Məhkəmə qərarları › İş №2-2(103)-386/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-386/2022

16.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-386/2022 16.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçı “X4 LTD ŞTİ” firmasının nümayəndəsi Şükrü Yıldızın iştirakı ilə cavabdeh “X10 ve Ticaret Anonim” şirkətinə qarşı iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1252/2021 nömrəli iş üzrə 15 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin icra edilməməsi nəticəsində ona dəymiş 1.600.000 manat məbləğdə zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 15.04.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı xidmət göstərən olaraq cavabdehin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə bağlanmış 18.12.2018-ci il tarixli 0119 nömrəli xidmət müqaviləsində göstərilən öhdəliklərini yerinə yetirmək üçün ilkin razılaşmaya uyğun olaraq yataqxana kimi istifadə edilməsi məqsədilə Bakı şəhəri Nərimanov rayonu Akademik Z.Bünyadov prospekti 86B ünvanda yerləşən ümumi sahəsi 2.536,8 kv.m. olan qeyri-yaşayış sahəsinin 1-ci, 3-cü və 5-ci mərtəbələrini və mansardda olan restoranın 1.900 kv.m. hissəsini mülkiyyətçisi olan X3 ilə bağlanmış 15.12.2018-ci il tarixli icarə müqaviləsinə əsasən aylıq icarə haqqı 20.000 manat olmaqla icarəyə götürülmüşdür. Eyni ünvanda yerləşən binanın yarımzirzəmisi, 2-ci, 3-cü, 4-cü mərtəbələri və mansarddında olduğu ümumi sahəsi 2.042,3 kv.m. olan qeyri- yaşayış sahəsi mülkiyyətçisi olan X2 ilə iddiaçı arasında bağlanmış 15.12.2018-ci il tarixli icarə müqaviləsinə əsasən, aylıq icarə haqqı 15.000 manat olmaqla icarəyə götürülmüşdür. İcarəyə götürülən sahə təmir edilərək, işçilərin yerləşdirilməsi üçün hazır vəziyyətə gətirilmişdir. Yataqxananın mətbəx avadanlıqları, paltar yuma, qurutma və ütü avadanlıqları, stol-stul dəstlərini təmin etmək üçün Türkiyədə fəaliyyət göstərən “X11. Mut. Züc. İht. Mad. San. ve Tic. Ltd.” şirkəti (Kafkas Mutfak) ilə sözləşmə imzalanmış və qeyd olunan avadanlıqların alınması üçün 100.000 ABŞ dolları ödənilmişdir. Həmin avadanlıqlar Bakı şəhərinə gətirilərək icarəyə götürülmüş qeyd olunan ünvanda quraşdırılmışdır. Sonradan avadanlıq alınması üçun “X1 X9 X6 Sanayi ve Ticaret LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə 04.03.2019-cu il tarixli müqavilə bağlanaraq, 20.000 ABŞ dolları ödənilmişdir. Binada aparılan təmir işlərinə, yeməkxananın təmir edilməsinə, elektrik xətlərinin bərpa edilməsinə və yeni elektrik şəbəkəsi üçün tələb olunan avadanlıqların quraşdırılmasma, su sisteminin, kondinsioner, kombi və su qızdırıcılarının təmirinə xeyli miqdarda maliyyə vəsaiti xərclənmişdir. Lakin cavabdehin Azərbaycan Respublikasındakı nümayəndəliyi müqavilə əsasında üzərinə düşən öhdəlikləri icra etməmişdir. Bu dövr ərzində yataqxanaya cavabdehin nümayəndəliyi tərəfindən 3-5 işçi göndərilmiş və hər hansı vəsait ödənilməmişdir. Binanın təyinatı işçilərin yaşaması üçün nəzərdə tutulduğundan, başqa heç cür fəaliyyət göstərməmişdir. Ona görə də iddiaçıya ciddi ziyan dəymişdir. Belə ki, yataqxanada yaşayacağı nəzərdə tutulmuş ən az işçinin, yəni 404 nəfərin gündəlik xərci 14 manat müəyyənləşdirildiyi üçün 404 x 14 = 5.656 manat, aylıq xərci 5.656 x 30 = 169.680 manat, altı ay ərzində ödənilməmiş məbləğ 169.680 x 6 = 1.018.080 manat təşkil edir. Digər xərcləri və pul ödənilmədiyi üçün dəyən zərəri əlavə etdikdə cavabdehin nümayəndəliyinin iddiaçıya 1.600.000 manat borcu varanmış və borcun ödənilməsi üçün qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin qəbul etdiyi qətnamədən belə nəticəyə gəlmək olur ki, cavabdeh müqavilə üzrə öhdəliklərin icra edilməməsinə görə heç bir məsuliyyət daşımır və bu öhdəlikləri icra etmək vəzifəsi cavabdehə aid deyil. İş obyektiv araşdırılmamış, təqdim olunmuş sənədlərə hüquqi qiymət verilməmişdir. Məhkəmə tərəfindən təqdim olunmuş sənədlər araşdırılmamış, cavabdeh tərəfindən müqavilə ohdəliklərinin yerinə yetirilməməsinə baxmayaraq, məhkəmə cavabdehi haqlı hesab etmişdir. Məhkəmə tələb olunan dəymiş zərərin miqdarı ilə razılaşmaya bilər, ekspertiza təyin edə bilərdi. Lakin məhkəmə təqdim olunmuş sənədlərə heç bir hüquqi qiymət verməmişdir. Cavabdeh tərəfindən hər hansı bir sənəd belə təqdim edilməmişdir. Məhkəmənin gəldiyi nəticə belə deməyə əsas verir ki, müqavilə öhdəliklərinin yerinə yetirilməsinə heç ehtiyac yoxmuş. Qanunvericiliyin tələblərinə əməl edilməməsi normal hal kimi qiymətləndirilmişdir. Cavabdehin günahı üzündən iddiaçının uğradığı külli miqdarda zərər ümumiyyətlə nəzərə alınmamışdır. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi şikayəti müdafiə edib, ona uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşdən müəyyən edilir ki, tərəflər arasında 18.12.2018-ci il tarixli 0119 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı Bakı şəhəri Nərimanov rayonu X7 prospekti 86B ünvanda yerləşən ümumi sahəsi 2.536,8 kv.m. olan qeyri-yaşayış sahəsinin 1-ci, 3-cü və 5-ci mərtəbələrini və mansardda olan restoranın 1.900 kv.m. hissəsini, habelə eyni ünvanda yerləşən binanın yarımzirzəmisi, 2-ci, 3-cü, 4-cü mərtəbələri və mansardın da olduğu ümumi sahəsi 2.042,3 kv.m. olan qeyri-yaşayış sahəsini icarəyə götürərək, sifarişçi cavabdehə xidmət göstərməyi, sifarişçi isə mehmanxanada yaşayan hər bir işçi üçün müəyyən olunmuş məbləğdə xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin: 3.1-ci bəndinə əsasən, Türkiyədən dəvət olunmuş qonaq statuslu şəxslərə göstərilən xidmətin dəyəri hər bir nəfər üçün 50 təşkil edir. Bu xidmətə daxildir qonaqların hava limanında qarşılanması, mehmanxanaya gətirilməsi və gündə üç dəfə yeməklə təmin olunması; 3.2-ci bəndinə görə, qiymətləndirmə 7 manat mehmanxanada qalmaq üçün, 3 manat səhər, 4 manat isə axşam yeməyi olmaqla, hər işçi üçün ümumilikdə 14 manat təşkil edəcəkdir; 3.3-cü bəndinə əsasən, müqavilədə göstərilməyən əlavə xidmətlər sifarişçi ilə razılaşdırılaraq qiymətləndiriləcəkdir. Ödəmələr xidmət göstərən tərəfindən sifarişçiyə hər bir işçinin ayrı-ayrılıqda xərcini əks etdirən hesab-fakturalar əsasında həyata keçiriləcək, hesab-fakturalar sifarişçiyə təqdim edildikdən sonra ödəmələr AZN ilə 60 gün ərzində sifarişçi tərəfindən xidmət göstərənin bank hesabına köçürüləcəkdir. 18.12.2019-cu il tarixli 0119 nömrəli xidmət müqaviləsinin xitamına dair protokoldan görünür ki, tərəflər 18.12.2019-cu il tarixli xidmət müqaviləsinə 01.07.2019-cu il tarixdən xitam verilməsi barədə razılığa gəlmişlər. İddiaçı mehmanxananın təmiri və lazımi avadanlıqların quraşdırılması üçün xərclər çəkdiyini, lakin cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək, gözləniləndən az sayda işçi göndərdiyini, nəticədə zərərə uğradığını bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, mehmanxanada müqavilə dövründə qalan işçilərin xidmət haqqının cavabdeh tərəfindən ödənildiyi işin mübahisəsiz halıdır. İddiaçı cavabdehin müqavilə əsasında üzərinə düşən öhdəlikləri icra etmədiyini, aralarında razılaşdıqları qədər işçi göndərməməsini və bunun nəticəsində maddi zərərə uğramasını, həmçinin, işçilərin yaşaması üçün nəzərdə tutulan binada yeməkxana və çamaşırxananın işlək vəziyyətə gətirilməsi üçün xərclərin çəkildiyini əsas gətirərək, bu zərər və xərclərin cavabdehdən tutulmasını tələb etsə də, cavabdeh tərəfindən mehmanxanaya yerləşdirilməli olan işçilərin sayı ilə bağlı tərəflər arasında hər hansı razılığın olması müəyyən edilməmiş və bununla bağlı iddiaçı tərəfindən hər hansı sübut Məhkəməyə təqdim olunmamışdır. İddiaçının binada görülən təmir və digər işlərə görə tələb etdiyi məbləğin də hüquqi əsası müəyyən edilmir. Tərəflər arasında bağlanmış müqavilədə xidmətlərin göstərilmə qaydası, qiymətlər və hesablaşma qaydası, digər şərtlər müəyyən olunsa da, nə işçilərin sayı, nə də xidmət göstərənin binada etdiyi təmir və yaxşılaşdırma işlərinə görə ona sifarişçi tərəfindən hər hansı ödəniş olunması nəzərdə tutulmamışdır. Belə ki, iddianın faktiki əsası tərəflər arasında imzalanmış xidmət müqaviləsidir. İddiaçı cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyini irəli sürsə də, bu hal iş materialları ilə öz təsdiqini tapmır. Müqavilədə cavabdehin göndərməli olduğu işçi sayına dair hər hansı müddəa təsbit olunmamış, cavabdeh xidmət göstərilməsi üçün göndərilməli olan şəxslərin sayı ilə bağlı hər hansı öhdəlik götürməmişdir. Belə olan halda isə, cavabdehin yerinə yetirmədiyi müqavilə öhdəliyindən, o cümlədən bu öhdəliyin pozulmasından bəhs oluna bilməz. Apellyasiya şikayətindən belə məlum olur ki, iddiaçı ona zərər vurulduğunun onun tərəfindən yox, zərər vurulmadığının cavabdeh tərəfindən sübuta yetirilməli olduğunu hesab edir. Halbuki, MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu baxımdan, cavabdehin ona istinad olunan öhdəliyi müəyyən olunmadığından, bu öhdəliyin yerinə yetirilməməsindən dolayı zərər də vurulmamış olmuşdur ki, bu da iş üzrə ekspertiza təyin edilməsi üçün predmetin olmaması deməkdir. Odur ki, cavabdeh tərəfindən hər hansı bir sənədin təqdim edilməsi məcburi olmamışdır, iddiaçı da şikayətdə “məhkəmə təqdim olunmuş sənədlərə heç bir hüquqi qiymət verməmişdir” deməklə hansı sənədləri nəzərdə tutduğunu konkretləşdirməmişdir. MPM-in: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə əsaslı və qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1252/2021 nömrəli iş üzrə 15 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı “X4 LTD ŞTİ” firmasının apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar