Məhkəmə qərarları › İş №2-2(103)-39/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-39/2021

13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-39/2021 13.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Məmməd Allahverdi oğlu Məmmədovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi (direktoru) Nümayəndə1 oğlunun iştirakı, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2(82)-18/2018 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxx 2018-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh “Cavabdeh” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Cavabdeh” MMC-dən 64527,26 manat məbləğində ödənilməli olan pul vəsaitinin və 30 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2-2(82)-18/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh “Cavabdeh” MMC-dən 32129,36 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 15 manatının tutularaq İddiaçı MMC-yə ödənilməsi qət olunmuşdur. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2-2(102)-73/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2-2(82)-18/2018 saylı qətnaməsi mübahisələndirilən hissədə - iddianın rədd olunması hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul olunmaqla iddia tələbi təmin olunmuş, cavabdeh “Cavabdeh” MMC-dən 32397,9 manat məbləğində borcun tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh “Cavabdeh” MMC həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-2(102)- 375/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-73/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunmuş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-2(102)-34/2020 saylı qətnaməsi ilə İddiaçı MMC-in apellyasiya şikayəti təmin edilməmiş və 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2(82)-18/2018 saylı xx xxx 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı MMC həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(102)-255/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-2(103)-34/2020 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi (direktoru) Nümayəndə1 oğlu isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, cavabdeh tərəfindən apellyasiya şikayəti verilmədiyini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın təmin olunmamış hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, satıcı İddiaçı MMC ilə alıcı “Cavabdeh” MMC arasında xx xxxxxx 2013-cü il tarixində N-SF-037 saylı alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malları alıcıya təhvil verməyi, alıcı isə həmin malları qəbul etməyi və dəyərini ödəməyi öz öhdəsini götürmüşdür. İddiaçı bildirir ki, həmin müqavilə üzrə 3 qaimə-faktura üzrə mal satılmış və cəmiyyətin sürücüləri tərəfındən daşınması və təhvil verilməsi həyata keçirilmişdir. Malların verildiyini elektron vergi hesab fakturaları və bundan sonra əlavə ödəniləcək məbləğlər barədə cavabdehə ünvanlanmış hesab fakturalarla təsdiq olunur. Cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri icra etməmiş və onun cəmi borcu 64527,26 manat təşkil edir. Cavabdeh iddiaya qismən etiraf edir və bildirir ki, tərəflər arasında bağlanılmış müqaviləyə uyğun olaraq dəyəri 36776 manat olan xx xxxxxx 2013-cü il tarixli, GZZ N 705029 saylı qaimə faktura əsasında 945 m uzunluğunda D250x14,8 mm olan plastik boru və yenə dəyəri 36776 manat olan xx xxxxxx 2013-cü il tarixli, GZZ N 705314 saylı qaimə faktura əsasında 945 m uzunluğunda D250x14,8 mm olan plastik boru onlar tərəfindən alınmışdır. Bu barədə qaimə fakturaları müəssisənin işçisi olmuş Rəsul Hüseynov imzalamışdır. Lakin xx xxxxxx 2013-cü il tarixli 705230 saylı qaimə-faktura onların adına yazılsa da, dəyəri 32397,20 manat olan 832,50 manat uzunluğunda olan D250x14,8 mm olan plastik borular onlar tərəfindən alınmamışdır. Belə ki, həmin qaimə-fakturadakı təhvil aldım yerində olan imza “Cavabdeh” MMC-yə məxsus deyildir. Həmin qaimə-fakturada göstərilmiş 32397,90 manat dəyərində olan 832,5 m plastik borulardan “Cavabdeh” MMCnin rəhbərlərinin və maddi-məsul şəxslərinin xəbəri yoxdur. Qaimə-fakturada təhvil verilmiş kimi “aldım” sözünün qarşısında icra edilmiş imza “Cavabdeh” MMC-nin əməkdaşlarına məxsus imza deyildir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə iddia əsaslıdır. Belə ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanılmış və həmin Məcəllənin 598.2-ci maddəsinə uyğun olaraq əşyanın dəyərinin hissə-hissə ödənilməsi razılaşdırılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların dəyərini satıcıya tam ödəməyi vəzifəsini yerinə yetirməmişdir. Sonuncu iki fakt isə aşağıdakılarla təsdiq olunur. Belə ki, hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(102)-255/2020 saylı qərarında göstərilmişdir ki, İddiaçı MMC həmçinin bu ödənişlərlə bağlı elektron vergi hesab-fakturalarını “Cavabdeh” MMC-ə göndərmiş (ıı cild i.v 19-21), lakin “Cavabdeh” MMC Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2009-cu il tarixli 156 nömrəli Qərarı ilə təsdiq olunmuş “Elektron vergi hesabfakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları”na müvafiq olaraq təqdim olunmuş elektron vergi hesab-fakturalarını qəbul edərək, onların (onlarda) ləğv (düzəliş) olunmasını xahiş etməmişdir. Bu hal x xxxx 2019-cu il tarixdə işə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi tərəfindən də etiraf olunmuşdur (ll cild: i.v.24). Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası x xxxxxxx 2019-cu il tarixli 2-2(102)375/2019 saylı qərarı ilə ÇZZ 705230 nömrəli xx xxxxxx 2013-cü il tarixli qaimə-faktura əsasında verilmiş elektron vergi hesab-fakturasının dolayı sübut dəyərinə malik olması kimi qiymətləndirərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının x xxxx 2019-cu il tarixli, 2- 2(102)-73/2019 saylı qətnaməsinı ləğv etdikdən sonra işə yenidən apellyasiya instansiyası məhkəməsində baxılarkən onun müraciətinə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsindən xx xxxxxx 2019-cu il tarixli **********274000 saylı “məlumatın təqdim edilməsi barədə” cavab olaraq bildirilmişdir ki, İddiaçı MMC tərəfindən “Cavabdeh” MMC-yə təqdim edilmiş x xxxxxx 2013-cü il tarixli HF 103372 nömrəli, xx xxxxxx 2013-cü il tarixli HF127627 nömrəli, xx xxxxxx 2013-cü il tarixli HF143623 nömrəli elektron vergi hesabfakturaları alıcı tərəfindən oxunmuş və elektron vergi hesabfakturalarının ləğv edilməsi halı aşkar edilməmişdir. Həmin İdarənin x xxxxxx 2020-ci il tarixli **********74100 saylı ikinci cavabında da elektron vergi hesab-fakturalarının İddiaçı MMC tərəfindən “Cavabdeh” MMC-yə təqdim edildiyi onların ləğv edilməsi halının aşkarlanmadığı göstərilmişdir. Beləliklə işə ikinci dəfə apellyasiya qaydasında baxılarkən bilavasitə dövlət orqanı cavabdehin, o cümlədən qəbul etmədiyi ÇZZ 705230 nömrəli xx xxxxxx 2013-cü il tarixli qaimə-faktura əsasında xx xxxxxx 2013-cü il tarixli HF127627 nömrəli elektron vergi hesab-fakturasının da cavabdeh tərəfindən oxunduğu, bu sənədin ləğv edilməsi halının aşkarlanmadığı təsdiq olunmuşdur. Bu cür vəziyyət isə həmin elektron vergi hesab-fakturasının hazırkı iş üzrə aşağıda vurğulanlarla əlaqəli surətdə birbaşa sübut kimi qiymətləndirilməsini labud edir. Belə ki, Vergi Məcəlləsinin 176-cı maddəsində vergi ödəyicisi malın alıcısına (işlərin, xidmətlərin sifarişçisinə) elektron vergi hesab-fakturasını mal göndəriləndən (iş görüləndən, xidmət göstəriləndən) sonra 5 gündən gec olmayaraq verməyə borclu olması nəzərdə tutulurdu (Vergi Məcəlləsinin 176.3-ci maddəsi). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2009-cu il tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesabfakturalarının tətbiqi, uçotu və istifadəsi Qaydaları"nın 5.2-ci bəndində də nəzərdə tutulmuşdur ki, vergi ödəyicisi (satıcı) malın (işin, xidmətin) alıcısına (sifarişçisinə) elektron vergi hesab-fakturasını Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq mal (iş, xidmət) təqdim edildikdən sonra 5 gün müddətində verməlidir. Elektron vergi hesab-fakturanın ləğvi fakturanı təqdim edən vergi ödəyicisi (satıcı) tərəfindən aparılır. Elektron vergi hesabfakturası ləğv edildikdən sonra alıcının e-qutusuna bu barədə məlumat göndərilir. Məlumat göndərildikdən sonra elektron vergi hesab-fakturası üzərində düzəliş aparıla bilməz, yalnız ləğv olunub yenisi (dəqiqləşdirilmişi) yaradılmalıdır. Belə halda alıcı vergi ödəyicisinə (satıcıya) müraciət edərək, təqdim olunmuş elektron vergi hesab-fakturasının ləğvini xahiş edə bilər və ləğvetmə vergi ödəyicisi (satıcı) tərəfindən həyata keçirilir (bu Qaydaların 5.4-cü bəndi). Beləliklə yuxarıda göstərilən qanunvericilik normalarından belə aydın olur ki, vergi ödəyicisi olan satıcı tərəfindən elektron vergi hesab-fakturaları alıcıya təhvil verilmiş mallara dair qaimə-fakturalar əsasında tərtib edilir, vergi ödəyicisi alıcı barəsində onlarla razılaşmadıqda satıcıya müraciət edərək, təqdim olunmuş elektron vergi hesab-fakturasının ləğvini xahiş edə bilməsi imkanı nəzərdə tutulur və yalnız alıcının elektron vergi hesab-fakturası ilə razılaşdığı (onları bəyəndiyi) təqdirdə bu fakturalar mütləqlik keyfiyyətinə malik olurlar. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, hazırki işə münasibətdə cavabdeh (onun müvafiq səlahiyyətli nümayəndəsi) ÇZZ 705230 nömrəli xx xxxxxx 2013-cü il tarixli qaimə-faktura əsasında xx xxxxxx 2013-cü il tarixli HF127627 nömrəli elektron vergi hesab-fakturası da daxil olmaqla hər 3 elektron vergi hesabfakturalarını görmüş, məzmunlarındakı məlumatları başa düşərək onları qəbul etmiş, bu sənədlərin doğruluğunu şübhə altına almamış, onlardan hər hansı birinin ləğvi ilə əlaqədar iradə ifadəsi bildirməmişdir. Həmin elektron vergi hesab-fakturalarının qəbul olunması (ləğv edilməsinə təşəbbüs göstərilməməsi) faktı isə onların yaratdığı hüquqi nəticələrin (o cümlədən, bu elektron vergi hesab-fakturalarının tərtib edilməsinə əsas olmuş əmtəə ilə bağlı cavabdehin özünün vergi öhdəliyinin yaranması, Vergi Məcəlləsinin 176-cı maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2009-cu il tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadəsi Qaydaları"nın 5.2.-ci bəndin riayət edilməsi də daxil olmaqla) cavabdeh tərəfindən öncədən görülməsi halı kimi qiymətləndirilməlidir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli Qərarına görə MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburidir. Bu baxımdan kollegiya hesab edir ki, məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli 4/84 nömrəli rəyi ilə xx.xx.2013-cü il tarixli 705230 nömrəli qaiməfakturada “Təhvil aldım” qrafasındakı imzanın cavabdehin əməkdaşları (Soltan Rəhimov və Rəsul Hüseynov) tərəfindən imzalanmadığı müəyyən edilsə də, iddiaçının təqdim etdiyi xx xxxxxx 2013-cü il tarixli HF127627 nömrəli elektron vergi hesab-fakturası əsasında cəmi 32397,9 manat dəyərində malın iddiaçı tərəfindən cavabdehə təhvil verilməsi halı tam təsdiq olunur. Ona görə də, iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən həmin mallara görə ödənilməyən 32397,9 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır və həmin hissədə iddia tam əsaslıdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmamış hissəsində ləğv edilməli, yuxarıda göstərilən əsaslara görə həmin hissədə iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2(82)-18/2018 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxx 2018-ci il tarixli qətnaməsi iddianın təmin olunmamış hissəsində ləğv edilsin və iddia həmin hissədə təmin edilsin. Cavabdeh “Cavabdeh” MMC-dən 32397,9 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar