236 manat dəyərində, 01-xx xxxxxx 2019-cu il üçün 3.616,20 manat dəyərində, 01-xx xxxxxx 2019-cu il üçün 3.372,80 manat dəyərində xidmət göstərilmiş və göstərilmiş xidmətin dəyəri ilə bağlı tərtib olunmuş siyahılar aktlara əlavə olunmuşdur. İş materiallarında olan “İddiaçı MMC-yə məxsus olan “xxxx” ASC-nin “xxxx” filialında olan bank hesabından çıxarışlardan görünür ki, Cavabdeh MMC tərəfindən daşımalar üzrə xx.xx.2018-ci il tarixdə, xx.xx.2018-ci il tarixdə və xx.xx.2019-cu il tarixdə hər biri 2000 manat olmaqla pul köçürülmüşdür. Bununla bağlı birinci instansiya məhkəməsində tərəflər izahat verərək, iddiaçı bu pul məbləğlərinin 2018-ci ilin dekabr ayına qədər olan xidmətlərə görə ödənildiyini, 2018-ci ilin dekabr, 2019-cu ilin yanvar və fevral aylarında heç bir ödənişin olmadığını qeyd etmiş, cavabdeh tərəf isə ödənişləri inkar etməmiş, xidmətlərin 2018-ci ilin noyabr ayından sonra göstərilmədiyini qeyd etmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli 018/19 saylı pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə və ya lazimi şəkildə yerinə yetirilməməsinə görə müqavilədə nəzərdə tutulan qiymət razılaşma protokolunda göstərilən mallara görə 10.225 manat məbləğində borcun pretenziya məktubunu aldığı gündən 5 iş günü müddətində ödənilməsi təklif edilmiş, əks halda həm borc, həm də borca görə hesablanacaq dəbbə pulunun, həmçinin hüquqi xidmətlərə görə çəkilən xərcin və digər məhkəmə xərclərinin tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi göstərilmişdir. İş materiallarından müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən Elnur Əliyev, Mehdi İsmayılov, Novruzəli Əlizadə, Natiq Abdulov və Elman Abbasov adlı şəxslər İddiaçı MMC-yə məktub gətirən kuryerlər olmuşdur. Bundan başqa məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfindən cavabdehə mübahisə edilən dövr ərzində xidmətlər göstərilməsi ilə əlaqədar çoxsaylı qaimələr və siyahılar təqdim olunmuş, cavabdeh həmin qaimə və siyahıların yeni sübut olduğunu nəzərə alaraq qəbul edilməməsi barədə vəsatət vermişdir. Məhkəmə kollegiyası qeyd olunan vəsatəti müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sənədlər kuryerlər vasitəsilə çatdırılması haqqında aktlarda və ona əlavə edilmiş siyahılarda əks olunmuş məktub, banderol və digər poçt bağlamaları olan mədaxil qəbzləri, onların surətləri və iddiaçıda qalan qəbz kötüklərindən ibarət olduğundan yeni sübut kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulmuş işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 756.1-ci maddəsinə əsasən əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı MMC ilə “xxxx” MMC arasında poçt və bağlama daşınması haqqında müqavilə münasibətləri olmuşdur. Həmin müqaviləyə əsasən sifarişçi qismində Cavabdeh MMC, icraçı qismində xxxx MMC çıxış edir. İşin mübahisəli halı həmin müqavilə əsasında İddiaçı MMC tərəfindən icraçı qismində 2018-ci ilin dekabr, 2019-cu ilin yanvar, fevral aylarında xidmətlərin göstərilməsi ilə bağlıdır. Belə ki, iddiaçı işlərin görülməsi haqqında aktları, aktlara əlavə edilən məktublar siyahısını və Cavabdeh MMC-yə məxsus olan qəbzləri (waybill) təqdim edərək, müqavilə əsasında məktub və bağlamaların daşındığını, lakin sifarişçi-cavabdeh tərəfindən xidmət haqqlarının ödənilmədiyini qeyd etmişdir. Cavabdeh isə iddiaya etiraz edərək, müqavilə şərtlərinə istinad edərək, icraçıya dekabr, yanvar və fevral ayları üzrə hər hansı bir sifarişin verilmədiyini qeyd etmişdir. Beləliklə, işin hallarından göründüyü kimi, tərəflər arasındakı müqavilə xüsusi sahə olan poçt çatdırmaları ilə bağlı ekspress kuryer xidməti münasibətlərini tənzimləyir. “Poçt haqqında” Azərbaycan Respublikası haqqında Qanunun 7.2-ci bəndinə əsasən ümumi istifadədə olan poçt rabitəsi xidmətlərinə universal, sürətli, kuryer və s. poçt rabitəsi xidmətləri aiddir. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin x xxxxxx 2016-cı il tarixli 0001 nömrəli qərarı ilə təsdiq edilmiş Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydalarının 1.4.32.-ci ci bəndinə əsasən sürətli poçt göndərişi – fiziki baxımdan qəbulu, daşınması və çatdırılması ən sürətli üsulla həyata keçirilən tərkibi sənəd və (və ya) mallardan ibarət qeydiyyatlı poçt göndərişidir. 1.4.36-ci bəndə əsasən qeydiyyatlı poçt göndərişi – qəbz verilməklə göndərilmə üçün qəbul edilən, müşayiət sənədlərinə yazılmaqla göndərilən və imza etdirilməklə alıcıya çatdırılan poçt göndərişidir. 1.6.2.1. və 1.6.2.3-cü bəndlərə əsasən sürətli poçt rabitəsi xidmətləri və kuryer xidmətləri ümumi istifadədə olan poçt rabitəsi xidmətlərinə daxildir. 2.14-ci bəndə əsasən sürətli poçt rabitəsi xidmətlərinin göstərilməsi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq lisenziya verilmiş poçt rabitəsi operatorları tərəfindən həyata keçirilir. Bununla yanaşı, Azərbaycan Respublikası Maliyyə nazirinin "21" fevral 2000-ci il tarixli №- İ - 42 Əmri ilə təsdiq edilmiş "Sürətli poçt xidmətləri üçün mədaxil qəbzi"nin (forma №- EMS-23) və "Kuryer xidmətləri üçün mədaxil qəbzi"nin (forma №- EMS-23 K) forma və rekvizitləri və onlardan istifadə qaydaları” na əsasən "Sürətli poçt xidmətləri üçün mədaxil qəbzi" (forma №- EMS-23) (bundan sonra "forma №- EMS-23" yazılacaq) üç hissədən, forma №- EMS-23 mədaxil qəbzindən, onun surətindən və kötuyündən ibarətdir. forma №- EMS-23 mədaxil qəbzi, onun surəti və kötüyü eyni rekvizitlərə malikdir. forma №- EMS-23 mədaxil qəbzi xüsusi surət-çıxaran kağızda çap edilir ki, onları üst-üstə qoyub dolduran zaman qəbzin surəti onun surəti və kötüyünə çıxa bilsin. Qüvvədə olan qanunvericiliyə uyğun olaraq zəruri hallarda "Sürətli poçt xidmətləri üçün mədaxil qəbzi"nin (forma №- EMS-23 ) rekvizitləri Azərbaycan dili ilə yanaşı, tələb olunan xarici dillərdə də çap edilə və doldurula bilər. Forma №- EMS-23 mədaxil qəbzi beynəlxalq və respublika daxili ekspresspoçt göndərişlərinin qəbulu üçün istifadə olunur. forma №-EMS-23 mədaxil qəbzinin "mədaxil qəbzi" hissəsi göndəriciyə verilir, "qəbzin surəti" göndərişin üzərinə yapışdırılır, "qəbzin kötüyü" isə hesabat vermək üçün göndərişi qəbul edən işçidə saxlanılır. "Kuryer xidmətləri üçün mədaxil qəbzi" (forma №- EMS-23 K) (bundan sonra "forma №- EMS-23K" yazılacaq) mədaxil qəbzi 4 hissədən, forma №-EMS-23 K "mədaxil qəbzi"ndən, "qəbzin surəti”ndən, "qəbzin talonu"ndan və “qəbzin kötyü"ndən ibarətdir. Forma №- EMS-23 K "mədaxil qəbz"i, "qəbzin surət"i, “qəbzin talonu" və "qəbzin kötüyü" eyni rekvizitlərə malikdir. Forma №- EMS-23 K mədaxil qəbzi xüsusi surətçıxaran kağızda çap edilir ki, onları üst-üstə qoyub dolduran zaman onun surətinə, talonuna və kötüyünə surəti çıxa bilsin. Forma №- EMS-23 K mədaxil qəbzi respublika daxilində kuryer poçtunun qəbulu və çatdırılması üçün nəzərdə tutulmuşdur. Forma №- EMS-23 K mədaxil qəbzinin "mədaxil qəbzi" hissəsi göndəriciyə verilir. "Qəbzin surəti" hissəsi göndərişin üzərinə tikilir və göndərişlə birlikdə alıcıya verilir, "qəbzin talonu" hissəsi hesabat vermək üçün qəbul edən işçidə, "qəbzin kötüyü" hissəsi işə çatdırma haqqında hesabat vermək üçün göndərişi çatdıran işçidə qalır. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında xx.xx.2017-ci il tarixdə 1 (bir) il müddətində qüvvədə olmaq şərti ilə 39 saylı müqavilə bağlanmış, müqavilənin 6-ci bəndində tərəflərdən hər hansı birinin digər tərəfi 30 gün əvvəlcədən yazılı şəkildə xəbərdar etməklə müqaviləyə birtərəfli qaydada xitam verə biləcəyi, müqavilənin müddətinin bitməsinə 30 gün qalmış tərəflər ona xitam verilməsini bildirməmişlərsə, o zaman müqavilənin daha 1 (il) il müddətinə uzadılmış hesab edildiyi göstərilmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçının mübahisələndirdiyi dövr-2018-ci ilin dekabr, 2019-cu ilin yanvar və fevral aylarında müqavilə qüvvədə olmuş, bu dövrdə hər hansı tərəf digər tərəfə müqavilənin xitamı barəsində tələb irəli sürməmişdir. İş materiallardan görünür ki, iddiaçı tərəfindən cavabdehə xidmətlər göstərilməsi barədə xx.xx.2017-ci il tarixli müqaviləyə uyğun işlərin görülməsi haqqında xx xxxxxx 2019-cu il, xx xxxxxx 2019-cu il və xx xxxx 2019-cu il tarixli aktlar və onlara əlavə edilmiş xidmətin dəyəri ilə bağlı tərtib olunmuş siyahılar mövcuddur. Birinci instansiya məhkəməsi qeyd olunan aktların cavabdeh tərəfindən imzalanmaması səbəbindən sübut kimi qəbul edilə bilməyəcəyi qənaətinə gəlsə də, məhkəmə kollegiyası hesab edir ki, tərəflərin arasında inanılmış müqavilə münasibətləri olmuş, iddiaçı tərəfindən qeyd olunan dövrdə cavabdehin sifarişi əsasında göndərilən məktubların qaimələri məhkəməyə təqdim olunmuşdur. Həmin qaimələrə nəzər saldıqda görünür ki, qaimələrin sifarişçi bölməsində Cavabdeh MMC-nin adı qeyd edilmiş, həmin qaimələrə göndərilən məktubların siyahıları əlavə edilmiş, siyahılarda göndərilən məktubların ayrı-ayrılıqda 2018-ci ilin dekabr, 2019-cu ilin yanvar və fevral ayının məktubları olduğu tarixlə qeyd edilmiş, həmin siyahılara Cavabdeh MMC-nin möhürü vurulmuş və məktublar “xxxx” MMC-nin kuryerləri tərəfindən qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işdə olan qaimə və aktlar bir daha iddiaçı tərəfindən mübahisə edilən dövrdə cavabdehə xidmətlər göstərməsi faktını təsdiq edir. Cavabdeh tərəf qeyd olunan qaimələrin onların idarəsindən yoxa çıxdığını, ehtimal ki, əvvəllər Cavabdeh MMC-də, hazırda isə İddiaçı MMC-də işləyən X5 və X4 tərəfindən iddiaçıya təqdim olunduğu bildirilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin nümayəndəsi izahatında qaimələrin onların idarəsindən yoxa çıxdığını, başqa sözlə oğurlandığını qeyd etsə də, onun tərəfindən bununla bağlı hər hansı hüquq mühafizə orqanına müraciət edilməsi və ya qeyd olunan orqanlar tərəfindən bu halla bağlı hər hansı bir qərar qəbul edilməsi ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “xxxx” ASC-nin “xxxx” filialında olan bank hesabından çıxarışlarına əsasən Cavabdeh MMC tərəfindən daşımalar üzrə xx.xx.2018-ci il tarixdə, xx.xx.2018-ci il tarixdə və xx.xx.2019-cu il tarixdə hər biri 2000 manat olmaqla pul köçürüldüyü müəyyən edilmiş, iddiaçı bu pul məbləğlərinin 2018-ci ilin dekabr ayına qədər olan xidmətlərə görə ödənildiyini, 2018-ci ilin dekabr, 2019-cu ilin yanvar və fevral aylarında heç bir ödənişin olmadığını qeyd edilmiş, cavabdeh tərəf isə bu ödənişləri inkar etməmiş, xidmətlərin 2018-ci ilin noyabr ayından sonra göstərilmədiyini qeyd etmişdir. Buradan da aydın olur ki, qeyd edilən dövrdə tərəflər arasında müqavilə münasibətləri faktik olaraq mövcud olmuş, onlar qarşılıqlı fəaliyyətlərini davam etdirmişlər. xx.xx.2018-ci il tarixdə, xx.xx.2018-ci il tarixdə və xx.xx.2019-cu il tarixdə hər biri 2000 manat olmaqla pul köçürülmə faktını isə həm iddiaçı, həm də cavabdeh etiraf etmiş, pulun 2018-ci ilin dekabr ayına qədər olan xidmətlərə görə ödənildiyi bildirilmişdir. Qeyd olunan çıxarışdan da görünür ki, onlar arasında faktik olaraq mübahisəli dövrdə də müqavilə münasibətləri davam etmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində iddiaçı tərəfindən cavabdehin məktub gətirən kuryerlərinin siyahısını və onların imzası ilə iddiaçı təşkilata məktub və banderolların təhvil verilməsinə dair aktlar (təhvil-təslim) akları məhkəməyə təqdim olunsa da, məhkəmə həmin hala qiymət vermədən iddianın əsassız olduğu qənaətinə gəlmişdir. Bütün bunlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı təşkilat aralarında olan müqaviləyə uyğun olaraq 2018-ci ilin dekabr və 2019-cu ilin yanvar, fevral aylarında cavabdehə poçt xidmətinin göstərilməsinin davam etdiyini sübuta yetirə bilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi cavabdehdən iddiaçının xeyrinə 10.225 (on min iki yüz iyirmi beş) manat borcun tutulması hissəsində iş materialları ilə tam sübuta yetirildiyindən iddia həmin hissədə təmin edilməlidir. İddia tələbinin özgənin pul vəsaitini qanunsuz saxlamağa görə illik 5 faiz ödənilməsi şərti ilə 1500 manat məbləğində pulun və iddia tələbi üzrə göstərilən hüququ yardıma görə 200 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən bunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmiş və məhkəmə araşdırması zamanı belə bir hal müəyyən edilməmişdir. Odur ki, iddia tələbi bu hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.5-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən-podrat müqaviləsi üzrə görülmüş işlərlə bağlı pulun-10.225 manat pulun tutulması hissəsində təmin edilməli, tələbinin özgənin pul vəsaitini qanunsuz saxlamağa görə illik 5 faiz ödənilməsi şərti ilə 1500 manat məbləğində pulun və iddia tələbi üzrə göstərilən hüququ yardıma görə 200 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia tələbi qismən təmin edilməlidir. Apellyasiya instansiya məhkəməsi həmçinin hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385, 388, 384.0.2, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçının nümayəndəsinin apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1063/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdehndən 10.225 (on min iki yüz iyirmi beş) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdehndən İddiaçı xeyrinə tutulsun. Qətnamədən, təqdim edildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakimlər: Düzdür: Sədrlik edən: H.Ü.Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar