Məhkəmə qərarları › İş №2-2(103)-385/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-385/2023

12.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-385/2023 12.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdeh X4 qarşı pul tələbinə dair Açar söz: pulun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh X4 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-126/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İşin hallarından görünür ki, "xxxx" ASC (sifarişçi) ilə X5 (icraçı) arasında xx.xx.2016-cı il tarixdə 336/16 saylı xidmət müqaviləsinə əsasən cavabdeh iddiaçının tapşırığına əsasən sığortalanmış John Deere 9970 markalı, 18-AB- 023 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın hesabatını tərtib etmişdir.

2. Cavabdehin 12 may 2021-ci il tarixli, 4603 saylı rəyində John Deere 9970 markalı, 18-AB- 023 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ehtiyat hissələrinə dəymiş zərərin bazar qiymətinin 92.150 manat, işçilik xidmətlərinin isə 30.850 manat təşkil et Avtomobilə dəymiş cəmi zərər 123.000 manat təşkil etdiyi qeyd edilmişdir.

3. "xxxx" ASC tərəfindən X4 15 avqust 2022-ci il tarixli pretenziya məktubu ünvanlanaraq müqavilə üzrə yaranmış 50 manat məbləğində pul vəsaitini xx.xx.2022-ci ilədək ödənilməsi xahiş edilmiş, əks təqdirdə mübahisənin həll edilməsi üçün məhkəmə orqanlarına müraciət ediləcəyi bildirilmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı "xxxx" ASC cavabdeh X4 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 50 (əlli) manat pul vəsaitinin və 10 manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC və X5 arasında 336/16 saylı 01 iyun 2016-ci il tarixli xidməti müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh İlqar Zeynalov “John Deere JD” markalı **-AB-*** d.q.n-lı kombaynın qiymətləndirilməsi və hadisənin səbəblərinin araşdırılmasını öz üzərinə götürmüşdür. Müqavilədə nəzərdə tutulmuş xidmətlərin icrasına görə iddiaçı 50 manat məbləğində pul vəsaitini cavabdehə ödəmişdir. Lakin cavabdeh araşdırma apararkən xarici ölkələrin bazarlarına istinad etmiş, eyni zamanda xarici ölkələrin internet səhifələrindən istifadə etmiş, qiymətlərin hesablanması zamanı xarici valyutanın konvertasiyasını müvafiq orqanlara müraciət etməklə hesablama işi aparmaq əvəzinə primitiv üsulla hesablamış nəticədə açıq riyazi hesablama səhvlərinə yol vermişdir və hadisənin səbəblərini müəyyən etməmişdir. Bununla da müqavilədən irəli gələn öhdəlikləri lazımı qaydada icra etməmişdir.

6. Cavabdeh işə birinci instansiya qaydasında baxılarkən xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddianı qəbul edərək bildirmişdir ki, həqiqətən öz rəyində məbləği səhv qeyd etmiş, nəqliyyat vasitəsinə dəymiş ziyanı hesablamaq üçün xarici ölkələrin bazarlarına istinad etmək məcburiyyətində qalmış, xarici valyutanın konvertasiyasında səhvə yol vermişdir. Ödənilmiş xidmət haqqını qaytarmağa razıdır.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-126/2023 saylı qətnaməsi ilə (hakim Leyla Əliyeva) iddia tələbi rədd edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı "xxxx" ASC (sifarişçi) ilə cavabdeh X5 (icraçı) arasında 336/16 saylı 01 iyun 2016-cı il tarixli xidməti müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçının tapşırıqlarına əsasən daşınmaz və daşınar əmlaklara dəymiş zərərin ekspertizasını aparmağı, iddiaçı isə razılaşdırılmış xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə iddiaçının tapşırığına əsasən cavabdeh X5 tərəfindən “John Deere JD” markalı **-AB-***3 dövlət nömrə nişanlı kombayna dəymiş zərərin qiymətləndirilməsi həyata keçirilmiş və 12 may 2021-ci il tarixli “Avtonəqliyyat vasitələrinin texniki ekspertizası” üzrə ekspert rəyi verilmişdir. İddiaçı "xxxx" ASC tərəfindən həmin xidmətə cavabdehə 50 manat məbləğində xidmət haqqı ödənilmişdir. Hazırda iddiaçı "xxxx" ASC cavabdeh tərəfindən zərərin qiymətləndirilməsi apararılarkən xarici ölkələrin bazarlarına istinad edildiyini, qiymətlərin hesablanması zamanı açıq hesab səhvlərinə yol verildiyini, yəni qiymətləndirmə rəyinin müəyyən edilmiş zərər məbləğinin əsassız olmasını, eləcə də rəydə hadisənin baş vermə səbəblərinin müəyyən edilmədiyini əsas göstərərək cavabdeh X3 müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyini iddia edir və "xxxx" ASC tərəfindən həmin xidmətə görə ödənilmiş 50 manat məbləğində pul vəsaitinin geri qaytarılmasını tələb edir

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehə ödənilmiş 50 manat məbləğində pul qaytarılması barədə tələbini cavabdeh tərəfindən mübahisəli xidmət müqaviləsinə əsasən göstərilmiş “John Deere JD” markalı **-AB-***3 dövlət nömrə nişanlı kombayna dəymiş zərərin qiymətləndirilməsi üzrə xidmətlərin keyfiyyətsiz (qüsurlu) olması, yəni cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin lazımi qaydada icra edilməməsi ilə əsaslandırmışdır.

10. Məhkəmə qeyd etmişdir ki, məhkəmənin hazırlıq iclasında iştirak etmiş cavabdeh nəqliyyat vasitəsinə dəymiş zərərin məbləğini qiymətləndirərkən xarici valyutanın konvertasiyasında səhvə yol verdiyini və 50 manat xidmət haqqının geri qaytarılmasına hazır olduğunu bildirmiş, yəni faktiki olaraq verdiyi qiymətləndirmə rəyində müəyyən edilmiş zərər məbləğinin əsassız, göstərdiyi xidmətlərin isə qüsurlu olması və son nəticədə xidmət müqaviləsi üzrə öhdəliklərin tərəfindən lazımi qaydada icra edilməməsi faktlarını etiraf etmişdir. Məhkəmə hesab etmişdir ki, hesablama səhvinin nədən ibarət olduğu göstərilmədiyindən və bu etirafin qəbul edilməsi sığorta ödənişinin verilməsi ilə bağlı mübahisəyə baxılarkən həmin rəyə sübut kimi istinad edilməsinə təsir göstərdiyi üçün üçüncü şəxslərin hüquqlarına toxunacağından etiraf qəbul edilməməlidir.

11. Məhkəmə tərəfindən iddiaçı tərəfə dəfələrlə qiymətləndirmə rəyində sözügedən nəqliyyat vasitəsinə zərər vurulması ilə bağlı sığorta ödənişinin verilməsinə dair mübahisənin mövcud olub-olmaması, həmin mübahisəyə dair işə məhkəmədə baxılıbbaxılmaması, baxıldığı təqdirdə işə baxılarkən sözügedən rəyin sübut qismində qiymətləndirilib-qiymətləndirilməməsi, məhkəmə araşdırması gedişində rəyin əsaslılığının "xxxx" ASC tərəfindən mübahisələndirilib-mübahisələndirilməməsi, iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olub-olmaması barədə məlumat verilməsi təklif edilsə də, müvafiq məlumatlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı "xxxx" ASC da cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin lazımi qaydada icra edilməməsini (müqavilə üzrə göstərilmiş qiymətləndirmə xidmətlərinin qüsurlu olmasını) cavabdehin qiymətləndirmə rəyində hesablama səhvlərinə yol verməsi əsaslandırsa da, həmin səhvlərin nədən ibarət olmasını konkretləşdirməmiş və ümumiyyətlə, qiymətləndirmə rəyində müəyyən edilmiş zərər məbləğinin həqiqəti əks etdirməməsini təsdiq edən hər hansı bir sübuta istinad etməmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, mübahisəli xidmətlərin göstərilməsindən qiymətləndirmə rəyinin verilməsindən bir ildən artıq müddət keçməsinə baxmayaraq iddiaçı həmin müddət ərzində (məhkəməyə müraciət edilməmişdən əvvəl 2022-ci ilin avqust ayında göndərilmiş pretenziya məktubu istisna olmaqla) cavabdehə göstərilmiş qiymətləndirmə xidmətinin qüsurlu olması, verilmiş qiymətləndirmə rəyinin əsassız olması ilə bağlı cavabdehə irad bildirməmiş, qüsurların aradan qaldırılmasını təklif etməmiş və digər formada rəylə bağlı narazılığı ifadə etməmişdir. Bununla yanaşı iddiaçı "xxxx" ASC rəyin verilməsindən keçən müddət ərzində qiymətləndirmə rəyini hər hansı bir formada mübahisələndirməsini (məsələn, rəy əsasında hesablanmış sığorta ödənişini ödəməkdən imtina etməsini, rəyin həqiqiliyini məhkəmədə mübahisələndirməsini, rəyin məhkəmədə sübut qismində qəbul edilməsinə dair etiraz irəli sürməsini, zərərin qiymətləndirilməsinə dair alternativ rəy almasını və s.) təsdiq edən sübutları da məhkəməyə təqdim etməmişdir.

13. Cavabdeh tərəfindən göstərilmiş “John Deere JD” markalı **-AB-***3 dövlət nömrə nişanlı kombayna dəymiş zərərin qiymətləndirilməsi üzrə xidmətlər iddiaçı tərəfindən hər hansı irad bildirilmədən qəbul edildiyindən və iş materiallarına əsasən xidmət müqaviləsi üzrə öhdəliklərin lazımı qaydada icra edilməməsi müəyyən edilmədiyindən iddia əsassızdır.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-126/2023 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh X6 məhkəmə prosesində aşağıda göstərilənləri təsdiq etmişdir: 1) “John Deere JD” markalı **-AB-*** d.q.n-lı kombayna dəymiş zərərin qiymətləndirilməsinə dair araşdırma apararkən cavabdeh xarici ölkələrin bazarlarına istinad etmişdir. 2) Eyni zamanda xarici ölkələrin internet səhifələrindən istifadə etmiş və qiymətlərin hesablanması zamanı xarici valyutanın konvertasiyasınımüvafiq orqanlara müraciət etməklə hesablama işi aparmaq əvəzinə primitiv üsulla özü hesablamışdır. Bu zaman açıq riyazi və hesablama səhvlərinə yol vermişdir. Cavabdeh İlqar Zeynalov səhv etdiyini və İddiaçı ASC ilə bağlanmış müqaviləyə uyğun olmayaraq zərər aktının tərtib edilməsini məhkəmə proseslərində etiraf etmişdir. Məhkəmə İddiaçı ASC-nin əsaslı iddia tələblərini təmin etməmiş və nəticədə iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarını pozmuşdur. Bakı Kommersiya Məhkəməsi iddiaçı tərəfindən təqdim olunmuş sübutlara tam obyektiv, qərəzsiz və hərtərəfli şəkildə baxmamış və ona görə də iddiaçının tələblərini təmin etməmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər.

17. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 442-ci maddə-öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 442.1-ci maddə- öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddə- öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.7-ci maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 448.1-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 52.2-ci maddə-cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 106.3-cü maddə-tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 220.4-cü maddə-cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

18. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

19. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-126/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməlidir.

20. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda cavabdeh işə birinci instansiya qaydasında baxılarkən xx.xx.2022-ci il tarixdə xx.xx.2016-cı il tarixdə 336/16 saylı xidmət müqaviləsi üzrə öz öhdəliyini lazımı qaydada icra etməməsi və sığortalanmış nəqliyyat vasitəsinə dəymiş ziyanı düzgün hesablamadığını etiraf etdiyindən posessual qanunvericiliyin tələbinə əsasən qarşı tərəf bu faktı sübut etmək vəzifəsindən azad olunduğu halda birinci instansiya məhkəməsi MPM-nin 106.3-cü maddəsinin tələbini nəzərə almadan öz qətnaməsində qeyd edir ki, cavabdehin öz öhdəliyini lazımı qaydada icra etmədiyi iş materiallarına əsasən müəyyən edilmir.

21. Eyni zamanda həmin məhkəmə iclasında cavabdeh iddianı qəbul etdiyindən məhkəmə MPM-nin 220.4-cü maddəsinin tələbinə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul etməli olduğu halda birinci instansiya məhkəməsi iddianın və faktın etirafının üçüncü şəxslərin hüquqlarına toxunduğuna dair nəticəyə gələrək iddianı rədd etmiş, lakin məhkəmə qətnamədə cavabdehdən iddiaçının xeyrinə 50 manat pulun tutulması barədə qətnamənin üçüncü şəxslərin hüquqlarını hansı qaydada pozacağını əsaslandırmamışdır. Belə ki, hətta sığorta şirkəti ilə sığotaolunan arasında “John Deere JD” markalı **-AB-***3 dövlət nömrə nişanlı kombayna sığorta hadisəsi nəticəsində dəymiş ziyana görə sığorta məbləğinin ödənilməsi ilə bağlı məhkəmə mübahisəsi mövcud olsa, hazırkı işin nəticəsindən asılı olmayaraq cavabdeh tərəfindən tərtib edilmiş qiymətləndirmə rəyinin həmin işdə tərəflərdən hər hansı biri tərəfindən mübahisələndirildiyi təqdirdə məhkəmə tərəfindən sübut kimi qəbul edilməməsi və sığorta obyektinə dəymiş real ziyanın müəyyənləşdirilməsi üçün ekspertiza təyin edilməsi mümkündür.

22. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli, cavabdeh tərəfindən iddia etiraf edildiyi üçün təmin edilməli, MPM-nin 119-cu maddəsinin tələbi nəzərə alınmaqla iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumları cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

23. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 126/2023 saylı qətnaməsi ləğv edilərək iddia təmin edilməlidir.

24. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-126/2023 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. Cavabdeh X2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 50 manat pul, 25 manat dövlət rüsumu tutulsun. Qətnamə dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar