Məhkəmə qərarları › İş №2-2(103)-381/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-381/2021

10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-381/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası Hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Nağıyeva Elmira Eyvaz qızından və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh “FAYTON” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı cavabdehdən xx xxx 2007-ci il tarixli 279 saylı daxili maliyyə lizinqi müqaviləsi və öhdəliklərin verilməsi haqqında müqavilə üzrə borcun tutulması, lizinq predmetinin iddiaçıya qaytarılması barədə iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-589/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh “FAYTON” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı cavabdehdən xx xxx 2007-ci il tarixli 279 saylı daxili maliyyə lizinqi müqaviləsi və öhdəliklərin verilməsi haqqında xx.xx.2014-cü il tarixli müqaviləsi üzrə əsas borc ******* manat, faiz borcu 1490781.27 manat, cəmi borc 3290781.27 manatın tutulub iddiaçının xeyrinə köçürülməsi, cavabdehdən 1 ədəd poliuretan aşgar qatılmış rəngli metal örtüklərinin istehsal xətti işlək vəziyyətdə geri alınaraq iddiaçıya qaytarılması, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub iddiaçının xeyrinə köçürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı, iddianı təmin etmək üçün tədbir görülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətində olan 1 ədəd poliuretan aşgar qatılmış rəngli metal örtüklərinin istehsal xəttindən istifadə edilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-589/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək iddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətində olan 1 ədəd poliuretan aşgar qatılmış rəngli metal örtüklərinin istehsal xəttindən istifadə edilməsinin cavabdeh “FAYTON” Məhdud Məsuliyyətli Cəmiyyətinə və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Cavabdeh “FAYTON” Məhdud Məsuliyyətli Cəmiyyəti şikayət verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-589/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadının ləğv edilməsi və iddianı təmin etmə barədə ərizənin təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qüvvədə olan qanunvericiliyin tələblərinə görə, iddianın təmin edilməsi institutunun əsas məqsədi də məhkəmə gələcəkdə qəbul ediləcəyi qətnamənin icra edilməsinə çətinlik törədən və ya icranı mümkünsüz edən halların aradan qaldırılmasıdır və iddianın təmin edilməsi barədə qərardadla iş qabaqcadan mahiyyəti üzrə həll edilmir. Lakin hazırki iş üzrə iddianın təmin edilməsi tədbirinini görülməsi zərurəti iş materialları ilə müəyyən edilməmişdir. Məhkəmə nəzərə almamışdır ki, iddianın təmin etmə tədbirinin tətbiq olunmasının məqsədi qətnamənin gələcəkdə icrasını təmin etməkdən ibarətdir. Ona görə də, hazırki iddianın təmin etmə tədbiri barədə ərizəni təmin edərkən işin konkret hallarını nəzərə almadan məsələyə iddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmiyyətinin iddiasının əsaslılığı prezumpsiyası baxımından yanaşılmışdır. Halbuki Cavabdeh MMM-nin öz müqavilə öhdəliklərinin icrasından yayınması və görülmüş işlərin dəyərinin ödənilməməsinə dair iddiaçının dəlilləri mübahisəyə mahiyyəti üzrə baxılarkən araşdırılmalı olduğundan iş üzrə iddianı təmin etmə tədbiri görülməsi üçün əsas ola bilməz. Şikayət olunan qərardadla tətbiq olunan iddianın təmin tədbiri verilmiş iddia tələbinə mütənasib deyildir. Belə ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinə əsasən, iddiaçı istehsal xəttini şirkətin istifadəsinə verməyi, Cavabdeh şirkəti isə bunun qarşılığında iddiaçıya müvafiq haqq ödəməyi öhdəliyinə götürmüşdür. Məhkəmə iddiaçının hazırki iddia tələbini əsaslı hesab edərsə, bu halda, məhkəmə qərarı ilə Cavabdeh şirkəti iddiaçıya müqavilə üzrə götürdüyü öhdəlikləri tam şəkildə ödəmiş olacaq. Lakin şikayət olunan məhkəmə qərardadı ilə lizinq müqaviləsi əsasında istifadəyə verilmiş istehsal xətti üzərinə həbs qoyulduğundan, bu müddət ərzində Cavabdeh həmin müqavilə əsasında əldə edəcəyi hüquqdan – istehsal xəttindən istifadə etməkdən məhrum olunacaqdır. Yəni, şirkət hər bir halda öz öhdəliyini icra edəcəyi halda, lizinq müqaviləsi ilə ona verilmiş hüquqdan istifadə edə bilməyəcəkdir. Məhkəmə nəzərə almalıdır ki, hazırki iş üzrə qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi bir neçə il çəkə bilər. Bu isə şirkətin daha çox zərərə məruz qalmasına səbəb olacaqdır. Pandemiya səbəbindən dünya və ölkə iqtisadiyyatında baş verən mənfi meyllər, 2020-ci ilin mart ayından tətbiq olunan karantin tədbirləri, pandemiyanın qurtarması müddətindəki qeyrimüəyyənlik, habelə xx xxxxxxxx 2020-ci ildən qüvvəyə minmiş hərbi vəziyyət iqtisadi aktivliyə və investisiyalara ciddi mənfi təsir etdiyindən daha çox investisiya layihələri üçün məhsul istehsal edən Şirkətimizin fəaliyyətinə də təsirsiz ötüşməmişdir. Sadalanan səbəblər nəticəsində Şirkət illik istehsal planlarını 30% az icra edə bilmiş və ödəmə imkanları məhdudlaşmışdır. Göstərilən avadanlığın üzərinə həbs qoyulması isə şirkətin fəaliyyətinə ciddi ziyan vurmaqla bərabər işçilərin əmək haqlarının ödənilməsində və digər öhdəliklərin icrasında böyük çətinliklər yaradacaqdır. Belə bir şəraitdə avadanlığın istifadə edilə bilməməsi nəticəsində şirkət daha da böyük zərərlə qarşılaşacaqdır. Məhkəmə göstərilən halları aydınlaşdırmaqdan ötrü ərizəyə dərhal deyil, Cavabdeh MMM-nin nümayəndəsinin iştirakı ilə müzakirə edərək obyektiv və ədalətli qərar qəbul etməli idi. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-589/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə apelyasiya qaydasında baxılması xx.xx.2021-ci il tarixə təyin edilmiş, iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, iddiaçı iclasda səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Bağırov Abdul Madar oğlu şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-589/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilməli, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin iddianı təmin etmə tədbiri görülməsi barədə ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. İddianın təmin edilməsi qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi daşıyan, icranı çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. İddianı təmin etmə tədbiri görülməsi barədə ərizə təqdim etmiş iddiaçı bu tədbir görülmədiyi halda qətnamənin icrasının hansı səbəbdən mümkün olmayacağını və ya çətinləşəcəyini əsaslandırmağa borcludur. İddianı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasib olmalıdır, iddia tələbinə qeyri-mütənasib olan hər hansı iddianı təmin etmə tədbiri görülməsi qanunsuzdur. Bu hüquqi mövqe “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci“ maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarında da öz əksini tapmışdır. Məhkəmə hesab edir ki, hazırkı halda işə mahiyyəti üzrə baxılanadək iddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətində olan lizinq predmetindən istifadə edilməsinin cavabdehə qadağan edilməsi iddia təmin ediləcəyi təqdirdə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə deyil, lizinq predmetini hazırda olduğu vəziyyətdə saxlamaq məqsədi ilə verildiyindən ərizənin təmin edilməsi üçün prosessual əsaslar mövcud deyil. İddiaçı ərizəsində bu tədbir görülməzsə qətnamənin icrasının gələcəkdə hansı səbəbdən mümkün olmayacağını əsaslandıra bilməmişdir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-589/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilməli, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin iddianı təmin etmə tədbiri görülməsi barədə ərizəsi təmin edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.3, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrа аldı: Cavabdeh “FAYTON” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-589/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin iddianı təmin etmə tədbiri görülməsi barədə ərizəsi təmin edilməsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar