Məhkəmə qərarları › İş №2-2(103)-391/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-391/2020

11.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-391/2020 11.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə iddiaçının nümayəndəsi və vəkili X1 və cavabdehlərin nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1231/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “İddiaçı” cavabdehlər “xxxx” MMC və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İddiaçı”nin xeyrinə cavabdehlər “xxxx” MMC-dən və Cavabdeh2 müştərək qaydada 382.000 ABŞ dolları məbləğində əsas borc, 127206 ABŞ dolları məbləğində dəbbə pulu, ümumilikdə 509.206 ABŞ dolları məbləğində pul borcunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaya məhkəmədən baxılıb qurtaranadək iddianı təmin etmə tədbiri kimi ünvan 1, mənzil 13, Bərdə rayonu, Dəymədağıldı kəndində yerləşən 0.4481 ha və 1.7327 ha torpaq sahələri, Bərdə rayonu, Dəymədağıldı kəndində yerləşən 0.12 ha torpaq sahəsi və Cavabdeh2 “xxxx” MMC-dəki (VÖEN: **********) təsis payının üzərinə həbs qoyulmaqla özgəninkiləşdirilməsinin və ya hər hansı formada yüklü edilməsinin cavabdehlərə və digər şəxslərə qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli e-2-2(113)-1231/2020 saylı qərardadı ilə ərizə təmin olunmuşdur. Cavabdeh2 şikayət verərək, həmin qərardadın ləğv edilməsi və ərizənin rədd edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 13 saylı mənzil ailənin yeganə yaşayış sahəsi olduğundan borc üzrə tələbin yönəldilməsinə yol verilməyən əmlaklar siyahısındadır. Həmçinin üzərinə həbs qoyulmuş Bərdə rayonu, Dəymədağıldı kəndində yerləşən 0.4481 ha və 1.7327 ha torpaq sahələri Azərbaycan Respublikasında aparılan torpaq islahatı nəticəsində ailə üzvləri ilə birlikdə verilmiş pay torpağıdır, həmin kənddəki 0.12 ha torpaq sahəsi isə atadan miras qalmış əmlak olmaqla faktiki olaraq digər qardaşının istifadəsində və mülkiyyətindədir. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkili X4 şikayəti müdafiə etdi, iddiaçının nümayəndəsi və vəkili X3 isə şikayətə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinin tələblərinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyulması barədə tədbirlər görülə bilər. Qanunun mənasına görə iş üzrə çıxarılan qətnamənin gələcəkdə real icra edilə bilməyəcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbirlər görmək zərurəti yaranır. İddianı təmin etmək üçün əsas məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz ola biləcəyi qənaətidir. Hazırkı mübahisənin predmetini nəzərə alaraq kollegiya hesab edir ki, işə mahiyyəti üzrə baxılana kimi cavabdehə məxsus əmlakların üzərinə həbs qoyulması barədə iddianın təmini tədbiri seçilməlidir. Belə ki, iddia tələbi kifayət qədər yüksək məbləğin, yəni 509.206 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehlərdən tutulmasından ibarətdir və iddia təmin olunduğu təqdirdə həmin məbləğin könüllü ödənilməyəcəyi qənaətinə gəlmək üçün kifayət qədər əsaslar vardır. Belə olan halda isə həmin məbləğin tutulması üzərinə həbs qoyulmuş əmlaklara yönəldilməklə qətnamənin icrasında yarana biləcək çətinliklər aradan qaldırıla bilər. Bununla yanaşı iş materiallarından görünür ki, üzərinə həbs qoyulması tələb olunan Bərdə rayonu, Dəymədağıldı kəndində yerləşən 0.4481 ha və 1.7327 ha torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar olmaqla Cavabdeh2 ümumi birgə mülkiyyətindədir. Eyni zamanda Cavabdeh2 adına Bərdə rayonu, Dəymədağıldı kəndində yerləşən 0.12 ha torpaq sahəsinə (ümumi birgə, yaşayış məntəqələrinin torpaqları) dair JN-336F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Göründüyü kimi həmin torpaq sahələri Cavabdeh2 tam deyil, ümumi birgə mülkiyyətindədir. Belə olan halda isə həmin torpaq sahələrini bütövlükdə üzərinə həbs qoyulması digər mülkiyyətçilərin hüquqlarının pozulmasına səbəb ola bilər. Bu baxımdan kollegiya hesab edir ki, həmin torpaq sahələrindən payın ayrılaraq özgəninkiləşdirilməsi Cavabdeh2 qadağan edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayətin həmin torpaq sahələrinə aid hissəsi qismən əsaslı hesab edilməli və birinci instansiya məhkəməsinin qərardadı həmin torpaq sahələrinə aid hissədə dəyişdirilməlidir. Qalan hissədə isə şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırkı mərhələdə üzərinə həbs qoyulmuş mənzilin Cavabdeh2 yeganə yaşayış sahəsi olub-olmamasını müəyyən etmək olmur. Çünki cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməyən (yeni inşa olunmuş yüksək mərtəbəli yaşayış evlərində və ya inşası başa çatmış, lakin qeydiyyata alınmamış fərdi yaşayış evi) yaşayış sahəsinin olması istisna edilmir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh2 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1231/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilsin. Cavabdeh2 ümumi birgə mülkiyyətində olan Bərdə rayonu, Dəymədağıldı kəndində yerləşən 0.4481 ha və 1.7327 ha torpaq sahələrindən və Bərdə rayonu, Dəymədağıldı kəndində yerləşən 0.12 ha torpaq sahəsindən payının ayrılaraq özgəninkiləşdirilməsi qadağan edilsin. Qalan hissədə qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal icra edilsin. Qərardadın icrası Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar