Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-390/2024 23.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı kommersiya işi Açar söz: yük daşıma müqaviləsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “yük daşıma müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2-2(113)-378/2024 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İşin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında bağlanmış 01 avqust 2022-ci il tarixli 2022/M-İ(85) saylı nəqliyyat ekspedisiyası müqaviləsinə əsasən iddiaçıdaşıyıcı cavabdehin yüklərinin daşınmasını həyata keçirmiş, 48.625 manat daşıma haqqı ödənilməmişdir.
2. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2022-xx.xx.2023-cü il tarixli dövr üzrə üzləşmə aktından görünür ki, xx.xx.2023-cü il tarixinə cavabdehin iddiaçıya 78124,50 manat borcu var.
3. İddiaçı tərəfindən cavabdehə EBCE 070638 nömrəli xx.xx.2022-ci il tarixli (6715 manat), EBCG 763590 nömrəli xx.xx.2022-ci il tarixli (26520 manat), EBCJ 149475 nömrəli xx.xx.2022-ci il tarixli (27540 manat), EBCJ 151001 nömrəli xx.xx.2022-ci il tarixli (6885 manat), EBCJ 713479 nömrəli xx.xx.2022-ci il tarixli (13770 manat), EBCM 066831 nömrəli xx.xx.2022-ci il tarixli (7055 manat), EBCM 253988 manat xx.xx.2022-ci il tarixli (14110 manat), EBCM 544737 nömrəli xx.xx.2023-cü il tarixli (28220 manat), EBCM 680551 nömrəli xx.xx.2023-cü il tarixli (7055 manat), EBDM 820865 nömrəli xx.xx.2023cü il tarixli (405 manat) elektron qaimələr təqdim edilmişdir.
4. İddiaçı tərəfindən təqdim edilmiş ödəniş tapşırıqlarına əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə 4500 manat, xx.xx.2023-cü ildə 5000 manat, xx.xx.2023-cü ildə 5000 manat, xx.xx.2023-cü ildə 5000 manat, xx.xx.2023-cü ildə 5000 manat, xx.xx.2023-cü ildə 5000 manat pul ödənilmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən yaranmış 48.625 manat əsas borcun; özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmaya görə həmin vəsaitin, yəni 48.625 manat əsas borc məbləğinin 9 faizini təşkil edən 4.376 manat pulun; vəkilin göstərdiyi hüquqi yardıma görə vəkil qurumuna ödənilmiş 420 manat pulun, mediasiya sessiyasında iştiraka görə mediasiya qurumlarına ödənilmiş 405 manat pulun, poçt və digər məhkəmə xərcləri olan 35 manat pulun, cəmi 53.861 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC kimi 30 yanvar 2019-cu il tarixdə ********** saylı dövlət reyestr qeydiyyatına (VÖEN) alınmaqla fəaliyyət göstərir. İddiaçı MMC-nin əsas fəaliyyəti beynəlxalq yük daşınmalarını həyata keçirməkdir. Cavabdeh MMC ilə 01 avqust 2022-ci il tarixdə, 2022/Mİ(85) saylı yük daşınması müqavilə bağlanmışdır. Müqaviləyə uyğun olaraq, xx.xx.2022-ci il tarixdə 6.715 manat borc (daşınma haqqı), xx.xx.2022-ci il tarixdə 26.520 manat borc, xx.xx.2022- ci il tarixdə 27.540 manat borc, xx.xx.2022-ci il tarixdə 6.885 manat borc, xx.xx.2022-ci il tarixdə 13.770 manat borc, xx.xx.2022-ci il tarixdə 7.055 manat borc, xx.xx.2022-ci il tarixdə 14.110 manat borc, xx.xx.2023-cü il tarixdə 28.220 manat borc və xx.xx.2023-cü il tarixdə 7.055 manat daşınma haqqı olaraq borcun ödənilməsinə dair cavabdeh tərəfə elektron qaimə kəsilmiş və cavabdeh tərəfə göndərilmişdir. Yekun olaraq xx.xx.2023-cü il tarixədək olan dövr ərzində daşınma xərcləri 137.870 manat təşkiletmişdir. Həmin puldan 59.745 manat ödənilmiş, 78.124 manat ödənilməmiş qalmışdır. 01.01.22 – 27.02.23 tarixləriəhatə edən qarşılıqlı üzləşdirmə aktı tərtib olunumş, hər iki tərəfin rəsmi imzası və möhürü ilə təsdiq olunmuş akta əsasən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində Cavabdeh MMCnin İddiaçı MMC-ə 78.124 manat borcu qalmışdır. Dəfələrlə danışıqlar aparılmış, borcun ödənilməsi tələb olunmuş, məsələyə uzun müddət danışıq yolu ilə yanaşılmış borcun bir qismi qaytarılsa da, yekunda 48.625 manat borc ödənilməmiş qalmışdır. Cavabdeh tərəfə xəbərdarlıq (pretenziya) məktubu göndərilmiş, mediasiya prosesinin təklifi barədə təklif göndərilmiş, mediasiya prosesində mediatorlar tərəfindən borcun qaytarılması barədə səylər göstərilmiş, lakin bunlar nəticəsiz qalmışdır. Nəticədə məhkəmə yolu ilə borcun ödənilməsi tələbi irəlisürülmüşdür. Bütün mövcud halları, faktiki vəziyyəti nəzərə alaraq bu nəticəyə gəlmək olar ki, iddia tələbiəsaslıdır. X1 Heyətinin 04 may 2023-cü il tarixli qərarı ilə bank uçot dərəcəsi 9 faiz müəyyən olunumşdur. 48.625 manat əsas borcun 9 faizi 4376 manat təşkiledir. Həmin faiz borc cavabdehdən tutulmalıdır. “Mediasiya haqqında” Qanuna uyğun olaraq tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğuna görə həmin tələblərə tərəfimizdən tam riayətlər edilmişdir. Məsələnin sülh yolu ilə həllinə çalışsaq da, cavabdeh tərəf bu səylərimizi müsbət dəyərləndirməmiş və çağırışlara belə gəlməkdən boyun qaçıraraq könüllü olaraq borcu qaytarmaqdan imtina etmişdir. Belə ki, yekun olaraq mediasiya proseslərində çəkilən xərclər 405 manat təşkiletmiş və həmin vəsait də cavabdehdən tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1 maddəsinə əsasən: 9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləğiçəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İddianın məhkəmədə baxılması məqsədilə məhkəməyə hazırlıqla bağlı, hüquqi yardım göstərilməsi məqsədilə məhkəməyə çəkilən xərclər 420 manat, poçt və digər məhkəmə xərcləri, məsrəfləri 35 manat təşkil etmişdir və həmin məhkəmə məsrəfləri cavabdeh tərəfindən tutulmalıdır.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-378/2024 nömrəli qətnaməsi ilə (hakim Ülkər Həsənova) iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 48624,50 manat məbləğində əsas borc, 420 manat hüquqi yardıma görə xərc, ödənilmiş 405 manat dövlət rüsumu, ümumilikdə 49449,50 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.
8. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında nəqliyyat ekspedisiyası haqqında müqavilə bağlanmış, həmin müqavilə əsasında yük daşınmaları həyata keçirilmiş, həmin daşınmalara görə ümumilikdə 137.870 manat vəsait ödənilməsi razılaşdırılmış, həmin vəsaitdən ümumilikdə 59.745,50 manat pul cavabdeh tərəfindən ödənilmiş, qalıq borcla (78.124,50 manat) bağlı tərəflər arasında üzləşmə aktı imzalanmışdır.
9. Məhkəmə zay məhsul aktları ilə bağlı bildirmişdir ki, tərtib edilmiş aktlarda daşınan malların zədələndiyi göstərilsə də, lakin həmin sənədlərdən malların məhz iddiaçı tərəfindən daşınması həyata keçirilmiş mallar olması, həmin malların cavabdehə məxsus olması, dəyərinin aktda qeyd edildiyi kimi olması müəyyən edilməmiş, bundan əlavə, həmin daşımalarla bağlı cavabdehə təqdim edilmiş xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli elektron qaimələrə hər hansı etiraz bildirilməmişdir.
10. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh göstərilənlərlə bağlı başqa sübut təqdim edə bilməmiş, beləliklə də cavabdeh daşınmanın qüsurlu həyata keçirildiyini, nəticədə özünün də 11800 manat məbləğində zərərə uğradığını bildirsə də, bu hissədə etirazını əsaslandıra və sübut edə bilməmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, mallar iddiaçı tərəfindən təyinat yerinə çatdırıldıqdan sonra cavabdeh tərəfindən qeyd-şərtsiz qəbul edilmiş (halbuki cavabdeh qüsurların malların tərəflərindən təhvil verildiyi məqamda aşkar edilən gözlə görünən qüsurlar olduğunu bildirir), daşıma ilə bağlı hər hansı irad bildirilməmiş, (həmin iradın bildirildiyini təsdiq edən sübut təqdim edilməmişdir) cavabdeh daşınmanın qüsurlu icra edilməsi, bununla əlaqədar özünün də zərərə məruz qalması barədə iddiaçıya hər hansı məlumat verməmiş, zərərin ödənilməsi üçün iddiaçıya hər hansı bildiriş verməmişdir.
12. Məhkəmə iddianın əsas borcun tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, üzləşmə aktında qalıq borc 78124,50 manat göstərilmiş, həmin aktdan sonra cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 29500 manat ödəniş edilmiş, (həmin ödənişlər cavabdeh tərəfindən də məhkəmə iclasında təsdiq edilmişdir), beləliklə cavabdehdən tutulmalı olan əsas borcun məbləği 48624,50 manat müəyyən edilmişdir.
13. Məhkəmə iddianın faiz borcunun tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, tələb olunan məbləğin əsaslı olub-olmaması barədə birmənalı nəticəyə gəlmək mümkün olmadığından və tələbin əsasına dair sübutlar təqdim edilmədiyindən bu hissədə iddia tələbi təmin olunmamalıdır.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-378/2024 nömrəli qətnaməsinin qismən ləğv edilməsini, iddia tələbinin əsas məbləğindən cavabdehə vurulmuş 11.800 manat məbləğində zərərin çıxılaraq iddia tələbinin əsas məbləğindən qalmış hissədə qismən təmin edilməsi, tələb edilən digər xərclər hissəsində isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iki daşıma qüsurlu icra edilmişdir. Təyinat yerinə çatdırılmış malların bir hissəsinin (ümumi dəyəri 11800 manat olmaqla) daşınmanın qüsurlu icra edilməsi nəticəsində tam yararsız hala düşmüş, bu səbəbdən həmin malların istifadəyə yararsız olduğunu və bununla əlaqədar cavabdehin zərərə uğramağı səbəbilə həmin zərərin iddia olunan məbləğdən çıxıldıqdan sonra yerdə qalan məbləğin tərəfimizdən ödənilməsinin ədalətli olacağı barədə cavabdehin mövqeyinə əhəmiyyət verməyən iddiaçıya bu səbəbdən digər ödənişlər edilməmişdir. Məhkəməyə qətnamədə qeyd edilən 27 və 28-bənddə qeyd edilən sübutlardan başqa kifayət qədər digər sübutlar da təqdim edilmişdir. Belə ki, indiki apellyasiya şikayətinə əlavə edilmiş mail yazışmaları birinci instansiya məhkəməsində də məhkəməyə təqdim edilərək zərərləri aşkar edilən gündə iddiaçıya bu barədə xəbərdar edilməsi, vurulmuş zərərlərin məbləğləri barəsində müzakirələrin aparılması, tərtib edilmiş aktların surətlərinin iddiaçıya göndərilməsi, həmin aktlarda sürücülər barədə qeydlərin olması və iddiaçının nümayəndələri tərəfindən belə halıb baş verməsinin təsdiq edilməsi və geri dönüş edilərək məsələnin həll ediləcəyə barədə yazışmaları özündə cəmləyən mail yazışmalarının olmasını görməzdən gələn məhkəmə nə onlara münasibət bildirməmiş, nə də ümumiyyətlə həmin sübutların tərəfimizdən təqdim edilməsi barədə qətnamədə hər hansı bir qeydlər yazmamışdır. Sadəcə guya qətnamənin 26 və 27-ci bəndlərində olan sübutları təqdim etdiyimizi qeyd etmişdir. Bundan başqa iddiaçının nümayəndəsinə belə sual verilərək qeyd olunan qüsurlardan xəbərlərinin olub-olmaması aydınlaşdırılmış və iclasda o cavabdehin nümayəndəsi Qanuni nümayəndələ bu barədə telefonla danışıqlarının olması və ortaq məxrəcə gəlinmə haqqında bir nəticəyə gəlinmədiyini etiraf və təsdiq etmişdir. Hətta iddiaçının nümayəndəsinə sual verilərək nə üçün əvvəlki məhkəmə iclasında qeyd olunan qüsurlardan xəbərinin olmaması haqqında izahat verməsi, indi isə həmin halı təsdiq etməsi soruşulmuşdur. O da bu sualı cavabsız qoymuşdur. Bütün bu qeyd olunanlar məhkəmə iclası zamanı olmuş və video qeydə alınmışdır. Məhkəmə isə gəldiyi nəticələrdə guya bizim iddiaçı tərəfindən bizə vurulan zərəri sübuta yetirə bilmədiyimi qeyd edir. Halbuki məhkəmə tərəfindən daha dəqiq və obyektiv araşdırma aparılsaydı dərhal iddiaçının bu etirafına əhəmiyyət verilər və işin digər halları da iddiaçının nümayəndəsindən dəqiqləşdirilərdi. Apellyasiya şikayətinə əlavə edilmiş mail yazışmaları birinci instansiya məhkəməsində də məhkəməyə təqdim edilərək zərərləri aşkar etdiyimiz gündə iddiaçıya bu barədə xəbərdar etməyimiz, vurulmuş zərərlərin məbləğləri barəsində müzakirələrin aparılması, tərtib edilmiş aktların surətlərinin iddiaçıya göndərilməsi, həmin aktlarda sürücülər barədə qeydlərin olması və iddiaçının nümayəndələri tərəfindən belə halıb baş verməsinin təsdiq edilməsi və geri dönüş edilərək məsələnin həll ediləcəyə barədə yazışmaları özündə cəmləyən mail yazışmalarının olmasını görməzdən gələn məhkəmə nə onlara münasibət bildirməmiş, nə də ümumiyyətlə həmin sübutların tərəfimizdən təqdim edilməsi barədə qətnamədə hər hansı bir qeydlər yazmamışdır. Halbuki məhkəmə qeyd olunan məsələləri daha dərindən araşdırsaydı o zaman gəldiyi nəticə də tam başqa olardı. Məhkəmə belə nəticəyə gəlmişdir ki, guya daşınan mallar tam qüsursuz olaraq cavabdehə çatdırılmışdır, lakin cavabdeh də haqsızlıq edərək iddiaçının ödənişini verməmişdir. Halbuki mail yazışmalar və digər sübutlar daha dəqiq araşdırılsaydı, çatdırılan malların qüsurlu olaraq çatdırıldığı öz təsdiqini tapardı. Malların qüsurlu çatdırılması səbəbilə iddiadan vurulmuş zərərin hissəsi çıxılmalı olsa da, həmin məbləğdən çıxılmayaraq səhv nəticəyə gəlinib həmin malların pulunun da cavabdehdən tutulması qərara alınmışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclaslarında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər.
17. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
18. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 850.1-ci maddə- yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 852.1-ci maddə ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. 852.4-cü maddə- ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. 859.2-ci maddə daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır. 859.5-ci maddə- daşıyıcıya qarşı bütün iddialar yük qeyd-şərtsiz qəbul edildikdən və ödənildikdən sonra ödənilir. Bu müddəa aşağıdakı hallarda tətbiq edilmir: daşıyıcı qəsd və ya kobud ehtiyatsızlıq üçün məsuliyyət daşıyırsa; əgər iddialar yükün zahirən görünən zədələrinə əsaslanırsa, yük alan bunları şərait nəzərə alınmaqla onun üçün mümkün və yolverilən müddət ərzində aşkar etdikdə və bu barədə daşıyıcıya zədələr aşkar edildikdən sonra dərhal, lakin çatdırılmadan ən geci səkkiz gün keçənədək bildiriş verdikdə. 861.1-ci maddə-daşıyıcıya qarşı iddialar müddətin keçməsinə görə bir ildən sonra, yəni yükün məhv olduğu, itirildiyi və ya gecikdirildiyi təqdirdə çatdırmanın həyata keçirilməli olduğu gündən, yük zədələndikdə isə onun yük alana verildiyi gündən qüvvəsini itirir. Etiraz qaydasında yük alan və ya yük göndərən istənilən vaxt öz pretenziyalarını irəli sürə bilərlər, bu şərtlə ki, onlar bir illik müddət ərzində reklamasiya haqqında öz tələblərini bildirmiş olsunlar və iddia yükün qəbul edilməsi nəticəsində qüvvəsini itirməsin. Daşıyıcının qəsdi və kobud ehtiyatsızlığı halları istisna təşkil edir. 861.2-ci maddə-ekspeditora qarşı yaranan tələblər üzrə iddia müddəti iddia qaldırmaq hüququ yarandığı andan bir il təşkil edir. Ekspeditora qarşı iddia qaldırılmazdan əvvəl ona yazılı formada pretenziya verilməsi məcburidir. Pretenziya iddia müddəti ərzində verilə bilər. Ekspeditor pretenziyanı rədd etdikdə və ya qismən qəbul etdikdə, yaxud 30 gün müddətində pretenziyaya cavab vermədikdə, ona qarşı məhkəmədə iddia qaldırıla bilər. 385.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 10-1.3-cü maddə-kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 78.1-ci maddə-sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 78.1-1-ci maddə- “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. 217.5-ci maddə-bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
19. Qətnamə cavabdeh tərəfindən iddianın təmin edilən hissəsində qismən (11.800 manat məbləğində) mübahisələndirdiyindən qismən yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
20. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-378/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
21. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, tərəflər arasında bağlanmış 01 avqust 2022-ci il tarixli 2022/M-İ(85) saylı nəqliyyat ekspedisiyası müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehin sifarişi əsasında daşınmış yüklərə görə xx.xx.2023-cü il tarixə cavabdehin iddiaçıya 78124,50 manat borcu yaranmış, cavabdeh həmin tarixdə üzləşmə aktını imzalamaqla borcun mövcudluğunu təsdiq etmiş, bu borcdan ödənişlər edilmiş və iddia qaldırılan tarixə cəmi 48.625 manat borc qalmışdır.
22. Cavabdeh ondan tutulmuş məbləğin yalnız 11.800 manat hissəsini mübahisələndirmiş, işə birinci instansiya qaydasında baxılarkən iddia 36825 manat məbləğində hissədə etiraf edilmişdir. Cavabdehin iddiaya etirazının və apellyasiya şikayətinin dəlili bundan ibarətdir ki, iddiaçı tərəfindən daşınmış 11800 manat dəyərində mal (kağız məhsulu) daşıma zamanı nəm çəkərək yararsız hala düşdüyündən daşıma haqqından dəymiş ziyan çıxılmalıdır.
23. Məhkəmə birinci instansiya məhkəməsi ilə razılaşır ki, cavabdehin bu tələbi əsassızdır. İlk növbədə qeyd olunmalıdır ki, MM-nin 859.2-ci maddəsində daşıyıcının yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyəti nəzərdə tutulsa da Məcəllənin 859.5-ci və 861-ci maddələrin məzmunundan aydın olur ki, bu barədə daşıyıcıya və ya ekspeditora yazılı pretenziya verilməli, 30 gün müddətində pretenziyaya cavab verilmədikdə, məhkəmədə iddia qaldırılmalıdır. Hazırkı halda cavabdeh tərəfindən iddiaçıya-ekspeditora qanunla müəyyən edilmiş müddət ərzində daşınan yükdəki qüsurla bağlı yazılı pretenziya verilməmiş, o cümlədən məhkəmədə qarşılıqlı iddia tələbi irəli sürülməmişdir. Daşıyıcıya qarşı tələbin irəli sürülməsi üçün qanunda bir illik iddia müddəti nəzərdə tutulduğundan və iddia irəli sürüldükdən sonra qarşı tərəfin iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmək hüququ olduğundan daşıma zamanı vurulmuş ziyanla bağlı tələblərin daşıyıcıya qarşı iddia qaldırılmadan iddiaya etiraz verməklə daşıma haqqı ilə əvəzləşdirilməsinə dair cavabdehin tələbinin qanuni əsası yoxdur.
24. Bundan əlavə tərəflər arasında bağlanmış müqavilənin 5.4-cü bəndində qeyd edilir ki, yük boşaldılarkən daşıyıcının nümayəndəsinin iştirakı təmin olunur, daşınma ilə bağlı hər hansı qüsur, nöqsan və çatışmamazlıq halı aşkarlanarsa bu Beynəlxalq qaimə sənədlərində, təhvil-təslim qrafasında, yalnız yük boşaldılan zaman qeyd olunmalıdır. Hazırkı halda yük boşaldılarkən yükdə hər hansı nöqsan olması daşıyıcının səlahiyyətli nümayəndəsinin iştirakı ilə rəsmiləşdirilməmişdir.
25. Cavabdeh daşınan yükdə olan qüsurla bağlı işə birinci instansiya qaydasında baxılarkən sonuncu məhkəmə baxışı iclasında xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə tərtib edilmiş “Zay məhsul aktı” adlı aktlar və email yazışmaları təqdim etmiş, həmin sübutların hansı səbəbdən hazırlıq iclasında məhkəməyə təqdim edilmədiyi əsaslandırılmamışdır. Eyni zamanda müəyyən edilmişdir ki, “Zay məhsul aktı” adlı aktlar elektron məhkəmə icraatı materiallarına əlavə edilməmişdir. MPM-nin 78.1 və 217.5-ci maddələrinə əsasən hər hansı əsaslandırma olmadan işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilməmiş və elektron materiallara əlavə edilməmiş sübutların qəbul edilməsi və qətnamənin həmin sübutlarla əsaslandırılması yolverilməz olduğundan məhkəmə kollegiyası həmin sənədləri sübut kimi qəbul etmir. İşə baxmış məhkəmə prosessual qanunvericiliyin tələblərinə əsasən qəbul edilməli olmayan sübutlara qətnamədə hüquqi qiymət verməklə prosessual pozuntuya yol versə də, mübahisə mahiyyəti üzrə düzgün həll edildiyindən və məhkəmə tərəfindən qətnamənin ləğvinə əsas ola biləcək kobud prosessual pozuntuya yol verilmədiyindən məhkəmə apellyasiya şikayətini əsassız hesab edir.
26. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 378/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
27. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-378/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.