Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-380/2022 27.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 21.12.2021-ci il tarixli 2-2(113)-4806/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 yanvar 2021-ci il tarixli xidmət müqaviləsinə əsasən ödənilməmiş 1.741 manat məbləğində borcun, hüquqi yardım xərcləri üçün 300 manat və mediasiya prosesi ilə bağlı ödənilmiş 60 manat məbləğində pul vəsaitlərinin Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 01 yanvar 2021-ci il tarixdə Cavabdeh ilə İddiaçı MMC arasında “Xidmət müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən “İcraçı”-İddiaçı MMC “İstehlakçı” – Cavabdeh elektrik enerjisinin davamlı olaraq 24 saat ötürülməsi xidmətini həyata keçirməyi, “İstehlakçı”- Cavabdeh isə elektrik enerjisinin haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5-ci maddəsinə əsasən müqavilənin müddəalarının pozulmasına görə və müqavilədə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi üçün tərəflər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Belə ki, Cavabdeh 01 yanvar 2021-ci il tarixli müqavilə üzrə 1.741 manat borcu vardır. Dəfələrlə Cavabdeh yazılı və şifahi qaydada müraciət edərək həmin məbləğlərin ödənilməsini xahiş etmişik. Lakin edilən müraciətlərin heç bir nəticəsi olmamamışdır. Hazırki vəziyyətin ədalətli həll yolunun yalnız məhkəmə olduğu qənaətindədirlər və yuxarıda qeyd olunan faktiki hallara əsasən 1.741 manat (bir min yeddi yüz qırx bir manat) məbləğində borc Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin 21.12.2021-ci il tarixli 2-2(113)-4806/2021 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 1.741 manatın və mediasiya prosesi ilə bağlı ödənilmiş 60 manatın tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 21.12.2021-ci il tarixli 2-2(113)-4806/2021 nömrəli qətnaməsinin iddianın təmin edildiyi hissədə ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd edilən 1741 manat borc 2021-ci ilin may-iyun aylarında yaranmışdır. İşlədiyi müddət ərzində bütün ödənişləri vaxtıvaxtında ödəmişdir. 2021-ci ilin may ayının sonlarında "xxxx" MMC-də iclas keçirilmiş və iyun ayında xəbərdarlıq məktubu göndərilərək həmin məktubda müqavilənin iyun ayından etibarən xitam veriləcəyi bildirilmişdir. İyun ayına kimi bütün borclar ödənilmiş, iyul ayından isə karxana ərazisində fəaliyyət göstərilməmişdir. Lakin "xxxx" MMC heç bir araşdırma aparmamış, mühasibat uçotu qaydalarını pozmuşdur. "xxxx" ASC qeyd etdiyi müddətdə ümumi elektrik enerjisindən təcrid olunmuşdur. Çünki Qaradağ ASC-nin "xxxx"ASC-yə küllü miqdarda,yəni 160-190 min manat həddində borcu olmuşdur. Onun 2021-ci ilin iyuniyul ayına kimi 1741 manat borcu olduğu göstərilir. Bu borc bilavəsitə ASC-nin təqsiri üzündən yaranmışdır. 1 aydan artıq müddətdə “Qaradağ ASC”-nin işçiləri elektrik enerjisiz qalmışdır. İstehlakçı kimi o və digərləri borcu transformatorda olan elektrik sayğacına əsasən ödəyirlər. Sayğaca əsasən elektrik enerjisinin pulu hesablanır. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, elektron qaimələr düzgün təqdim olunmuş, lakin onun tərəfindən tam ödənilmişdir. Bundan başqa cavabdeh məhkəmənin sualına cavab olaraq bildirdi ki, o, hər ay üçün hesablanmış xidmət haqqı üçün borca görə ödənişi növbəti ay etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 21.12.2021-ci il tarixli 2-2(113)-4806/2021 nömrəli qətnaməsi dəyişdirilməli, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 1632 manat 07 qəpik borc tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6.-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddia tələbinin təmin olunan hissəsində yoxlayır. İş materiallarındakı tərəflər arasında imzalanmış 01 yanvar 2021-ci il tarixli xidmət müqaviləsinə əsasən iddiaçı cavabdehə elektrik enerjisinin davamlı olaraq 24 saat ötürülməsi xidmətini həyata keçirməyi, cavabdeh isə elektrik enerjisinin haqqını və razılaşdırılmış qaydada xidmət haqqını vaxtında ödəməyi öhdəsinə götürür. İş materiallarında olan EBAX seriyalı, 065607 saylı, 05.02.2021-ci il tarixli elektron qaiməyə əsasən 2234.53 manat dəyərində, EBAY seriyalı, 134620 saylı, 02.03.2021-ci il tarixli elektron qaiməyə əsasən 1563.67 manat dəyərində, EBAZ seriyalı, 638118 saylı, 05.04.2021-ci il tarixli elektron qaiməyə əsasən 980.46 manat dəyərində, EBBB seriyalı, 326004 saylı, 06.05.2021-ci il tarixli elektron qaiməyə əsasən 1799.84 manat dəyərində, EBBC seriyalı, 740551 saylı, 04.06.2021-ci il tarixli elektron qaiməyə əsasən 1041.76 manat dəyərində, EBBE seriyalı, 362923 saylı, 05.07.2021-ci il tarixli elektron qaiməyə əsasən 1325.89 manat dəyərində, EBBF seriyalı, 769305 saylı, 02.08.2021-ci il tarixli elektron qaiməyə əsasən 515.19 manat dəyərində xidmət İddiaçı MMC tərəfindən Cavabdeh göstərilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanan 01.06.2021-ci tarixli məktubdan görünür ki, "xxxx" ASC Cavabdeh ilə imzalanmış müqaviləyə müvafiq dövlət orqanının tələblərinə əsasən 10 iyun 2021-ci il tarixdən xitam veriləcəyini bildirmiş, buna görə də "xxxx" ASC-yə məxsus karxana ərazisində fəaliyyətini dayandırmasını, "xxxx" ASC-yə məxsus əmlak istifadəyə verilmişdirsə, həmin əmlakın təhvil-təslim aktı əsasında "xxxx" ASC-yə təhvil verilməsini xahiş etmişdir. Tərəflər arasında müqaviləyə xitam verildikdən sonra iddiaçı müqavilə üzrə qalıq borcun tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Mübahisə müqavilədən irəli gələn öhdəliyin lazımı qaydada icra edilməməsi ilə bağlı olduğundan iddianın qanuni əsasını aşağıdakı normalar təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarına iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimələr və kassa mədaxil qəbzləri əlavə edilmişdir. Cavabdeh təqdim edilmiş elektron qaimələr üzrə iddiaçı tərəfindən xidmət göstərildiyinə etiraz etməmiş, lakin borcun tam ödənildiyini bildirmişdir. İş materiallarındakı elektron qaimələrdən görünür ki, cavabdehə 2021-ci il ərzində göstərilmiş xidmətin ümumi dəyəri 9461,34 olmuş, cavabdeh tərəfindən mədaxil qəbzlərinə əsasən həmin il üzrə 7522 manat ödəniş edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının təqdim etdiyi maliyyə arayışından görünür ki, cavabdeh 2020-ci ildə 306,64 manat artıq ödəniş etmişdir. Cavabdeh tərəfindən həyata keçirilmiş artıq ödəmə nəzərə alındıqda qalıq borcun 1632,07 manat (9461,34-7522-306,64) olduğu müəyyən olunur. Apellyasiya şikayətində cavabdeh borcun tam ödənildiyini bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, əsas borcun məbləği birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən edilmədiyindən qətnamə dəyişdirilərək cavabdehdən 1632,07 manat borcun tutulması barədə yeni qətnamə qəbul edilməlidir. Mediasiya prosesi ilə bağlı ödənilmiş 60 manatın cavabdehdən tutulması ilə bağlı hissədə iddia tələbinin rədd edilməsi üçün əsaslar müəyyən olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.3-cü maddəsinə əsasən iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 21.12.2021-ci il tarixli 2- 2(113)-4806/2021 nömrəli qətnaməsi dəyişdirilməli, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 1632 manat 07 qəpik borc tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 371-372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 21.12.2021-ci il tarixli 2-2(113)-4806/2021 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə 1632 manat 07 qəpik borc tutulsun. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-380/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-380/2022
27.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver