Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-394/2021 17.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası Hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, iddiaçıların nümayəndəsi və vəkili Vəkil2, cavabdehlərin nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, iddiaçılar İddiaçı1 Əlamdar oğlu və “xxxx” MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “xxxx” MMC-yə qarşı icarə hüququna cavabdehlər tərəfindən yaradılmış məhdudiyyətin qanunsuz hesab edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi, icarə müqaviləsinə uyğun olaraq reklamların yayımlanması vəzifəsinin cavabdehlərə həvalə edilməsinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-296/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 Əlamdar oğlu və “xxxx” MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Meqafun” Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən 441.9 kv.m ölçüdə olan qeyriyaşayış sahəsi (“Famous Brands” mağazası) ilə bağlı İddiaçı1 icarə hüququna Cavabdeh1 və cavabdeh “xxxx” MMC tərəfindən yaradılmış məhdudiyyətin qanunsuz hesab edilməsi, cavabdehlər tərəfindən vurulmuş 20000 manat maddi və 5000 manat mənəvi ziyanın ödənilməsi və icarə müqaviləsinə uyğun olaraq reklamların yayımlanması vəzifəsinin cavabdehlərə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə araşdırması qurtaranadək Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 15 ünvanda "Meqafun" Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi ('Famous Brands" mağazası) barədə hər hansı təmır-quraşdırma və s. işlərin aparılması və qeyri-yaşayış sahəsinə dair hər hansı hərəkətin aparılmasının cavabdehlər və 3-cü şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(113)-296/2021 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan iddiaçılar tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 15 ünvanda yerləşən “Megafun” Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə (“Famous Brands” mağazası) dair tərəflər arasında xx.xx.2027-ci il tarixinədək icarə və xidmət müqavilələri bağlanmışdır. Həmçinin sözügedən qeyri-yaşayış sahəsi “xxxx” MMCnin təsisçilərindən olan “Avand” firması tərəfindən əsaslı şəkildə təmir edilmişdir. Belə ki, “Avand” firması ilə cavabdehlər arasında sözügedən obyektlə bağlı icarə müqaviləsi bağlanmamışdan illər öncə həmin sahə medkartinq kimi istifadə olunmuş və obyektin təyinatının dəyişdirilməsi xeyli məbləğdə vəsait tələb etdiyindən həmin dövrdə bu sahədə ticarət fəaliyyəti ilə məşğul olmaq cəlbedici olmamış, yəni heç bir sahibkar əvvəlcədən bu sahəyə müəyyən məbləğ investisiya qoyub təmir etdirmək istəmədiyindən bir neçə il bu sahə fəaliyyətsiz olaraq qalmışdır. “Avand” firması ilə cavabdehlər arasında bağlanmış icarə müqaviləsinə əsasən bu sahə təmirsiz şəkildə icarəyə verildiyindən qeyri-yaşayış sahəsinin mağaza və digər kommersiya tipli istifadəyə uyğun olaraq təyinatının formalaşdırılması üçün “Avand” firması tərəfindən 9 ay müddətində təmir işlərinin aparılmasına 457.278,07 manat xərclənmişdir. Həmin vəsaitin iddiaçılar tərəfindən “Avand” firmasına geri ödənilməsi ilə bağlı xx.xx.2020-ci il tarixdə tərəflər arasında əldə edilmiş razılığa əsasən qeyri-yaşayış sahəsinin təmirinə və alınmış avadanlığa sərf edilmiş məbləğin hissə-hissə qaytarılması ilə bağlı öhdəlik götürdüklərindən bu məsələ iddiaçıların birbaşa maraqlarına toxunur. Odur ki, mağazadan istifadəyə, onun təyinatının dəyişdirilməsi, orada hər hansı təmir-quraşdırma işlərinin aparılması cavabdehlərə və 3-cü şəxslərə qadağan edilməlidir ki, iddia təmin edildiyi təqdirdə, yəni cavabdehlər tərəfindən oktyabr 2019-cu il tarixdən mağazada iddiaçılara yaradılmış süni maneələr aradan qaldırıldıqdan və iddiaçıların mağazadakı fəaliyyətləri bərpa edildiyi və davam etdiriləcəyi təqdirdə mağazadan istifadə mümkün olsun. İddiaçılar hazırki vəziyyətdən yararlanaraq tələsik mağazanın təyinatını dəyişdirməsinlər və ya qeyri-yaşayış sahəsini başqa şəxslərə icarəyə və istifadəyə verməsinlər ki, məhkəmə gələcəkdə mahiyyəti üzrə qərar qəbul edərkən 3-cü şəxslərin də hüquqları pozulmuş olmasın. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-296/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil2 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil3 məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(113)-296/2021 saylı qərardadı ləğv edilməli, iddiaçıların ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 158.1.2-ci və 158.1.3-cü maddələrinə əsasən, iddianı təmin etmək üçün məhkəmə tərəfindən mübahisə predmetinə aid müəyyən hərəkətləri etməyi cavabdehə və üçüncü şəxslərə qadağan etmək kimi tədbir görülə bilər. İddianın təmin edilməsi qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi daşıyan, icranı çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. İddianı təmin etmə tədbiri görülməsi barədə ərizə təqdim etmiş iddiaçı bu tədbir görülmədiyi halda qətnamənin icrasının hansı səbəbdən mümkün olmayacağını və ya çətinləşəcəyini əsaslandırmağa borcludur. İddianı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasib olmalıdır, iddia tələbinə qeyri-mütənasib olan hər hansı iddianı təmin etmə tədbiri görülməsi qanunsuzdur. Bu hüquqi mövqe Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarında da öz əksini tapmışdır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsi barədə qərardadı belə əsaslandırmışdır ki, iddiaçıların ərizəsində iş üzrə iddianı təmin etmə tədbiri görülməsinin zəruriliyi, bu tədbir görülmədikdə qətnamənin icrasının çətinləşəcəyi kifayət qədər əsaslandırılmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, hazırda iddiaçı icarəyə götürdüyü obyektdən istifadəyə maneələrin aradan qaldırılması barədə iddia irəli sürərək faktiki olaraq icarə obyektinin onun istifadəsinə hazırda olduğu vəziyyətdə qaytarılmasını tələb etdiyindən iddia təmin edilərsə qətnamənin gələcəkdə icrasının təmin edilməsi üçün həmin obyektdə hər hansı təmir işlərinin aparılmasının cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi növündə iddianı təmin etmə tədbiri görülməsi tələbə mütənasibdir. İddiaçıların ərizəsində iş üzrə iddianı təmin etmə tədbiri görülməsinin hansı zərurətdən irəli gəldiyi kifayət qədər əsaslandırılmış və ərizənin məzmununda qeyd edilmişdir ki, obyekt icarəyə götürüldükdən sonra obyektin kommersiya təyinatı ilə istifadəsi üçün 453278,07 manat pul xərclənmişdir. Cavabdehlər tərəfindən obyektin digər məqsədlərlə istifadəsi məqsədi ilə təmir-quraşdırma işləri görülərsə iddia təmin ediləcəyi təqdirdə obyektin hazırkı vəziyyətdə iddiaçıların istifadəsinə qaytarılması mümkün olmayacağından qətnamənin icrasında çətinlik yaranacaqdır. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçıların ərizəsi iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək icarə predmeti olan obyektdə hər hansı təmır-quraşdırma işlərinin aparılması cavabdehlərə qadağan edilməsinə dair hissədə əsaslı hesab edilərək təmin edilməlidir. İddiaçıların ərizəsində irəli sürülmüş tələblərin qalan hissəsi dəqiq ifadə edilmədiyi üçün (qeyri-yaşayış sahəsinə dair hər hansı hərəkətin aparılmasının qadağan edilməsi) məhkəmə kollegiyası hesab edir ki, qalan hissədə ərizə təmin edilə bilməz. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(113)-296/2021 saylı qərardadı ləğv edilməli, iddiaçıların ərizəsi qismən təmin edilərək iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 15 ünvanda "Meqafun" Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsində ('Famous Brands" mağazasında) hər hansı təmır-quraşdırma işlərinin aparılması cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “xxxx” MMC-yə və üçüncü şəxslərə qadağan edilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 263-264, 398.0.3, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrа аldı: İddiaçılar İddiaçı1 Əlamdar oğlunun və “xxxx” MMC-nin şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(113)-296/2021 saylı qərardadı ləğv edilsin. İddiaçıların ərizəsi qismən təmin edilərək iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 15 ünvanda "Meqafun" Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsində ('Famous Brands" mağazasında) hər hansı təmır-quraşdırma işlərinin aparılması cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “xxxx” MMC-yə və üçüncü şəxslərə qadağan edilməlidir. Ərizə qalan hissədə təmin edilməsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-394/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-394/2021
17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver