Məhkəmə qərarları › İş №2-2(103)-39/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-39/2024

14.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-39/2024 14.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pulun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə3, iddiaçının nümayəndələri X4 və Nümayəndə2 və cavabdehin nümayəndəsi və vəkil X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1752/2023 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İddiaçı MMC (alıcı) ilə Cavabdeh MMC (satıcı) arasında 01 mart 2022-ci il tarixdə “Cubics BMS” Proqram təminatı üçün lisenziyanın alqı-satqı müqaviləsi bağlanmışdır.

2. Həmin müqavilənin 1-ci bəndinə əsasən Proqram-Cubics BMS əsas və yardımçı modullardan ibarət link formasında çalışan proqram təminatıdır. Proqram təminatı tətbiq vəziyyətində xidmət kimi təqdim edilir. Lisenziya - proqram istifadəçisinə proqramı aktiv etməyə və istifadə etmək hüququ verən simvol dəsti (istifadəçi adı və şifrə).

3. Həmin müqavilənin 2-ci bəndinə əsasən satıcı proqramdan istifadə hüququ üçün lisenziyanı alıcıya domen vasitəsi ilə şəxsi səhifəsinin, xüsusi ad və şifrənin yaradılmasını öz öhdəsinə götürür, alıcı isə proqramdan istifadəsi üçün lisenziyanın dəyərinin və xidmət haqqının ödənişinin müqavilənin şərtlərinə uyğun həyata keçirməyi öhdəsinə götürür.

4. Müqavilənin 4.1.1-ci bəndinə əsasən alıcıya proqramdan istifadə üçün lisenziyanı bu müqavilənin şərtlərinə əsasən ödəniş olunduğu təqdirdə təqdim etmək satıcının öhdəliyidir.

5. Müqavilənin 4.4.2-ci bəndinə əsasən müqaviləyə əsasən edilmiş ödənişlər müqabilində satıcıdan müqavilə üzrə xidmətlərin göstərilməsini tələb etmək alıcının və proqram istifadəçisinin hüququdur.

6. Müqavilənin 5-ci bəndinə əsasən hazırkı müqavilə üzrə təqdim edilən xidmətlərinin qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “Tariflər” (Əlavə 2) ilə müəyyən edilir və bu müqavilə müddəti ərzində etibarlı sayılır. “Tariflər” (Əlavə 2) öz əksini tapmış şərt və müddəalara əsasən müəyyən edilmiş Lisenziyanın dəyəri təqdim edilmiş hesab-fakturaya əsasən 5 (beş) iş günü ərzində satıcının bank hesabına ödənilir.

7. Müqavilənin 6.1-ci bəndinə əsasən müqavilə iki tərəfdən imzalandığı və alıcı tərəfindən avans ödənişi həyata keçdiyi andan qüvvəyə minir.

8. Müqavilənin 7-ci bəndinə əsasən tərəflər müqavilə üzrə öhdəliklərin icra edilməməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır.

9. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

10. İddiaçı MMC (alıcı) ilə Cavabdeh MMC (satıcı) arasında bağlanmış “Cubics BMS” Proqram təminatı üçün lisenziyanın alqı-satqı müqaviləsinə B-3 nömrəli 1 saylı əlavəsinə əsasən Cavabdeh MMC və İddiaçı MMC “Cubics BMS” Proqram təminatı ilə bağlı texniki tapşırıqlar barədə razılığa gəlmişlər.

11. Texniki tapşırığın 22-ci bəndinə əsasən proqramda “məhsul nümunəsi” adlanan bölüm olmalı və həmin bölümdə tarix, müştəri adı, satış meneceri, miqdarı, statusu kimi məlumatların qeydə alınması imkanı olmadır.

12. Əlavə 1 hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

13. İddiaçı MMC (alıcı) ilə Cavabdeh MMC (satıcı) arasında bağlanmış “Cubics BMS” Proqram təminatı üçün lisenziyanın alqı-satqı müqaviləsinə B-3 nömrəli 2 saylı əlavəsinə (tariflər) əsasən Cavabdeh MMC-nin alıcı İddiaçı MMC-yə təhvil veriləcək “Cubics BMS” proqram təminatının dəyəri 15.340 manat (13.000 manat+2.340 manat ƏDV), “Cubics BMS” proqram təminatının texniki dəstəyinin (illik) dəyəri 1.534 manat (1.300 manat+234 manat ƏDV) təşkil edir. 1-ci ödəniş 7.670 manat, yekun ödəniş 7.670 manat (sistemin satıcı tərəfindən təhvili zamanı) olacaq. Qeyd: “Cubics BMS” proqram təminatı 30-45 iş günü ərzində təhvil veriləcək.

14. Əlavə 2 hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

15. İddiaçı MMC tərəfindən 2 saylı əlavəyə əsasən Cavabdeh MMC-yə 2 dəfəyə ödənilməklə 13.000 manat vəsait, 2.340 manat ƏDV (18%) ödənilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

16. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 01 mart 2022-ci il tarixli, B-3 nömrəli “Cubics BMS” proqram təminatı üçün lisenziyanın alqı-satqı Müqaviləsinə 2 saylı əlavəyə əsasən cavabdehə ödənilmiş cəmi 15.340 manat pul vəsaitinin, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 (iki yüz) manat məbləğində rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. İddiaçı bildirir ki, 01 mart 2022-ci il tarixli B-3 nömrəli “Cubics BMS” proqram təminatı üçün lisenziyanın alqı-satqı müqaviləsi üzrə alıcı, yəni İddiaçı MMC Müqaviləyə əlavə N-2 də göstərilən məbləği tam ödəməsinə baxmayaraq, bu günədək satıcı Cavabdeh MMC müqavilənin 4.1.1-ci bəndi ilə üzərinə düşən öhdəliyi icra etmir. Cavabdeh müqavilənin 2, 4 və 7-ci bəndlərində əsasən öhdəlik və məsuliyyət daşıyır. Həmçinin B-3 nömrəli “Cubics BMS” proqram təminatı üçün lisenziyanın alqı-satqı müqaviləsinə 1 nömrəli əlavəyə əsasən Cavabdeh MMC-yə proqramın təhvil verilməsi ilə yanaşı texniki tapşırıq da verilmişdir ki, həmin texniki tapşırığa əsasən Cavabdeh MMC öz üzərinə proqramın təhvil verilməsi ilə yanaşı həmin texniki tapşırıqda göstərilən bütün məsələlərin həmin proqramda əks olunmasına da təminat vermişdirlər, lakin bu günədək proqram onlara təhvil verilmədiyindən cavabdeh tərəfindən həmin 2 saylı əlavənin də şərtlərinə əməl edilməmiş, nəticədə müqavilədə göstərilən hüquqları tamamilə pozulmuşdur. Həmçinin Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış 01 mart 2022-ci il tarixli, B3 nömrəli “Cubics BMS” proqram təminatı üçün lisenziyanın alqı-satqı Müqaviləsinə 2 saylı əlavəyə əsasən tərəflərindən müqavilə üzrə ödənilməli olan 15.340 manat məbləğində vəsait ödənildikdən sonra, cavabdeh tərəfindən 30-45 gün ərzində “Cubics BMS” proqram təminatı təhvil verilməli idi. Lakin bu günədək onlar tərəfindən müqavilədə nəzərdə tutulan pul vəsaitinin cavabdehə ödənilməsinə baxmayaraq cavabdeh tərəfindən 30-45 gün ərzində onlara təhvil verilməli olan proqram hələ də təhvil verilməmiş, həmin müqavilədə və həmin əlavədə göstərilmiş şərtlərin heç biri yerinə yetirilməmiş, nəticədə İddiaçı MMC-yə həm proqram təminatının təhvil verilməməsi səbəbindən, həm də Cavabdeh MMC-nin bank hesabına köçürülmüş pul məbləğinin geri qaytarılmaması səbəbindən maddi ziyan dəymişdir.

18. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, müqaviləyə əsasən İddiaçı MMC tərəfindən təqdim edilmiş texniki tapşırıq əsas götürülərək Cavabdeh MMC tərəfindən “Cubics BMS” proqram təminatı tam olaraq hazırlanmış və iddiaçıya təqdim edilmişdir. İddiaçı tərəfindən iddia ərizəsində qeyd edilmiş fikirlər həqiqətə uyğun olmayan və təhrif edilmiş qeydlərdən ibarətdir. Belə ki, Cavabdeh MMC tərəfindən sifariş verilmiş proqram təminatının icrasına 01 mart 2022-ci il tarixində imzalanmış müqavilə tarixinə əsasən deyil, müqavilə şərtlərinə uyğun olaraq avans ödənişinin icrasından sonra, yəni xx.xx.2022-ci il tarixindən etibarən başlanmışdır. “Cubics BMS” proqram təminatının icrasına 4 proqramçı heyəti ayrılmış, qəbul edilmiş öhdəlik üzrə İddiaçı MMC tərəfindən verilmiş tapşırığa əsasən yüksək keyfiyyətdə individual sistem hazırlanaraq İddiaçı şirkətinə təhvil verilmişdir. “Cubics BMS” proqram təminatı təhvil verildikdən sonra Cavabdeh MMC tərəfindən üzərinə götürdüyü öhdəlik üzrə İddiaçı MMC-yə, həmçinin şəxsən MMC-nin rəhbərinə ayrı-ayrılıqda 5 dəfə (xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022) müxtəlif vasitələrlə təlimlər keçirilmişdir. Təlimlər və görüşlər nəticəsində “Novator HRC" MMC tərəfindən proqram təminatı üçün yeni istəklər-tapşırıqlar verilmiş və bunun müqabilində bütün tapşırıqlar tərəflərindən icra olunmuşdur. 2022-ci ilin dekabr ayından etibarən isə İddiaçı MMC tərəfindən faktiki istifadə etdikləri proqramın (bütün texniki tapşırıqlar və istəklərin imza edərək verdiklərinə baxmayaraq) onları qane etmədiyi bildirilmiş və ödənişi geri tələb etməyə başlamışlar. Bütün bunlara baxmayaraq, tərəflərindən İddiaçı MMC-ə göndərilən məktublarda və Mediasiya sessiyası zamanı proqram təminatının hansı sahədə onları qane etmədiyi dəfələrlə soruşulmuş, Cavabdeh MMC olaraq əlavə təlimlərin keçirilməsi təklif edilmişdir. Bütün təkliflərə İddiaçı MMC imtina ilə qarşılıq vermişdir. İddiaçı tərəfindən yazılmış iddia ərizəsində “Cubics Technology'’ MMC-nin öz öhdəliyini pozması və proqram təminatını təhvil vermədiyi qeyd edilmişdir. Halbuki tərəflərin təsdiq etdiyi “Cubics BMS” Proqram Təminatı üçün lisenziyanın alqı-satqı müqaviləsinə Əlavə-2 də yekun ödənişin (7670 manat) sistemin təhvili zamanı həyata keçiriləcəyi qeyd olunmuş və bu qeyd rəhbər tutularaq proqram təminatı təhvil verildikdən sonra yekun ödəniş həyata keçirilmişdir. İddiaçı tərəfindən yazılmış iddia ərizəsində müqaviləyə edilmiş 2 saylı əlavənin şərti təhrif edilmiş, yekun ödəniş edildikdən 30-45 iş günü ərzində proqram təminatının təhvil veriləcəyi yazılmışdır. Halbuki, 2 saylı əlavədən də göründüyü kimi 30-45 iş günü müddətinin yekun ödənişlə heç bir əlaqəsi yoxdur və bu müddət proqram təminatının ümumi hazırlanaraq təhvil verilmə müddətini tənzimləyir. Cavabdeh MMC tərəfindən bu müddət də pozulmamış, xx.xx.2022-ci il tarixədək proqram təminatı təhvil verilmişdir. Proqram təminatı təhvil verildikdən sonra, müqaviləyə edilmiş 2 saylı əlavənin şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən yekun məbləğ ödənilmişdir. İddiaçı tərəfindən yazılmış iddia ərizəsində Cavabdeh MMC-nin bu günə qədər proqram təminatını təhvil vermədiyi, dolayısı ilə müqavilə öhdəliyini icra etmədiyi bildirilmişdir. Lakin mediasiya sessiyası zamanı iddiaçının nümayəndəsinə və telefon vasitəsi ilə birbaşa şirkətin rəhbərinə proqram təminatı təhvil verilmədiyi halda hansı səbəbdən ödəniş edilməsi sualına tutarlı cavab verə bilməmişlər. Eyni zamanda, keçirilən təlimlərdə iddiaçı tərəfindən əlavə tapşırıqlar verildiyi, proqramı istifadə etdikləri açıq şəkildə bildirilmişdir.

19. İddiaçı cavabdehin dəlillərinə etiraz edir və bildirir ki, cavabdehin vəkilinin təqdim etdiyi etirazda xüsusilə vurğuladığı iki məsələ, guya mediasiya zamanı İddiaçı MMC-nin proqramın qane etməməsini göstərməsi və cavabdehin əlavə təlimlərin keçirilməsi ilə bağlı təkliflərinə imtina etmələri, digər məsələ isə sözügedən müqavilənin 2 saylı əlavəsində göstərilən məbləğin proqram təminatının həyata keçirilməsi səbəbindən iddiaçı tərəfindən ödənilməsi tamamilə əsassızdır. Birincisi, mediasiya zamanı İddiaçı MMC-nin hansı proqramın qane etməməsi və cavabdehin əlavə təlimlərin keçirilməsi ilə bağlı təklif verməsi onsuz da sözügedən proqram təminatının icra edilməməsi səbəbindən maddi və işgüzar nüfuzu ilə bağlı ziyanla üz-üzə qalmış şirkətlərinin tələbinə cavab vermir. İkincisi, İddiaçı MMC qeyd olunan müqavilə üzrə birtərəfli qaydada öhdəliklərini tam icra etdiyi halda, Cavabdeh MMC müqaviləyə əsasən satdığı proqram təminatını və müqavilənin 2, 4 və 7-ci bəndləri ilə üzərinə düşən öhdəliklərini bilərəkdən icra etmədiyini və İddiaçı MMC-nin ödənişi etməsini öz işlərinin icrası kimi qələmə verməklə bir başa etdikləri məsuliyyətsizlikləri pərdələməyə çalışmışdır. Lakin, İddiaçı MMC tərəfindən verilmiş iddia ərizəsində və həmin iddia ərizəsinə əlavə olunmuş sənədlərlə tam sübut olunur ki, Cavabdeh MMC müqavilənin 4.1.1-ci bəndi ilə üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə ki, müqavilənin 4.1.1-ci bəndinə əsasən alıcıya proqramdan istifadə üçün lisenziyanı bu müqavilənin şərtlərinə əsasən ödəniş olunduğu təqdirdə təqdim etmək öhdəliyi birmənalı olaraq Cavabdeh MMC-nin üzərinə düşür. Göründüyü kimi Cavabdeh MMC müqavilənin sözügedən şərtini kobud şəkildə pozmuşdur və hətta proqramın rəsmi təhvil-təslim olunmasının da həyata keçirilməsi üçün hər hansı addım atmamışdır. Həmçinin, "xxxx" MMC proqram təminatı ilə bağlı İddiaçı MMC tərəfindən ilkin pul vəsaitinin ödənilməsindən sonra 30-45 gün ərzində B-3 nömrəli “Cubics BMS” proqram təminatını iddiaçıya təhvil verilməli idi. Digər tərəfdən, iddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh tərəfindən proqram təminatının təmin edilməməsi nəticəsində İddiaçı MMC artıq mövcud fəaliyyətini normal ofis rejimində davam etdirə bilməyəcəyi təhlükəsi ilə üz-üzə qalmış və bu səbəbdən də oxşar proqram təminatının əldə edilməsi zərurətini nəzərə alaraq 22 noyabr 2022-ci il tarixdə başqa bir şirkətlə müqavilə imzalamaq məcburiyyətində qalmışdır. Bunun nəticəsində İddiaçı MMC ciddi maliyyə çətinliyi ilə qarşılaşmışdır.

20. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 izahatında həmçinin bildirmişdir ki, elektron yazışmalardan bəlli olur ki, təlim POS-dan – satış sistemindən istifadə ilə bağlı olmuşdur. Yazışmalardan görünür ki, proqramın təhvil verilməsi nəzərdə tutulduğu tarixdən sonra tərəflərindən istifadə ilə bağlı suallar qoyulmuşdur. Həmin suallar texniki tapşırığın 22-ci bəndində qeyd edilən məsələlər ilə bağlı idi. Yazışmalarda və ya hər hansı bir sübutda proqramın tam təhvil verilməsi faktı yer almır. Qarşı tərəf mövcud olduğunu qeyd etdiyi proqramın tam hazır versiyasını təqdim etməli idi. Nümayəndə1 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, cavabdeh tərəfindən onlara texniki tapşırığa cavab verən proqram təhvil verilməmişdir. Ona verilən məlumata görə sistem tam hazırlanmamış, tələb edilən keyfiyyətdə olmamışdır. Hazırda istifadə etdikləri sistemi başqa şirkət hazırlamışdır. Başqa şirkət ilə bağladıqları müqaviləni kommersiya sirri olması səbəbilə təqdim etmir. Sonuncu dəfə xidmət haqqı onlara sistemin hazırlanmasının davam etməsi və cavabdehin proqramın üzərində işləməyə davam etmələri ilə bağlı ödənilib. Şirkətləri təmizlik avadanlıqlarının satışı ilə məşğul olur.

21. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, cavabdeh onlara tam hazır proqram təhvil verməmişdir. Belə olan halda təhvil-təslim aktı tərtib edilərdi. Qarşı tərəf qeyd edir ki, şirkətin rəhbəri proqrama daxil olmuş və bununla bağlı sənəd təqdim etmişdir. Əgər proqramdan istifadə etmişlərsə, cavabdeh real satışları əks etdirən sənədləri təqdim etsinlər. Proqramdakı problem onunla bağlı idi ki, proqram texniki tapşırığın 22-ci bəndinə cavab vermirdi. Cavabdehin yaratdığı proqramdakı çatışmamazlığa görə, endirimdə olmayan məhsullar endirimdə olan mallar kimi göstərilirdi, bu da qısa müddət ərzində onları maddi ziyana salacaqdı. Onlar müştərilərə nümunə məhsul göndərirlər və bunun qeydiyyatını aparmalı idi. Sistemdə hansı satıcının hansı müştəriyə mal satdığı və bunun nəticəsi göstərilməli idi. Eyni zamanda mal qalığı səhv göstərilirdi. 03 iyunda proqram təhvil verilməli idi. Lakin onlar humanistlik göstərib cavabdehə vaxt vermişlər. Nümayəndə2 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, proqramların hazırlanması üzrə bağlanılan müqavilələrə texniki tapşırıq əlavə edilir. Tapşırığın bir bəndinə belə riayət edilməsə şirkətə xeyli ziyan dəyə bilər. Qüsurlar barədə qarşı tərəf məlumatlı idi. Hər təlimin sonunda cavabdeh qüsurlar barədə siyahı tərtib edirdi. Yəni şifahi olaraq bildirilmişdir. Ödənişin edilmə səbəbi isə ondan ibarətdir ki, müqavilənin şərtinə görə ödəniş edildikdən sonra proqram göndərilir. Danışıqların ardıcıllığına baxsalar görərlər ki, proqramda qüsurlar olduğunu cavabdeh tərəf özləri qeyd edirlər.

22. Cavabdehin nümayəndəsi və vəkili X2 izahatında bildirmişdir ki, iddiaçının tələbinə əsasən individual sistem yaradılmışdır. Yaradılmış sistem ilə bağlı 5 dəfə təlim keçirilmişdir. 2022-ci ilin dekabr ayından isə iddiaçı şirkət yaradılmış sistemin onları qane etmədiyini bildirirdi. Təlimlərin keçirilməsi ilə bağlı görüntülü səs yazıları var. Eyni zamanda bu məsələ ilə bağlı onların şirkətin mütəxəssisləri şahid kimi və ya nümayəndə kimi dindirilə bilərlər. İddiaçı proqramdan razı deyildirsə iyun ayında ödəniş etmədən əvvəl bildirərdi. İddiaçı MMC tərəfindən məhkəməyə sübut kimi təqdim edilmiş vatsap səs yazısında bəhs edilən və tamamlanması soruşulan “task”lar və əlavə qeydlərin proqrama daxil edilməsi funksiyası texniki tapşırıqda olmayan, iddiaçının özü tərəfindən icra edilməli olan əməliyyatlardır. Lakin, şirkətlər arasında olan dostluq münasibətləri və cavabdeh tərəfindən köməklik və dəstək kimi xoş niyyətlərin sərgilənməsi məqsədi ilə bu kimi əməliyyatları da "xxxx" MMC-nin əməkdaşları icra etmişdir. Müəssisələr arasında olmuş yaxşı münasibətlərə arxayın olan cavabdeh müəssisənin əməkdaşları inam və etibara güvənərək hansısa bir təhviltəslim aktını imzalatmağa ehtiyac görməmiş, bəlkə də yeganə səhvləri bu xoş niyyətləri olmuşdur. İddiaçı heç vaxt proqram ilə bağlı olan problemlər barədə məlumat verməmişdir. Eyni zamanda, tərəflərindən iddiaçıya dəfələrlə müstəqil ekspertin dəvət edilməsini, müqavilədə qeyd edilmiş texniki tapşırıqlara əsasən proqram təminatının hazır olmasını və işləməsini müzakirə etmək, hətta əlavə istəkləri varsa onun da əlavə edilməsini və yeni təlimlərin keçirilməsi təklif edilsə də, qarşı tərəf bundan imtina etmişdir. Təqdim etdikləri sənədlərin iddiaçının qanuni təmsilçinin sənədlərdə qeyd edilən əməliyyatları icra etdiyini sübuta yetirir.

23. Cavabdehin nümayəndəsi X8 izahatında bildirmişdir ki, onlar proqramı iddiaçıya iyun və ya iyul ayında təhvil vermişlər. Daha sonra dekabr ayında iddiaçı bildirdi ki, ödədikləri pul vəsaitini geri istəyirlər və proqram onların tələblərinə uyğun deyil. Onlar da iddiaçıya işçilərinə təlim keçirilməsi ilə bağlı nümayəndələrinin göndərəcəklərini bildirdilər, razılıq əldə edildi, lakin sonradan öyrəndilər ki, iddiaçı artıq başqa şirkət ilə müqavilə bağlamışdır. Onlar iddiaçı şirkətin qanuni təmsilçisinin proqramdan istifadə etməsi, proqrama daxil olması barədə sübutları var. C.Əliyev məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, proqram təminatı bulud formatıdır. Yəni proqram bulud adlı formatda yerləşdirilir. Bir növ proqram elə bir yerə yerləşdirilir ki, istifadəçi ona konkret kompyuterdə deyil, istənilən yerdə daxil ola bilər. İşgüzar adətlərə uyğun olaraq proqram hazır olduqdan sonra müştəriyə məlumat verirlər və təlim keçirilir. Təlimdə bütün texniki tapşırıqda olan məsələlər yer alıb. Həmin təlimdə bütün məsələlər izah edilmişdir. Proqram indi də buluddadır. İstənilən vaxt proqrama daxil olub baxış keçirmək olar. Təlim proqram təminatının istifadəsi ilə bağlı idi. Onlar proqramı iyun və iyul ayında təhvil vermişlər. Proqramı təhvil vermələrini onunla sübuta yetirirlər ki, proqramı təhvil verməsinə iddiaçı yekun ödəniş etməzdi. Eyni zamanda qanuni təmsilçinin proqramdan istifadə etməsi ilə bağlı sübutları var. Texniki tapşırığın 22-ci bəndinə əsasən proqramda göstərilməli olan məhsul nümunəsi hissəsi proqramda mövcuddur. İstənilən vaxt göstərə bilərlər. POS sistemi satış sistemi deməkdir. Nümunə anbar uçotudur. Nomenklaturanı təlim videosunda da göstərə bilərlər. Cubic POS proqram təminatının adıdır. Texniki tapşırıqda olan hər bir tapşırığın təlimi olmuşdur. İyun ayından sonra onlara olan müraciətlər proqramın təhvil verildikdən sonra yaranan suallardır. Əlavə qeydlər olduğu zaman onlar müştərilərə etiraz etmirlər. Belə olan halda, tapşırıq siyahısı tərtib edirlər və qarşı tərəfə göndərirlər.

24. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1752/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

25. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə prosesi zamanı iddiaçının təqdim etdiyi istər texniki vasitələrlə olan yazışmalara aid sübutlarda, istərsə də müqavilə və ona əlavə olunmuş sənədlərdə birbaşa təsdiq olunur ki, cavabdeh "xxxx" MMC 01 mart 2022-ci il tarixli, B-3 nömrəli “Cubics BMS” proqram təminatı üçün lisenziyanın alqı-satqı müqaviləsinin 2, 4 və 7-ci bəndləri ilə üzərinə düşən öhdəliklərini icra etməmişdir. Məhsul nümunəsinin göndərilməsi proqram təminatı üçün lisenziyanın (və proqramaçarlarının) təhvil verilməsi demək deyil. Birincisi ona görə ki, Cavabdeh MMC müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməyə başlaması üçün istənilən halda məhsul nümunəsini və sınaq testləri həyata keçirməli idi və bu lisenziyalı proqramın tam işlək vəziyyətə gətirilməsi və ofis rejimində tam fəaliyyətə yararlı şəkildə təhvil verilməsi demək deyildir. Digər tərəfdən sınaq nümunələrin göndərilməsi o məqsədi daşıyır ki, yekunda təhvil-təslim aktı əsasında təhvil verilməsi nəzərdə tutulan lisenziyalı açarların iddiaçıya təhvil verilməsi üçün tələb olunan alətlər və xüsusiyyətlər tam öz əksini tapmiş olsun. Odur ki, məhsul nümunəsinin sınaq üçün təqdim edilməsi hələ müqavilənin predmeti olan məhsulun təqdim edilməsi demək deyildir. Müqavilənin 4.1.1-ci bəndinə əsasən Alıcıya proqramdan istifadə üçün Lisenziyanı bu Müqavilənin şərtlərinə əsasən ödəniş olunduğu təqdirdə təqdim etmək öhdəliyi birmənalı olaraq Cavabdeh MMC-nin üzərinə düşür. Göründüyü kimi Cavabdeh MMC müqavilənin sözügedən şərtini kobud şəkildə pozmuşdur və hətta proqramın rəsmi təhvil-təslim olunmasının da həyata keçirməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, məhkəmə baxış iclası zamanı proqrama baxış keşirilmiş, məhsul nümunəsi bölməsinin mövcud olması və işləməsi də müşahidə olunmuşdur. Həmçinin iddiaçı öz apellyasiya şikayətində iddiaçının nümayəndələri tərəfindən məhkəmə iclasında onlara təhvil verilmiş proqram təminatının beta (test) versiyası olduğunu heç bir əsas olmadan iddia etmişlər. Belə ki, iddiaçıya təhvil verilmiş proqram beta versiyası olsaydı, bu zaman iddiaçıya məxsus məlumatlar həmin proqram təminarına əlavə oluna bilməzdi. Çünki, bu məlumatlar şirkətin kommersiya məlumatlarıdır ve heç bir proqramın test variantına belə məlumatlar əlavə oluna bilməz. Həmçinin, proqram təminatından çıxarılmış səhifədən görünür ki, "xxxx" MMC-nin direktoru Rəşad Çavqalov tərəfindən xx.xx.2022, xx.xx.2022 ve xx.xx.2022-ci il tarixlərində proqram təminatına müxtəlif qeydler əlavə edilmiş va ya silinmişdir. Eyni zamanda, vatsapp yazışmalarından görünür ki, xx.xx.2022-ci il tarixdə online təlimlə bağlı danışıqlar aparılmış ve aidiyyəti link göndərilmişdir.

28. İddiaçı MMC cavabdeh tərəfindən təqdim edilmiş etiraza münasibət bildirirək qeyd edir ki, qarşı tərəfin “təlim” adlandırdığı həmin görüşlər sözügedən proqramın təhvil verilməsi ilə əlaqədar olmamışdır. Müqaviləyə əsasən proqram açarlarla birgə 05 iyun 2022-ci il tarixədək İddiaçı MMC-yə təhvil verilməli olduğu halda, proqram təhvil verilməmiş və yalnız məhsul nümunəsi 15 iyun 2022-ci il tarixdə “demo” yeni nümunə formasında link şəklində göndərilmiş və həmin tarixdən etibarən müqavilə şərtinə uyğun olaraq mail və vatsap vasitəsilə cavabdehə xəbərdarlıqlar olmuşdur.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

29. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə3, nümayəndələri X6 və Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdilər, cavabdehin nümayəndəsi və vəkil X2 isə apellyasiya şikayətinə etiraz etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

30. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

31. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

32. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.

33. Həmin Məcəllənin 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.

34. Həmin Məcəllənin 764.1-ci maddəsinə əsasən əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər.

35. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.

36. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

38. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

39. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir.

41. Belə ki, tərəflər arasında “Cubics BMS” proqram təminatı üçün lisenziyanın alqı-satqısı müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır.

42. Kollegiya qeyd edir ki, həmin müqavilə “alqı-satqı müqaviləsi” kimi adlandırılsa da, mahiyyət etibarı ilə podrat müqaviləsidir. Çünki cavabdeh tərəfindən “Proqram-Cubics BMS” əsas və yardımçı modullardan ibarət link formasında çalışan proqram təminatı hazırlanmalı idi və iddiaçıya lisenziya, yəni onun tərəfindən proqramı aktiv etməyə və istifadə etmək hüququ verən simvol dəsti (istifadəçi adı və şifrə) təqdim edilməli idi.

43. Hazırki iddianın əsası isə ondan ibarətdir ki, iddiaçı (sifarişçi) müqavilədə nəzərdə tutulmuş pulun ödənilməsi ilə bağlı öhdəliyini tam yerinə yetirmiş, cavabdeh (podratçı) isə öz öhdəliklərini pozaraq həmin müqavilə üzrə yerinə yetirilməli olan işləri tam olaraq həyata keçirməmişdir. Çünki iddiaçının hazırladığı proqram təminatı müqavilədə nəzərdə tutulmuş keyfiyyətə uyğun deyil. Ona görə də, iddiaçı müqavilədən imtina edərək müqavilə ilə bağlı xərclərin əvəzinin ödənilməsi tələb edir.

44. Bu baxımdan kollegiya hesab edir ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 765-ci maddəsi təşkil edir.

45. Həmin maddənin tələblərinə görə məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.

46. Hazırki işdə də həmin maddənin dispozitiv şərtləri mövcuddur.

47. Belə ki, iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmuş cəmi 15.340 manat məbləğində pul vəsaitinin ödənilməsi işin mübahisəsiz halıdır.

48. Tərəflərin mübahisələndirdiyi hallar isə cavabdeh tərəfindən hazırlanmış proqram təminatının keyfiyyəti ilə bağlıdır.

49. Mülki Məcəllənin 762.1-ci maddəsinin tələblərinə görə podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

50. Həmin Məcəllənin 762.2-ci maddəsində isə təsbit edilmişdir ki, podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.

51. Bu baxımdan kollegiya qeyd edir ki, podratın (hazırki halda cavabdehin hazırladığı proqram təminatının) qüsurlu olub-olmaması halı araşdırılmalıdır.

52. Həmin məsələnin araşdırılması isə xüsusi bilik tələb edildiyinə görə iş üzrə məhkəmə kompüter-texniki ekspertizası təyin edilmiş və rəy verilməsi üçün ekspertlər qarşısında aşağıdakı sullar qoyulmuşdur: - İddiaçı MMC (alıcı) ilə Cavabdeh MMC (satıcı) arasında bağlanmış 01 mart 2022-ci il tarixli B-3 nömrəli müqavilənin predmeti olan “Cubics BMS” proqramı müqaviləyə aid Əlavə 1-də göstərilən texniki tapşırığa uyğun hazırlanmışdırmı? - həmin proqramın kodlaşdırma və yaddaşında olan digər məlumatlarına əsasən proqramın ayrı-ayrı funksiyalarının hazırlanması üzrə sonuncu işlər nə vaxt (hansı tarixlərdə) həyata keçirilmişdir? - İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş 12 aprel, 20 iyun, 21 iyul, 12 sentyabr və 04 oktyabr 2022-ci il tarixli qeydlərdə olan texniki tapşırıqlar müqaviləyə aid Əlavə 1-də göstərilən texniki tapşırığa uyğun olmuşdur və ya yeni (əlavə) tapşırıqlar kimi verilmişdir? - həmin qeydlərdəki tapşırıqlar yerinə yetirilmişdirmi? - əgər yerinə yetirilmişdirsə proqramın kodlaşdırma və yaddaşında olan digər məlumatlarına əsasən hansı tarixlərdə hazırlanmışdır?

53. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 fevral 2024-cü il tarixli ekspert rəyində aşağıdakılar göstərilmişdir:

1. Tədqiqatın ilkin mərhələsində İddiaçı MMC (alıcı) ilə Cavabdeh MMC (satıcı) arasında bağlanmış 01 mart 2022-ci il tarixli B-3 nömrəli müqavilənin predmeti olan “Cubics BMS” proqramının müqaviləyə aid Əlavə 1-də göstərilən texniki tapşırığın tələblərinə uyğunluğu bəndlər üzrə yoxlanılmışdır. Aparılmış təhlil nəticəsində aşkar olunmuş uyğunsuzluqlar aşağıdakılardır: - Proqram təminatının əsas səhifəsində “Gəlir” kimi qeyd olunmalı bölmənin “Mədaxil” kimi əks olunması (Texniki tapşırığın tələbi - 1.Əsas səhifə. a.Gəlir); - Əsas səhifədə “Müştəri borcları (siyahı, vidjet)” bölməsi əsas səhifədə “Müştərilər üzrə borc” kimi əks olunması müəyyən edildi (Texniki tapşırığın tələbi - 1.Əsas səhifə. k.Müştəri borcları (siyahı, vidjet); Müştəri borcları üzrə cəmi borcu hesablanmasında fərq aşkar olundu (Texniki tapşırığın tələbi - 1.Əsas səhifə. k.Müştəri borcları (siyahı, vidjet); i.Cəmİ borc); - Müştəri borclarına hər qaimə üzrə baxmaq və Ödəmək imkanı. Ödənişlərin qaimələrə manual şəkildə vurulması. Müştərinin ödənişi hər hansı bir qaimənin məbləğini tam bağlamadığı halda həmin qaimə yarımçıq borclu kimi görünə bilməsi və qaiməyə ödəniş edərkən maksimum həmin qaimə məbləği olmaqla, istənilən məbləği yazmasının mümkün olması tələblərinin tam ödənməməsi aşkar olundu (Texniki tapşırığın tələbi - 1.Əsas səhifə. k.Müştəri borcları (siyahı, vidjet); vi.bəndinin tələbi); - Müştəridən gələn müraciətlərin tipi yəni bu lead də ola bilər, satışda ola bilər və ya yeni satış imkanı. Məsələn tanımadığımız müştəri bizə müraciət edir ki, siz əgər belə təmizlik məhsulu gətirsəniz mənə xəbər edin, bu halda müştərini sistemə daxil edirik və onun müraciəti lead olaraq görünür. Ona satış olanda lead “bitdi” və ya “satış oldu” satusu ilə əvəz edilir; - Texniki tapşırıqda ayrıca bir bölmə kimi nəzərdə tutulmuş “Şirkət bazası”nın proqram təminatında “Müştəri bazası” daxilində qurulmuşdur (Texniki tapşırığın tələbi - 3.Şirkət bazası.) - Şirkət bazası daxilində qurulması nəzərdə tutulan Müştərinin tipi (təkrar, yeni):kateqoriya bölməsi “Cubics BMS” proqram təminatında müəyyən olunmadı (Texniki tapşırığın tələbi - 3.Şirkət bazası; aa.bəndi); - Kateqoriyalarla müştəriyə loyallıq statusu manual olaraq təyin edilməli qurulmalı olduğu halda indikatorlar üzrə qurulmuşdur (Texniki tapşırığın tələbi - 3.Şirkət bazası; bb. Bəndi); - Texniki tələbin 4-cü bəndində “Maliyyə hesabatları” bölməsi daxilində qeyd olunan “Hesabat”, “Gəlir” və “Xərc” bölmələri konkret olaraq bir menyu daxilində deyil proqram təminatında “Tarixçə” və “Əməliyyatlar” bölmələrində qurulmuşdur. “Hesabat” bölməsi daxilində “Avans” adlı bölmə müvafiq proqram təminatında “Tarixçə” bölməsində “Açılış məbləği” kimi öz əksini tapmışdır. “Xərc” menyusu daxilində olması nəzərdə tutulan “Hesabat” bölməsi baxış zamanı müəyyən edilməmişdir (Texniki tapşırığın tələbi - 4 Maliyyə hesabatları; Xərc m. Hesabat) - “Cubics BMS” proqram təminatına baxış zamanı texniki tapşırığın 9-cu bəndində qeyd olunan “Sözləşmələr bölməsi daxilində olması nəzərdə tutulan “Təklif yaratmaq” alt menyusu proqram təminatında müəyyən olunmadı (Texniki tapşırığın tələbi - 9.Sözləşmələr; e.Təklif yaratmaq); - Texniki tapşırığın 10-cu bəndində “POS” bölməsi daxilində olması nəzərdə tutulan “a.İlkin proses satış nümayəndələri tərəfindən ərazidə başlayır. Satış nümayəndələri qaiməni formalaşdırır lakin bu sifariş operator tərəfindən təsdiqlənəcək” alt menyusunun funksionallığı tədqiqat zamanı proqram təminatında müəyyən edilməmişdir; - Texniki tapşırığın 10-cu bəndində “POS” bölməsi daxilində “e.Satış fifo ilə olsun” tələbi FiFo (FİFO - ilk girən ilk çıxar (FİFO) ilk alınan malların ilk satılan mallar olduğunu nəzərdə tutan inventar metodudur) deyil manual formada qurulması müəyyən edilmişdir (Texniki tapşırığın tələbi - 10.POS; e.Satış fifo ilə olsun); - Texniki tapşırığın 17-ci bəndində nəzərdə tutulan APİ inteqrasiyalar daxilində olan 1C 2 tərəfli inteqrasiya tədqiqat zamanı proqram təminatında müəyyən edilməmişdir (Texniki tapşırığın tələbi - 17. APİ inteqrasiyalar (1C proqram təminatı); a.1C inteqrasiya 2 tərəfli); - Texniki tapşırığın 19-cu bəndində problemli müştərilər üçün nəzərdə tutulan satış limitinin tətbiq edilməsi müəyyən edilmədi (Texniki tapşırığın tələbi - 19.Müştəriyə satış limiti (problemli müştəri olduqda)); - Texniki tapşırığın 22-ci bəndində b.Müştəri adı, c.Satış meneceri və Məhsul adı siyahıdan seçim kimi qurulması nəzərdə tutulsa da, proqram təminatında bütün bunların manual (əl ilə daxil edilməsi) olması aşkar olunmuşdur; - Texniki tapşırığın 22-ci bölmənin f.Statusu (qayıdıb-qayıtmamağı cədvəldə sadəcə dropdown kimi ola bilər ki, qayıdanda dəyişib qayıt olaraq təyin edək) bəndində nəzərdə tutulan dəyişiklik funksionallığı proqram təminatında müəyyən olunmadı; - Beləliklə, aparılmış tədqiqat nəticəsində 01 mart 2022-ci il tarixli B-3 nömrəli müqavilənin predmeti olan “Cubics BMS” proqram təminatında müqaviləyə aid Əlavə 1-də göstərilən bütün texniki tələblərin tam ödənməməsi müəyyən olundu.

2. Tədqiq olunan “Cubics BMS” proqram təminatına dair mənbə kodlarında aparılmış funksional dəyişikliyə dair Cavabdeh MMC-nin əməkdaşları tərəfindən təqdim edilmiş loglar əsasında sonuncu funksional dəyişikliyin xx.xx.2022-ci ildə aparılması müəyyən edildi.

3. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş 12 aprel 2022-ci il tarixli qeydlər yerində baxış zamanı tədqiqata təqdim edilməməsi səbəbindən qeyd olunan texniki tapşırığın tələblərinin “Cubics BMS” proqram təminatına yoxlanması mümkün olmamışdır.

4. Aparılmış tədqiqat nəticəsində xx.xx.2022-ci il tarixli 24 bəndən İbarət qeydlərdən yalnız aşağıda qeyd olunan 03 (üç) ədəd qeydlər proqram təminatının qurulmasında nəzərə alınmamışdır. - Borc deadline-na görə sort vermək (15, 30, 45 və s.); - Borc cədvəlinə cavabdeh şəxs yazılsın; - Müştəriyə satış limit əlavə edilməlidir (məhsul kateqoriyasina görə) xx.xx.2022-ci il tarixli 14 bənddən ibarət eydlərdən yalnız aşağıdakı qeyd olunan 02 (iki) ədəd qeydlər proqram təminatının qurulmasında nəzərə alınmamışdır. - Müştəri daxilində cavabdeh şəxs olmalıdır və həmin bölmənin adı Cavabdeh şəxs deyil, Satış Təmsilçisi olmalıdır. - Maya dəyərinin avtimatik formalaşdırılması. xx.xx.2022-ci il tarixli 13 bənddən ibarət qeydlərdən yalnız aşağıda qeyd olunan 01 (bir) ədəd qeydlər proqram təminatının qurulmasında nəzərə alınmamışdır: - Hər anbara görə 1 kassa limiti qeyd olunsun (4 anbar, 4 kassa). xx.xx.2022-ci il tarixli 29 bənddən ibarət qeydlərdən yalnız aşağıda qeyd olunan 01 (bir) ədəd qeydlər proqram təminatının qurulmasında nəzərə alınmamışdır: - Müştəri statusu yaradılmalıdır (problem müştəri üçün və satış limiti qoyulmalıdır, limiti keçdikdə alert görsənsin).

5. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş 20 iyun, 21 iyul, 12 sentyabr və 04 oktyabr 2022-ci il tarixli qeydlərdə Əlavə 1-də göstərilən tələblərə dair düzəlişlər və əlavə olaraq “Cubics BMS” proqram təminatına dair yeni tələblər öz əksini tapmışdır.

6. Yerində baxış zamanı Cavabdeh MMC-nin əməkdaşları tərəfindən təqdim edilmiş rəqəmsal qeydlərdə “Cubics BMS” proqram təminatı üzərində 04 (dörd) dəfə yenilənmənin (update)-in aparılması qeyd olunmuşdur. xx.xx.2024-cü İl tarixdə yerində baxış zamanı tədqiq olunan proqram təminatı üzərində aparılan yenilənmə tarixləri texniki qeydlərdə 4 ay əvvəl, 16 ay əvvəl və 21 ay əvvəl kimi əks olunması müəyyən edildi. “Cubics BMS” proqram təminatına dair mənbə kodlarının virtual server olan “digital oceann”-da 165.22.21.207 İP ünvan üzərindən xx.xx.2022-ci ildə yaradılması müəyyən olundu.

54. Ekspert rəyindən göründüyü kimi cavabdehin təqdim etdiyi proqram təminatı ilə müqavilədə nəzərdə tutulmuş texniki şərtlər arasında bir sıra uyğunsuzluqlar aşkar edilmişdir. Həmin uyğunsuzluqlar həm bəzi texniki şərtlərin düzgün icra olunmaması, həm də bəzi texniki şərtlərin ümumiyyətlə yerinə yetirilməməsindən ibarətdir.

55. Qeyd olunan hallar isə belə nəticəyə gəlməyə əsas verir ki, podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun olmadığına görə qüsurludur.

56. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 765-ci maddəsinə əsasən müqavilədən imtina edərək müqavilə ilə bağlı xərclərin əvəzini, yəni cavabdehə ödədiyi cəmi 15.340 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etməkdə haqlıdır.

57. Eyni zamanda, kollegiya qeyd edir ki, cavabdehin hazırladığı proqram təminatı hazırda da müqavilə ilə şərtləşdirilmiş keyfiyyətə uyğun olmadığına, yəni qüsurlu olduğuna görə iddiaçı tərəfindən müqavilə üzrə pulun tam ödəməsi, əlavə tapşırqların verilməsi və cavabdeh tərəfindən treninqlərin keçirilməsi mübahisənin həlli baxımından əhəmiyyət kəsb etmir. Əksinə sonuncu iki fakt təsdiq edir ki, iddiaçı Mülki Məcəllənin 763.1-ci maddəsinə uyğun olaraq qüsurların aradan qaldırılması üçün əlavə icra tələb etmişdir.

58. Habelə, Mülki Məcəllənin 765-ci maddəsinin dispozisiya şərtlərinə uyğun olaraq əlavə icra üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsurlar tamamilə aradan qaldırılmadığına görə, iddiaçı müqavilədən imtina edə edərək müqavilə ilə bağlı xərclərin əvəzinin ödəməsini tələb etmişdir. Göründüyü kimi həmin hallar iddianın əsassız deyil, əsaslı olmasına dəlalət edir.

59. Birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almamış, xüsusi bilik tələb olunan sualları izah etmək üçün ekspertiza təyin etmədən və işdə olan sübutlara düzgün qiymət vermədən iş üzrə səhv nəticəyə gəlmişdir.

60. Beləliklə, kollegiya hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yuxarıda göstərilən əsaslara görə iddia təmin edilməli və Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri cavabdehə aid edilməlidir.

61. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1752/2023 saylı qətnaməsi ləğv edilsin. İddia təmin edilsin. Cavabdeh MMC-dən 15.340 manat məbləğində pul vəsaiti, habelə ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 (iki yüz) manat və apellyasiya şikayətinə görə ödənilmiş 68,1 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Ekspertiza tədqiqatına görə ödənilməli olan 200 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vüsalə Baxışova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar