Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-393/2020 17.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu, Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi, ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlərin nümayəndəsi (vəkili) Nümayəndə1, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdehin nümayəndələri Nümayəndə2 Xazeyn oğlunun, Vəkil2 (vəkil) iştirakı ilə, İddiaçılar «Aras Makina ve X1 ve Sanayi Anonim» Şirkəti, «X3 ve Ticaret Anonim» Şirkəti və «X4 ve Sanayi Anonim» Şirkətinin Cavabdeh ASC-yə qarşı «pul tələbi barədə» ilkin, eyni zamanda, Cavabdeh ASC-nin birincilərə qarşı «qarşılıqlı üzləşmə aktlarının və müqavilənin etibarsız hesab edilməsi haqqında» qarşılıqlı – iddia ərizələrinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-454/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İlkin iddia üzrə iddiaçılar «Aras Makina ve X1 ve Sanayi Anonim» Şirkəti (birinci iddiaçı), «X3 ve Ticaret Anonim» Şirkəti (ikinci iddiaçı) və «X4 ve Sanayi Anonim» Şirkəti (üçüncü iddiaçı) Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən birinci iddiaçının xeyrinə 991.280,00 avro, ikinci iddiaçının xeyrinə 132.482,00 avro, üçüncü iddiaçıının xeyrinə 128.397,00 avro məbləğində pul vəsaitinin tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İlkin iddianın əsaslarına görə xx.xx.2012-ci il tarixində 005 saylı müqaviləsi ilə razılaşdırılmış qiymət əsasında, iddiaçılar tərəfindən cavabdehə avadanlıq satılmış, avadanlıqlar cavabdeh tərəfindən götürülmüş və keyfiyyət, miqdar, çeşid fərqi yoxlanılmış, hər hansı bir çatışmazlıq aşkar edilmədən qəbul edilmişdir. Lakin alıcı müqavilə üzrə şərtləşdirilmiş şəkildə malın dəyərini ödəməli olduğu halda hal-hazırki günə qədər, ödənişin bir hissəsi həyata keçirilsə də, 800.000 avro məbləğində ödəniş həyata keçirilməmişdir. Cavabdeh borcunu iddiaçılarla birgə imzaladığı üzləşmə aktları əsasında təsdiq etmiş, lakin öhdəlik icra edilməmişdir. xx.xx.2012-ci il tarixli, 005 saylı müqavilənin 2-ci bəndi alıcının malı qəbul etdikdən sonra müəyyənləşdirilmiş pul məbləğinin müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəməyini nəzərdə tutur. Eyni zamanda, Cavabdeh ASC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixli qarşılıqlı üzləşmə aktlarının (birinci iddiaçı ilə «xxxxxxxx» ASC arasında 991.280.00 avro və 78.450,00 ABŞ dolları məbləğinə dair, ikinci iddiaçı ilə Cavabdeh ASC arasında 132.482.00 avro məbləğinə dair, üçüncü iddiaçı ilə Cavabdeh ASC arasında 128.397,00 avro məbləğinə dair) və Cavabdeh ASC tərəfindən buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından xx.xx.2016-cı il tarixli müqavilənin əhəmiyyətsiz, etibarsız bağlanmamış kimi tanınması və ilk iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhəmədən xahiş etmişdir. Qarşılıqlı iddianın əsaslarına görə ilkin iddia əsassız, qanunsuz və qeyri-obyektivdir. Belə ki, 31,05.2012-ci il tarixli 005 saylı müqavilə yoxdur, belə müqaviləni təqdim edilməmişdir. Həmin müqavilə üzrə iddiaçılar mülki qanunvericilik ilə müəyyən edilmiş iddia müddətini ötürmüşdürlər. Eyni zamanda, Mülki Məcəlləsinin: 349-cu maddəsinin tələbinə əsasən, hüquqi şəxsin öz nizamnaməsində müəyyənləşdirilmiş fəaliyyət məqsədlərinə zidd olaraq bağladığı əqd, əgər əqddə iştirak edən digər tərəfin onun qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu sübuta yetirilərsə, həmin hüquqi şəxs və ya onun təsisçisi tərəfindən mübahisələndirilə bilər; 350-ci maddəsinin tələbinə əsasən, əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər; 99.3-cü maddəsinin tələbinə əsasən Açıq səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağında qəbul edilir və bu barədə məlumat açıqlanır. Bu məlumatın açıqlanması qaydası səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmalıdır. Bu maddənin tələbləri banklara və xarici bankların yerli filiallarına şamil edilmir; 107-ci maddəsinin tələbinə əsasən Səhmdar cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. Səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: bu Məcəllənin 49-1.2-ci və 99.3cü maddələrində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək. Eyni zamanda, cavabdehin Nizamnaməsinin 8.6-cı bəndinə əsasən, müqavilənin həcmi və ya müqavilənin predmetini təşkil edən əmlakın dəyəri Cəmiyyətin aktivlərinin 25 faizindən çox olan hallarda, onun daşınmaz və ya istənilən əmlakı girov qoymaq, icarəyə vermək və ya digər formada özgəninkiləşdirmək haqqında qərarların qəbul edilməsi, səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Qarşılıqlı üzləşmə aktları və xx.xx.2016-cı il tarixli müqavilə onu bağlamaq səlahiyyəti olmayan cavabdehin baş direktoru tərəfindən imzalanmışdır. Bu səlahiyyət səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-454/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin olunmuş, qarşılıqlı iddia isə rədd edilmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ASC həmin qətnamədən apellyasiya şikayəti verərək, ilkin iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassız və qanunsuzdur. Belə ki, Mülki Məcəllənin 854-cü maddəsinə əsasən yalnız qaimə yük alan tərəfindən yükün qəbul edilməsini təsdiq edir. Lakin məhkəmə kserosurət olan bir sənədi əşyaların lazımi şəkildə alıcıya çatdırılmasının sübutu kimi qiymətləndirilməsini üsütün tutmuşdur. Həmçinin, ilkin iddia üzrə üç iddiaçı olsa da, borcun etirafı kimi istinad olunan xx.xx.2016cı il müqavilə birinci iddiaçı ilə cavabdeh arasındadır. Bundan başqa, malların Türkiyə ərazisindən çıxmasını təsdiq edən müvafiq gömrük bəyannaməsi olsa da, həmin müddət ərzində malların Azərbaycan Respublikası ərazisinə daxil olmasına dair idxal idxal gömrük bəyannaməsi iş materiallarında təsbit edilməmişdir. Azərbaycan Respublikası Gömrük Komitəsindən cavabdehin sorğusana verilmiş xx.xx.2019-cu il tarixli cavab məktubundan məlum olmuşdur ki, iddia olunan malların hansı həcmdə gəlməsini müəyyən etmək mümkün deyil. Bundan başqa, iddia ərizəsində cavabdehin iddiaçılara 800.000 EUR olduğu qeyd edilsə də sonradan bu məbləğ üzləşmə aktlarına istinadən 1.252.159 EUR və 78.450 USD kimi tələb olunmuşdur. Həmçinin, cavabdehin iddiaçıya ödəniş etdiyi məbləğlər də nə iddiaçı tərəfindən qeyd edilmiş, nə də məhkəmə tərəfindən bu apraşdırılmamışdır. Halbuki, iş materiallarında cavabdehin iddiaçılapra ayrı-ayrı zamanlarda 40.000 USD (xx.xx.2016), 225.000 USD (xx.xx.2016), 50.000 USD (xx.xx.2016) ödədiyi sübut olunur. Bundan əlavə Mülki Məcəllənin 107-ci və 99.3-cü maddələrinə və cəmiyyətin nizamnaməsinin 8.6-cı bəndinə əsasən müqavilənin həcmi və ya müqavilənin həcmi və ya müqavilənin predmetini təşkil edən əmlakın dəyəri cəmiyyətin aktivlərinin 25 faizindən çox olan hallarda, onun daşınmaz və ya istənilən əmlakı girov qoymaq, icarəyə vermək və ya digər formada özgəninkiləşdirmək haqqında qərarların qəbul edilməsi, səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aiddir. İddiaçılar tərəfindən istinad olunan müqavilələr və üzləşmə aktlarını «xxxxxxxxx» ASC-nin baş direktrou imzalama səlahiyyətinə malik olmamış, həmin səlahiyyət cəhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətidir. Məhkəmə bu halları görmək istəməmişdir. Məhkəmə ASC-nin baş direktrou Kamran İsayevi işə cəlb etməli idi. Həmçinin, xx.xx.2016-cı il tarixli müqavilənin 3.1-ci bəndinə əsasən Cavabdeh Mülk» MMC ona məxsus qeyri-yaşayış sazhəsini borcuqn təminatı kimi bəyan etmiş, lakin Mülki məcəllənin 280 və 307-ci maddələrinin tələbinə uyğun notarial qaydada təsdiq edilməmiş və dövlət qeydiyatına alınmamadığından etibarsızdır. Bundan əlavə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin istintaq idarəsində Cavabdeh ASC-nin vəzifəli şəxsləri barəsində başlanmış cinayət işi üzrə məhkəmənin yekun qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı X2 və Sanayi A.Ş» şirkətinin Cavabdeh» ASC-yə qarşı pul tələbinə dair iş üzrə icraat dayandırılsa da, məhkəmə qeyd olunan işin təsbitlərini aparmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən apellyasiya şikayəti verən Cavabdeh ASC-nin nümayəndələri Nümayəndə2, Vəkil2 dəlillərinə uyğun şikayəti müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etmişlər. İlkin iddiaçıların nümayəndəsi (vəkili) Nümayəndə1 isə cavabdehin borcunun iş mateiallarına əsasən sübuta yetirildiyini bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İlkin iddia tələblərindən görünür ki, hər bir iddiaçının cavabdehə qarşı ayrı-ayrılıqda konkret tələbini irəli sürmüşdür. İlkin iddiaçıların iddia ərizəsindən, ona əlavə olunmuş müqavilə və üzləşmə aktlarından, habelə, hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş hesab faktura və gömrük bəyannamələrindən belə anlaşılır ki, birinci iddiaçı ilə cavabdeh arasında sadə yazılı formada xx.xx.2012-ci il tarixində 005 saylı alqı-satqı müqaviləsi mövcud olmuş, sonradan tərəflər öz aralarında qalıq borca dair xx.xx.2016-cı il tarixli üzləşmə aktı və borcun hissə-hissə ödənilməsi barədə xx.xx.2016-cı il müqavilə də imzalamışlar. Digər ikinci və üçüncü iddiaçı ilə cavabdeh arasında isə alqı-satqı münasibətləri şifahi razılaşma əsasında həyata keçirilmiş, mallar qaimə fakturalar əsasən cavabdehə göndərilmiş, sonuncu tərəfindən gömrük bəynnamələri üzər idxal olunmuş həmin mallar qəbul edilmiş, hər iki iddiaçı ilə cavabdeh arasında qalıq borca dair qarşılıqı üzləşmə aktları imzalanmışdır. «Cavabdeh ASC» qarşılıqlı iddia ərizəsindən və apellyasiya şikayətindən görünür ki, xx.xx.2012-ci il tarixli 005 saylı müqavilənin mövcud olmadığını mübahisələndirsə də, sonradan, birinci iddiaçı ilə aralarında xx.xx.2016-cı il tarixli «borcun hissə-hissə ödənilməsi barədə» müqavilənin imzalandığını inkar etmir. Halbuki, işdə olan həmin xx.xx.2016-cı il müqavilədə, məhz, xx.xx.2012-ci il tarixli müqaviləyə istinad olunmuş və alıcı (cavabdeh) satıcıya (birinci iddiaçıya) 800 EUR məbləğində borcunu etiraf edərək, hissə-hissə satıcıya ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Başqa sözlə, cavabdeh xx.xx.2012-ci il tarixli müqavilənin varlığını qəbul etməsə də, borcun hissə-hissə ödənilməsi barədə xx.xx.2016-cı il ikinci bir müqaviləni imzalmaqla, xx.xx.2012-ci il tarixli müqavilənin varlığını qəbul etmiş və həmin müqavilədən irəli gələn borc öhdəliklərini hissə-hissə yerinə yetirməyi öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etirf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərədə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda, qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərədə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət olunması məcburi deyildir. Tədqiq olunan xx.xx.2016-cı il müqavilədən də məhz görünür ki, Məcəllənin qeyd olunan tələblərinə uyğun bağlanmışdır. Həmin müqavilənin 2-ci bəndindən isə görünür ki, alıcı Cavabdeh ASC qarşılıqlı üzləşmə aktında göstərilən borcundan xx.xx.2016-cı il tarixinədək 200.000 avro məbləğini ödəmiş, borcun yerdə qalan hissəsini isə - 200.000 avrodan 300.00 avroyadək hissəsini xx.xx.2017-ci il tarixinədək, 300.000 avrodan 500.000 avroyadək hissəsi isə xx.xx.2018-ci il tarixinədək ödəməyi öhdəsinə götürmışdür. İşə əlavə olunmuş xx.xx.2016-cı il tarixli həmin üzləşmə aktında isə cavabdeh birinci iddiaçıya 991.280 avro məbləğində borcu olduğu müəssiəs rəhbərinin imzası və möhürü ilə təsdiq edilmişdir. Hazırkı mərhələdə ilkin iddaçıların nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş qaimə fakturalardan görünür ki, 2012-ci ildə beş qaimə-faktura üzrə birinci iddiaçı tərəfindən cavabdehə 985.000 avro məbləğində mal göndərilmişdir. Eyni zamanda, məhkəmə sorğusuna əsasən təqdim olunmuş Bakı Baş Gömrük İdarəsinin xx.xx.2020-ci il tarixli məktubuna və ona əlavə edilmiş xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixli gömrük bəyannamələrinə əsasən müəyyən olunur ki, cavabdehə daha 11.047 manat (həmin vaxta olan məzənnə ilə 6,276 avro) dəyərində mallar təqdim olunmuş (2011-2014-cü illər üzrə sənədlərin saxlama müddəti keçdiyindən təqdim olunmamışdır). Qeyd olunmalıdır ki, avabdeh həmin borcundan hətta iş materiallarında olan xx.xx.2016-cı il tarixli 00002024 №-li ödəmə sənədinə əsasən 225.000 USD məbləğində ödəniş də həyata keçirmişdir. ki, bu da həmin tarixə olan məzənnə (işə əlavə edilir) ilə 201.022,08 avro təşkil edir. Göründüyü kimi, birinci iddiaçının 991.280 avro məbləğində borc tələbi üzrə 790.258,00 (991.280,00-201.022,00) avro məbləğində hissəsinin əsaslı olduğu sübuta yetirilir. Eyni zamanda, hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş qaimə-fakturalara əsasən müəyyən olunur ki, ikinci iddiaçı tərəfindən 2015-ci ildə 13 ədəd qaimə faktura əsasında cavabdehin ünvanına 104.984,17 avro məbləğində, üçüncü iddiaçı tərəfindən isə ona 2014-cü ildə 85.115.81 avro məbləğində mallar göndərilmişdir. Eyni zamanda, hazırkı mərhələdə məhkəmənin sorğusuna əsasən təqdim olunmuş Bakı Baş Gömrük İdarəsinin xx.xx.2020-ci il tarixli məktubuna və ona əlavə edilmiş 17 ədəd gömrük bəyannaməsinə əsasən müəyyən olunur ki, cabadeh ikinci iddiaçı tərəfindən 2015-ci ildə ona 275.977,20 manat (həmin ilin məzənnəsinə görə orta hesabla 132.500 avro) avro məbləğində, 15 ədəd gömrük bəyannaməsi üzrə isə üçüncü iddiaçı tərəfindən 2015-ci ildə ona göndərilmiş 60.519,21 manat (orta hesabla 29.000 avro) məbləğində malları almışdır (Gömrük İdarəsi tərəfindən 2011-2014-cü illər üzrə bəyannmələr saxlama müddəti keçdiyindən təqdim olunmamışdır). İşdən görünür ki, xx.xx.2016-cı il tarixdə ikinci iddiaçı ilə cavabdeh arasında qarşılıqlı üzləşmə aktı da bağlanmaqla, sonuncunun ikinci iddaçıya 132.482 avro, eləcə də, həmin tarixdə üçüncü iddiaçı ilə cavadeh arasında da qarşılıqlı üzləşmə aktı bağlanaraq sonuncu həmin iddiaçıya 128.397 avro məbləğində qalıq borcu olduğunu cavabdeh müəssisənin rəhbəri imzası və möhürü ilə təsdiq olunmuşdur. Hətta qeyd olunmalıdır ki, cavabdeh ikinci iddiaçıya olan 132.482 avro qalıq borcundan 40.000 USD (ödəniş tarixinə olan məzənnə ilə 38.137,73 avro), üçüncü iddiaçıya olan 128.397 avro məbləğində qalıq borcundan 50.000 USD (47.814.40 avro) məbləğində ödənişlər də həyata keçirmişdir. Başqa sözlə, sübuta yetirilir ki, cavabdehlə birinci iddiaçı arasında yazılı, ikinci və üçüncü iddiaçı ilə aralarında şifahi formada alqı-satqı münasibətləri bağlanmış, iddiaçılar həmin müqavilə öhdəliklərindən irəli gələn vəzifələrini yerinə yetirərək şərtləşdirilmiş maları cavabdehə təqdim etmiş, lakin sonuncu birinci iddiaçıya xx.xx.2016-cı il tarixdə 225.000 USD (201.022,08 avro), ikinci iddiaçıya xx.xx.2016-cı il tarixində 40.000 USD (38.137,73 avro), üçüncü iddiaçıya isə 50.000 USD (47.814,40 avro) məbləğində ödənişlər həyata keçirsə də, üzərinə düşən öhdəlikləri müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş, aldığı malların dəyərini tam tam olaraq iddiaçılara ödəməmişdir. (Həmin tarixə olan müvafiq valyuta məzənnəsi işə əlavə edilir). Belə olan halda, cavabdehin apellyasiya şikayətinin Mülki Məcələnin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddətinin keçdiyini mübahisələndirən dəlilləri ilə razılaşmaq mümknü deyil. Çünki, həmin Məcələnin 380-cı madəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdiykdə iddia müddətinin axımı kəsilir. Mülki qanunvericiliyin qeyd olunan tələbləri baxımından, hazırkı iddianın xx.xx.2019-cu il tarixində məhkəmədə qaldırılıdığı halda, xx.xx.2016-cı il tarixli borcun etrafına dair bağlanmış müqavilə üzrə cavabdehin birinci iddiaçıya ödənilməyən borcunun - 200.000 avrodan 300.000 avroyadək hissəsisini xx.xx.2017-ci il tarixinədək, 300.000 avrodan 500.000 avroyadək hissəsini isə xx.xx.2018-ci il tarixinədək hissə-hissə ödənilməsi öhdəliyini öz üzərinə götürdüyü, ikinci iddiaçıya münasibətdə isə cavabdehin xx xxxxxx 2016-cı il tarixdə 40.000 USD(38137,73 avro), üçüncü iddiaçıya isə xx xxxxxx 2016-cı il tarixdə 50.000 USD(47814,40 avro) məbləğində qismən ödənişləri etdiyi halda, Mülki Məcəllənin 373.2-ci və 377.1-ci maddələrinin tələbinə müvafiq olaraq hesablanan iddia müddətinin buraxılmasından söhbət gedə bilməz. İşin yuxarıda sübutlarla müəyyən olunan halları həm də onu deməyə əsas verir ki, cavabdehin apellyasiya şikayətinin borcun etiraf barədə xx.xx.2016-cı il tarixli müqavilənin, habelə, iddiaçılarla imzaladığı xx.xx.2016-cı il tarixli 991.280 avro, 132.432 avro və 128.397 avro mövcudluğunu təsbitinə dair qarşılıqlı üzləşmə aktlarının etibarsız hesab edilməsini mübahisələndirən dəlillərinin əsasızdır (Cavabdehin mübahisələndirdiyi 78450 USD məbləğində borca dar qarşılıqlı üzləşmə aktı mövcud olsa da bününla bağlı iddia tələbi mövcud deyil). Həm də ən azından mübahisələndirilən müqavilə və üzləşmə aktları ona görə etibarsız hesab oluna bilməz ki, Mülki Məcəllənin 351.3-cü maddəsinin tələbinə görə əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Cavabdehin apellyasiya şikayətinin Mülki Məcəllənin 107-ci və 99.3-cü maddələrinə və ASC-nin Nizamnaməsinin 8.6-cı bəndinə istinadən müqavilənin həcmi cəmiyyətin aktivlərinin 25 faizindən çox olduğu hallarda, belə müqavilənin imzalamaq səlahiyyəti cəmiyyətin səhmdarlarının ümumi yığıncağının səlahiyyətinə aid olduğunu bildirməklə, xx.xx.2017-cı il tarixli borcun hissə-hissə ödənilməsinə dair müqaviləni və xx.xx.2016-cı il tarixli qarşılıqlı üzləşmə aktlarını cavabdeh cəmiyyətin baş direktrou «Kamran İsayev»in imzalamaq səlahiyyyəti olmadığını mübahisələndirən dəlilləri də razılaşmaq mümkün deyil. Belə ki, Mülki Məcəllənin 360.1-ci maddəsinə əsasən əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçisinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil ecilən) əqdi sonradan bəyənməsin. Həmin Məcəllənin 360.2-ci maddəsinə əsasən təmsil eilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki qanunvericiliyin qeyd olunan tələbələri baxımından birincisi, cavabdeh isinad etdiyi həmin (cəmiyyətin ümumi aktivlərinin həcmi və onun 25 faizi ilə bağlı halı) əsaslandırıcı sübutlar məhkəməyə təqdim etməmişdir. İkincisi, belə sübutetmə vasitəsi olsa belə, həmin müqavilə və qarşılıqlı üzləşmə aktlarını müəssisənin baş direktoru tərəfindən imzalanıb dairəvi möhürlənməsinin bəyənilməməsi ilə bağlı səhmdarların ümumi yığıncağının hər hansı bir qərarı da mövcud olmamış, əksinə bəyənilmişdir ki, iddiaçılar tərəfindən təqdim olunan cavabdeh cəmiyyət mallardan yararlanmış, hətta hər üç iddiaçıya borcundan ödənişlər də həyata keçirmişdir. Belə olan halda, iddiaçıların təqdim edilən malların ödənilməyən hissəsi həddində məruz qaldıqları zərərin əvəzini cavabdehdən tələb etmək hüququna malikdirlər. Bu baxımdan cavabdehin imza ilə bağlı dəlilləri də müqavilə və üzləşmə aktlarının etibarsız sayılması üçün əsas ola bilməz. Eyni zamanda, cavabdehin apellyasiya şikayətinin xx.xx.2016-cı il tarixli müqavilənin etibarsızlığını mübahisələndirdiyi hallardan biri də həmin müqavilənin 3.1-ci bəndinə əsasən «Cavabdeh Mülk» MMC ona məxsus qeyri-yaşayış sahəsinin borcun təminatı kimi bəyan etməsi, lakin Mülki məcəllənin 280 və 307-ci maddələrinin tələbinə uyğun notarial qaydada təsdiq edilmədiyi və dövlət qeydiyatına alınmadığından etibarsız olduğunu mübahisələndirən dəlilləri həmin müqavilənin etibarsız hesab olunması üçün əsas vermir. Birincisi qeyd olunmalıdır ki, hazırkı ilkin iddia tələblərində qeyd olunan «Cavabdeh Mülk» MMC-yə məxsus qeyri-yşayış sahəsi ilə bağlı hər hansı tələb mövcud deyil. Bunun səbəbi də ondan qaynaqlana bilər ki, həmin müqavilə 3.3-cü bəndinin şərtində gələcəkdə həmin qeyri-yaşayış sahəsinin iptoka ilə yüklü ediləcəyi və dövlət qeydiyyatına alınacağından söhbət gedir. Belə bir ipoteka müqaviləsinin isə hazırkı günə mövcud deyil. xx.xx.2016-cı il tarixli müqavilə onun məzmunu baxımından, Mülki Məcəllənin 882.1-ci məddəsinin tələblərinə uyğun olaraq, mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün sadə yazılı yazılı şəkildə bağlanmışdır və həmin müqavilənin notarial qadada təsdiqlənməsinin qanunla müəçyyən edilən zəruriliyi mövcud deyil. Qeyd olunqanlardan göründüyü kimi, cavabdeh tərəfindən Mülki Məcəllənin 350-ci maddəsinə istinadən müqavilə və üzləşmə aktlarının etibarsı olduğunu iddia edilən dəlillərinin əsası olduğu sübuta yetirilir. Cavabdehin apellyasiya şikayətinin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərardadı ilə AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin istintaq idarəsində Cavabdeh ASC-nin vəzifəli şəxsləri barəsində başlanmış cinayət işi üzrə məhkəmənin yekun qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı «X2 və Sanayi A.Ş» şirkətinin Cavabdeh» ASC-yə qarşı pul tələbinə dair iş üzrə icraat dayandırılması ilə bağlı dəlilləri ilə də məhkəmə kollegiyası razılaşmır. Çünki, qeyd olunan həmin iş üzrə iddiaçının adından belə görünür ki, tamamilə başqa bir iddiaçıdır və hazırkı işə heç bir aidiyyəti yoxdur. Hazırkı hüquqi şəxs statusuna malik tərəflər arasındakı mübahisəli hüquq münasibətləri, alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərini ehtiva edir. Mülki Məcəllənin 52.1-ci maddəsinə əsasən isə hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Bu baxımdan, hazırkı mübahisənin cavabdehin istinad etdiyi cinayət işindən asılılığı müəyyən oluna bilməz. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, ilkin iddia tələbinin qismən əsaslı olduğu sübuta yetirilsə də, qarşılıqlı iddianın təmin edilməsini zuri edən faktiki hallar mövcud deyil. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə gəldiyi nəticə üçün işin bütün faktiki hallarını aydınlaşdırmamış, işdə olapn bütün sübutlara lazımınca hüquqi qiymət verməmiş və qətnamədə iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. MPM-in 385.1.2-385.1.3-cü maddələrindən isə görünür qeyd olunan hallar qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçi Cavabdeh ASC-nin apellyasiya şikayətinin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən işin tam araşdırılmadığını, ödənişlərinə dair işdə olan sübutların nəzərə alınmadığını, gəldiyi nəticənin əsaslandırmadığını mübahisələndirən dəlilləri ilə qismən razılaşır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-454/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv olunmalı, ilkin iddiaçıların iddia tələbləri qismən təmin edilməli, Cavabdeh ASC-dən ilkin iddiaçılar - «Aras Makina ve X1 ve Sanayi Anonim» Şirkətinin xeyrinə 790.258,00 (991.280,00-201.022,00) avro, «X3 ve Ticaret Anonim» Şirkətinin xeyrinə 94.344,00 (132.482,00-38.137,73) avro və «X4 ve Sanayi Anonim» Şirkətinin xeyrinə 80.583,00 (128.397,00-47.814,40) avro məbləğində pul, ödəniş gününə olan Azərərbayan manatı məzənnəsinə uyğun tutulması və ilkin iddianın qalan hissələrində, eyni zamanda, qarşılıqlı iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsasən vəMPM-in 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-454/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İlkin iddia qismən təmin edilsin. Cavabdeh ASC-dən ilkin iddiaçılar: - «Aras Makina ve X1 ve Sanayi Anonim» Şirkətinin xeyrinə 790.258,00 (yeddi yüz doxsan min iki yüz əlli səkkiz) avro; - «X3 ve Ticaret Anonim» Şirkətinin xeyrinə 94.344,00 (doxsan dörd min üç yüz qırx dörd) avro - «X4 ve Sanayi Anonim» Şirkətinin xeyrinə 80.583,00 (səksən min beş yüz səksən üç) avro - məbləğində pul, ödəniş gününə olan Azərbayan manatı məzənnəsinə uyğun tutulsun. İlkin iddia qalan hissələrində, eyni zamanda, qarşılıqlı iddia təmin edilməsin. Hazırkı qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-393/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-393/2020
17.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver