Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-384/2021 09.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-94/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxxxx 2021-ci il tarixli qərardadından Cavabdeh QSC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC (Maraqlı şəxs üçüncü şəxs olmaqla) Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC tərəfindən icra olunmamış müqavilənin icrası təmin edilərək İddiaçı MMC tərəfindən artıq ödənilmiş 44 403 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, müqaviləyə xitam verilməsi, lizinq obyektinin təhvil verilməsi və lizinq obyekti üzərində iddiaçının mülkiyyət hüquqlarının tanınması, Sumqayıt şəhəri, Bakı-Sumqayıt yolunun kənarında ümumi sahəsi 803,3 kv.m, torpaq sahəsi 0,16 ha olan əmlak kompleksi kimi müəssisənin, Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsi, 355 nömrəli bağ evi ünvanında yerləşən ümumi sahəsi 12 ha olan torpaq sahəsi və həmin ərazidə yerləşən yaşayış sahəsi 98,24 kv/m, yardımçı sahəsi 27,71 kv/m olan 3 otaqlı bağ evinin, ünvan 2 ünvanında yerləşən, yaşayış sahəsi 27.4 kv/m, yardımçı sahəsi 72.1 kv/m olan 2 otaqlı fərdi yaşayış evinin üzərindən ipoteka yüklülüyünün götürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Eyni zamanda Cavabdeh QSC ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh İddiaçıMMC-yə qarşı qarşılıqlı iddia qaldıraraq, Cavabdeh QSC (əvvəlki adı “X1” QSC) ilə İddiaçı MMC ilə arasında bağlanmış 5xx/xx/2012 saylı xx.xx.2012-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə öhdəliklərin verilməsi haqqında “24” aprel 2015-ci il tarixli müqaviləlinin və ona əlavənin ləğv edilməsini, cavabdeh İddiaçı MMC-dən əsas borcun, faiz və dəbbə pulunun tutulması, Cavabdeh QSC-yə məxsus olan 1 ədəd HİTACHİ ZX- 470LC-5G markalı tırtıllı ekskavatorun İddiaçı MMC-dən geri alınaraq Cavabdeh QSC-yə verilməsi, xx.xx.2015-ci il tarixli 01/15 saylı borcun etirafı müqaviləsinin ləğv edilməsi, cavabdeh İddiaçı MMC-dən həmin müqavilə üzrə əsas borcun, faiz borcunun və dəbbə pulunun, Cavabdeh QSC tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub Cavabdeh QSC-nin xeyrinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin Cavabdeh QSC iddianı təmin etmə tədbirinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, “Cavabdeh" QSC-nin mülkiyyəti olan 1 ədəd HİTACHİ ZX- 470LC-5G markalı tırtıllı ekskavatordan, lizinq obyektinin təminatı olaraq qoyulmuş Maraqlı şəxs məxsus Sumqayıt şəhəri, Bakı Sumqayıt yolunun kənarında ümumi sahəsi 803,3 kv.m., torpaq sahəsi 0.16 ha olan əmlak kompleksindən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 355 saylı bağ evi və 0.12 ha torpaq sahəsindən ünvan 2 ünvanında yerləşən, yaşayış sahəsi 27.4 kv/m, yardımçı sahəsi 72.1 kv/m olan 2 otaqlı fərdi yaşayış evindən istifadənin Maraqlı şəxs, İddiaçı MMC-yə və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli e-2-2(113)-94/2021 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Cavabdeh QSC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 şikayəti müdafiə etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsaslanaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinin tələblərinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qanunun mənasına görə iş üzrə çıxarılan qətnamənin gələcəkdə real icra edilə bilməyəcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbirlər görmək zərurəti yaranır. İddianı təmin etmək üçün əsas məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz ola biləcəyi qənaətidir. Cavabdeh QSC tərəfindən irəli sürülmüş iddia tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, iddia təmini tədbiri barədə ərizədə göstərilən iddianın təmini tədbirinin seçilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, iddia tələblərinin təmin ediləcəyi təqdirdə qətnamənin icrasının qeyri-mümkün olması və ya icrada hər hansı çətinliyin yarana biləcəyi və bu halların iddianın təmin etmə tədbiri barədə ərizədə göstərilən tədbirlər nəticəsində aradan qaldırılacağı qənaətinə gəlmək üçün əsaslar yoxdur. Eyni zamanda iddiaçı da iddianın təmini tədbiri barədə ərizəni bu aspektdən əsaslandırmamış və yalnız mülkiyyət hüquqlarının pozulmasına istinad etmişdir. Halbuki, iddianın təmini tədbiri ilə bağlı məsələ həll olunarkən mülkiyyət hüquqlarının pozulub-pozulmaması deyil, iddia təmin olunduğu təqdirdə qətnamənin icrasına maneə törədə biləcək hallar araşdırılır. Bu baxımdan kollegiya hesab edir ki, ərizə təmin edilə bilməz. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh QSC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-94/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-384/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-384/2021
09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver