Məhkəmə qərarları › İş №2-2(103)-388/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-388/2025

04.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-388/2025 04.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı QSC-nin cavabdeh LPO Cavabdeh ASC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Əliyevanın sədrliyi və məruzəsi ilə, Təranə qızı Mahmudova və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə1 Nəmli oğlunun, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1111/2025 saylı qətnaməsindən cavabdeh LPO Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İşin halları:

1. İddiaçı QSC (icraçı) və Cavabdeh ASC (sifarişçi) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 968C nömrəli müqavilənin 1-ci bəndinə görə sifarişçinin sifarişi əsasında icraçı sifarişçinin əməkdaşlarına avtonəqliyyat xidmətlərinin göstərilməsini təşkil edir, sifarisçi isə öz növbəsində bunun müqabilində icraçıya hazırkı müqavilə ilə və hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavə 1-də müəyyən edilmiş qaydada və həcmdə xidmət haqqı ödəyir. Həmin müqavilənin: 4.2-ci bəndinə əsasən, hər ayın birinci iş günü icraçı tərəfindən sifarişçiyə keçən ay üçün xidmətlərin göstərilməsi haqqında müvafiq hesab-faktura təqdim edilir. 4.3-cü bəndinə əsasən, sifarişçi hesab-fakturanı aldığı tarixdən etibarən 5 (beş) iş günü ərzində ödənişləri həyata keçirir.

2. Avtonəqliyyat xidmətlərinin göstərilməsi haqqında xx.xx.2020-ci il tarixli, 968C nömrəli müqaviləyə Əlavə 1 ilə müqavilə üzrə xidmətlərin siyahısı və dəyəri razılaşdırılmışdır. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

3. İddiaçı QSC tərəfindən Cavabdeh ASC-yə xx.xx.2023-cü il tarixdə EBDL 658140 saylı (1033,61 manat), xx.xx.2023-cü il tarixdə EDDQ 258296 saylı (644,80 manat), xx.xx.2023-cü il tarixdə EBDT 152461 saylı (525,97 manat), xx.xx.2023-cü il tarixdə EBDU 894778 saylı (136,42 manat) elektron qaimələr təqdim edilmişdir.

4. 000İPX1232022BF1 nömrəli xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı əsasında 833,58 manat, 000İPX********** nömrəli xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı əsasında 814,29 manat, 000İPX********** nömrəli xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı əsasında 781,64 manat məbləğində pul vəsaiti Cavabdeh ASC tərəfindən İddiaçı QSC-nin bank hesabına köçürülmüşdür.

Birinci instansiya məhkəməsindəki icraat:

5. İddiaçı QSC cavabdeh LPO Cavabdeh ASC-yə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2340,80 manat əsas borc, 122,77 manat pul məbləğinin ödənilməsinin gecikdirilməsi üçün beş faiz və 44,63 məbləğində dövlət rüsumu, cəmi 2508,20 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ("xxxx") QSC ilə Cavabdeh ASC (“Sifarişçi”) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 968 C saylı Müqaviləsinin 1-ci bəndinə əsasən, Sifarişçinin sifarişi əsasında icraçı Sifarişçinin əməkdaşlarına avtonəqliyyat xidmətlərinin göstərilməsini təşkil edir, Sifarisçi isə öz növbəsində bunun müqabilində İcraçıya hazirkı müqavilə ilə və hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavə N 1-də müəyyən edilmiş qaydada və həcmdə xidmət haqqı ödəyir. Həmin Müqavilənin 4.2-ci maddəsinə əsasən, hər ayın birinci iş günü İcraçı tərəfindən Sifarişçiyə keçən ay üçün xidmətlərin göstərilməsi haqqında müvafiq hesab-faktura, elektron qaimə və təhvil-təslim aktı təqdim edilir. Həmin Müqavilənin 4.3-cü maddəsinə əsasən, Sifarişçi hesab-faktura elektron qaiməni və təhvil-təslim aktını aldığı tarixdən etibarən 5 (beş) iş günü ərzində ödənişləri həyata keçirir. Tərəflərrindən xidmətlərin tam yerinə yetirildiyinə baxmayaraq, cavabdeh tərəfindən heç bir ödəniş aparılmamışdır. Belə ki, hazırda cavabdehin 2463,57 manat məbləğində borcu qalmışdır.

7. İddia ərizəsinin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 442, 445.2.1, 445.7, 448.1, 448.2-ci maddələri göstərilmişdir.

8. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə yazılı vəsatət ünvanlayaraq cavabdehin ləğv prosesində olması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1111/2025 saylı qərardadı ilə vəsatət təmin edilməmişdir

10. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-111/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması ilə müəyyən olundu ki, cavabdehin iddiaçıya borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 968C nömrəli sərnişin daşınması müqaviləsindən irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilə üzrə xidmətlər göstərilmiş, lakin cavabdeh tərəfindən müqavilə ilə üzərinə düşən öhdəliklər tam həcmdə icra edilməmiş, bununla da cavabdehin iddiaçıya 2340,80 manat qalıq borcu yaranmışdır. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin sərnişin daşınması müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 2340,80 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia əsas borcun tutulması hissəsində əsaslı olduğu üçün təmin edilməli, cavabdehdən 2340,80 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 122,77 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə hesab etmişdir ki, işin araşdırılan hallarından cavabdehin öz öhdəliklərini vaxtında icra etmədiyi müəyyən edildiyindən iddiaçının tələbi həmin hissədə də əsaslıdır və təmin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, 2340,80 manat əsas borc, 122,77 manat faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 44,63 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 398.1, 399.1, 442, 445.1, 445.2, 445.7, 448.1, 448.2, 777.1, 783.2, 842.1, 842.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

13. Cavabdeh ASC LPO həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, aidiyyət qaydalarına əməl olunaraq iddianın rədd edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1111/2025 saylı qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi ilə qəbul edilmişdir. Bu səbəbdən də, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, apellyasiya şikayətinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Banklar haqqında AR Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatın dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır..” Konstitusiya Məhkəməsi həmin qərarında müəyyən etmişdir ki, müflis elan olunmuş banka qarşı və ya bankların iddiaçı olduğu iddialar iki qrupa bölünür. 1.Müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialar. 2.Müflis elan olunmuş bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarından göründüyü kimi Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, iflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı və ya bankın irəli sürdüyü) iddialar üzrə məhkəmə icraatının dayandırılması və ya xitam edilməsi Mülki Prosessual Məcəllənin 254cü maddəsinin tələbləri ilə uzlaşmadığından, həmin iddialar üzrə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Lakin bu kateqoriyadan olan işlərə bank fəaliyyətini həyata keçirdiyi və ya müflis elan olunduqdan sonra, iflas prosesində olan zaman banka qarşı kreditor tələbləri, həmçinin bankın kreditor kimi çıxış etdiyi tələblər üzrə işlər daxil deyil. Banklar haqqında Qanunun 72-ci maddəsinə əsasən Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinin tələbinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər göstərilməlidir. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində, lisenziyasının ləğvi, məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının qəbul etdiyi inzibati aktlar üzrə mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır. İddia tələbi üzrə aidiyyət qaydası pozulmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları:

16. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini xahiş etdi.

17. İddiaçının nümayəndəsi şikayətə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq:

18. Mülki Məcəllənin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrcə qüvvədə olmuş redaksiyasına əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

19. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2017-ci il tarixli qərarına əsasən “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır. İflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı və ya bankın irəli sürdüyü) iddialar üzrə məhkəmə icraatının dayandırılması və ya xitam edilməsi Mülki Prosessual Məcəllənin 254-cü maddəsinin tələbləri ilə uzlaşmadığından, həmin iddialar üzrə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Bu kateqoriyadan olan işlərə bank fəaliyyətini həyata keçirdiyi və ya müflis elan olunduqdan sonra iflas prosesində olan zaman banka qarşı kreditor tələbləri, həmçinin bankın kreditor kimi çıxış etdiyi tələblər üzrə işlər daxil deyil.

20. Mülki Prosessual Məcəllənin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri

21. Mülki Prosessual Məcəllənin: -372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. -372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Məhkəmə qeyd edir ki, hazırkı halda birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmiş, həmin qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirilmişdir. Odur ki, kollegiya hesab edir ki, qətnamənin əsaslığı tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

24. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı QSC ilə Cavabdeh ASC arasında xx.xx.2020-ci il tarixli, 968C nömrəli avtonəqliyyat xidmətlərinin göstərilməsi haqqında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh ASC-nin sifarişi əsasında İddiaçı QSC cavabdehin əməkdaşlarına avtonəqliyyat xidmətlərinin göstərilməsini təşkil etməklə müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmiş, Cavabdeh ASC isə xidmətlərin razılaşdırılmış dəyərini ödəməməklə müqavilə üzrə öhdəliklərini pozmuşdur.

25. Belə olan halda məhkəmə kollegiyası Cavabdeh ASC (ləğv prosesində olan) xx.xx.2020-ci il tarixli, 968C nömrəli avtonəqliyyat xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə İddiaçı QSC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin iddiaçıya borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – xidmət müqaviləsi üzrə borcun ödənilməsini - tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı QSC Cavabdeh ASC-dən (ləğv prosesində olan) xx.xx.2020-ci il tarixli, 968C nömrəli avtonəqliyyat xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə 2340,80 manat məbləğində borcun tutulmasını tələb etməkdə haqlıdır.

26. Mübahisəli avtonəqliyyat xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə xidmət haqqının ödənilməsi öhdəliyin gecikdirilməsinə görə 1 illik müddət üçün illik 5%-lə hesablanmış faizlərin ödənilməsi tələbinə münasibətdə məhkəmə qeyd edir ki, hazırkı işdə məhkəmə Cavabdeh ASC-nin xidmət haqqlarını müqavilə şərtlərinə uyğun olaraq hesabfakturanı aldığı tarixdən etibarən 5 iş günü ərzində ödənişləri həyata keçirməli olduğu halda hal-hazıradək ödəməməklə mübahisəli elektron qaimələr üzrə 1 ildən artıq müddətə gecikdirdiyini nəzərə alaraq hesab edir ki, İddiaçı QSC Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 faiz hesabı ilə mübahisəli müqavilə üzrə təxminən 1 il üçün cəmi 122,77 manat məbləğində pulun ödənilməsini tələb etməkdə haqlıdır.

27. Cavabdehin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməli olması barədə apellyasiya şikayətində irəli sürdüyü dəlilinə münasibətdə kollegiya qeyd edir ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsi Plenumunun qərarında ifadə edilmiş hüquqi mövqeyə uyğun olaraq hazırkı halda iddiaçının irəli sürdüyü iddia tələbi ləğv prosesində olan banka qarşı yönəldilmiş onun hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn tələb olmaqla tələbinin bir hissəsi bank müflis elan edildikdən sonra yarandığından mülki icraat qaydasında baxılmalıdır.

28. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

29. Məhkəmə xərclərinə münasibətdə kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

30. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:

Cavabdeh LPO Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1111/2025 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar