Məhkəmə qərarları › İş №2-2(103)-387/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-387/2023

18.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-387/2023 18.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair ilk iddia, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçınə qarşı “malların geri qaytarılması və pulun tutulması” tələbinə dair qarşılıqlı iddiaya dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X8 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4556/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. Satıcı RMA X3 Anonim Şirketi ilə alıcı Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli 04 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən RMA X3 Anonim Şirketi sifarişə uyğun olaraq bu müqavilənin əlavəsində və ya e-qaimə fakturada göstərilən qiymətə, saya və çeşidə malik olan məhsulları Cavabdeh MMC-nin mülkiyyətinə verməyi, Cavabdeh MMC isə öz növbəsində həmin malları təhvil alıb satılmış qisminin dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

2. Həmin müqaviləyə əsasən satıcı RMA X3 Anonim Şirketi tərəfindən alıcı Cavabdeh MMC-yə cəmi 81787,84 ABŞ dolları məbləğində müxtəlif çeşidli mallar təhvil verilmiş, sonuncu tərəfindən isə cəmi 7947,82 ABŞ dolları (1786,43+930,1+5231,29) ödənilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 73840 ABŞ dolları əsas, 11076 ABŞ dolları faiz, həmçinin qətnamə qəbul edilən günə əsas borc məbləğindən bank faizinin uçot dərəcəsinə uyğun faiz borcunun tutularaq, iddiaçı “RMA X3 Anonim Şirketi”nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Eyni zamanda Cavabdeh MMC ilk iddia ilə birlikdə baxılmaq üçün İddiaçınə qarşı qarşılıqlı iddia qaldıraraq, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocahəsən yolu 57 ünvanda yerləşən anbardan malların (X6 300ML - (48x300) 1506 ədəd, X6 250m-1283 ədəd, X9 120ML - (48x120) 516 ədəd, X12 Gel 500ML - (24x500) 780 ədəd, X12 Gel 250ML - (24x250) - 966 ədəd, X12 Gel 100ML - (96xl00) - 4352 ədəd, X12 Gel 1000ML - (12x1000)-142 ədəd, X12 Gel 50ML - (192x50) 9142 ədəd, X10 Gel 50ML - (192x50) 8379 ədəd, X10 Gel 100ML - (96x100) - 4103 ədəd, X10 Gel 250ML - (24x250) -727 ədəd, X5 Spray 120ML - (48x120) - 569 ədəd, X13 and Body Spray 120ML - (24x120) -2332 ədəd, X14 Cleanser and Body Spray 100M - (48xl00)-985 ədəd, X13 Spray 8ML - (576x8) 74034 ədəd) cavabdeh “RMA X3 Anonim Şirketi” tərəfindən çıxarılaraq, geri qəbul edilməsi və həmçinin vurulmuş maddi ziyana görə 2000 (iki min) manat məbləğində pulun cavabdeh RMA X3 Anonim Şirketindən tutularaq, iddiaçı Cavabdehnə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı bildirir ki, alqı-satqı müqaviləsinə əsasən satın alınan mallara görə cavadehin iddiaçı qarşısında 73840 ABŞ dolları məbləğində borcu yaranmışdır. Yaranmış borcla bağlı istər şifahi, istərsə də yazılı xəbərdarlıqlara və bildirişlərə baxmayaraq cavabdeh borcun ödənilməsindən qərəzli olaraq yayınır.

6. Cavabdeh iddiaya etiraz edir və qarşılıqlı iddia irəli sürərək bildirir ki, müqavilənin 4.9cu bəndinə əsasən qablaşdırma, gömrük və daşıma ilə bağlı xərclər satıcı tərəfindən, depolama, dağıtım, malların marketə yerləşdirilməsi və nəqliyyatı xərcləri isə alıcı tərəfindən qarşılanacaqdır. Müqavilənin 5.2-ci bəndinə əsasən satıcı həmin müqavilə üzrə müəyyən edilmiş öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə müqavilənin icrasından birtərəfli qaydada imtina etmək və satıcıdan vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək, müqavilənin 5.2.2-ci bəndinə yarımbəndinə əsasən satıcının təqsiri ilə vurulan zərərin ödənilməsini tələb etmək, 5.2.3-cü yarımbəndə əsasən istifadə müddətinin bitməsinə bir aydan az qalmış malları satıcıya geri qaytarmaq alıcının hüququdur. Müqavilənin 5.4.1-ci yarımbəndinə əsasən alıcıdan təhvil verildikdən sonra 30 gün müddətində satılmış malların dəyərinin ödənilməsini tələb etmək satıcının hüququdur. Müqavilənin 5.6.1-ci yarımbəndinə əsasən istifadə müddətinin bitməsinə bir aydan az qalmış malları geri qəbul etmək satıcının vəzifəsidir. Müqavilənin 6.1-ci bəndinə əsasən tərəflər müqavilənin yerinə yetirilməsi ilə bağlı baş verə biləcək hər hansı qarşısıalınmaz (force-major) hallara görə-yanğm, su daşqınları, zəlzələ, yoluxan xəstəlik, pandemiya, dövlət məhdudiyyəti, müharibə və müqavilələrin icrasına birbaşa təsir göstərəcək digər hallara görə heç bir məsuliyyət daşımır. Müqavilənin 6.2-ci bəndinə əsasən əgər tərəflərdən biri qarşısıalınmaz hallarla bağlı, müqavilə öhdəliklərini yerinə yetirə bilmirsə, həmin tərəf dərhal yazılı şəkildə digər tərəfi məlumatlandırır, hər bir halda hadisələrin başlandığı andan yeddi gendən gec olmayaraq. Əgər üç gün ərzində heç bir məlumat verilmirsə, o zaman tərəf müqavilə şərlərini pozmuş hesab edilir və bununla vurulmuş zərəri digər tərəfə təqdim etməlidir. Müqavilənin 6.4-cü bəndinə əsasən əgər bu cür hallar iki aydan çox davam edərsə, tərəflərdən hər hansı biri bütövlükdə müqaviləyə və ya onun hər hansı hissəsinə xitam verə bilər. Satıcı müqavilə əsasında ona ödənilmiş bütün məbləğləri dərhal Alıcıya qaytarır. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilədə yalnız malların satılmış qisminin dəyərinin RMA X3 Anonim Şirketinə ödənilməsi nəzərdə tutulmuşdur. Ümumilikdə istifadə müddətinin bitməsinə bir aydan az qalmış malları geri qəbul etmək də satıcının vəzifəsi kimi müəyyən edilmişdir. Bundan başqa yoluxan xəstəlik, pandemiya, dövlət məhdudiyyəti, müharibə və müqavilələrin icrasına birbaşa təsir göstərəcək digər hallara görə Cavabdeh MMC-nin heç bir məsuliyyət daşımadığı müqavilədə əks olunmuşdur. Nəzərə alınmalıdır ki, iddiaçıdan asılı olmayan və qarşısı alınması mümkün olmayan hallarla bağlı malların satışında çətinliklər yaranmışdır. Belə ki, dünya ölkələrinin səhiyyə sistemi və iqtisadiyyatına dağıdıcı zərbə vurmuş COVİD-19 Koronovirusu (pandemiya) sağlamlıqla bağlı narahatlıqlar, insanların mal və əmtəələrin hərəkətlərinə məhdudiyyətlər, biznes və istehlakçı inamının düşməsi, qlobal əmtəə bazarlarının və istehsalın çökməsi ilə müşahidə olunmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən dünyada yayılmış koronovirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronovirus infeksiyasmın ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının “Sanitariyaepidemioloji salamatlıq haqqında Qanun”unun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında xüsusi karantin rejimi elan edilmişdir. Koronovirus pandemiyası ilə bağlı Azərbaycan Respublikasında tədbir olunan karantin rejimi digər sahələrə olduğu kimi malların satışı sahəsinə də mənfi təsir göstərmişdir. Ölkə üzrə karantin rejimi tətbiq edildikdən sonra COVİD-19 virusu ilə mübarizə aparılması üçün bir çox məhdudiyyətlər tətbiq edilmiş, iş yerlərində işçilərin sayı azaldılmış, bir çox sahədə iş və fəaliyyət dayandırılmış və s. tədbirlər həyata keçirilmişdir. Göstərilən hallara görə karantin rejimi elan olunduqdan sonra Cavabdeh MMC tərəfindən də RMA X3 Anonim Şirketi tərəfindən göndərilmiş malların satışı demək olarkı tam dayanmışdır. Pandemiya şəraitində iş rejimi ilə əlaqədar işçilərin tam və normal vəziyyətdə işləməməsi, maliyyə böhranının yaranması Cavabdeh MMC-nin fəaliyyətini də iflic vəziyyətinə gətirib çıxarmışdır. Müqavilə bağlayarkən tərəflərin əsas götürdükləri şəraitin COVİD-19 Pandemiyasına görə əhəmiyyətli dərəcədə dəyişməsi nəzərə alınmalıdır. COVİD-19 Pandemiyası və buna görə bütün dünyanı əhatə edərək sərt məhdudlaşdırma siyasəti tətbiq olunması və iqtisadi göstəricilərə təsir göstərib iqtisadi yavaşlama ilə nəticələnən hal şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” 07 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, şəraitin dəyişməsi əhəmiyyətli dərəcədə olmalıdır. Yəni şəraitin dəyişməsi o dərəcədə gözlənilməz xarakter daşımalıdır ki, tərəflər onu qabaqcadan görə bilməzdilər, əgər görə bilsəydilər, müqaviləni bağlamazdılar və ya fərqli şərtlərlə bağlayardılar. Həmçinin, tərəflər şəraitin dəyişməsinin qarşısını ala bilməzlər. Bu cür şəraitdə müqavilənin icrası tərəflərdən ən azı biri üçün son dərəcə əlverişsiz olmalıdır. Koronovirus pandemiyası ilə bağlı məhdudiyyətlər və real iqtisadi durum nəticəsində Cavabdeh üzləşdiyi real iqtisadi böhran RMA X3 Anonim Şirketi tərəfindən göndərilmiş malların satışı imkanlarını məhdudlaşdırmışdır. Buna görə də 2021-ci ilin avqust ayından sonra dəfələrlə elektron poçt vasitəsi ilə yazılı formada mallarının satışının dayandığı, həmin malların anbardan geri götürülməsinin zəruriliyi ilə bağlı RMA X3 Anonim Şirketinə bildirilsə də, lakin RMA X3 Anonim Şirketi malları anbardan çıxartmaqdan, geri qəbul etməkdən imtina etmiş və tərəflər arasında xx.xx.2020-ci il tarixində bağlanmış 04 saylı alqı-satqı müqavilənin şərtlərini pozmuşdur. Belə ki, müqavilənin 6.1-ci bəndinə əsasən tərəflər müqavilənin yerinə yetirilməsi ilə bağlı baş verə biləcək hər hansı qarşısıalınmaz qüvvə - yoluxan xəstəlik, pandemiya, dövlət məhdudiyyəti alıcını öhdəliklərdən azad etsə də, “RMA X3 Anonim Şirketi malları geri qəbul etməkdən əsassız olaraq imtina etmiş, əvəzinə əsassız və qanunsuz olaraq malların dəyərinin ödənilməsini tələb etmişdir. Halbuki müqavilənin 1.1-ci bəndinə və 5.4.1-ci yarımbəndinə əsasən “RMA X3 Anonim Şirketi yalnız satılmış malların dəyərini tələb edə bilər. “RMA X3 Anonim Şirketi öz əsassız iddia və tələbi ilə malları Cavabdeh MMC-nin istifadəsinə olan Abşeron rayonu, Yeni Şamaxı şosesi 69 ünvandan yerləşən anbardan və daha sonra Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocahəsən yolu 57 ünvanda yerləşən anbardan çıxartmamaqla, Cavabdeh MMC-nin anbarın dolu vəziyyətdə qalmasına, nəticədə anbardan digər məqsədlərlə istifadəsinə çətinlik yaratmışdır. Bu isə öz növbəsində Cavabdeh MMC-nin anbara dair sahiblik və istifadə hüququnun həyat keçirilməsində çətinlik yaratmaqla, ona maddi ziyan vurulmasına səbəb olmuşdur. Belə ki, malların anbarda saxlanılmasına görə Cavabdeh MMC elektrik enerjisi, mühafizə, yerin haqqı, vergiləri ödəyir. “RMA X3 Anonim Şirketi malları anbardan çıxartmağı və geri qəbul etmədiyi üçün 2021-ci ilin avqust ayından 2022-ci ilin may ayınadək hər ay 200 manat olmaqla, cəmi 1800 manat, 2022-ci ilin may və iyun aylarında hər ay üçün 100 manat olmaqla, cəmi 200 manat Cavabdeh MMC pul xərcləməli olmuşdur. Hal-hazıradək 2000 manat pul xərclənmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4556/2022 saylı qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, ilk iddia üzrə Cavabdeh MMC-dən 73840 ABŞ dolları əsas illik 5%-lə hesablanan 7535,72 ABŞ dolları faiz borcu Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla tutularaq ilkin iddia üzrə iddiaçı RMA X3 Anonim Şirketinə ödənilməsi, ilk iddianın digər hissədə rədd edilməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir.

8. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə müqaviləyə onun “Alqısatqı müqaviləsi” adına istinad etməklə söz və hərfi mənada qiymət vermiş, tərəflərin iradə ifadəsinin təfsiri zamanı yalnışlığa yol verməklə, müqavilədə tərəflərin həqiqi niyyətlərinin nədən ibarət olmasına aydınlıq gətirməmişdir. Halbuki, tərəflər arasında bağlanmış müqaviləyə məhkəmə qiymət verərkən Mülki Məcəllənin alqı-satqı fəslinə aid maddələrini tətbiq etməməli idi. Tərəflərin müqavilədə göstərilən öhdəlikləri ilə bağlı yaranmış olduğu mübahisəyə qiymət verərkən Mülki Məcəllənin “Kommersiya konsessiyası” fəslinə istinad etməklə, həmin fəslin 800-807-ci maddələri tətbiq edilməli idi. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı – “X7 Gelişme Aş” həmin müqavilənin əlavəsində və e-qaimə fakturada göstərilən qiymətə, saya və çeşidə malik olan məhsulları “Alıcı”nın – "xxxx" MMC-nin mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində həmin malları təhvil alıb, “satılmış qisminin dəyərini” ödəməyi öz öhdəsinə götürmüşdür. Bu o deməkdir ki, bu müqavilədə satıcı tapşıran rolunda, alıcı isə həmin tapşırığın icraçısı kimi çıxış etmişdir. Alqı-satqı müqavilələrinin əsas elementi ondan ibarətdir ki, satıcı öz malını alıcıya satır və alıcı isə bu malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. Lakin müqavilədən görünür ki, alıcı yalnız “satılmış malların dəyərini ödəməyi” öz öhdəsinə götürmüşdür. Yəni əgər satılmış malların dəyəri satıcıya, əslində “Tapşırana” ödənilirsə, deməli satılmayan malların aqibəti də həll olunmalı idi. Məhz buna görə, bu müqavilə heç bir halda alqı-satqı ola bilməz. Bundan əlavə müqavilənin 5.4.1-ci yarımbəndinə əsasən, alıcıdan təhvil verildikdən sonra 30 gün ərzində satılan malların dəyərinin ödənilməsini tələb etmək satıcının hüququdur. Buradan da görünür ki, satıcının, əslində “Tapşıranın” hüququ yalnız alıcıdan satılmış malların dəyərini istəməkdən ibarətdir. Məhkəməyə təqdim edilmiş sübutlar arasında tərəflərin yazışmaları və səs yazıları mövcuddur. Məhkəmə sözügedən sübutlara əhəmiyyət verməmişdir. Lakin Konstitusiya Məhkəməsi Plenumunun 10 yanvar 2020ci il tarixli qərarında da birmənalı qeyd olunmuşdur ki, bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Məhkəmə Plenum qərarında göstərilən halları nəzərə almamaqla, tərəflərin bu müqavilə üzrə əsl niyyətlərinin nədə ifadə olunmasına aydınlıq gətirməmişdir. Bundan da belə nəticə hasil olur ki, müqavilədə alıcı adlandırılan, əslində “Konsessioner” olan Cavabdeh MMC tapşırandan müəyyən malları (kontrakt mallarını) vaxtaşırı satın almaq, bu malları öz adından və öz hesabına başqasına satmaq, bu zaman kontrakt mallarını müəyyən ərazilərdə və (və ya) müəyyən müştərilərə (müqavilə ərazisi və müqavilə müştəriləri) satmaq öhdəliyini götürmüşdür. Həmin Məcəllənin 804.1-ci maddəsinə əsasən, birtipli müqavilənin qüvvədə olduğu müddətdə tapşıranın eyni və ya oxşar malları satmaq məqsədi ilə birbaşa və ya üçüncü şəxslər vasitəsilə konsessionerin müştərilərinə müraciət etməsi qadağandır. Bu maddənin tələbləri müqavilənin 5.2.5-ci bəndində göstərilib. Belə ki, həmin bəndə əsasən alıcı üçün təklif olunan hər hansı bir məhsul qarşılıqlı razılaşma olmadan digər firma tərəfindən satışa çıxarılarsa, satıcı 50000 manat məbləğində dəbbə pulu ödəməlidir. Mülki Məcəllənin 807.0.2-ci maddəsinə görə əgər konsessioner müştərilər və (və ya) tapşıran qarşısında öhdəliklərini yerinə yetirmək üçün anbar saxlamalı olmuşdursa, tapşıran onun anbarında qalan malları satın almağa borcludur. Əgər mal satış üçün yararlı olan yaxşı vəziyyətdədirsə, satınalma qiyməti son satınalma zamanı konsessionerin tapşırana ödədiyi qiymətdən aşağı olmamalıdır. Konsessioner satınalmadan imtina edə bilər. Bu isə ona anbardakı qalığı ağlabatan müddətdə müştərilərə satmaq hüququ verir. Bu maddə isə müqavilənin 5.2.3-cü yarımbəndinə uyğun gəlir. Belə ki, həmin yarımbəndə əsasən istifadə müddətinin bitməsinə bir aydan az qalmış malları satıcıya geri qaytarmaq alıcının hüququdur. Həmçinin, məhkəməyə təqdim edilmiş səs yazıları və yazışmalardan aydın görmək olur ki, Xanlar Ağayev "RMA DEVELOPMENTGAYRİMENKUL GELİŞME AŞ" şirkətinin rəsmi elektron poçt ünvanından istifadə edir. Bakı Apellyasiya Məhkəməsinə təqdim edilmiş “DVD” diskdə olan 1-15 rəqəmləri ilə nömrələnmiş yazışmaları əks etdirən məlumatlardan da görünür ki, Xanlar Ağayev "X7 GELİŞMAŞE" şirkətinin birbaşa iradəsini ifadə edir və bu yazışmaların təhlilindən də aydın olur ki, tərəflər arasında olan müqavilə münasibətləri alqı-satqının elementlərini əks etdirmir, hüquqi təbiətinə görə tapşırıq institutunun müddəalarını ifadə edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə isə apellyasiya şikayətinə etiraz etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

13. Həmin Məcəllənin 367.2-ci maddəsinə əsasən əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir.

14. Həmin Məcəllənin 367.3-cü maddəsinə əsasən müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər.

15. Həmin Məcəllənin 368-ci maddəsinə əsasən vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır.

16. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

18. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

19. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.

20. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

21. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

22. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

23. Həmin Məcəllənin 800.1-ci maddəsinə əsasən konsessiya müqaviləsi istehsalçı və ya tacir (tapşıran) ilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxs (konsessioner) arasında elə bir ümumi razılaşmadır (birtipli müqavilədir) ki, onun əsasında konsessioner aşağıdakıları öhdəsinə götürür: tapşırandan müəyyən malları (kontrakt mallarını) vaxtaşırı satın almaq (800.1.1); bu malları öz adından və öz hesabına başqasına satmaq (800.1.2); bu zaman kontrakt mallarını müəyyən ərazilərdə və (və ya) müəyyən müştərilərə (müqavilə ərazisi və müqavilə müştəriləri) satmaq. Onların barəsində tapşıran konsessionerə müstəsna satış hüququ (inhisar hüququ) verir, konsessioner isə tapşıranın mallarının onun nəzarəti altında satışına qarantiya verməlidir (800.1.3).

24. Həmin Məcəllənin 800.2-ci maddəsinə görə əgər müqavilədə ayrı şərt qoyulmayıbsa, tapşıran barəsində konsessionerin kontrakt mallarını müqavilə ərazisinin hüdudlarından kənarda və ya müqavilə müştərilərindən savayı, başqa müştərilərə satmaq hüququ yoxdur.

25. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Həmin Məcəllənin 119.1-ci maddəsinə sasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia əsassız, qarşılıqlı iddia isə qismən əsaslıdır.

29. Belə ki, iddiaçı xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə istinad edərək, cavabdehdən pulun tutulmasını tələb edir.

30. Cavabdeh isə bildirir ki, həmin müqavilə “alqı-satqı müqaviləsi” adlandırılsa da, əslində mahiyyət, məzmun və şərtləri etibarı ilə kommersiya konsessiyası müqaviləsidir.

31. Göründüyü kimi hər iki iddia tələblərinin qanuni əsasının müəyyən olunması üçün ilk növbədə tərəflər arasında bağlanmış müqavilə münasibətlərinin xarakteri müəyyən olunmalıdır.

32. Bunun üçün isə əvvəlcə mülki qanunvericilin alqı-satqı və kommersiya konsessiyası müqavilələrinə dair müddəalarına nəzər yetirilməli və onlar arasındakı fərqlər müəyyən olunmalıdır.

33. Belə ki, alqı-satqı müqaviləsinə dair münasibətləri tənzimləyən Mülki Məcəllənin 567ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

34. Kommersiya konsessiyası müqaviləsinə dair Mülki Məcəllənin 800-cü maddəsində isə göstərilmişdir ki, konsessiya müqaviləsi istehsalçı və ya tacir (tapşıran) ilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxs (konsessioner) arasında elə bir ümumi razılaşmadır (birtipli müqavilədir) ki, onun əsasında konsessioner aşağıdakıları öhdəsinə götürür: tapşırandan müəyyən malları (kontrakt mallarını) vaxtaşırı satın almaq (800.1.1); bu malları öz adından və öz hesabına başqasına satmaq (800.1.2); bu zaman kontrakt mallarını müəyyən ərazilərdə və (və ya) müəyyən müştərilərə (müqavilə ərazisi və müqavilə müştəriləri) satmaq. Onların barəsində tapşıran konsessionerə müstəsna satış hüququ (inhisar hüququ) verir, konsessioner isə tapşıranın mallarının onun nəzarəti altında satışına qarantiya verməlidir (800.1.3).

35. Məzmunundan da göründüyü kimi alqı-satqı müqaviləsi satıcının müəyyən əşyanı alıcının mülkiyyətinə verəcəyi, alıcının isə həmin əşyanı qəbul edərək, əvəzində müəyyənləşdirilmiş pul məbləğini, yəni əşyanın qiymətini satıcıya ödəyəcəyi haqqında razılaşmadır.

36. Kommersiya konsessiyası müqaviləsi isə malların satın alınıb yenidən başqasına satılması (ticarət vasitəçiliyi) ilə bağlı əlaqələri qaydaya salır. Konsessionerin əsas işi ticarət-kommersiya vasitəçilik fəaliyyətidir, yəni vaxtaşırı malları satın alıb, öz adından və hesabına başqasına satmaqdan ibarətdir.

37. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən RMA X3 Anonim Şirketi sifarişə uyğun olaraq bu müqavilənin əlavəsində və ya e-qaimə fakturada göstərilən qiymətə, saya və çeşidə malik olan məhsulları Cavabdeh MMC-nin mülkiyyətinə verməyi, Cavabdeh MMC isə öz növbəsində həmin malları təhvil alıb, satılmış qisminin dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

38. Həmin müqavilənin 5.4.1-ci yarımbəndində də göstərilmişdir ki, alıcıdan təhvil verildikdən sonra 30 gün ərzində satılan malların dəyərinin ödənilməsini tələb etmək satıcının hüququdur.

39. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə Cavabdeh MMC malları satın almamış, yalnız satılmış malların dəyərinin ödənilməsini öz üzərinə götürmüşdür, eyni zamanda İddiaçı də yalnız satılmış malların dəyərinin ödənilməsini tələb edə bilər.

40. Qeyd olunanlardan müəyyən edilir ki, tərəflər arasında bağlanmış müqavilə kommersiya konsessiyası müqaviləsi kimi qəbul edilə bilməz.

41. Çünki kommersiya konsessiyası müqaviləsinin mühüm şərti olan “konsessionerin malları satın almaq” şərti mövcüd deyil.

42. Tərəflər arasında bağlanmış müqavilənin 5.2.5-ci bəndində nəzərdə tutulmuş şərtlər isə müqavilənin kommersiya konsessiyası müqaviləsi kimi qəbul edilməsi üçün əsas ola bilməz.

43. Belə ki, həmin bənddə “alıcı üçün təklif olunan hər hansı bir məhsul qarşılıqlı razılaşma olmadan digər firma tərəfindən satışa çıxarılarsa, satıcı 50000 manat məbləğində dəbbə pulu ödəməlidir” şərti, yəni Mülki Məcəllənin 800.1.3-cü maddəsində nəzərdə tutulmuş tapşıranın konsessionerə müstəsna satış hüququ (inhisar hüququ) verməsi şərti nəzərdə tutulsa da, yuxarıda qeyd edildiyi kimi müqavilədə kommersiya konsessiyası müqaviləsi üçün mühüm şərt hesab edilən “konsessionerin malları satın almaq” şərti mövcüd deyil.

44. Bu baxımdan, eyni zamanda tərəflər arasında bağlanmış müqavilənin şərtlərini və tərəflərin sonrakı hərəkətlərini, yəni iddiaçının məhsulları cavabdehin mülkiyyətinə verməyi, sonuncunun isə həmin malları təhvil alıb, satılmış qisminin dəyərini ödəməyi öhdələrinə götürmlərini və həmin müqaviləyə əsasən satıcı RMA X3 Anonim Şirketi tərəfindən alıcı Cavabdeh MMC-yə cəmi 81787,84 ABŞ dolları məbləğində müxtəlif çeşidli malların təhvil verildiyini, sonuncu tərəfindən isə cəmi 7947,82 ABŞ dolları məbləğində ödəniş etdiyini nəzərə alaraq kollegiya hesab edir ki, tərəflər arasında Mülki Məcəllənin 567 və 600.1-ci maddələrinə uyğun olaraq nisyə alqı-satqı müqaviləsi bağlanmışdır.

45. Belə ki, Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

46. Həmin Məcəllənin 367.2, 367.3 və 368-ci maddələrindən isə müəyyən edilir ki, əqdlə müəyyənləşdirilən müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər və belə müddətin axımı müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır.

47. Tərəflər arasında bağlanmış müqavilədə də satılmış əşyaların dəyərinin əvvəlcədən və ya təhvil veriləndə deyil, müəyyən müddətdən sonra ödənilməsi nəzərdə tutulmuş, həmin müddətin başlanması isə əşyaların satılması ilə müəyyənləşdirilmişdir.

48. Bu baxımdan kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh MMC-nin əşyanın dəyərinin ödənilməsi öhdəliyi yalnız satılmış mallara aiddir.

49. İlk iddada irəli sürülmüş cəmi dəyəri 73840 ABŞ dolları təşkil edən mallar isə satılmamışdır.

50. Çünki cavabdeh həmin malların geri qaytarılması tələbini irəli sürmüş və iddiaçı bu halı, yəni onların satılmadığını mübahisələndirməmişdir.

51. Mülki Məcəllənin 427.1-ci maddəsində isə təsbit edilmişdir ki, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.

52. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, ilk iddiada irəli sürülmüş Cavabdeh MMC-dən 73840 ABŞ dolları əsas borcun tutulması barədə iddia rədd edilməlidir.

53. Eyni zamanda, cavabdehin həmin məbləğdə pul vəsaitinin ödənilməsi öhdəliyi yaranmadığı üçün onun gecikdirilməsinə görə bank faizinin uçot dərəcəsinə uyğun faiz borcunun tutulması barədə tələblər də Mülki Məcəllənin 445.7 və 449.1-ci maddələri baxımından əsassızdır və rədd olunmalıdır.

54. Qarşılıqlı iddia tələbləri isə qismən əsaslıdır.

55. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 5.2.3-cü yarımbəndində nəzərdə tutulmuşdur ki, istifadə müddətinin bitməsinə bir aydan az qalmış malları satıcıya geri qaytarmaq alıcının hüququdur.

56. Müqavilənin 5.6.1-ci yarımbəndində isə göstərilmişdir ki, istifadə müddətinin bitməsinə bir aydan az qalmış malları geri qəbul etmək satıcının vəzifəsidir.

57. Hazırki apellyasiya baxışı zamanı da cavabdehin nümayəndəsi tərəfindən təqdim edilən və qarşılıqlı iddia ərizəsində geri götürülməsi tələb edilən malların nümunələrinə məhkəmə kollegiyası tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, “X13 Spray 8ML” adlı mal istisna olmaqla, həmin malların son istifadə tarixi 2022ci ildə və 2023-cü ilin mart, aprel və may aylarında bitmişdir. Yalnız “X13 Spray 8ML” adlı malın üzərində heç bir tarix göstərilmədiyi üçün onun istifadə müddətinin bitməsi müəyyən edilməmişdir.

58. Bu baxımdan kollegiya hesab edir ki, Cavabdeh MMC Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən İddiaçındən öz öhdəliyinin icrasını tələb etməkdə haqlıdır və ona görə də, həmin hissədə qarşılıqlı iddia qismən təmin edilməli və “X13 Spray 8ML” adlı mal istisna olmaqla digər malların qəbul edilməsi vəzifəsi İddiaçı üzərinə qoyulmalıdır.

59. Bununla yanaşı kollegiya hesab edir ki, zərərin əvəzinin ödənilməsi hissəsində qarşılıqlı iddia təmin edilə bilməz.

60. Belə ki, zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi çıxış edən Mülki Məcəllənin 21.2-ci maddəsinin, həmçinin hazırkı mübahisə üzrə xüsusi norma kimi çıxış edən Mülki Məcəllənin 443-cü maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyi pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.

61. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırki işdə bu əsaslar müəyyən edilmir.

62. Çünki Cavabdeh MMC qarşılıqlı iddia ərizəsində göstərdiyi zərərin mövcüdluğunu təsdiq edən sübutlar təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə nəzərdə tutulmuş sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

63. Bu baxımdan kollegiya hesab edir ki, həmin hissədə qarşılıqlı iddia tələbləri rədd edilməlidir.

64. Birinci instansiya məhkəməsi isə yuxarıda qeyd olunanları nəzərə almamış və tərəflər arasında bağlanmış müqavilənin əsl xarakterinə və şərtlərinə diqqət yetirməmişdir.

65. Ona görə də, kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yuxarıda göstərilən əsaslara görə ilk iddia rədd edilməli, qarşılıqlı iddia isə qismən təmin edilməli və məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

66. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4556/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İlk iddia təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocahəsən yolu 57 ünvanda yerləşən anbardan malların (X6 300ML - (48x300) 1506 ədəd, X6 250m - 1283 ədəd, X9 120ML - (48x120) 516 ədəd, X12 Gel 500ML - (24x500) 780 ədəd, X12 Gel 250ML - (24x250)-966 ədəd, X12 Gel 100ML - (96xl00) - 4352 ədəd, X12 Gel 1000ML - (12x1000) - 142 ədəd, X12 Gel 50ML - (192x50) 9142 ədəd, X10 Gel 50ML - (192x50) 8379 ədəd, X10 Gel 100ML - (96x100) - 4103 ədəd, X10 Gel 250ML - (24x250) - 727 ədəd, X5 Spray 120ML - (48x120) - 569 ədəd, X13 and Body Spray 120ML - (24x120) - 2332 ədəd, X14 Cleanser and Body Spray 100M - (48xl00) - 985 ədəd) çıxarılaraq geri qəbul edilməsi vəzifəsi RMA X3 Anonim Şirketinin üzərinə qoyulsun. Qalan hissədə qarşılıqlı iddia təmin edilməsin. Qarşılıqlı iddia və apellyasiya şikayəti üzrə ödənilmiş 330 manat məbləğində dövlət rüsumları RMA X3 Anonim Şirketindən tutularaq Cavabdeh MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar