Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-38/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə iddiaçının nümayəndəsi Nümayəndə2 və cavabdehin nümayəndəsi və vəkili Cavabdeh2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-605/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh "Cavabdeh1" ASC-yə (hazırda “xxxx” ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli 15/C saylı avtonəqliyyat vasitələrinin texniki xidmətinə dair müqavilə üzrə göstərilmiş xidmətə görə 3920,55 manat borc məbləğinin, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğ kimi 700 manat, hər bir gecikdirmə gününə sifariş məbləğinin 0,5 %-i həcmində cərimə kimi 150 manat, 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 4800,55 manat pul məbləğinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-605/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, "Cavabdeh1" ASC-dən, tərəflər arasında bağlanmış xx.xx.2008-ci il tarixli 15/C saylı avtonəqliyyat vasitələrinin texniki xidmətinə dair müqavilə üzrə göstərilmiş xidmətə görə 3920,55 manat borc məbləğinin, hər bir gecikdirmə gününə sifariş məbləğinin 0,5 %-i həcmində cərimə kimi 150 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat, cəmi 4100,55 (dörd min yüz) manat məbləğində, pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh "Cavabdeh1" ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin iddianın qismən təmin olunmuş hissəsində ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Cavabdeh2 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi Nümayəndə2 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2008-ci il tarixli 15/C nömrəli avtonəqliyyat vasitələrinə texniki xidmətə dair müqavilə bağlanmış və müqaviləyə əsasən icraçı İddiaçı MMC sifarişçi "Cavabdeh1" ASC-nin sifarişi əsasında sifarişçinin avtonəqliyyatına qabaqcadan razılaşdırılmış qiymətlərlə servis və texniki xidmət göstərməyi, sifarişçi isə görülmüş işi qəbul edib, onun dəyərini həmin müqavilənin şərtləri ilə vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı bildirir ki, onun tərəfindən cavabdehə məxsus **-PE-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə xx.xx.2019-cu il tarixində və **-AN-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə xx.xx.2019-cu il tarixində xidmətlər göstərilmiş, lakin sonuncu xidmətlərin dəyərini ödəməmiş və nəticədə onun iddiaçıya 3920,55 manat əsas borcu və hər bir gecikdirmə gününə sifariş məbləğinin 0,5 %-i həcmində cərimə olaraq 150 manat borcu yaranmışdır. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, ona məxsus **-AN-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi iddiaçı ilə bağlanmış müqavilə şərtlərinə əsasən təmir üçün təqdim edilmiş və texniki xidmət göstərilmişdir. Avtomobilə texniki xidmət göstərilərək təhvil verilmiş və qəbul edildikdən az müddət sonra bir sıra nasazlıqlar aşkar olunmuşdur. Belə ki, **-AN-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü ötürmələr qutusunda və mühərrikin yağlama sistemlərində əlavə səslərin yarandığını bildirmişdir. Bununla əlaqədar cəmiyyətin Aqrotexniki xidmətlər və avadanlıqlara texniki qulluğun təşkili şöbəsinin əməkdaşları avtomobilə baxış keçirmişlər. xx xxxx 2019-cu il tarixdə avtomobilin texniki vəziyyəti araşdırılarkən elektrik sistemində, ötürmələr qutusunda səslə müşahidə olunan nasazlığın əmələ gəldiyini və mühərrikin yağlama sistemində növbəti planlı texniki qulluğun aparılmasına zərurət yarandığına dair akt tərtib olunmuşdur. Yaranmış nasazlıqla bağlı təmir xidməti ilə əlaqə saxlanmış mövcud qüsurlar bildirilərək elektrik sistemində, ötürmələr qutusunda yaranmış problemlərin aradan qaldırılması və mühərrikin yağlama sisteminə növbəti planlı texniki qulluğun aparılması zərurəti bildirilmişdir. Buna baxmayaraq, iddiaçı xx.xx.2019-cu il tarixdə hesab faktura və təmir kartı göndərərək xidmət haqqının ödənilməsini tələb etmişdir. Halbuki tərəflər arasında bağlanmış müqavilənin 2.1.5-ci bəndinə əsasən “İcraçı” təmir həyata keçirildikdən sonra avtonəqliyyatı “Sifarişçi”yə tam texniki saz vəziyyətdə, qabaqcadan müəyyənləşdirilmiş müddətdə verməyi öhdəsinə götürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilə mahiyyət etibarı ilə podrat müqaviləsidir. Çünki iddiaçı cavabdeh qarşısında ikincinin avtonəqliyyat vasitələrinə texniki xidmət göstərməyi, sonuncu isə həmin xidmətlərin dəyərinin ödənilməsini öz öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Hazırkı işdə də iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək cavabdhə məxsus 2 ədəd avtonəqliyyat vasitəsinə texniki xidmət göstərmiş, lakin sonuncu xidmətlərin dəyərini ödəməmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, 024020-1 nömrəli təmir kartından və onun əsasında cavabdehə göndərilmiş xx.xx.2019-cu il tarixli, EAAP seriyalı, 021955 nömrəli elektron qaimədən görünür ki, iddiaçı tərəfindən cavabdehin sifarişi əsasında ona məxsus ** PE *** dövlət qeydiyyat nömrəli avtomobilə cəmi 632,48 manat məbləğində servis və texniki xidmətlər göstərmişdir. xx.xx.2019-cu il tarixli, 023905-1 nömrəli təmir kartından və onun əsasında cavabdehə göndərilmiş xx.xx.2019-cu il tarixli, EAAR seriyalı, 491380 nömrəli elektron qaimədən görünür ki, iddiaçı tərəfindən cavabdehin sifarişi əsasında ona məxsus ** AN *** dövlət qeydiyyat nömrəli avtomobilə cəmi 3288,07 manat məbləğində servis və texniki xidmətlər göstərmişdir. Cavabdeh də həmin xidmətlərin göstərildiyini etiraf edir, lakin bildirir ki, təmirdən sonra bir avtomobildə bir sıra nasazlıqlar aşkar olunduğuna görə, o, iddiaçıya ödəniş etməkdən imtina etmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, əgər cavabdehin bildirdiyi kimi həqiqətən də iddiaçının göstərdiyi xidmətlərdə nasazlıqlar mövcud olsaydı, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimə fakturalardan qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyil və cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimə fakturaları təsdiq etmişdir. Bu hal isə onun tərəfindən iddiaçının göstərdiyi xidmətlərin bəyənməsi və həmin xidmətlərin dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. İş materiallarında olan və cavabdehlərin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli akt isə iddiaçının həmin xidmətləri qüsurla görməsi mənasına gəlmir. Çünki həmin akt təhvil-təslim zamanı və hər iki tərəfin nümayəndəsi tərəfindən deyil, birtərəfli qaydada yalnız cavabdehlərin əməkdaşları tərəfindən tərtib edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən müqavilə ilə üzərinə düşən öhdəliklərin qüsursuz icra edilməsi cavabdeh tərəfindən inkar edilsə də, etirazı təsdiq edən mötəbər sübut təqdim edilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı həmin ödənişlərin həyata keçirilməsini tələb etməkdə haqlıdır və ona görə də, həmin hissədə iddia əsaslıdır. Həmçinin kollegiya hesab edir ki, iddia tələbləri 150 manat cərimə pulunun tutulması hissəsində də əsaslıdır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tərəflər arasında bağlanmış müqavilənin 5.4-cü bəndinə əsasən sifarişçi təqdim olunmuş fakturanın ödənişi zamanı müqavilənin 4.2-ci maddəsində göstərilən vaxtdan əlavə hər bir gecikdirmə gününə görə sifariş məbləğinin 0,5 faizi həcmində cərimə ödəyir. Cavabdehin müqavilə üzrə öhdəliklərini vaxtında icra etmədiyini və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimənin ödənilməsinin nəzərdə tutulduğunu nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı cavabdehdən 150 manat cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Ona görə də, həmin iddia tələbi tam təmin edilməlidir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Həmçinin iddianın qiymətinin iki min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-605/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-38/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-38/2021
02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver