Məhkəmə qərarları › İş №2-2(103)-391/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-391/2022

06.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-391/2022 06.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçının nümayəndəsi (qanuni təmsilçi) Qanuni nümayəndə, nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh1nə qarşı cavabdehdən alqı-satqı müqaviləsi üzrə borcun, illik 5% olmaqla əldən çıxmış faydanın, iddia qaldırılarkən çəkilmiş xərclərin əvəzinin tutulması barədə iddia ərizəsi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 27.01.2022-ci il tarixli 2-2(113)-317/2022 nömrəli qətnaməsindən (hakim Zaur Pirverdiyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh1nə qarşı cavabdehdən 161743 manat məbləğində pul vəsaitinin, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 10782 manat, ümumilikdə 172525 manat, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 400 manat və ödənilmiş dövlət rüsmunun əvəzi olaraq 108 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 04 yanvar 2019-cu il tarixli müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə müxtəlif çeşidli metal məmulatlar satılmışdır. Tərəflər arasında imzalanmış üzləşmə aktına əsasən cavabdehin 07 yanvar 2019-cu il tarixdən 10 iyun 2020-ci il tarixinə qədər iddiaçıya 137.888,99 manat əsas məbləğ üzrə və 23854,84 manat ƏDV üzrə borcu yaranmışdır. Lakin, borcun yaranmasından artıq 1 il 4 ay vaxt keçməsinə, cavabdehə dəfələrlə həm şifahi, həm də yazılı müraciətlər edilməsinə baxmayaraq, yaranmış borc bu günə qədər ödənilməmişdir. Eyni zamanda cavabdehdən 161743 manat məbləğində pul vəsaitini 1 il 4 ay müddətində qaytarmamasına görə illik 5% olmaqla 10782 manat pul tutulmalıdır. Bakı Kommersiya Məhkəməsinin 27.01.2022-ci il tarixli 2-2(113)-317/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1ndən 132297,6 manat məbləğində pul vəsaitinin, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 10782 manatın, ümumilikdə 143079,6 manatın, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 383,56 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən Mülki Məcəllənin 386.1., 389.1.-ci maddələri pozulmuş, düzgün tətbiq olunmamışdır, 443.1., 445.2., 739.2.-ci maddələr kredit müqaviləsinə aid maddələrdir, hazırki mübahisəyə tətbiq oluna ola bilməz. Qətnamədə üzləşmə aktı müqavilə kimi qəbul olunub. Halbuki, üzləşmə aktında hüquq və vəzifələr razılaşdırılmayıb. Həm də, məhkəmə nəzərə almalı idi ki, müqavilə mövcud durum barədə deyil, gələcək münasibətlər barədə, dəfələrlə təkrarlanmış formada bağlanılır. Qətnamədə tərəflər arasında müqavilə olmadığı və bu səbəbdən də Cavabdeh1 MMC qarşısında öhdəlik yaranmadığı nəzərə alınmamışdır. Məhkəmə şifahi müqavilə olduğu qənaətinə gəlsə də, iddiaçı bunu rədd etmişdı və bildirmişdi ki, yazılı müqavilə olub. Ancaq, həmin müqavilənin olduğunu sübuta yetirə bilməmişdir. Müqavilə olmadığından, hər hansı bir öhdəlikdən bəhs oluna bilməz. Üzləşmə aktında yazılanlar, dəfələrlə istifadə üçün nəzərdə tutula bilməyən və əvvəlcədən ifadə edilə bilən şərt olmadığından müqavilə şərti sayıla bilməz. Məhkəmə üzləşmə aktında bəhs olunan, üzləşdirilmiş sənədlərin hansı sənədlər olduğunu aydınlaşdırmamışdır. Əgər aydınlaşdırılsa idi, məlum olacaqdı ki, bir sənəd özü ilə üzləşdirilib. Bu əsasla da üzləşmə aktı etibarsız sənəd sayıla bilərdi. Cavabdeh1 MMC-nin kağız daşıyıcıda və elektron məhkəmə vasitəsi ilə işə əlavə etdiyi etiraz və ya mülahizə sənədində qeyd olunanlara məhkəmə tərəfindən münasibət bildirilməmişdir. Əgər, sənəd nəzərə alınsa idi, fərqli qətnamə çıxarıla bilərdi. "xxxx" MMC malları təhvil verərkən, malı təhvil götürən şəxslərin Cavabdeh1 MMC-nin əməkdaşları olması sübuta yetirilməyib. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə və nümayəndəsi/vəkili Nümayəndə1 məhkəmə iclasında apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası izahatları, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 27.01.2022-ci il tarixli 2-2(113)-317/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1 arasında tərtib olunmuş üzləşmə aktı adlanan sənəddən görünür ki, Cavabdeh1 iddiaçıya aktdakı elektron qaimələrə əsasən 137888,99 manat əsas borcu, 23854,84 manat ƏDV borcu olduğunu təsdiq etmişdir. Sonuncu qaimələr 10.06.2020-ci il tarixdə göndərilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin tərəfindən verilmiş 26.01.2022-ci il tarixə olan hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən 25.11.2021-ci il tarixdə iddiaçının hesabına 29445,4 manat ödəniş edilmişdir. Cavabdehin nümayəndəsi işə apelyasiya qaydasında baxılarkən məhkəmə iclasında izahatında göstərmişdir ki, tərəflər arasında alqı-satqı münasibətləri olmuş, iddiaçıdan mallar alınmış, dəyəri ödənilmiş, hər hansı borc qalmamışdır. Aralarında yazılı müqavilə bağlanmamışdır. “Üzləşmə aktı” adlı sənədi mühasib Xədicə Ağaverdiyeva tərəfindən imzalamış, buna görə də mühasib cəzalandırılmışdır. İddiaçı iddia ərizəsində 04.01.2019-cu il tarixdə tərəflər arasında yazılı alqı-satqı müqaviləsi bağlandığını qeyd etsə də bu barədə məhkəməyə sübut təqdim etmişdir. İşi hallarından göründüyü kimi, cavabdeh tərəflər arasında alqı-satqı münasibətləri olduğunu, iddiaçıdan mallar aldığını mübahisələndirmir. Cavabdehin iddiaya etirazı belə əsaslandırılır ki, alınmış malların dəyəri tam ödənilmişdir. Halbuki işdəki üzləşdirmə aktına əsasən cavabdeh iddiaçıya alınmış mallara görə ƏDV daxil 161743,83 manat ödəməli olduğu halda, 25.11.2021-ci il tarixdə cəmi 29445,4 manat ödəmişdir. Bu məbləğdən artıq ödəniş edildiyinə dair cavabdeh birinci instansiya məhkəməsinə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 385.1.-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1.-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə düzgün olaraq bu nəticəyə gəlmişdir ki, borc məbləğindən cavabdeh tərəfindən 29445,4 manat ödəniş edildiyindən qalan 132297,6 (161743-29445,4) manat cavabdehdən tutulmalıdır. Bundan başqa birinci instansiya məhkəməsi düzgün olaraq Mülki Məcəllənin 445.7.ci, 448.1, 448.2-ci maddələrinə istinad etməklə hesab etmişdir ki, pul öhdəliyinin icrası gecikdirildiyindən gecikdirilmiş bir il dörd ay üçün illik 5% olmaqla 10782 manat cavabdehdən iddiaçının xeyrinə tutmuşdur. İşdəki üzləşmə aktından görünür ki, son elektron qaimə 10.06.2020-ci ildə göndərilmiş, iddia ərizəsi 14.10.2021-ci il tarixdə məhkəməyə daxil olmuş, 29445,4 manat ödəniş isə 25.11.2021-ci il tarixdə edilmişdir. Yəni iddia qaldırılan zaman cavabdeh tərəfindən 1 il 4 ay müddətinə ödənilməmiş 172525 manat borc olmuşdur. İddiaçının ödənilməmiş həmin məbləğ üzrə 1 il 4 ay üçün illik beş faiz üzrə 11501,65 manat (1 il=8626.25 manat, 4 ay=2875.4 manat) tələb etmək hüququ olmuş, iddiaçı ərizəsində 10782 manat tələb etmişdir. Belə olan halda birinci instansiya məhkəməsi düzgün olaraq iddiadan kənara çıxmayaraq əldən çıxmış faydaya görə 10782 manat pul tutmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə iddia tələbinin 82,93 faizinin təmin edildiyini nəzərə alaraq, mediasiya xərcinə görə 383,56 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində də iddianı qanuni və əsaslı hesab edir. Apellyasiya şikayətində qeyd edilənlərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, alqısatqı müqaviləsi üzrə üzləşmə aktı Cavabdeh1 möhürü ilə təsdiq edilmiş, möhürün isə hüquqi şəxsə aid olmadığı mübahisələndirilməmişdir. Möhür hüquqi şəxsin qanuni təmsilçisində olduğundan həmin aktın səlahiyyətsiz şəxs tərəfindən təsdiq edildiyinə dair cavabdehin dəlilləri əsassızdır. Bundan əlavə cavabdehin iddia qaldırıldıqdan sonra 25.11.2021-ci il tarixdə borc üzrə ödəniş həyata keçirməsi də təsdiq edir ki, iddiaçıdan alınmış malların dəyərinin yerində ödənildiyinə dair cavabdehin nümayəndəsinin izahatında qeyd etdikləri həqiqətə uyğun deyil. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 27.01.2022-ci il tarixli e-2-2(113)-317/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 27.01.2022-ci il tarixli e-2-2(113)-317/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar