Məhkəmə qərarları › İş №2-2(103)-381/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-381/2022

17.03.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-381/2022 17.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Vidadi Məmməd oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh3 ASC-yə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bildirişin etibarsız hesab olunması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, e-2-2(113)-935/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “Nurgün Motors” MMC-yə, Cavabdeh3 ASC-yə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bildirişin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ASC-nin 20.06.2012-ci il tarixli səhmdarlarının ümumi yığıncağının çağırılmasına dair İddiaçı adına tərtib edilmiş bildirişin etibarsız sayılması və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə Nəsimi rayonu Alatava 2 ünvanda yerləşən Cavabdeh3 ASC-nin yığıncağının çağırılmasına dair bildirişin etibarsız olunmasına dair qeydlərin edilməsinin tapşırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2222/2020 saylı 27 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 mart 2021-ci il tarixli, 2(103)- 2570/2021 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(005)2222/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-5022/2021 saylı, 21 oktyabr 2021-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 2570/2021nömrəli iş üzrə 09 mart 2021-ci il tarixli qətnaməsi ləğv olunmuş və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 dekabr 2021-ci il tarixli, 2(103)- 11726/2021 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2222/2020 saylı 27 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2-2(113)-935/2022 nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. İddiaçı şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2- 2(113)-935/2022 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə göstərmişdir ki, bildiriş özü-özlüyündə hər hansı bir hüquq münasibəti və ya hüquqi nəticə yaratmır. Hüquq münasibətləri üçün onun iştirakçılarının (subyektlərinin) subyektiv hüquqları və vəzifələrinin olması xarakterikdir. Hüquq normaları münasibət iştirakçıları üçün qarşılıqlı hüquq və vəzifələr müəyyən edir. Ona görə də hüquq münasibətlərinə şəxslər arasında, onların qarşılıqlı hüquq və vəzifələrində ifadə olunan, hüquqi əlaqə kimi baxmaq olar. Qarşılıqlı hüquq və vəzifə olmadan hüquq münasibətinin özü yoxdur və əksinə qarşılıqlı hüquq vəzifə olduğu yerdə hüquq münasibəti mövcuddur. Məsələn, hər bir səhmdar ilə səhmdar cəmiyyəti, səhmdar cəmiyyətin icra orqanı və digər səhmdarlar arasında hüquq münasibəti vardır. Səhmdarın yığıncağın çağırılmasına dair səhmdar cəmiyyətdən onun icra orqanından Bildiriş almaq hüququ vardır, səhmdar cəmiyyəti, onun icra orqanı timsalında qanunverciliyə uyğun olaraq ona müvafiq Bildirişi səhmdar cəmiyyətə göndərməyə borcludur. Hüquq münasibəti iştirakçılarının hüquq və vəzifələri hüquq münasibətlərinin hüquqi məzmununu təşkil edir. Bir səhmdara digər səhmdar tərəfindən Bildirişin göndərilməsi, yəni düzgün olmayan Bildiriş hüquq münasibətlərin pozulmasıdır. Eyni zamanda hüquq normasının faktiki bir fərziyyəsi və hüquqi nəticəsi var. Bu mənada hüquqi qaydanın qanuni fərziyyəsində göstərilən davranışa uyğunluq və ya çəkinmə qanuni nəticəyə müsbət və ya mənfi səbəb olacaqdır. Mübahisələndirilən Bildiriş Mülki Məcəllədə təsbit olunan səhmdarın cəmiyyətin icra orqanından Bildiriş almaq hüququnu özündə əks edən hüququ normasını pozur, yəni mənfi hüquqi nəticə yaradır. Bu isə o deməkdir ki, hakim Mülki Məcəllənin 107-1-ci maddəsinin tətbiqində səhvə yol verib. Həmin norma ilə tənzimlənən hüquqi münasibəti heç bir tutarlı dəlil gətirmədən inkar etməyə cəhd göstərərək iddia edib ki, Bildiriş hər hansı bir hüquq münasibəti və ya hüquqi nəticə yaratmır. Məhkəmə qanuna zidd tərtib edilmiş bildiriş ilə Mülki Məcəllənin 107-1-ci maddəsində təsbit edilmiş qaydaları və səhmdarın hüquqlarının pozulması hallını aydınlaşdırmayıb. Bu halın məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyəti ondan ibarətdir ki, bu hal aydınlaşdıqda həm hüquq münasibətinin, həm də hüquqi nəticənin mövcud olmamasına dair məhkəmənin gəldiyi nəticənin əsassız olduğu üzə çıxır. Bakı Kommersiya Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 2-2(113)-935/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apelyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2-2(113)-935/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin ”2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri”üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələbi baxımından iddia icraatı qaydasında məhkəməyə verilən istənilən iddia tələbi üzrə deyil, elə iddia tələbi üzrə məhkəmə icraatı başlana bilər ki, həmin tələb şəxsin qanunvericilikdən irəli gələn hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün verilmiş olsun. Birinci instansiya məhkəməsi iddia üzrə icraata xitam verilməli olduğuna dair iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, hazırkı iddia üzrə mübahisələndirilən 20 iyun 2012-ci il tarixdə saat 10:00-da Cavabdeh3 ASC-nin səhmdarlarının ümumi yığıncağının çağırılmasına dair Cavabdeh2 MMC tərəfindən İddiaçı ünvanlanmış bildiriş özü-özlüyündə hər hansı bir hüquq münasibəti və ya hüquqi nəticə yaratmır. Adı çəkilən bildiriş ancaq şəxsə müvafiq ümumi yığıncağın keçirilməsinin yeri və vaxtı barədə məlumat vermək məqsədi daşıyır. Qeyd edilən halda 20 iyun 2012-ci il tarixdə keçirilən ümumi yığıncaqda qəbul edilmiş qərar hüquqi nəticə yaradır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır və hesab edir ki, hazırki iddia tələbinin müstəqil iddia şəklində irəli sürülməsi mülki-prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, e-2-2(113)-935/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, e-2-2(113)-935/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar