Məhkəmə qərarları › İş №2-2(103)-391/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-391/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-391/2021 06.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu, Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, ilkin iddiaçının nümayəndəsi Vəkil1, cavabdehin nümayəndəsi Vəkil2 ilə, İddiaçı “X1” LLC-nin cavabdehlər Cavabdeh1 və “xxxx” MMC-yə qarşı “pul tələbinə dair” ilkin və “xxxx” MMC-nin “X1” LLC qarşı razılaşma hesabatının və razılaşmanın etibarsızlığı tələbinə dair qarşılıqlı - iddia ərizələrinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1132/2020 saylı 14.10.2020-ci il tarixli qətnaməsindən verilmiş tərəflərin apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ.İddiaçı “X1” LLC cavabdehlər Cavabdeh1 və “xxxx” MMC-yə qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 480.100,00 ABŞ dolları məbləğində əsas öhdəliyin, 125.000,00 ABŞ dolları məbləğində çəkilmiş xərcin və 96.749,00 ABŞ dolları məbləğində hesablanmış faiz məbləğinin, ümumilikdə 701849 ABŞ dolları məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun, zaminin cavabdehin ümumi öhdəliklərinə zamin hesab edildiyi 125.000,00 ABŞ dolları məbləğində pulun zamin və cavabdehdən birgə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia aşağıdakılarla əsaslandırılmışdır: “Tərəflər arasında müxtəlif biznes münasibətləri (mal alqı-satqısı, borc, investisiya və.s) mövcud olmuşdur. 24 avqust 2018-ci il tarixdə o dövrə qədər aralarında olan biznes münasibətlərindən yaranmış fərqləri üzləşdirmiş və 24 avqust 2018-ci il tarixli razılaşma hesabatı ilə “xxxx” MMC-nin iddiaçıya 480.100,00 ABŞ dolları borcu olduğunu təsdiq etmiş, bundan əlavə, eyni tarixli tarixli, 23/18 nömrəli razılaşmaya əsasən, qeyd edilən hesabat ilə təsdiqlənmiş borc məbləğinin 2018-ci ilin oktyabr ayından başlayaraq 2019-cu ilin yanvar ayına qədər iddiaçıya tam şəkildə ödəmək öhdəliyini götürmüşdür. Həmin (23/18 nömrəli) razılaşmanın 6-cı bəndinə əsasən, “xxxx” MMC iddiaçının qarşılıqlı münasibətlərin başlanıldığı andan etibarən 125.000,00 ABŞ dolları xərc çəkdiyini təsdiq etmiş və öhdəliklərini yerinə yetirmədiyi təqdirdə çəkilən xərcləri də mübahisəsizşəkildə ödəyəcəyini bildirmişdir. Qeyd edilən razılaşmalara əlavə olaraq, iddiaçı ilə Cavabdeh1 (zamin) arasında 24 avqust 2018-ci il tarixində bağlanmış zaminlik müqaviləsinə əsasən sonuncu “xxxx” MMC-nin öhdəliklərinin bir qismi (125.000,00 ABŞ məbəlğində olan hissəsi ) çün zamin duraraq birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Razılaşmanın əldə olunmasına və “xxxx” MMC-nin öhdəlikləri üzrə ödəmə müddətinin oktyabr 2018-ci il tarixdə başlamasına baxmayaraq, 2019-cu ilin dekabr ayınadək, sonuncu tərəfindən heç bir ödəniş edilməmiş və öhdəliklərinə əməl edilməmişdir. Ona göndərilmiş pretenziya məktubu 09.12.2019-cu il tarixində qanuni nümayəndəsi X2 tərəfindən təhvil alınsa da üstündən iki aydan çox müddət keçməsinə baxmayaraq, öhdəlik icra edilməmişdir. Təqdim olunmuş sənədlərə əsasən ödənilməli olan 480.100,00 ABŞ dolları əsas öhdəliyə və iddiaçı tərəfindən münasibətlərin başlanğıcından etibarən çəkilmiş xərc olan 125.000,00 ABŞ dolları, 24 avqust 2018-ci il tarixdən etibarən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş illik 12 faiz dərəcəsi (10 faiz uçot dərəcəsi + 2 faiz) tətbiq olunmaqla müvafiq olaraq 20.324 ABŞ dolları və 5291 ABŞ dolları, 2019-ci il üzrə illik 11,75 faiz dərəcəsi tətbiq olunmaqla müvafiq olaraq 56447 ABŞ dolları və 14687 ABŞ dolları faizlər hesablanmış və iddiaçıya ödənilməli olan ümumi məbləğin 701.849 ABŞ dolları olaraq müəyyən olunmuşdur...” Eyni zamanda, 12.05.2020-ci il tarixində “xxxx” MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X1” LLC ilə aralarında bağlanmış 24.08.2018-ci il tarixli Razılaşma hesabatının qismən, yəni, 150.000,00 ABŞ dollarından artıq məbləğdə pul vəsaitinin və malın alınması hissəsində etibarsız hesab edilməsi, onlar arasında bağlanmış 24.08.2018-ci il tarixli, 23/18 saylı Razılaşmanın isə etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi aşağıdakılarla əsaslandırılmışdır: “xxxx” MMC cavabdehdən 541.000,00 ABŞ dolları dəyərində nağd pul vəsaiti və mal almamış, qeyd olunan məbləğ tamamilə şişirdilmiş və cəmiyyətin mühasibatlıq sənədlərində həmin pul vəsaitinin və malın qəbul edilməsinə dair heç bir sənəd mövcud deyildir. Buna baxmayaraq həmin aktı imzalayan zaman “xxxx” MMC-nin direktoru (qanuni təmsilçisi) olmuş X3 mühasibatlıq sənədlərini araşdırmadan qeyd olunan aktı imzalamışdır. Halbuki, cavabdeh təşkilat tərəfindən “xxxx” MMC-nin bank hesabına 21 fevral 2017-ci il tarixdə 100.000,00 ABŞ dolları və 27 mart 2018-ci il tarixdə 50000 ABŞ dolları olmaqla, ümumilikdə 150.000,00 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür. Qeyd olunan məbləğdən başqa cavabdeh tərəfindən “xxxx” MMC-yə 391.000,00 ABŞ dolları dəyərində pul vəsaiti və ya mal verilməmiş və bu halı təsdiq edən hər hansı sənəd (sübut) mövcud deyildir. Həmçinin tərəflər arasında başlanmış 24 avqust 2018-ci il tarixli, 23/18 saylı «Razılaşma»ya əsasən, həmin “Razılşma hesabatı”nda göstərlmiş borc məbləği 4 ay müddətində hissə-hissə “xxxx” MMC tərəfindən cavabdeh təşkilata ödənilməlidir. Həmin hesabata əsasən “xxxx” MMC tərəfindən cavabdehə 60.900,00 ABŞ dolları dəyərində pul vəsaiti və mal verilmişdir. Belə olan halda, “xxxx” MMC-nin cavabdeh təşkilata 89.100,00 ABŞ dolları dəyərində borcu qaldığından 23/18 saylı «Razılaşma»nın əhəmiyyəti qalmamışdır. Ona görə də «Razılaşma hesabatı» qismən, 150000 ABŞ dollarından artıq məbləğdə pul vəsaitinin və malın alınması hissəsində etibarsız hesab edilməsinə və 24 avqust 2018-ci il tarixli, 23/18 saylı «Razılaşma»nın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməlidir.” Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1132/2020 saylı 14.10.2020-ci il tarixli qətnaməsi ilə aşağıdakılar qət olunmuşdur: “İlkin iddia qismən təmin edilsin. Cavabdeh “xxxx” MMC-dən 480.100,00 ABŞ dolları məbləğində əsas borc, 24.005,00 ABŞ dolları faiz, cəmi 504105 ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 21,54 manat məbləğində pul tutularaq iddiaçı “X1” LLC-nin xeyrinə ödənilsin. 480.100,00 ABŞ dolları məbləğində olan əsas borcdan cavabdeh “xxxx” MMC tərəfindən 300.000,00 ABŞ dolları məbləğində pul ödənilənədək, əsas borcun 125000 ABŞ dolları məbləğində olan hissəsi cavabdehlər “xxxx” MMC və Cavabdeh1 birgə tutularaq iddiaçı “X1” LLC-nin xeyrinə ödənilsin. “xxxx” MMC-nin qarşılıqlı iddiası rədd edilsin...” Hər iki tərəf həmin qətnamədən apellyasiya şikayəti vermiş: -ilkin iddiaçı“X1” LLC qətnamənin iddianın təmin edilmədiyi hissəsində ləğv edib həmin hissədə iddia tələbinin təmin ediliməsi; - qarşılıqlı iddiaçı “xxxx” MMC isə qətnamənin ləğv edilməsi və ilkin iddia tələbinin 89.100,00 ABŞ dollarından artıq məbləğdə pul vəsaitinin tələb edilməsi hissəsində rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə – yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddiaçının apellyasiya şikayəti ahşağıdakılarla əsasdlandırmışdır: Qətnamə iddiaçının iddia tələblərinin təmin edilmədiyi hissədə maddi və prossesual hüquq normalarının tələblərinə uyğun olmadığına görə həmin hissədə ləğv edilməlidir və iddiaçının iddia tələblərinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Məhkəmə çəkilmiş xərclərin əvəzi olaraq tələb edilən 125.000,00ABŞ dollarının əvəzinin tutulması tələbinitəmin etməməsini əsaslandırmamışdır. Halbuki, həmin tələb əsaslıdır. Tərəflərin arasında bağlanmış, məhkəməyə təqdim edilmiş 24 avqust 2018 – ci il tarixli 23/18 saylı razılaşmanın 6-cı bəndinə əsasən, “X1” LLC-nin 125.000 ABŞ dolları xərc çəkməsi borclu “xxxx” MMC tərəfindən təsdiq edilmiş və kreditorun onu tələb etmək hüququ müəyyən edilmişdir. Mülki Məcəllənin müqavilə öhdəlikləri haqqında normalarına əsasən, tərəflərin qarşılıqlı razılaşması (müqaviləsi) tərəflər üçün öhdəlik yaradır. Mülki Prossesual Məcəllənin (“MPM”) tələblərinə görə, bir tərəfin faktı təsdiq etməsi, digər tərəfi həmin faktı sübutetmə vəzifəsindən azad edir. Cavabdeh çəkilmiş xərcləri təsdiq etdiyinə görə, bunu üçün əlavə sübuta (qəbzlər və sair) ehtiyac yoxdur. Məhkəmə faiz tələbini azaldarkən, Mülki Məcəllənin 445 və 449 – cu maddələrinin tətbiqində səhvə yol vermişdir. Belə ki, məhkəmə faizi bank faizinin uçot dərəcəsi ilə tutmayarkən, bunu belə əsaslandırmışdır ki, iddiaçı cavabdehin həmin vəsaitdən faydalandığını sübut edə bilməmişdir. Halbuki, Mülki Məcəllənin 445.7 – ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, bu maddənin tətbiqi üçün puldan faydalanmanı sübut etmək tələb edilmir. Məhkəmə elə ona görə də, 5 faiz tutarkən bunu tələb etməyib. Amma həmin maddəyə əsasən, kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilirsə, borclu həmin faizi ödəməyə borcludur. Bu halda isə kreditor bank faizinin üçot dərəcəsi əsasından çıxış etmişdir. Qarşılıqlı iddiaçı isəapellyasiya şikayətini aşağıdakılarla əsaslandırmışdır: İlkin iddia tələbində fevral 2017-ci ildən iyun 2018-ci ilədək 150.000,00 ABŞ dolları bank köçürməsi, 391.000,00 ABŞ dolları nağd olmaqla 541.000 ABŞ dlolları məbləğində pul vəsaiti verildiyini iddia edir. “xxxx” MMC LLC-dən 391.000,00 ABŞ dolları məbləğində nağd pul və ya mal almamış, bu barədə heç bir sənəd mövcud deyil. Tərəflər arasında hüquq münasibətlərinin yaranmasına əsas tərəflər arasında bağlanmış 18 fevral 2017-ci il və 14 mart 2018-ci il tarixli beynəlxalq müqavilələr olmuşdur. Həmin müqavilələrin 2.4-cü bəndinə əsasən məhsulun hər partiyasına görə ödəniş alıcı tərəfindən invoys alındıqdan sonra 5 iş günü ərzində pul vəsaitlərinin satıcının bank hesabına köçürülməsi yolu ilə 100% qabaqcadan ödəniş formasında həyata keçirilir. Göründüyü kimi, müqavilələrdə pul vəsaitlərinin nağd nağd qaydada verilməsini nəzərdə tutan hər hansı bir şərt müəyənləşdirilməmişdir. Azərbaycan Respublikası Mərkəzi X4 27.05.2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rezident və qeyri-rezident lərin valyuta əməliyyatlarının rejimi haqqında” Qaydaların 2.1.2-ci bəndində nağd şəkildə ödənişlərə olan tələblər sadalanmışdır. Mübahisələndirilən razılaşma hesabatnının əsasını təşkil edən nağd pul vəsaitinin və malın alınmasını təsdiq edən hallar mövcud olmamışdır. Müqavilələrdə də nağd qaydad pulun verilməsi şərtləndirilməmiş, iddiaçının adından kim tərəfindən təqdim edilməsi, ölkəyə gətirilməsi, gömrük orqanlarında bəyan edilməsi tarixindən 10 gün müddətində Cəmiyyətin kassasına mədaxil edilməsi barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə də nağd pul və vəsaitinin və malın alınmasını təsdiq edən haların mövcud olmadığına baxmayaraq, razılaşma hesabatını imzalyan zaman “xxxx” MMC-nin direktoru (qanuni təmsilçisi) olmuş X3 diqqətsizliyə yol vermiş, bununla da vacib əhəmiyyətli yanılmanın təsiri altında hərəkət edərək, imzaladığı razılaşma hesabatının məzmunu barəsində səhv etmişdir (Mülki Məcəllənin 347.1, 347.2.2, və 347.2.3-cü maddələrinə istinad olunur). Birinci instansiya məhkəməsi qarşılıqlı iddianın rədd edilməsinə dair gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qarşılıqlı iddia tələbində göstərilən halları təsdiq edən sübut məhkəməyə təqdim olunmamışdır. Halbuki, ilkin iddiaçının nümayəndəsinə 391.000,00 ABŞ dolları məbləğində nağd vəsaitin razılaşma hesabatında göstərilən tarixlərdə verilməsini təsdiq edən sübutların məhkəməyə təqdim olunması təklif olunsa da hər hansı bir sübut məhkəməyə təqdim edə bilməyəcəklərini qeyd etmişdir. Buna baxmayraq işə baxan hakim qeyd olunan hallara münasibət bildirməmiş, bununla da iş üzrə qanunsuz və əsassız məhkəmə aktı qəbul etmişdir...” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən tərəflərin nümayəndələri apellyasiya şikayətlərini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə tərəflərin apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlkin iddiaçının apellyasiya şikaytindən göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iki halda razılaşmır. Birinci halda, iddiaçı cavabdehlə münasibətlərinin yarandığı gündən çəkdiyi 125.000 ABŞ dolları məbləğində xərcin sonuncudan tutulması tələbi hissəsində iddianın rədd olunması ilə razılaşmayaraq onu mübahisələndirir ki, borclu tərəfindən həmin xərc təsdiq edilmiş və kreditorun onu tələb etmək hüququ müəyyən edildiyi məhkəmə tərəfindən nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi isə qətnamədən görünür ki, həmin hissədə iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, iddiaçı “X1” LLC daxili bazarın monitorinqinə (mütəxəssislərin gəlməsi, qalmaq, yemək və digər xərclər) görə çəkdiyi xərclə bağlı 125.000,00 ABŞ dolları məbləğində vəsait tələb etsə də, məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi həmin nəticə ilə razılaşır. Belə ki, Mülki Məcəllənin 385.1-ci öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Tərəflər arasında bağlanımış 24 avqust 2018-ci il tarixli 23/18 saylı razılaşmadan görünür ki, razılaşmanın 2-ci bəndi ilə borclu əvvəlki razılaşmalar üzrə 480.100,00 ABŞ dolları məbləğində əsas borcunu kreditora bərabər hissələrlə ödəməyi öhdəsinə götürdüyü halda, həmin rayzılaşmanın 6-cı bəndində, sadəcə olaraq, kreditorun birtərəfli qaydada qarşılıqlı kredit münasibətlərinin başlandığı andan çəkdiyi xərcləriən əvəzi olaraq əlavə 125.000,00 ABŞ dolları məbləğində vəsaiti borcludan tələb etmək hüquqna malik olduğu təsbit olunmuşdur. Göründüyü kimi, qeyd olunan halda, borclunun 125.000,00 ABŞ dolları məbləğində pulu kreditora ödəməyi öhdəsinə götürməsi barədə tərəflər arasında imperativ razılaşma şərti mövcud deyil. Bu halda borclu sadəcə, gələcəkdə kreditorun ona qarşı müvafiq iddianı qaldırmaq hüququna malik olmasını tanımışdır. Bu hüququn reallaşdırılması isə o halda baş tuta bilər ki, borcun tələb edilməsi anında ya borlu həmin tələbi qəbul edib ödəməyi öz öhdəsinə götürsün, ya da ki həmin xərclər kreditor tərəfindən sübutlarla əsaslandırmış olsun. Konkret halda borclu (yəni cavabdeh) həmin borcu qəbul etmir, iddiaçının isə xərci təsdiq edən sübutları da yoxdur. İlkin iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsi ilə, iddiaçının illik faiz və əldən çıxmış faydaya görə hesablanmış faizl məbləğinin azaldılmasını mübahisələndirən dəlilləri ilə də razılaşmır. Ən azından ona görə ki, borclu 24.08.2018-ci il tarixi ndən etibarən razılaşmada nəzərdə tutulan, dörd ay müddətində ödəməyi öhdəsinə götürdüyü 480.100,00 ABŞ dolları məbləğində borcunu bərabər hissələrlə ödəməyə borclu olduğu halda, həmin borcunu ödəməmiş, kreditor (ilkin iddiaçı) isə bunun müqabilində Mülki Məcəllənin 425.1ci maddəsininə müvafiq hərəkət etməmiş, razılaşma müddəti bitdikdən bir il sonra yalnız, hazırkı təəbi ilə məhkəməyə müraciət etmişdir. Bu baxımdan və Mülki Məcəllənin 458-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən ilkin iddiaçının faiz tələbinin 24.005,00 ABŞ dolları məbləğində müəyyən edilməsini mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Qarşılıqlı iddiaçının apellyasiya şiayətinin dəlillərindən isə görünür ki, tərəflər arsında 24.08.2018-ci il tarixdə imzalanmış razılaşma hesabatının 150.000,00 ABŞ dollarından artıq olan məbləğdə pul vəsaitinin və malın alınması hissəsində etibarsız hesab edilməsi, eyni zamanda onlar arasında bağlanmış 24.08.2018-ci il tarixli, 23/18 saylı Razılaşmanın etibarsız hesab edilməsi tələbinin, birinci instansiya məhkəməsi tərəfindən rədd ediliməsini və həmin hissələrdə ilkin iddianın təmin olunmasını əsassız sayır və bu mövqeyini aşağıdakılarla əsaslandırır: -hesabatın və razılaşmanın əsasını təşkil edən nağd pul vəsaitinin və malın alınmasını təsdiq edən sübutlara söykənən hallar mövcud olmamış, həmin sənədləri imzalyan zaman “xxxx” MMC-nin keçmiş direktoru (qanuni təmsilçisi) X3 diqqətsizliyə yol vermiş, bununla da vacib əhəmiyyətli yanılmanın təsiri altında hərəkət edərək, imzaladığı razılaşma hesabatının məzmunu barəsində səhv etmişdir. Ona görə də Mülki Məcəllənin 347.1, 347.2.2, və 347.2.3-cü maddələrinin təəbi baxımından iddia tələbin təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddiaçının qeyd olunan dəlilləri tamamilə əsasızdır. Birincisi ona görə ki, konkret halda, onlar tərəfindən 24.08.2018-ci il tarixində bir araya gəlinərək, qarşılıqlı iddiaçının özünün də istinad etdiyi onlar arasındakı 18 fevral 2017-ci il və 14 mart 2018-ci il tarixli beynəlxalq müqavilələrdən irəli gələn borc pul və mal alqı-satqısından irəli gələn münasibətlərinə aydınlıq gətirməklə, mübahisələndirilən hesabatı və razılaşmanı imzalamaları mülki qanunvericiliyin tələblərinə tamamilə uyğundur. Belə ki, Mülki Məcəllənin 881.2-ci maddəsinə görə barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Həmin Məgəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Məhz, hər iki tərəf qarşılıqlı şəkildə 24.08.2018-ci il tarixində mübahisələndirilən hesabatı və razılaşmanı imzalayıb, müəssisələrin möhürləri ilə təsdiq etməklə qeyd olunan beynəlxalq müqavilələrdən irəli gələn borc münasibətləri ilə bağlı öz iradə ifadələrini etiraf etmişlər. Mülki Məcəlləsinin 351.3-cü maddəsi isə nəzərdə tutur ki, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Ona görə də qarşılıqlı iddiaçının qeyd olunan dəlilləri mübahisələndirilən hesabatı və razılaşmnın etibarsız sayılmasına əsas olan hallar kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, qarşılıqlı iddiaçı 24 avqust 2018-ci il tarixində imzalayıb dəsdiq etdiyi həmin hesabat və razılaşmanın etibarsızlığını mübahisələndirmək üçün mülki qanunvericiliklə müəyyən edilən kəsici iddia müddətini də ötürmüşdür. Belə ki, Məcəllənin qeyd olunan 354.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Qarşılıqlı iddiaçı hesabat və razılaşmanın imzalayıb möhürü ilə təsdiq etdiyi 24 avqust 2018-ci il tarixində onların etibarsızlığına əsas olan halları bilmiş və ya bilməli olduğu halda, 1 il 9 ay keçdikdən sonra – 12.05.2020-ci il tarixində sənədlərin etibasızlığı ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bununla da qanunla müəyyən olunan 1 illik kəsici iddia müddətini ötürmüşdür. Qeyd olunanlardan göründüyü kimi, qarşılıqlı iddiaçının iddia tələbinin təmin edilməsiən əsas verən halların mövcudlğu müəyyən edilmir. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası itərəflərin apellyasiya şikayətinin mübahisələndirilən hissələrdə birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız olduğunu vurğulayan dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onların apellyasiya şikayətləri təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1132/2020saylı 14.10.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrində dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 393, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i: Tərəflərin apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1132/2020 saylı 14.10.2020-ci il tarixli qətnaməsi (mübahisələndirilən hissələrdə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar