Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-391/2023 24.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X3 ve X1 Sanayi Ticarət LTD ŞTİ”- nin cavabdeh “Azər-Türk Group" MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulmasına dair Açar söz: alqı-satqı müqaviləsi üzrə tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, iddiaçı Türkiyə Respublikasının hüquqi şəxsi olan “X3 ve X1 Sanayi Ticarət LTD ŞTİ”- nin cavabdeh “Azər-Türk Group" MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)- 1493/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçı “X3 ve X1 Sanayi Ticarət LTD ŞTİ” ilə Cavabdeh MMC arasında 19 iyun 2020-ci il tarixdə dezinfeksiya cihazlarının alqısatqı müqaviləsi bağlanmışdır. Müqavilə hər iki tərəfin təqsdiq etdiyi yazılı sənədin tərtib edilməsi ilə deyil, iddiaçı tərəfindən göndərilmiş, müqavilnin mühüm şərtləri əks olunmuş ofertanın cavabdeh tərəfindən aksept edilməsi (imza və möhürlə təsdiqi) yolu ilə bağlanmışdır. Ofertada satılacaq malın qiyməti 21180 ABŞ dolları məbləğində qeyd edilmişdir.
2. xx.xx.2020-ci il tarixli invoysdan görünür ki, satıcı “X3 ve X1 Sanayi Ticarət LTD ŞTİ” MMC tərəfindən alıcı Cavabdeh MMC-yə ümumi dəyəri 31.820 ABŞ dolları məbləğində mallar təqdim edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı “X3 ve X1 Sanayi Ticarət LTD ŞTİ” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı “X3 ve X2 Sanayi Ticarət LTD ŞTİ” ilə Cavabdeh MMC arasında 19 iyun 2020-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsində qeyd olunan öhdəliklə bağlı iddiaçı tərəfindən cavabdehə satılmış malın dəyəri olaraq 31820 ABŞ dolları məbləğində pulun və həmin məbləğin vaxtında ödənilməməsi ilə bağlı illik 5% gecikməyə görə 1591 ABŞ dolları olmaqla cəmi 33411 ABŞ dolları, o cümlədən mediasiya üçün ödənilmiş 50 manat və məhkəməyə ödənilmiş dövlət rüsumu 260,40 manatın cavabdehdən tutulub iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “X3 ve X2 Sanayi Ticarət LTD ŞTİ” ilə Cavabdeh MMC arasında 19 iyun 2020-ci il tarixdə alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən 21180 ABŞ dolları məbləğində mal iddiaçı tərəfindən cavabdehə təqdim edilməli idi. Tərəflərin arasındakı sonrakı danışığa və razılaşmaya əsasən iddiaçı tərəfindən cavabdehə 31820 ABŞ dolları məbləğində mal təqdim edilmişdir. Həmin malların cavabdehə göndərilməsinə dair gömrük sənədləri və fakturalar mövcuddur. Hər iki tərəfin səlahiyyətli şəxslərinin imzaları və şirkətlərin möhürü ilə təsdiq edilmiş faktura (invoice) və gömrük sənədlərindən görünür ki, 31820 ABŞ dolları məbləğində mal cavabdeh tərəfindən qəbul edilmişdir. Lakin həmin vaxtdan bəri qeyd olunan malın dəyəri cavabdeh tərəfindən ödənilməmişdir. Bununla bağlı cavabdehə şifahi xəbərdarlıq edilmiş və malların dəyərinin ödənilməli olduğu bildirilmişdir. Daha sonra cavabdehə pretenziya göndərilmiş, lakin keçən müddət ərzində cavabdeh tərəfindən öhdəliyin yerinə yetirilməsi istiqamətində heç bir hərəkət edilməmişdir. Bundan sonra cavabdehlə mübahisənin mediasiya qaydasında həlli üçün təklif edilsə də, ilkin mediasiya sessiyasından sonra proses davam etdirilə bilməmişdir. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-1493/2022 nömrəli qətnaməsi ilə (hakim Emin Əliyev) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh MMC-dən 21180 ABŞ dolları əsas borc, illik 5%-lə hesablanmış 1059 ABŞ dolları faiz borcu Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla, həmçinin 50 manat mediasiya xərci və 173,05 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “X3 ve X1 Sanayi Ticarət LTD ŞTİ”-yə ödənilməsi qət edilmişdir.
6. Məhkəmə hesab etmişdir ki, 19 iyun 2020-ci il tarixli müqaviləyə əsasən satıcı “X3 ve X1 Sanayi Ticarət LTD ŞTİ” MMC ilə alıcı Cavabdeh MMC arasında cəmi 21180 ABŞ dolları məbləğində malların satılması ilə bağlı razılıq əldə edilmiş, lakin müqavilədə göstərilən eyni sayda, çeşiddə və növdə olan mallar 2020-ci ilin iyul ayında alıcıya təhvil verilərkən invoysda onların qiyməti yüksək, yəni 31820 ABŞ dolları kimi göstərilmişdir. İddiaçı məhz invoysda göstərilən qiymətlərə istinad edərək cavabdehdən əsas borc kimi 31820 ABŞ dolları məbləğində pulu tələb etmişdir. Məhkəmə tələbin həcmi ilə razılaşmayaraq, qeyd etmişdir ki, tərəflərin arasında bağlanmış müqavilədə təhvil verilən malların qiyməti 21180 ABŞ dolları məbləğində müəyyən edildiyinə görə əsas borcun tələbi müqavilədə göstərilən həcmdə, eyni zamanda illik 5%-lə hesablanan borc qismən 1059 (21180/100*5) manat məbləğində təmin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddiaçının mediasiya xərci ilə bağlı tələbi əsaslı olduğundan təmin olunmalıdır.
7. Məhkəmə bununla yanaşı qeyd etmişdir ki, cavabdeh izahatında qəbul etdiyi mallara görə ödənişin həmin malların satışından sonra həyata keçiriləcəyini bildirsə də, bununla bağlı heç bir sübut təqdim etməmiş, məhkəmə isə 19 iyun 2020-ci il tarixli müqavilədə sözügedən müddəaları aşkar etməmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-1493/2022 nömrəli qətnaməsinin ləğv edib, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslanmışdır ki, məhkəmə əsassız olaraq belə nəticəyə gəlmişdir ki, X4 və X1 Sənaye Ticarət LTDŞTİ Azər-Türk Group MMC arasında alqı-satqı müqaviləsi bağlanılmış və satılmış malların dəyəri olaraq 21.180 ABŞ dolları məbləğində pul vəsaiti iddiaçıya ödənilməlidir. Məhkəmə nəzərə almamışdır ki, Azər-Türk Group MMC hüquqi şəxs olaraq heç bir əqdi o cümlədən alqı-satqı müqaviləsini şifahi olaraq bağlamır. Ən xırda dəyəri olan alqı-satqı müqavilələri məsələn ofisə dəftər ləvazimatı almaqdan tutmuş böyük dəyəri olan müqavilələrə qədər bütün əqdləri yazılı şəkildə bağlayır. Tərəflər arasında belə müqavilə mövcud deyil. Bu haqda məhkəməyə dəfələrlə yazılı və məhkəmə baxışı zamanı şifahi izahat verilmişdir. Bildirilmişdir ki, iddiaçı cavabdehin direktoru İ.Arslana yalnız tapşırıq vermiş, sözügedən malların Azərbaycan Respublikasında satışını təşkil etmək və əldə etdilmiş qazancdan mənfəət əldə etmək olmuşdur. Bundan başqa Cavabdeh MMC hüquqi şəxs olaraq vergi ödəyicisi olduğu üçün heç bir şifahi əqd bağlamır, mal alıb anbara mədaxil etmir. Bütün bu işlər yazılı qaydada vergi öhdəliklərinin tələblərinə riayət etməklə aparılır. Söhbət başqa dövlətdən alınan mallardan gedirsə bu yalnız yazılı alqı-satqı müqaviləsinə əsasən aparıla bilər. Məhkəmə qərar qəbul edərkən bütün bunları nəzərə almalıdır. Alqı-satqı müqaviləsi alıcı əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi özündə ehtiva edir. Başqa dövlətdən aldığın malın dəyərini ödənilmədiyi halda hansı əsasla həmin mallar cavabdehə göndərilir. Əgər alqı-satqı müqaviləsinə əsasən mal cavabdehə göndərilirsə bəs dəyərinin ödənilməsi niyə tələb edilmir? Bütün bu suallar cavabsız olaraq qalmış, məhkəmə bu halları araşdırmamış, iddiaçının nümayəndəsindən bu haqda izahat almamışdır. İddia ərizəsində göstərilən malların Azərbaycan Respublikasının ərazisində satılmasına dair tapşırıq alınmışdır. Bu əsasla həmin mallar Türkiyə Respublikasından qəbul edilmiş, mallar satıldıqdan sonra malın dəyəri, gömrük, yol və saxlanc xərcləri ödəniləcək, mənfəətdən pay veriləcəkdir. Mallar satılmadığı üçün iddiaçıya dəfələrlə müraciət edilərək malların geriyə qaytarılmasına dair sənəd tələb edilmiş, belə sənəd təqdim edilmədiyi səbəbdən onlar qaytarıla bilinməmişdir. Məhkəmənin nəzər diqqətinə çatdırılmışdır ki, mübahisənin hüquqi tənzimlənməsində tətbiq ediləcək qaydalar tapşırıq müqaviləsindən irəli gələn normalar olmalıdır. Cavabdeh iddiaçıdan bu haqda tapşırıq alıb işin təşkili ilə məşğul olmuş, işin nəticəsinə dair heç bir öhdəliyi olmamış bu kateqoriyaya daxil olan malların alqı-satqı işinə rəhbərlik etdiyi MMC-nin əsasnaməsinə daxil deyildir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər.
11. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddə-öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 405.2-ci maddə-müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. 407.1-ci maddə-müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. 567-ci maddə-alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 442-ci maddə-öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 28-ci maddə-əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdikləri işlərə, əgər dövlətlərarası sazişlərlə, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə digər hallar nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının məhkəmələri bu Məcəllə ilə müəyyən edilmiş aidiyyət qaydalarına uyğun olaraq baxırlar. 443.0 -cü maddə-Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: 443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda; 443.0.3. cavabdeh Azərbaycan Respublikasının ərazisində əmlaka malik olduqda; 443.0.7. iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə;
“Beynəlxalq xüsusi hüquq” haqqında Qanun 2.1-ci maddə-xarici hüququn tətbiqi zamanı məhkəmə bu hüquq normalarının məzmununu müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görməyə borcludur. 2.2-ci maddə-bu Qanunun 2.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlər nəticə vermədikdə və ya həddən çox xərc tələb etdikdə və proses iştirakçısı olan tərəflərdən heç biri öz tələb və etirazlarını əsaslandırmaq üçün istinad etdikləri hüquqi normaları təsdiqləyən sənədlər təqdim edə bilmədikdə məhkəmə Azərbaycan Respublikası qanunvericiliyini tətbiq edir. 25.1-ci maddə-müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə aşağıda göstərilən tərəflərin təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir: 25.1.1. alqı-satqı müqaviləsində - satıcının. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 77.1-ci maddə-hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
12. Apellyasiya baxışının predmetini iddianın təmin edilən hissəsi təşkil edir.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
13. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-1493/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
14. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçı Türkiyə Respublikasının hüquqi şəxsi olduğundan mübahisə xarici elementlidir. MPM-nin 443.0.1, 443.0.3 və 443.0.7-ci maddələrinə əsasən Bakı Kommersiya Məhkəməsi işə baxmağa səlahiyyəli olmuşdur. Tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn mübahisəyə hansı ölkənin hüququnun tətbiq ediləcəyi barədə razılaşma olmadığından “Beynəlxalq xüsusi hüquq” haqqında Qanunun 25.1.1-ci maddəsinə əsasən işə satıcının-yəni iddiaçının ölkəsinin qanunu tətbiq edilməli olsa da iddiaçı öz iddia tələbini Azərbaycan qanunvericiliyi ilə əsaslandırıldığından və tərəflər arasında işə tətbiq edilmiş hquqla bağlı mübahis olmadığından kollegiya hesab edir ki, məhkəmə maddi hüquq normasının tətbiqində səhvə yol verməmişdir.
15. Cavabdehə iddiaçı tərəfindən Türkiyə Respublikasından 21180 ABŞ dolları dəyərində mal göndərildiyi, malların cavabdehə təqdim edildiyi və dəyərinin ödənilmədiyi işin mübahisəsiz halıdır.
16. Məhkəmə kolegiyası cavabdehin apellyasiya şikayəti ilə bu hissədə razılaşır ki, tərəflər arasında hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş yazılı alqı satqı müqaviləsi bağlanmamışdır. Lakin cavabdeh alıcı olaraq satıcı tərəfindən göndərilmiş ofertanı səlahiyyətli şəxsin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq etdiyindən trəflər arasında həmin andan müqavilə bağlanmış hesab edilir. O cümlədən cavabdeh iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmuş 21180 ABŞ dolları dəyərində malların Türkiyə Respublikasından göndərildiyini, malların hal-hazıradək dəyərinin onun tərəfindən ödənilmədiyini təsdiq etdiyindən iddianın təmin edildiyi hissədə məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.
17. Bağlanmış müqavilənin alqı-satqı müqaviləsi deyil, tapşırıq müqaviləsi olduğu, malların dəyərinin satıldıqdan sonra ödənilməli olduğu, cavabdehin satılmayan malı geri qaytarmaq hüququ olduğuna dair cavabdehin iddiaya etirazında və apellyasiya .şikayətində qeyd edilənlər hər hansı sübutla təsdiq edilmədiyindən məhkəmə apellyasiya şikayətini əsassız hesab edir.
18. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)- 1493/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
19. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh “Azər-Türk Group" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-1493/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.