Məhkəmə qərarları › İş №2-2(103)-391/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-391/2025

10.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-391/2025 10.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “yük daşıma müqaviləsi üzrə borc” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 7131/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2021-ci il tarixli 130/21 saylı Müqavilə üzrə12966 (ƏDV daxil) manat məbləğində əsas borcun, 2593 manat məbləğində cərimə-dəbbə pulunun, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablamaqla 666,9 manat pulun və 153 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh "Caspian Road” MMC-dən xx.xx.2021-ci il tarixli 130/21 saylı Müqavilə üzrə əsas borc 11780 və ƏDV borc 63 manat, 1178 manat məbləğində cərimədəbbə pulu, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablamaqla 964,52 manat məbləği, ümumi olaraq 13985,52 manat İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7131/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh MMC-dən xx.xx.2021ci il tarixli 130/21 saylı müqavilə üzrə ədv daxil 11843 manat borc məbləği, 589 manat dəbbə pulu, borcun ödənişinin gecikdirilməsinə görə 589 manat faiz borcu və dövlət rüsumunun əvəzi olaraq 130 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

4. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7131/2024 nömrəli qətnaməsinin ləğv olunması, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunan qətnamə Cavabdeh MMC-nin iştirakı olmadan qəbul olunmuşdur. Bu səbəblə də Cavabdeh MMC məhkəmənin yekun qətnaməsi üzrə hər hansı sübutlar təqdim etmək imkanı olmamışdır. Cavabdehin təqdim etdiyi sənədlər üzrə çıxan yekun borc məbləği düzgün hesablanmamış, hər hansı ekspertiza rəyi əlavə olunmamışdır. Bundan əlavə olaraq hüquq normalarını düzgün tədbiq etməmiş və həqiqətə uyğun olmayan məbləğdə cərimə borcu hesablamışdır. Şirkətin hal-hazırkı fəaliyyəti işğaldan azad olunmuş ərazilərin bərpa quruculuq fəaliyyəti ilə bağlıdır. Qeyd olunan hallarla bağlı cavabdeh icra olunan, lakin bu günədək icra olunub bitməsinə baxmayaraq müqavilələr üzrə ödənilməli olan məbləğlər alınmadığı üçün mövcud mübahisə üzrə öhdəliyi yerinə yetirə bilməmişdir. Həmçinin, qeyd etmək lazımdır ki, İddiaçı MMC təqdim etdiyi müqavilə üzrə öhdəliklərini düzgün yerinə yetirməmiş, təqdim etməli olduğu mal və xidmətləri vaxtında icra etmədiyindən cavabdehə zərər dəymişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

6. Apellyasiya şikayətinə qarşı xx.xx.2025-ci il tarixdə Elektron Məhkəmə sistemi vasitəsi ilə iddiaçı tərəfindən etiraz daxil olmuş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş edilmişdir.

7. Etiraz belə əsaslandırılmışdır: Cavabdeh məhkəmə iclasları barədə bildirişlərin ünvanına çatmaması, məhkəmənin cavabdehin iştirakı olmadan keçirildiyinə, habelə qətnamənin onun iştirakı olmadan qəbul olunmasına əsaslanaraq qətnamənin qanunsuz və əsassız olduğunu bildirmişdir. Lakin məhkəmə prosesinin gedişatından da açıq-aşkar məlumdur ki, cavabdeh məhkəmə iclaslarının hər birinin tarixi barəsində məlumatlı olmuşdur. İlk növbədə bildirilməlidir ki, mübahisə kommersiya mübahisəsi olduğundan AR Mülki Prosessual Məcəlləsinin 10-1-ci maddəsinin tələblərinə əsasən iş üzrə məhkəmə iclasları cavabdehin elektron kabinetində yerləşdirilmişdir. Həmçinin, cavabdeh məhkəmə iclaslarının tarixi və saatı barəsində məhkəmənin sms məlumatlandırılma sistemi ilə də xəbərdar edilmişdir. Bundan əlavə, cavabdeh tərəfindən 02 oktyabr 2024-cü ildə iş materiallarına etiraz əlavə olunmuşdur (Qətnamənin 4-cü hissəsində də bu barədə qeyd edilib). Məhkəmə qətnaməsi isə 25 dekabr 2024-cü ildə qəbul olunmuşdur. Bu onu göstərir ki, cavabdehin məhkəmə iclası barədə məlumatının olmaması qeyri-mümkündür. Cavabdeh apelyasiya şikayətində şirkətin hal-hazırki fəaliyyətinin işğaldan azad olunmuş ərazilərin bərpa quruculuq fəaliyyəti ilə bağlı olduğunu, hazırda müqavilələr üzrə öhdəliklərini icra etməsinə baxmayaraq, müqavilələr üzrə ödənilməli olan məbləğləri ala bilmədiyi üçün öhdəliklərini yerinə yetirmədiyini qeyd etmişdir. Həmçinin, Cavabdeh MMCnin 02 oktyabr 2024-cü ildə təqdim etdiyi etirazdan görünür ki, cavabdeh borcu qəbul etmişdir. Bu da onu göstərir ki, cavabdeh faktiki olaraq irəli sürülən iddianı qəbul edir, lakin alacağı vəsaitləri vaxtında ala bilmədiyinə görə borcu ödəmək imkanı olmadığını bildirir. Bu isə qəbul edilmiş qətnamənin əsassız olması və ya onun ləğv olunması üçün əsas deyil. Cavabdeh MMC apelyasiya şikayətində İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliklərin tam yerinə yetirilmədiyini, təqdim edilməli olan mal və xidmətləri vaxtında icra etmədiyini qeyd etmişdir. Lakin cavabdeh öhdəliklərin icra olunmamasının konkret olaraq nədən ibarət olduğunu şikayətdə göstərməmişdir. İddiaçı MMC tərəfindən cavabdehin sifarişinə uyğun olaraq müqavilə üzrə bütün xidmətlər lazımınca yerinə yetirilmiş, lakin göstərdiyimiz xidmətin qarşılığı olaraq xidmət haqqı cavabdeh tərəfindən ödənilməmişdir. Bu da onu göstərir ki, apelyasiya şikayəti pozulmuş hüquqların bərpası üçün yox, borcun ödənilməsini gecikdirmək, vaxt qazanmaq üçün məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin bütün norma və tələblərinə istisnasız əməl edilmiş, cavabdeh məhkəmə iclasları barəsində lazımi qaydada məlumatlandırılmış və cavabdeh də bu bildirişlərdən xəbərdar olmuşdur. Hazırkı apellyasiya şikayətində göstərilən halların heç biri həqiqəti əks etdirmir. Tərtib edilmiş bu şikayət əsassız söz yığınından başqa bir şey deyildir və sadəcə qətnamənin icrasını yubatmaq, prosessual formallığa əsaslanaraq süründürməçilik məqsədi daşımaqdadır. Bu isə son mərhələdə iddiaçının qanuni hüquqlarının, başlıca isə ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına rəvac verməkdədir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

10. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

11. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

12. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.;

13. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”

14. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

15. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

16. Həmin Məcəllənin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

17. Həmin Məcəllənin 850.2-ci maddəsinə əsasən əgər həmin Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir.

18. Həmin Məcəllənin 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir.

19. Həmin Məcəllənin 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir.

20. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

21. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı yalnız iddianın təmin edilən hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

26. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” 130/21 №li Müqaviləyə əsasən icraçı İddiaçı MMC Sifarişçi Cavabdeh MMC-nin sifarişi əsasında xidmətlər göstərməyi, sifarişçi isə xidmətləri qəbul edib bunun müqabilində İcraçıya bu Müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyə öhdəsinə götürmüş, lakin İddiaçı MMC öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq xidmətləri göstərsə də, Cavabdeh MMC üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək xidmət müqabilində verilməli olan xidmət haqqını ödəməkdən yayınmışdır.

27. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən (iddiaya verilən etirazda) iddia tələbinin əsas borc məbləği hissəsində qəbul edilmişdir (mübahisələndirilməmişdir), iddiaçı tərəfindən hesablanan cərimə və faiz pulunun hesablanmasının əsassız olduğu bildirmişdir.

28. İddiaçı tərəfindən (ədv daxil) 11843 manat dəyərində xidmətlərin göstərilməsi və buna dair borcun yaranması iki tərəfli təsdiq olunmuş üzləşmə aktları, elektron qaimələr və əlavə olaraq cavabdehin nümayəndəsinin yazılı münasibəti ilə də təsdiq olunduğu üçün məhkəmə tərəfindən işin mübahisə edilməyən halı kimi qiymətləndirilmişdir. Ona görə məhkəmə hesab etmişdir ki, iddia üzrə Cavabdeh MMC-dən ədv daxil 11843 manat tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

29. Bundan əlavə, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” 130/21 №li müqaviləsinin 8.3-cü bəndinə əsasən hesablanmış 1178 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

30. Məhkəmə hesab etmişdir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu müqavilə üzrə 589 manat məbləğində müəyyən edilməlidir.

31. İddia tələbinin digər hissəsini təşkil edən - gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 964,52 manat pulun cavabdehdən tutulması ilə bağlı məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir.

32. Mülki Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

33. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Məhkəmə kollegiyası məhkəmənin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir.

34. Belə ki, iddiaçının təqdim etdiyi sənədlərdən görünür ki, xidmətlər 2023-cü ildə göstərilmişdir və bir ildir ki, həmin xidmətlərin haqqı ödənilmir. Ona görə məhkəmə hesab etmişdir ki, illik 5% ilə hesablanan faiz məbləği də azaldılaraq 589 manat məbləğində müəyyən edilərək cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

35. Məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılması barədə apellyasiya şikayətinin dəlilini əsassız hesab edir. İş materiallarından görünür ki, məhkəmə iclasları barədə bildirişlər ayrı-ayrı tarixlərdə cavabdehin elektron kabinetinə yüklənmiş, əlavə olaraq cavabdehə sms bildirişlər də göndərilmişdir. Bundan başqa cavabdeh iddiaya etiraz yükləmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin məlumatlandırma ilə bağlı tələblərinə əməl edilmiş, cavabdeh məhkəmə iclasları barəsində lazımi qaydada məlumatlandırılmış və cavabdeh də bu bildirişlərdən xəbərdar olmuşdur.

36. Cavabdeh apelyasiya şikayətində şirkətin hal-hazırki fəaliyyətinin işğaldan azad olunmuş ərazilərin bərpa quruculuq fəaliyyəti ilə bağlı olduğunu, hazırda müqavilələr üzrə öhdəliklərini icra etməsinə baxmayaraq, müqavilələr üzrə ödənilməli olan məbləğləri ala bilmədiyi üçün öhdəliklərini yerinə yetirmədiyini qeyd etmişdir.

37. Həmçinin, Cavabdeh MMC-nin 02 oktyabr 2024-cü ildə təqdim etdiyi etirazdan və şikayətdən görünür ki, cavabdeh borcu qəbul etmiş, yalnız borcun məbləğinin düzgün hesablanmadığını qeyd etmişdir. Bu da onu göstərir ki, cavabdeh faktiki olaraq irəli sürülən iddianı qəbul edir, lakin alacağı vəsaitləri vaxtında ala bilmədiyinə görə borcu ödəmək imkanı olmadığını bildirir. Bu isə qəbul edilmiş qətnamənin əsassız olması və ya onun ləğv olunması üçün əsas deyil.

38. Cavabdeh MMC apelyasiya şikayətində İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliklərin tam yerinə yetirilmədiyini, təqdim edilməli olan mal və xidmətləri vaxtında icra etmədiyini qeyd etmişdir. Lakin cavabdeh öhdəliklərin icra olunmamasının konkret olaraq nədən ibarət olduğunu şikayətdə göstərməmişdir. İddiaçı MMC tərəfindən cavabdehin sifarişinə uyğun olaraq müqavilə üzrə bütün xidmətlər lazımınca yerinə yetirilmiş, lakin göstərilən xidmətin qarşılığı olaraq xidmət haqqı cavabdeh tərəfindən ödənilməmişdir.

39. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

40. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

41. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7131/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar