Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-387/2025 18.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh2 qarşı iddia tələbi üzrə (Açar sözlər: prosessual müddətin ötürülməsi, müddətin ötürülməsinin üzrsüz hesab olunması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), X2 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə İddiaçı ASC-nin Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halı
1. İddiaçı ASC (iddiaçı) Cavabdeh2 (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, 15 740 manat (on beş min yeddi yüz qırx) manat borcun, 1500 (bir min beş yüz) manat cərimənin, 300 (üç yüz) manat vəkil xərcinin və 141,72 manat (bir yüz qırx bir manat yetmiş iki qəpik) dövlət rüsumunun cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktları
2. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 11 610 manat əsas borc, 500 manat dəbbə pulu, 300 manat hüquqi yardımla bağlı xərc, 127,23 manat dövlət rüsumu olmaqla ümumilikdə 12 537,23 (on iki min beş yüz otuz yeddi manat iyirmi üç qəpik) manatın İddiaçı ASC-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
3. Qətnamə xx.xx.2025-ci il tarixdə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün həmin tarixdə Bakı şəhəri Xətai Rayon İcra şöbəsinə göndərilmişdir.
4. xx.xx.2025-ci il tarixdə cavabdehin qətnamədən verdiyi apellyasiya şikayəti, eyni zamanda şikayət üzrə buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizəsi elektron sistemə yüklənmişdir.
5. Cavabdeh ərizəsini belə əsaslandırmışdır ki, qətnamədən xx.xx.2025-ci il tarixdə xəbər tutduğu üçün vaxtında şikayət verə bilməmişdir.
6. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə müddətin bərpasına dair ərizənin təmin olunmaması qərara alınmışdır.
7. Həmin qərardaddan cavabdehin verdiyi şikayət də təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Şikayət belə əsaslandırılmışdır ki, kifayət qədər əsas olduğu halda birinci instansiya məhkəməsi üzrlü səbəbdən buraxılmış 2 günlük müddətin bərpasına hüquqi qiymət verməkdə çətinlik çəkmiş, cavabdehin konstitusion şikayət etmək hüququnu olduqca kobud şəkildə pozmuşdur. Elektron kabinet vasitəsilə qətnamə xx.xx.2025-ci il tarixdə əldə edildikdən sonra xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti dərhal hazırlansa da, dövlət rüsumunun ödənilməsində çətinlik yarandığından şikayət xx.xx.2025-ci il tarixdə verilmişdir. Apellyasiya şikayətində tarix olaraq xx.xx.2025-ci il əks edilməsi şikayətin dərhal verilmə istəyinə əyani sübutdur. Birinci instansiya məhkəməsinin şikayət vermək hüququnu məhdudlaşdırması həqiqətən də təəccüb və təəssüf hissi doğurur.
Apellyasiya baxışı
9. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
10. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.
11. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
12. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
13. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
14. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri "Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.
15. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.
16. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər "Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış "elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
17. Maddə 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir.
18. Maddə 398.0.3. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır.
Apellyasiya baxışının həddi
19. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
Məhkəmə kollegiyasının mövqeyi
20. İş materiallarından görünür ki, məhkəmənin 12 dekabr 2024-cü il tarixli qətnaməsi Cavabdeh2 iştirakı ilə elan olunmuş, həmin tarixdə elektron məhkəmə informasiya sistemində kabineti olmadığı üçün qətnamə xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə onun ünvanına çatdırılmışdır.
21. İşdən həmçinin görünür ki, cavabdeh xx.xx.2025-ci il tarixdə elektron məhkəmə informasiya sistemində qeydiyyatdan keçmiş, qətnamədən xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti vermiş, apellyasiya şikayətinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbzə əsasən, dövlət rüsumu da xx.xx.2025-ci il tarixdə ödənilmiş, cavabdehin həmin tarixdən öncə apellyasiya şikayəti vermək niyyəti olmamış, müddətin bərpası barədə ərizədə apellyasiya şikayəti verilməsi müddətinin ötürülməsindən məlumatlı olduğunu qəbul etmişdir.
22. Üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyrimümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzürlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzürlü səbəblər kimi qəbul edilir.
23. Hazırki işin halları baxımından isə belə hallar yoxdur və cavabdehin qətnamədən şikayət vermə müddətini üzrlü səbəbdən buraxmış olması qənaətinə gəlmək mümkün olmamaqla, bununla bağlı hər hansı sübut ümumiyyətlə təqdim edilməmişdir.
24. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMKın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
25. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdeh qətnamədən şikayətini prosessual müddət keçdikdən sonra verdiyi və müddətin ötürülməsinin üzrlü səbəbi olmadığı üçün məhkəmə düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas təşkil etmir.
26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6209/2024 saylı iş üzrə 06 fevral 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Ziya Şirinov
Leyla Əliyeva