Məhkəmə qərarları › İş №2-2(103)-384/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-384/2022

03.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-384/2022 03.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçı "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə1, cavabdeh "xxxx" ASC-nin nümayəndələri X1 və Nümayəndə2 iştirakı ilə pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 2903/2021 nömrəli iş üzrə 01 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, istifadə etdiyi elektrik enerjisinə görə 24.225,58 manat məbləğdə qalıq borcun və 30 manat məbləğdə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq onun hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 01.10.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamənin əsaslarına görə, “01 oktyabr 2017-ci il tarixli elektrik enerjisindən istifadəyə görə üzləşmə aktına əsasən 8 saylı Yol Yaşıllaşdırma İdarəsinin 01 oktyabr 2017-ci il tarixə 31207,44 manat borcunun olması və həmn borcun 24859,45 manat hissəsinin 01 yanvar 2017-ci il tarixə qalıq borc olması qeyd olunmuşdur. Lakin qalıq borcunun hansı illəri əhatə etməsi həmin aktda qeyd olunmamışdır. Çünki, tərəflər arasında uzun müddət davamlı müqavilə münasibətləri mövcud olmuşdur. ... Həmin akta 2013-2015-ci illərdə yaranmış borcun etiraf edilməsini təsdiq edən sübut kimi qiymət verilsə belə, iddiaçı yenidən başlanmış iddia müddətinin axımı 01 oktyabr 2017-ci il tarixdə başlanmış və 01 oktyabr 2020-ci il tarixdə başa çatmışdır. İddiaçı isə məhkəməyə iddia ərizəsi ilə 01 iyun 2021-ci il tarixdə müraciət etmiş, yəni, yenə də iddia müddətini ötürmüşdür. ... Mülki Məcəllənin 380-cı maddəsində qeyd olunan “borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə” müddəasının tətbiqi üçün zəruri şərt ondan ibarətdir ki, fakt hüquqi şəxsin buna səlahiyyəti olan nümayəndəsi tərəfindən təsdiq olunmalıdır. 23 iyul 2020-ci il tarixli elektrik enerjisi alqı – satqı müqaviləsinə əsasən "xxxx" QSC "xxxx" ASC ilə müqavilə münasibətlərində olduğundan fakt sonuncu hüquqi şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq olunmalı idi. Mülki hüquqi münasibətlərinə tətbiq olunmasa belə, mülki prosessual qanunvericilikdə iddianın etiraf edilməsini səlahiyyətinin hətta etibarnamədə xüsusi qeyd olunması imperativ olaraq göstərilmişdir. Buna görə də məhkəmə hesab edir ki, 04 iyun 2020-ci il tarixli akt borcun etirafını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz.” Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Şikayətin dəlillərinə görə, iddiaçı ilə cavabdehin hüquqi varisi olduğu 8 saylı Yaşıllaşdırma idarəsi arasında 04.06.2020-ci il tarixli akt tərtib edilmiş və həmin aktda cavabdeh 01.01.2020-ci il tarixə 23.789,87 manat debitor borcunun olmasını və həmin borcun isə 2013-2015-ci illər üzrə olduğunu etiraf etmişdir. Sözügedən akt 8 saylı Yaşıllaşdırma idarəsinin direktoru Oktay Mirzəyev tərəfindən imzalanaraq aktda qeyd olunan borc etiraf edilmişdir. “C.Əzimovun şikayəti üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 2 aprel tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28.11.2018-ci il tarixli qərarında izah edilmişdir ki, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: borcun qismən ödənilməsi; əsas borc üzrə faizin köçürülməsi; kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Göründüyü kimi, cavabdeh hüquqi varisi olduğu 8 saylı Yaşıllaşdırma idarəsi 04.06.2020-ci il tarixli aktı imzalamaqla borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri etmişdir. Cavabdeh tərəfindən məhkəməyə “iddia müddətinin tətbiq edilməsi barədə” ərizə təqdim edilərək iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Ərizədə göstərilmişdir ki, ADY tərəfindən tələb edilən borc məbləği 2013 və 2017-ci illər üzrə olan dövrü əhatə etdiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 371.3-cü maddəsinə əsasən iddia müddəti ötürülmüşdür. Birinci instansiya məhkəməsi bu qənaətə gəlmişdir ki, “iddiaçının istinad etdiyi 04.06.2020-ci il tarixli akt "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmadığından, həmin akt borcun etirafını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. ADY ilə "xxxx" ASC arasında 23.07.2020-ci il tarixli elektrik enerjisi alqı-satqı müqaviləsi olduğundan fakt sonuncu hüquqi şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq olunmalı idi”. Xüsusilə vurğulayır ki, ADY ilə 8 saylı Yaşıllaşdırma idarəsi arasında 07.01.2013-cü il və 20.01.2017-ci il tarixli müqavilələr imzalanarkən 8 saylı Yaşıllaşdırma idarəsi ayrıca hüquqi şəxs olmuş və borc həmin hüquqi şəxsin fəaliyyət göstərdiyi dövrlərdə yaranmışdır. Bundan əlavə, 04.06.2020-ci il tarixli aktı imzalayarkən sözügedən idarənin direktoru O.Mirzəyevin səlahiyyətinin olmamasını təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsinin “ADY ilə "xxxx" ASC arasında 23.07.2020-ci il tarixli elektrik enerjisi alqı-satqı müqavilə olduğundan fakt sonuncu hüquqi şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq olunmalı idi” əsaslanmasına münasibət olaraq bildirir ki, qeyd olunan müqavilə 23.07.2020-ci il tarixdə bağlansa da, sözügedən akt ondan daha əvvəl, yəni 06.04.2020-ci il tarixdə tərtib olunmuşdur. Belə olan halda akt tərtib olunarkən ADY ilə arasında hər hansı bir müqavilə olmayan "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsinin olması qeyri-mümkün idi. Hesab edir ki, birinci instansiya məhkəməsi aktı imzalayan hüquqi şəxsin nümayəndəsinin səlahiyyəti olmaması barədə nəticəyə gələrkən öz gəldiyi nəticənin hansı sənədlər əsasında təsdiq olunduğunu əsaslandıra bilməmişdir. Belə ki, birinci instansiya məhkəməsini aktı imzalayan hüquqi şəxsin nümayəndəsinin akt imzalanan dövrdə səlahiyyətli olub-olmamasını ümumiyyətlə araşdırmamışdır. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi şikayəti müdafiə edib, ona uyğun izahat vermiş, cavabdehin nümayəndələri şikayəti qəbul etməyib, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşdən müəyyən edilir ki, iddiaçı ilə cavabdehin 8 saylı Yaşıllaşdırma idarəsi arasında 07.01.2013-cü il və 20.01.2017-ci il tarixli elektrik enerjisinin alqı-satqısı müqavilələri imzalanmışdır. Müqavilələrin 11-ci bəndinə görə, enerji təchizatı müəssisəsi buraxılmış elektrik enerjisinə görə ödəniş sənədini növbəti hesabat dövrü ayının 10-dək alıcıya təqdim edir, sonrakı beş bank günü ərzində hesablaşma dövründəki elektrik enerjisinin haqqı alıcı tərəfindən ödənilir. İddiaçı irəli sürür ki, 2013-cü ilin avqust ayından 2020-ci ilin yanvar ayınadək istifadə edilmiş elektrik enerjisinə görə yaranmış borcun ödənilməsi üçün hesablaşma dövrləri üzrə 8 saylı Yaşıllaşdırma idarəsinə elektron vergi hesab fakturaları göndərmiş, lakin sonuncu tərəfindən borcun ödənilməsi təmin edilməmişdir, 2013-cü ilin avqust ayından 2020-ci ilin yanvar ayınadək olan dövr üzrə ödənilməmiş borc ümumilikdə 24.225,58 manat təşkil edir. Cavabdeh məktubla iddiaçıya müraciət edərək hüquqi şəxs sutatuslu 1 və 8 saylı Yaşıllaşdırma idarələrinin Cəmiyyət tərəfindən ləğv edildiyini və onların bazasında hüquqi şəxs sutatusu olmayan idarələrin yarandığını, bu səbəbdən həmin idarələrin istifadə etdiyi elektrik enerjisi haqqının ödənilməsi üçün onunla müqavilə bağlanmasını xahiş etmiş, bundan sonra iddiaçı ilə cavabdeh arasında 23.07.2020-ci il tarixli elektrik enerjisinin alqı-satqısı müqaviləsi imzalanmışdır. İddiaçının 3 nömrəli Hacıqabul ETS və cavabdehin 8 saylı Yol yaşıllaşdırma idarəsi tərəfindən tərtib olunan 01.10.2017-ci il tarixli Elektrik enerjisindən istifadəyə görə üzləşmə aktına əsasən sonuncunun 01.10.2017-ci il tarixə borcu 31.207,44 manatdır, həmin borcun 24.859,45 manat hissəsi 01.01.2017-ci il tarixə qalıq borcdur. İddiaçının 3 nömrəli Hacıqabul ETS və cavabdehin 8 saylı Yaşıllaşdırma idarəsi tərəfindən tərtib olunan 04.06.2020-ci il tarixli Akta görə, sonuncunun 01.01.2020-ci il tarixə borcu 23.789,87 manatdır, həmin borc 2013-2015-ci illər ərzində yaranmışdır. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edilərək, iddianın rədd olunması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır; Maddə 54.1. Hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır; Maddə 54.2. İdarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir; Maddə 54.4. İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür; Maddə 356. Əqdin bağlanmasına verilmiş icazə (qabaqcadan verilmiş icazə), əgər tərəflər ayrı qayda haqqında razılığa gəlməyiblərsə, əqd bağlananadək ləğv edilə bilər. İcazənin (qabaqcadan verilmiş razılığın) ləğv edilməsi barədə hər iki tərəfə məlumat verilməlidir; Maddə 357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir; Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir; Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır; Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir; Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MPM-in: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 47.1. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir); 8.14. İstehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28.11.2018-ci il tarixli Qərarında göstərilmişdir ki, “Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: - müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; - borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: - borcun qismən ödənilməsi; - əsas borc üzrə faizin köçürülməsi; - kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; - öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər.” İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, alqı-satqı müqaviləsinə əsasən istehlak etdiyi elektrik enerjisinin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir. Belə ki, işin mübahisəsiz hallarına görə, tərəflər arasında 3 elektrik enerjisinin alqı-satqı müqavilələri bağlanmışdır: 1) 07.01.2013-cü il tarixli; 2) 20.01.2017-ci il tarixli və 3) 23.07.2020-ci il tarixli. Həmin müqavilələrdən ilk ikisi iddiaçı ilə cavabdehin 8 saylı Yaşıllaşdırma idarəsi arasında, üçüncüsü isə iddiaçı ilə cavabdehin özü arasında bağlanmışdır. İddiaçı və cavabdehin 8 saylı Yaşıllaşdırma idarəsi arasında 2 üzləşmə aktı da tərtib olunmuşdur: 1) 01.10.2017-ci il tarixli və 2) 04.06.2020-ci il tarixli. Birinci üzləşmə aktı ilə müəyyən olunmuşdur ki, cavabdehin (8 saylı Yaşıllaşdırma idarəsinin) 01.01.2017ci il tarixə qalıq borcu 24.859,45 manatdır. İkinci üzləşmə aktında isə qeyd olunmuşdur ki, cavabdehin (8 saylı Yaşıllaşdırma idarəsinin) 01.01.2020-ci il tarixə borcu 23.789,87 manatdır, həmin borc 2013-2015-ci illər ərzində yaranmışdır. İşin mübahisəli halları isə ondan ibarətdir ki, cavabdeh elektrik enerjisinin alqı-satqı müqavilələrinin bağlandığını, 01.10.2017-ci il tarixli üzləşmə aktını, borcun 23.789,87 manat məbləğini, 2013-2015-ci illərə ərzində yarandığını və ödəmədiyini qəbul edir, lakin 8 saylı Yaşıllaşdırma idarəsinin direktorunun 04.06.2020-ci il tarixli üzləşmə aktını imzalamağa səlahiyyətli olmadığını və iddia müddətinin ötdüyünü irəli sürür. Cavabdeh iddia müddətinin ötməsini onunla əsaslandırır ki, 04.06.2020-ci il tarixli üzləşmə aktını imzalayan vaxt 8 saylı Yaşıllaşdırma idarəsinin direktorunun artıq belə bir səlahiyyəti olmamışdır. Çünki, həmin dövrdə 8 saylı Yaşıllaşdırma idarəsinin hüquqi şəxs statusu mövcud deyildi, üstəlik, 23.07.2020-ci il tarixli elektrik enerjisinin alqı-satqı müqaviləsi iddiaçı ilə cavabdehin özü arasında bağlanmışdı. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan arqumentlərini əsaslı saymır və məhz bu mənada apellyasiya şikayətinin dəlilləri ilə razılaşır. Belə ki, birincisi, 8 saylı Yaşıllaşdırma idarəsinin nə vaxtsa Mülki Məcəllənin 43.1-ci maddəsi anlamında hüquqi şəxs statusuna malik olduğu, o cümlədən bu statusu 04.06.2020-ci il tarixli üzləşmə aktı tərtib olunan dövrdə artıq itirmiş olması iş materialları ilə təsdiqini tapmır. Cavabdehin bununla bağlı apellyasiya instansiyasına təqdim etdiyi 8 saylı Yaşıllaşdırma idarəsinin 2011-ci ilin yanvar ayında, 1 saylı Yaşıllaşdırma idarəsinin 25.02.2021-ci il tarixdə təsdiq edilən əsasnamələri, cavabdehin 18.09.2019-cu il tarixli 181/Ü nömrəli və 29.01.2021-ci il tarixli 009/Ü nömrəli əmrləri MPM-in 217.5 və 372.2-ci maddələrinin tələblərinə müvafiq qaydada təqdim edilmədiyi üçün Məhkəmə tərəfindən qəbul edilə bilməsə də, həmin sənədlərin qəbul edilə bilməsi fərz olunan halda da onlardan cavabdehin bildirdiyi nəticələr hasil olmur. İkincisi, iddiaçı ilə cavabdehin özü arasında 23.07.2020-ci il tarixli elektrik enerjisinin alqı-satqı müqaviləsi 04.06.2020-ci il tarixli üzləşmə aktı tərtib edildikdən sonra bağlanmışdır. Üçüncüsü, güman olunsa ki, 04.06.2020-ci il tarixli üzləşmə aktı cavabdehin buna müvafiq səlahiyyəti olmayan idarəsi tərəfindən tərtib olunmuşdur, o halda cavabdeh 2013- 2015-ci illər ərzində yaranan mübahisəli 23.789,87 manat məbləğdə borcun hüquqi əsasını təşkil edən 07.01.2013-cü il tarixli elektrik enerjisinin alqı-satqısı müqaviləsinin qanuniliyini də mübahisə etməli idi. Lakin sonuncu 07.01.2013 və 20.01.2017-ci il tarixli elektrik enerjisinin alqı-satqısı müqavilələrinin, hətta eyni qaydada, yəni 8 saylı Yaşıllaşdırma idarəsi tərəfindən tərtib və təsdiq olunan 01.10.2017-ci il tarixli üzləşmə aktının qanunsuzluğunu irəli sürmür, baxmayaraq ki, həmin müqavilələr 8 saylı Yaşıllaşdırma idarəsi tərəfindən bağlanmış, qüvvəyə minmiş və hüquqi nəticələr doğurmağa başlamışdır. Bu hal həm də cavabdehin mübahisəli müqavilələrin onun idarəsi tərəfindən bağlanmasına qabaqcadan verilmiş icazəsi yaxud da sonradan verdiyi razılığı kimi də qiymətləndirilə bilər. Bu baxımdan, 01.10.2017-ci il tarixli Elektrik enerjisindən istifadəyə görə üzləşmə aktında göstərilən 24.859,45 manat məbləğdə borcun 2013-2015-ci illərə aidliyi qeyd olunmasa da, həmin borc 04.06.2020-ci il tarixli üzləşmə aktına qədər ödənmədiyi üçün 23.789,87 manat məbləğdə mübahisəli borcun həmin 24.859,45 manat məbləğdə borca daxil olması sual yaratmadığı, 2013-2015-ci illər ərzində yaranan mübahisəli 23.789,87 manat məbləğdə borcu tələbetmə müddəti 2018-ci ildə başa çatdığı, 01.10.2017-ci il tarixli üzləşmə aktı ilə həmin müddət kəsildiyi və eyni tarixdən yenidən başladığı, 01.10.2017-ci il tarixdə başlayan 3 illik iddia müddəti təkrar 04.06.2020-ci il tarixdə kəsildiyi, iddianın 01.06.2021-ci il tarixdə verildiyi nəzərə alınarsa, iş üzrə iddia müddətinin keçmədiyi müəyyən olunar. Belə ki, mübahisəli borc məbləği 07.01.2013 tarixli elektrik enerjisinin alqı-satqısı müqaviləsi üzrə yaranmış, həmin müqavilə iddiaçı ilə cavabdeh tərəfindən deyil, 8 saylı Yaşıllaşdırma idarəsi tərəfindən bağlanmış, sonuncunun imzaladığı müqavilə üzrə yaranmış borcun müəyyən edilməsi də onun tərəfindən həyata keçirildiyindən, İdarənin direktorunun 04.06.2020-ci il tarixli üzləşmə aktını imzalamağa (faktı təsdiq etməyə) səlahiyyətinin olmadığının həmin cavabdeh tərəfindən irəli sürülməsi mülki və prosessual hüquqlardan vicdanla istifadə etmə prinsipinə və tərəflərin qarşılıqlı münasibətlərində yaranmış işgüzar təcrübəyə ziddir. Odur ki, həm 01.10.2017-ci il tarixli, həm də 04.06.2020-ci il tarixli üzləşmə aktı Konstitusiya Məhkəməsinin 28.11.2018-ci il tarixli Qərarında şərhini verdiyi borcun etiraf olunması halıdır. İddianın əsaslılığına gəldikdə isə, tələb qismən, yəni 04.06.2020-ci il tarixli üzləşmə aktında etiraf olunan borc məbləği 23.789,87 manat hissədə təmin olunmalıdır, borcun qalan məbləği iddiaçı tərəfindən sübuta yetirilmir. MPM-in: Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: Maddə 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəldiyi qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia müzakirə edilən qaydada qismən təmin olunmalı, qalan hissədə iddia rədd olunmalı, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2903/2021 nömrəli iş üzrə 01 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 23.789,87 manat (iyirmi üç min yeddi yüz səksən doqquz manat səksən yeddi qəpik) məbləğdə pul tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh qətnamə rəsmi qaydada ona verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar