Məhkəmə qərarları › İş №2-2(103)-383/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-383/2021

20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-383/2021 20.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, iddiaçı X1 cavabdeh “xxxx” ASC-yə qarşı “sığorta ödənişinin və cərimənin tutulması” barədə iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli, e-2-2 (113)-102/2020 saylı qətnaməsindən (hakim Səbinə Nuriyeva) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddianın dəyişdirilməsi barədə ərizə verərək cavabdeh "xxxx" ASC-dən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 90280 manat sığorta məbləğinin, 32952,2 manat dəbbə pulunun, yekun olaraq 123232,2 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 14 avqust 2019-cu il tarixli qərardadı ilə iddiaçı “xxxx” MMC əsl iddiaçı X3 ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 22.10..2017-22.10.2018-ci illər üzrə, ********** saylı sığorta şəhadətnaməsinə əsasən 250 manat sığorta haqqı ödənilməklə 90.280 manat sığorta məbləği həddində əmlaka vurulmuş zərərə görə 22 oktyabr 2017-ci il tarixində müqavilə bağlanmışdır. 15 aprel 2018-ci il tarixində saat 10-00 radələrində sığorta hadisəsi baş vermiş, yəni ünvan 1 ünvanında “xxxx” MMC-yə məxsus ofisdə, binanın içərisində olan şirniyyat və çörək sexi yerləşən bir mərtəbəli binada yanğın hadisəsi baş vermiş və nəticədə bina və içərisindəki avadanlıqlar tam yanmışdır. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat–İstintaq İdarəsində 0462 saylı araşdırılma materialları toplanmış, o cümlədən iş üzrə ekspertizalar təyin edilmiş, yanğın hadisəsinin binanın ofis və mühasibatlıq sahəsinin soyutma otağındakı elektrik naqillərində yaranmış qısaqapanmadan baş verdiyi müəyyən edilmiş və bu səbəbdən 12 iyun 2019-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat–İstintaq idarəsində aparılmış təhqiqat materialları üzrə məhkəmə-tikinti ekspertizası keçirilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11.06.2018-ci il tarixli 10437 nömrəli məhkəmətikinti ekspertizasının rəyinə əsasən ünvan 1 ünvanında “xxxx” MMC-yə məxsus binada baş vermiş yanğın nəticəsində tikinti üzrə dəymiş ziyanın təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 75.541 manat, binanın daxilində yerləşən şirniyyat və çörək sexinə dəymiş ziyanın məbləği isə 114.606 manat təşkil etmişdir. Yəni, bütövlükdə (75541+ 114606)= 190.147 manat maddi ziyan vurulması təsdiq edilmişdir. Təhqiqat dövründə ünvan 1 ünvanında “xxxx” MMC-yə məxsus binada baş vermiş yanğın nəticəsində binanın sökülüb yenidən bərpa edilməsi üçün smeta tərtib edilmiş və 75541 manat bərpa dəyərinin olduğu müəyyən edilmişdir. Sığorta hadisəsi baş verdikdən sonra sığortaçıya məlumat verilmiş və “xxxx” ASC-nin12.07.2018-ci il tarixli məktubu ilə bildirilmişdir ki, 21 may 2018-ci il tarixində sığorta tələbinə baxılmışdır və 15.000 manat sığorta ödənişini ödəməyə hazır olduqlarını bildirmişlər. İddiaçı tərəfindən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edilmiş bu Palata özünün 05.11.2018-ci il, 16.11.2018-ci il, 24.12.2018-ci il və 15.04.2019-cu il tarixli məktubları ilə sığorta təşkilatına müraciət edilməsini tövsiyyə etmiş, cavabdeh “xxxx” ASC özünün 26.09.2018-ci il tarixli, 26.10.2018-ci il tarixli, 06 02.2019-cu il tarixli, 28.03.2019cu il tarixli və 04.06.2019-cu il tarixli məktubları ilə bildirmişdir ki, yanğın nəticəsində əmlaka dəymiş zərər ekspert tərəfindən qiymətləndirilmiş və 15100 manat təklif olunur. Cavabdeh “xxxx” ASC özünün dəvət etdiyi ekspertini göndərmiş, ekspert hadisə yerinə baxmış, hər şeyin qaydasında olduğunu bildirmiş, lakin yazdığı rəylə iddiaçını tanış etməmiş və ya onun surətini verməmişdir. Tərəflər arasında bağlanılmış 22 oktyabr 2017ci il tarixli müqavilədə sığorta məbləğinin həddi 90280 manat müəyyən edilmiş, bu məbləğə müqavilə bağlanmışdır. Baxmayaraq ki, faktiki vurulan ziyan sığorta məbləği həddindən qat-qat çoxdur. Yəni, (75541+ 114606)= 190147 manatdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 20.1-ci maddəsinə əsasən, əmlaka dəyən zərərə görə könüllü və icbari sığortanın bütün növləri üzrə verilən sığorta ödənişlərinin ümumi məbləği faktiki zərər məbləğindən artıq ola bilməz. Lakin iddiaçı faktiki zərər məbləğini də yox, müqavilə üzrə razılaşdırılmış 90280 manat sığorta məbləğini tələb etmişlər. Sığortaçı isə heç bir əsaslandırma olmadan ancaq 15000 manat təklif etmişdir. Sığortaçı 12 iyul 2018-ci il tarixində bildiriş göndərmiş, lakin 22 oktyabr 2017-ci il tarixli müqavilədə göstərilən sığorta məbləği olan 90280 manat pulu ödəməmişdir, ona görə də 12 iyul 2018-ci ildən 12 iyul 2019-cu il tarixinədək (365 gün) 90280 manatın gecikdirilmiş hər günü üçün 0,1 faizi, yəni (90,28 x 365) = 32952,2 manat dəbbə pulunu da ödəməlidir. İşə birinci instansiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi 02.09.2019cu il tarixə keçirilmiş məhkəmə baxışı iclasında iddianı qismən, 15100 manat sığorta ödənişinin ödənilməsi hissəsində qəbul etmişdir. Bakı Kommersiya Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli, e-2-2 (113)-102/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh “xxxx” ASC-dən 75541,72 manat sığorta məbləği, 276 (iki yüz yetmiş altı) manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla, cəmi 75847,72 (yetmiş beş min səkkiz yüz qırx yeddi manat yetmiş iki qəpik) manat məbləğində pul tutularaq iddiaçı X1 xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, cavabdeh “xxxx” ASC-dən 100 (yüz) manat ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli, e-2-2 (113)-102/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 135.9-cu maddəsinə əsasən müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edildikdə mürəkkəb əmlak sayılır. Cavabdeh ASC tərəfindən sığortalanan qeyri-yaşayış sahəsinin (Kolxoz bazarı) təyinatı müvafiq sənədlərdə qeyd edildiyi kimi ticarət sayılır. Qeyd edilən təyinat sığorta müqaviləsində qeyd edilib. Lakin iddiaçı Mustafayev Sabir bazarın ərazisində sığorta müqaviləsi bağlanandan sonra tikilən sahələrin ticarət təyinatını dəyişdirərək istehsalat sahəsi kimi istifadə edib. Orda çörək-bulka və qənnadı məlumatlarının istehsalını həyata keçirib. Bu səbəbdən qeyd edilən əmlak kompleksə Mülki Məcəllənin 134.9-cu maddəsi şamil edilə bilməz. Həmçinin Mülki Məcəllənin 935.1.6-ci maddəsinə əsasən sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması hallında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edə bilər. Beləliklə iddiaçı Mustafayev Sabir sığorta müqaviləsini bağladığı zaman mülkiyyətində olan qeyd-yaşayış sahənin (Kolxoz Bazarı) təyinatını ticarətdən istehsala dəyişdirərək sığortaçıya bu barədə məlumat verməmişdir. Lakin məhkəmə qətnamə qəbul edərkən qeyd edilən maddi hüquq normalarını nəzərə almamış və düzgün tətbiq etməmiş, işə birtərəfli baxmış, ərizələrdə yazılanlarla və işdəki sənədlərlə, tərəflərin dedikləri ilə əlaqədar tam, ətraflı araşdırma aparılmamış, onlar yoxlanılmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, bununla da MPM-in 88-ci maddəsinin tələblərini pozmuşdur. İşə apelyasiya qaydasında sonuncu dəfə baxılması 19.05.2021-ci il tarixə təxirə salınmış, tərəflərin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə MPMin 376.2-ci maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakları ilə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə2 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Vəkil2 apelyasiya şikayəti ilə razı olmadığını bildirərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilərək Bakı Kommersiya Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli, e-2-2 (113)-102/2020 saylı qətnaməsi sığorta məbləğinin tutulması hissəsində dəyişdirilməli, cavabdeh “xxxx” ASC-dən iddiaçı X1 xeyrinə 75441,72 manat sığorta məbləği tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Cavabdeh apelyasiya şikayətində qətnamənin tam ləğvini istəsə də, şikayətin məzmunundan aydın olur ki, iş üzrə qəbul edilmiş qətnamə iddianın təmin edildiyi hissədə mübahisələndirilir. İş materiallarından görünür ki, iddiaçı X1 mülkiyyətində olan Ağsu rayonu, Vidadi küçəsində yerləşən ticarət təyinatlı əmlak daşınmaz əmlakın icbari sığortası növündə cavabdeh “xxxx” ASC tərəfindən 23.10.2017-ci ildən 22.10.2018-ci il tarixədək sığortalanmışdır. İş materiallarına əlavə edilmiş BA 774394 saylı sığorta şəhadətnaməsinə əsasən sığorta məbləği 90280 manat, azadolma məbləği 100 manat, sığorta haqqı 250 manat nəzərdə tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən iddiaçıya verilmiş “Mülkiyyət hüququ haqqında şəhadətnamə”dən görünür ki, X1 mülkiyyətində olan və Ağsu rayonu, Vidadi küçəsində yerləşən əmlak “Kolxoz bazarı”dır. İş materiallarında olan Ağsu şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 1599 nömrəli 26.11.2020-ci il tarixli arayışından görünür ki, “xxxx” MMC-nin direktoru X1 ünvan 2 ünvanında fəaliyyət göstərən bazarı, yəni əmlak kompleksi mövcuddur. Sözügedən əmlak kompleksi (bazar) mürəkkəb əmlak sayılmaqla topdan və pərakəndə ticarət (sahibkarlıq fəaliyyəti) təyinatı üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradır. Bazarın ərazisində yerləşən idarəetmə mərkəzi (direktor mühasibatlıq ofisi) çörək-bulka və qənnadı məmulatlarının istehsalı və satışı həyata keçirilən ticarət sahələri(otaqlar) əmlak kompleksinin tərkib hissəsidir. İşin mübahisəsiz haldır ki, sığortalanmış əmlakın obyektin Memarlıq Planlaşdırma Layihəsində və iddia ərizəsində “Çörək və Şirniyyat Sexi” adlandırılan hissəsində (birmərtəbəli bina) 15 aprel 2018-ci il tarixdə saat 10-00 radələrində yanğın baş vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası FHN Əməliyyat-İstintaq İdarəsinin 12 iyun 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, yanğın nəticəsində “Çörək və Şirniyyat Sexi” adlandırılan binadakı yanğının binanın ofis və mühasibatlıq sahəsinin soyunma otağındakı elektrik naqillərində yaranmış qısaqapanmadan baş verdiyi, tikinti üzrə dəymiş ziyanın təqribi dəyərinin ekspert rəyinə əsasən mövcud bazar qiymətlərinə uyğun olaraq 75541 manat məbləğində olduğu müəyyən edilmişdir. Baş vermiş yanğında cinayət tərkibi müəyyən olunmadığından cinayət işinin başlanması rədd edilmişdir. Yanğın hadisəsinin tədqiqatı ilə əlaqədar toplanmış materiallar birinci istansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat- İstintaq İdarəsindən tələb edilmiş, baxış keçirilərək həmin materiallarda olan ekspert rəyinin surəti iş materiallarına əlavə edilmiş və materiallar geri qaytarılmışdır. İş materiallarında olan “xxxx” ASC-nin 25.05.2018-ci il tarixli dəymiş zərərin “xxxx” ASC-nin eksperti Orxan Məmmədov tərəfindən tərtib edilmiş hesabatından görünür ki, iddiaçıya sığorta hadisəsi nəticəsində dəymiş ziyan 15100 manat məbləğində qiymətləndirilmişdir (iş mat. 56-cı vərəq). Cavabdehin nümayəndəsi işə birinci instansiya qaydasında baxılarkən 02.09.2019-cu il tarixli məhkəmə iclasında izahat verərək qiymətləndirmənin müstəqil ekspert tərəfindən keçirildiyini qeyd etsə də, hesabatda Orxan Məmmədovun müstəqil ekspert olduğu qeyd edilməmişdir. İş materiallarında olan “xxxx” ASC-nin 12.07.2018-ci il tarixli bildirişindən və iddiaçıya ünvanlanmış digər məktublarından görünür ki, X2 hadisə ilə əlaqədar hesablanmış 15100 manat sığorta ödənişi edilməsi təklif edilmişdir. Təklif olunan sığorta ödənişi məbləği ilə razılaşmayan iddiaçı 30.07.2019-cu il tarixdə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, tərəflər arasında yaranmış mübahisə sığorta hadisəsi nəticəsində dəymiş ziyanın məbləği ilə bağlı yaranmışdır. İşə birinci instansiya qaydasında baxılarkən məhkəmə tərəfindən sığortalanmış obyektə dəymiş ziyanın müəyyənləşdirilməsi üçün məhkəmə tikini texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01.09.2020-ci il tarixli 3491 saylı rəyində qeyd edilmişdir ki, tədqiq olunan bina üzrə yanğından sonra təmir-tikinti işləri aparıldığını, tikililərin tam bərpa olunduğunu nəzərə alaraq, ünvan 1 ünvanda yerləşən ticarət obyektinin hansı hissələrinin yanğın nəticəsində zədələndiyini, eləcə də ticarət obyektinə dəymiş zərərin aradan qaldırılması üçün yerinə yetirilmiş təmir-bərpa işlərinin dəyərini müəyyən etmək mümkün olmamışdır. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, dəymiş ziyanın məbləğinin müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası FHN Əməliyyat-İstintaq İdarəsi tərəfindən təyin edilmiş ekspertiza nəticəsində təqdim edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyun 2018-ci il tarixli 10437 nömrəli ekspertiza rəyi əsas götürülməlidir. İş materiallarına əlavə edilmiş həmin rəydən görünür ki, ünvan 3 ünvandakı “xxxx” MMC-yə məxsus olan ofis otaqlarının və şirniyyat sexinin yerləşdiyi birmərtəbəli binada baş vermiş yanğın nəticəsində, tikinti üzrə dəymiş ziyanın təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 75541,72 manat məbləğində müəyyən edilmişdir. Ekspert rəyinin tədqiqat hissəsində qeyd edilənlərə əsasən rəy Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin böyük tədqiqatçısının təqdim etdiyi layihə və smetaya əsasən tərtib edilmişdir. İşə apelyasiya qaydasında baxılarkən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ekspert rəyində istinad edilmiş smeta Ağsu rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş və 22.05.2018-ci il tarixli məktubla Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə göndərilmişdir. Smetadan görünür ki, zərər hesablanarkən yanğın hadisəsi nəticəsində yararsız vəziyyətə düşmüş binanın sökülərək yenidən inşa edilməsi və təmir edilməsi üçün zəruri olan xərclər hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Həmin Məcəllənin 925.2-ci maddəsinə əsasən sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Həmin Məcəllənin 925.3-cü maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Məhkəmə kollegiyası hesab edir ki, sığorta hadisəsi nəticəsində dəyən zərərlə bağlı tərəflər arasında mübahisə yarandığından cavabdeh Mülki Məcəllənin 925.3-cü maddəsinə əsasən zərərin hesablanmasının müstəqil ekspert tərəfindən həyata keçirilməsini təmin etməli olduğu halda bu tələbə əməl etmədiyindən iddiaçı zərərin və sığorta ödənişinin məbləğinin məhkəmə qaydasında müəyyənləşdirilməsi üçün iddia qaldırmağa haqlı olmuşdur. Sığortalanmış obyekt təmir edildiyi üçün binaya yanğın nəticəsində vurulmuş ziyanı ekspert tərəfindən müəyyənləşdirilməsi mümkün olmadığından birinci instansiya məhkəməsi düzgün olaraq mübahisəni iş materiallarında mövcud olan sübutlar- Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyun 2018-ci il tarixli 10437 nömrəli ekspertiza rəyini əsas götürməklə həll etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sığorta hadisəsi nəticəsində vurulmuş ziyanla bağlı cavabdeh tərəfin təqdim etdiyi qiymətləndirmə hesabatı və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin yanğın hadisəsinin tədqiqatı ilə əlaqədar toplanmış materiallarda olan Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyun 2018-ci il tarixli 10437 nömrəli ekspertiza rəyi (o cümlədən rəydə istinad edilmiş smetanı) müqayisə olunarsa Ekspertizası Mərkəzinin 11 iyun 2018-ci il tarixli 10437 nömrəli ekspertiza rəyi daha mötəbər hesab edilməlidir. Belə ki, cavabdeh tərəfin təqdim etdiyi qiymətləndirmə hesabatını tərtib etmiş O.Məmmədovun müstəqil ekspert olduğu hesabatda qeyd edilməmiş, hesabat “xxxx” ASC-nin blankında tərtib edilmiş, hesabatda təmir-bərpa işləri üçün tələb olunan materialların qiyməti ilə təmir-bərpa işlərinin görülməsi üçün zəhmət haqqı ayrıca olaraq göstərilməmişdir. Bundan əlavə yanğın hadisəsini əks etdirən videogörüntüyə işə apelyasiya qaydasında baxılarkən məhkəmə tərəfindən baxış keçirildikdən sonra məhkəmə bu qənaətə gəlir ki, yanğın baş vermiş binaya dəymiş zərərin cəmi 15100 manat təşkil etməsi ağlabatan və inandırıcı deyil. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi düzgün olaraq bu nəticəyə gəlmişdir ki, işdəki sübutlara əsasən sığorta hadisəsi nəticəsində iddiaçıya vurulmuş ziyan 75541,72 manat məbləğində müəyyən edilməlidir. Lakin birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan sığorta məbləğini müəyyənləşdirərkən maddi hüquq normasını, MM-nin 898-ci maddəsinin tələbini nəzərə almamışdır. Mülki Məcəllənin 898.1-ci maddəsinə əsasən icbari sığorta qanunlarında və könüllü sığorta növləri üzrə sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər. Həmin Məcəllənin 898.2-ci maddəsinə əsasən azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. Hazırkı halda tərəflər arasında bağlanmış sığorta müqaviləsində 100 manat azadolma məbləği nəzərdə tutulduğundan həmin məbləğ dəyən zərərin məbləğindən çıxılaraq ödənilməli olan sığorta məbləği 75.441,72 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə cavabdehin apelyasiya şikayətinin sığortalanmış obyektin təyinatının iddiaçı tərəfindən dəyişdirilməsi əsası ilə Mülki Məcəllənin 935.1.6-ci maddəsinə əsasən sığorta ödənişinin verilməsindən imtina etmək hüququ olduğuna dair dəlillərini əsassız hesab edir. İlk öncə məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsində i.ə baxılarkən iddianı qismən qəbul etdiyi halda, cavabdehin apelyasiya şikayətində iddianın məhkəmə tərəfindən tam rədd edilməli olduğuna dair mövqeyi ziddiyyətlidir. Mülki Məcəllənin 935.1.6-ci maddəsində qeyd edilir ki, bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması halında “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir. Mülki Məcəllənin 935.2-ci maddəsinə əsasən, bu Məcəllənin 911.2-ci maddəsində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə tələb olunan məlumata sığortalının cavab verməməsinə baxmayaraq sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə əsasən bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Hazırkı halda cavabdeh tərəfindən iddiaçıya qanunda nəzərdə tutulmuş müddət ərzində sığorta ödənişinin ödənilməsindən apelyasiya şikayətində qeyd edilmiş əsasla imtina edildiyinə dair bildiriş verilməmiş, əksinə cavabdeh sığorta hadisəsi nəticəsində iddiaçıya dəymiş ziyanın hesabatını apararaq ona 15100 manat sığorta ödənişi təklif etmişdir. Bu da təsdiq edir ki, sığortalı tərəfindən cavabdehə sığorta predmeti barədə sığorta ödənişindən imtinaya əsas verən hər hansı yanlış məlumat verilməmişdir. Bundan əlavə sığorta hadisəsi baş vermiş obyektdə ticarət -yəni çörək və digər un məmulatlarının satışının həyata keçirildiyi iş materiallarına əlavə edilmiş fotoşəkillər, o cümlədən Ağsu şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 1599 nömrəli 26.11.2020-ci il tarixli arayışı ilə təsdiq edilir. İddiaçının nümayəndəsi və vəkilinin məhkəmə iclaslarında izahat verərək obyektin yalnız bir hissəsində satılan un məmulatlarının bişirilib hazırlandığını göstərmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən hal sığortalanmış bazarın ümumilikdə istehsal təyinatlı obyekt olduğuna dair nəticəyə gəlmək üçün əsas ola bilməz. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya məxsus müxtəlif tikililərdən ibarət olan əmlak bazar, yəni əmlak kompleksi olduğundan və həmin bazarın tərkibinə daxil olan bütün tikililər bazarla birlikdə vahid əmlak kimi sığortalandığından cavabdehin yanğın baş vermiş obyektin sığortalanan əmlakın tərkibinə daxil olmadığına dair etirazları əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Məhkəmə hesab edir ki, iddiaçıya sığorta hadisəsi nəticəsində ödənilməli olan sığorta ödənişi cavabdeh tərəfindən düzgün müəyyənləşdirilmədiyindən və ödənilmədiyindən iddiaçı öhdəliyin icrasının gecikməsinə görə dəbbə pulu tələb etməyə haqlıdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsini tətbiq etməklə iddiaçının tələb etdiyi 32952,2 manat dəbbə pulunu azaldaraq 276 manat məbləğində müəyyən etmişdir. Qanuna əsasən hesablanmalı olan dəbbə pulunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi tətbiq edilməklə məhkəmə tərəfindən azaldılması qanunla yolverilməz olsa da iddiaçı tərəfindən iddianın təmin edilməmiş hissəsindən apelyasiya şikayəti verilmədiyindən həmin hissə apelyasiya baxışının predmetini təşkil etmir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilərək Bakı Kommersiya Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli, e-2-2 (113)- 102/2020 saylı qətnaməsi sığorta məbləğinin tutulması hissəsində dəyişdirilməli, cavabdeh “xxxx” ASC-dən iddiaçı X1 xeyrinə 75441,72 manat sığorta məbləği tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh “xxxx” ASC-nin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli, e-2-2 (113)-102/2020 saylı qətnaməsi sığorta məbləğinin tutulması hissəsində dəyişdirilsin. Cavabdeh “xxxx” ASC-dən iddiaçı X1 xeyrinə 75291,72 manat sığorta məbləği tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar