Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-386/2025 10.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Aytac Rafael qızı Eyvazlının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)-750/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış 01 fevral 2022-ci il tarixli, 012021 saylı və xx.xx.2022-ci il tarixli, 012022 saylı müqavilələr üzrə yaranmış 23.895,24 (iyirmi üç min səkkiz yüz doxsan beş manat iyirmi dörd qəpik) AZN borc məbləğinin, həmçinin 161,69 AZN dövlət rüsumunun "xxxx" MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)-750/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, 23.895 (iyirmi üç min səkkiz yüz doxsan beş) manat 24 (iyirmi dörd) qəpik məbləğində pulun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq H.İ.S Supply Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, dövlət rüsumunun əvəzi olaraq 161 (bir yüz altmış bir) manat, 69 (altmış doqquz) qəpik məbləğində pulun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq H.İ.S Supply Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
3. Cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)-750/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, işi tam olaraq araşdırılmamış, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. İddiaçı tərəfindən mallar təhvil verilməmiş, lakin sübut qismində təqdim edilən sənədlər olan qiymət razılaşma protokolu, təhvil-təslim aktı imzalanaraq möhürlənmişdir. Buna səbəb isə iddiaçı hüquqi şəxsin məsul şəxsi ilə cavabdeh hüquqi şəxsin işçisi olan şəxsin qohumluq münasibətlərində olduğu və bütün bu sənədlərin onun vasitəsi ilə tərtib edilməsi olmuşdur. Hazırda cavabdeh təşkilat tərəfindən audit yoxlaması həyata keçirilir və işçinin əməllərinə hüquqi qiymətin verilməsi məqsədilə aidiyyəti orqanlara müraciətlər hazırlanır. Bundan əlavə cavabdeh təşkilat ilə 01 fevral 2022-ci il tarixli, ******* nömrəli müqavilə ümumilikdə bağlanmamış və belə bir müqavilə tərtib edilməmişdir. Həmçinin iddiaçı həmin formalı müqaviləni təqdim etməmiş, lakin təqdim olunan bütün sənədlər yuxarıda qeyd edilən müqaviləyə əlavə olduğu göstərilmiş və təqdim edilmişdir. Lakin məhkəmə həmin hala hüquqi qiymət verməmişdir. Bundan əlavə 114 saylı təhvil-təslim aktı, 114 saylı qiymətin razılaşdırma protokolu ümumilikdə şirkətin əvvəlki rəhbəri tərəfindən imzalanmamış, kimin tərəfindən imzalanması isə sual altındadır. Ona görə də hesab edilir ki, məhkəmə tərəfindən tam araşdırma aparılmamış və ədalətli qərar qəbul edilməmişdir. Məhkəmə tərəfindənişin hərtərəfli, tam və obyektiv araşdırılması üçün tədbirlər görülməmiş, mövcud olan sübütlara düzgün hüquqi qiymət verməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
8. Həmin Məcəllənin 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır
9. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
10. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
11. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
12. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
13. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
14. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgündür.
18. Belə ki, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli qiymət razılaşdırılma protokolu imzalanmış və onlar 23.895,24 manat dəyərində malların adı, miqdarı və qiyməti barədə razılığa gəlmişlər. İddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
19. Alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı üzərinə düşür.
20. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, H.İ.S Supply Group” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 23.895,24 manat dəyərində aktda qeyd olunmuş malların "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsini tərəflər öz imzaları və möhürləri ilə təsdiq etmişlər.
21. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBCK seriyalı 531420 nömrəli xx.xx.2022-ci il tarixli dəyəri 23.895,24 manat olan elektron qaimə göndərilmişdir.
22. Cavabdeh tərəf iddiaya etiraz edərək, müqavilə üzrə malların verilmədiyini bildirmişdir. Ancaq Məhkəmənin sualına cavab olaraq qiymət razılaşma protokolu, təhvil-təslim aktındakı möhürün cavabdeh hüquqi şəxsə aid olduğunu bildirmişdir. Cavabdeh tərəf həmçinin, iddiaçı hüquqi şəxsin məsul şəxsi ilə, cavabdeh hüquqi şəxsin işçisinin qohumluq münasibəti olduğunu və bu sənədlərin onun vasitəsi ilə tərtib edildiyini bildirmişdir.
23. Məhkəmə cavabdehin qeyd olunan dəlillərini əsassız hesab etmişdir. Belə ki, ilk növbədə işdə olan xx.xx.2022-ci il qiymət razılaşma protokolu və təhvil-təslim aktına nəzər yetirildikdə görünür ki, hər iki sənəd cavabdeh hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir. Bu isə o nəticəyə gəlmək üçün əsas verir ki, həqiqətən də, qeyd edilən dəyərdə mallar cavabdehə təhvil verilmişdir.
24. Çünki, oxşar vəziyyətlərdə fiziki şəxslərlə müqayisədə hüquqi şəxslərin üzərinə öz statusuna görə daha böyük məsuliyyət düşür. Belə ki, hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən möhürə və rekvizitlərə, o cümlədən təsis sənədlərinin və digər zəruri rekvizitlərin saxlanmasına maddi məsul olan şəxslərə malikdir.
25. Hüquqi şəxsin rəsmi reyestrdə qeydə alınması və möhürə malik olması onunla hüquq münasibətinə daxil olan fiziki və ya digər hüquqi şəxsdə ona təqdim edilmiş sənədlərin rəsmi xarakterə malik olması barədə əminlik yaradır. Bu zaman sənədin möhürlə təsdiq edildiyini görən şəxs həmin sənədin mötəbərliyini və səlahiyyətli şəxs tərəfindən imzalandığını güman etməkdə haqlıdır. Çünki bir qayda olaraq möhürün saxlanmasına məsul olan şəxs məhz sənədə hüquqi şəxsin adından imza etmək (təmsilçilik) səlahiyyətinə malik olan şəxs olur.
26. Ona görə də, hətta qeyd edilən sənədlərdə, cavabdeh hüquqi şəxsin adından kimin imzalamasının belə, hazırkı mübahisənin həlli baxımından əhəmiyyəti yoxdur.
27. Bundan başqa da, qeyd edilən dəyərdə malların verilməsi ilə bağlı elə xx.xx.2022- ci il tarixdə cavabdehə elektron qaimə göndərilmiş və ona hər hansı bir etiraz edilməmişdir.
28. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir.
29. Belə olan halda, məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehə dəyəri 23.895,24 manat olan mallar verilmiş və alıcının da, qeyd edilmiş malların dəyərini ödəmək vəzifəsi yaranmışdır.
30. İddiaya etirazda göstərilmiş dəlillər təkrarən apellyasiya şikayətində qeyd edilmişdir. Belə ki, cavabdeh qeyd edir ki, onun işçisi xəbəri və razılığı olmadan təhvil-təslim aktına imza etmişdir. Odur ki, cavabdeh onu sübut kimi qəbul etmir.
31. Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir.
32. Mülki Məcəllənin 443.9-cu maddəsinə əsasən borclu öz qanuni təmsilçisinin və öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi digər şəxslərin hərəkətləri üçün özünün təqsirli hərəkətləri üçün olan həcmdə məsuliyyət daşımalıdır.
33. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.
34. Həmin Məcəllənin (borclunun öz işçilərinin hərəkətləri üçün məsuliyyəti) 456-cı maddəsinə əsasən borclunun öhdəliyini icra etmək üçün onun işçilərinin yerinə yetirdikləri hərəkətlər borclunun hərəkətləri sayılır. Əgər həmin hərəkətlər öhdəliyin icra edilməməsinə və lazımınca icra edilməməsinə səbəb olmuşsa, borclu bu hərəkətlər üçün məsuliyyət daşıyır.
35. Həmin Məcəllənin 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.
36. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
37. Göründüyü kimi yuxarıda qeyd edilən maddi hüquq normalarına əsasən cavabdeh öz işçisinin hərəkətləri üçün məsuliyyət daşıyır və işçinin hərəkətləri borclunun hərəkətləri hesab edilir. Ona görə kollegiya hesab edir ki, cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikdən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Cavabdehin öz işçisinə qarşı reqress qaydada iddia irəli sürməsi qanunvericiliyə əsasən mümkündür.
38. Bundan başqa müqavilənin tərtb edilməməsi barədə şikayətin dəlilinə münasibətdə qeyd edilməlidir ki, alqı-satqı müqaviləsinin yazılı formada tərtibi imperativ olmadığına görə həmin dəlil hüquqi əhəmiyyət kəsb etmir. Belə ki, işin yuxarıda qeyd edilən halları ilə tərəflərin müqavilə bağlamaları təsdiq olunmuşdur. Şikayətin imza edilməmə ilə bağlı dəlilinə məhkəmə tərəfindən ətraflı cavab verildiyinə görə kollegiya həmin dəlilə münasibət bildirilməsinə zərurət görmür və həmin dəlili əsassız hesab edir.
39. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iş üzrə maddi və prosessual hüquq normalarını da düzgün tətbiq edərək, iş üzrə mövcud olan bütün mötəbər sübutları araşdırmış və düzgün nəticəyə gəlmişdir.
40. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
41. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)-750/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.