Məhkəmə qərarları › İş №2-2(103)-395/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-395/2022

28.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-395/2022 28.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Vidadi Məmməd oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh QSC-yə qarşı “elektron qaimələrin ləğv edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 24.02.2022-ci il tarixli, e- 2-2(113)-1449/2022 saylı qərardadından (hakim Ülkər Həsənova) iddiaçı tərəfindən şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 05 aprel 2018-ci il tarixdən 30 avqust 2018-ci il tarixədək olan dövr üzrə 1701 manat dəyərində olan ona məxsus ********** saylı VÖEN-ə göndərilmiş müxtəlif markalı tütün məmulatlarına dair elektron qaimələrin ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə olunması və cavabdehdən vəkilə ödənilmiş 160 manat və mediasiya şurasına ödənilmiş 60 manat, ümumilikdə 220 manat pulun tututlması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 24 fevral 2022-ci il tarixli e-2-2(113)-1449/2022 saylı qərardadı ilə iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbulundan imtina edilmişdir. Həmin qərardaddan iddiaçı şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin 24.02.2022-ci il tarixli, e-2-2(113)-1449/2022 saylı qərardadının ləğv edilməsini və iddia ərizəsinin məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə heç bir əsaslandırma aparmamış, mülki işin mahiyyəti üzrə qərardad qəbul etmişdir. Məhkəmə iddia ərizəsini icraata qəbul etməmiş, iclas təyin etməmiş və iş üzrə hər hansı araşdırma aparmamış, göstərilənlər mülahizələdən ibarət olmuş və qərəzli olaraq iddia ərizəsini qəbul etməkdən imtina etmişdir. Bakı Kommersiya Məhkəməsinin 04.03.2022-ci il tarixli, e-2-2(113)-1449/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apelyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 24.02.2022-ci il tarixli, e-2-2(113)-1449/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəyə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunvericiliyə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının məqsədi və ya vəzifəsi hər bir fiziki və yaxud hüquqi şəxsin hüquq və mənafelərinin məhkəmədə təsdiq olunması, qorunması, təmin olunmasıdır. Yəni, məhkəmə qaydasında istənilən sənəd deyil, yalnız hüququ pozulmuş şəxs üçün hər hansı hüquqi nəticə yaradan sənədlər və əqdlər məhkəmə qaydasında mübahisələndirilə bilər. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya göndərilmiş elektron qaimələr, habelə mübahisələndirilən aktlar özlüyündə iddiaçı ilə bağlı hər hansı yeni hüquqi status (vəziyyət) yaratmadığına, dəyişdirmədiyinə və ya xitam etmədiyinə görə onun qəbul edilməsi nəticəsində iddiaçının hər hansı hüququnun pozuntusu nəticəsinə də gəlmək mümkün deyildir. Belə olan halda isə elektron qaimələrin özlərinin mübahisələndirilməsi ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. İddiaçı yalnız həmin sənədlərin əsassızlığına dair dəlillərini təqdim edə bilər. Qaimələrin özünün mübahisələndirilməsi iddiaçının hüquqi marağına uyğun deyildir. Şəxsin hüquqlarının təminatı üçün hər hansı mübahisəyə məhkəmədə o halda baxıla bilər ki, bunu zəruri edən hüquqi marağın mövcudluğu müəyyən olunsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 24.02.2022-ci il tarixli, e-2-2(113)-1449/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 24.02.2022-ci il tarixli, e-2-2(113)-1449/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar