Məhkəmə qərarları › İş №2-2(103)-392/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-392/2020

29.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-392/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Ağayev Valeh Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı "İddiaçı" MMC-nin nümayəndəsi (direktoru) Nümayəndə iştirakı ilə, iddiaçı "İddiaçı" MMC tərəfindən iddia ərizəsinin qaytarılması barədə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-1565/2020 nömrəli qərardadından verilən şikayət üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-1565/2020 nömrəli qərardadına əsasən iddiaçı "İddiaçı" MMC-nin cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə və Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı pul vəsaitinin hesabdan köçürülməsi və cərimənin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, həmçinin 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə ********* nömrəli, xx.xx.2020-ci il tarixli qəbz geri qaytarılmışdır. İddiaçı "İddiaçı" MMC həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilərək iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, "İddiaçı" MMC iddia ərizəsini MPM-in 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa uyğun tərtib etmiş, iddia ərizəsində cavabdehlərə mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilməsinə dair qeydlər və bununla bağlı məktublara istinad edilmiş, lakin məhkəmə bu hala diqqət yetirməmişdir. Əlavə edilən sənədlərdən iddiaçının pul vəsaitinin köçürülməsi ilə bağlı Cavabdeh2 ASC-yə və Mərkəzi Banka müraciət etdiyi görünür, eyni zamanda Cavabdeh2 ASC-yə ünvanlanan iddia ərizəsinin surəti “Qurbanov” soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Banka ünvanlanan iddia ərizəsi isə cavabdehin inzibati binasında yerləşən “poçt qutusuna” daxil edilmişdir. Bütün bu qeyd edilənləri cavabdehlər məhkəmə prosesinə dəvət olunduqda etiraf edə bilərlər. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-1565/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini, iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, lazımı qaydada xəbərdar edilsələr də cavabdehlərin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını xahiş etmişdir. İddiaçı "İddiaçı" MMC-nin nümayəndəsi (direktoru) Nümayəndə məhkəmə iclasında şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyərək, şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-1565/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.2.4-cü maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat ərizəyə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.1-ci və 152.1.4-ci maddələrinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, həmçinin kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçı tərəfindən elektron formada göndərilən iddia ərizəsinə əlavə edilmiş və elektron informasiya sistemində yerləşdirilmiş sənədlər məhkəmə tərəfindən nəzərdən keçirilərək pretenziya və iddia ərizəsinin cavabdehlər tərəfindən almasını təsdiq edən sənədlərin olmadığı müəyyən edilmiş, MPM-nin 152.1.1-ci və 152.1.4-ci maddələrinin tələblərinə əsasən iddia ərizəsi qaytarılmışdır. İddiaçı həmin qərardaddan verilən şikayət ərizəsinə pretenziya məktubunun cavabdehlərdən Cavabdeh2 ASC-yə xx.xx.2020-ci il tarixdə daxil olması barədə sübutu əlavə etsə də, iddia ərizəsinin hər iki cavabdehə rəsmi təqdim edilməsi barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Şikayət ərizəsinə iddia ərizəsinin üzərində “xxxx” ASC, “Qəbul etdim” “Qurbanov” qeydləri və imza olan nüsxəsi əlavə edilsə də, həmin sənədin üzərinə banka daxil olduğunu təsdiq edən ştamp vurulmadığından iddia ərizəsinin məhz Cavabdeh2 ASC-nin əməkdaşına təqdim edildiyi təsdiq olunmur. Şikayət ərizəsində də qeyd edildiyi kimi, iddia ərizəsi Mərkəzi Bankın inzibati binasındakı poçt qutusuna atıldığı üçün ərizənin 2-ci cavabdehə rəsmi təqdim edildiyini təsdiq edən sənəd mövcud deyil. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin qaytararkən hər hansı prosessual pozuntuya yol vermədiyindən şikayət əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-1565/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 158, 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı "İddiaçı" MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-1565/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar