Məhkəmə qərarları › İş №2-2(103)-396/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-396/2021

18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-396/2021 18.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürov Ləman Ceyhun qızının katibliyi, ilkin iddiaçının nümayəndəsi X1, qarşılıqlı iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "Cavabdeh" MMC-yə qarşı “pul tələbinə dair” ilkin, eyni zamanda, ikincinin birinciyə qarşı “ödənilmiş xidmət haqqının qaytarılması və dəyən zərərin ödənilməsi tələbinə dair” qarşılıqlı - iddia ərizələrinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-827/2020 saylı xx xxxxxx 2021-ci il tarixli qərardadından ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı "Cavabdeh" MMC tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İlkin iddia üzrə iddiaçı "xxxx" MMC cavabdeh "Cavabdeh" MMC-yə qarşı xx.xx.2018ci il tarixli 01 nömrəli xidmət müqaviləsinə əsasən 11800,00 manat, iddiaçının işgüzar nüfuzuna vurulmuş zərərin kompensasiya edilməsi üçün 15000,00 manat məbləğlərin və 30,00 manat məbləğində dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması, qarşılıqlı iddia üzrə iddiaçı "Cavabdeh" MMC cavabdeh "xxxx" MMC-yə qarşı sonuncudan ödənilmiş 6 aylıq xidmət haqqı məbləği olan 12000 manatın, vergi orqanına ödənilmiş 863.89 manatın və işgüzar nüfuza dəyən zərərin kompensasiyası kimi 25000 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması - barədə qətnamə qəbul olunmasını məhkəmdən xahiş etmişlər. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2(113)-827/2020 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, qarşılıqlı iddia isə rədd edilmişdir. Qarşılıqlı iddiaçı "Cavabdeh" MMC müddətin bərpası bardə ərizə ilə (apellyasiya şikayəti və ona əlavələrlə birlikdə) məhkəməyə müraciət edərək, həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (“MPM”) 360-cı maddəsi ilə müəyyən edilmiş 1 (bir) aylıq prosessual müddətin buraxılmasının üzürlü hesab edilməsini və bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Ərizədə göstərilən əsaslara görə qətnamə xx xxxxxxxx 2020-ci il tarixində çıxarılmasına baxmayaraq vaxtında qarşılıqlı iddia üzrə iddiaçıya təqdim olunmamış, yalnız xx xxxxxx 2020-ci ildə çatdırılmışdır. Belə ki, məlum olduğu kimi, işdə iştirak edən şəxs dedikdə, tərəflər (iddiaçı və ya cavabdeh, habelə qarşılıqlı iddiaçı və qarşılıqlı cavabdeh), üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. (MPM, 46). İşdə iştirak edən şəxs kimi nə qarşılıqlı iddia üzrə iddiaçının elektron kabineti mövcud olmuş, nə də ona elektron qaydada (mail və ya SMS) qətnamə barədə məlumat verilmişdir Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə ərizə təmin olunmamış, buraxılmış müddətin bərpasından imtina edilmişdir. Qarşılıqlı iddiaçı "Cavabdeh" MMC şikayətlə məhkəməyə müraciət edərək, həmin qərardadın ləğv edilməsini və ərizəsinin təmin edilməsi barədə yeni qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə xx xxxxxxxx 2020-ci il tarixində çıxarılmasına baxmayaraq vaxtında qarşılıqlı iddiaçıya təqdim olunmamış, yalnız xx xxxxxx 2020-ci ildə çatdırılmışdır (SS702992206AZ). Belə ki, işdə iştirak edən şəxs kimi nə qarşılıqlı iddiaçının elektron kabineti mövcud olmuş, nə də ona elektron qaydada (mail və ya SMS vasitəsilə) qətnamə barədə məlumat verilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli e-2-2(113)-827/2020 saylı qərardadı ilə isə buraxılmış müddətin bərpasından imtina edilmişdir. Hakim köməkçisi bildirmişdir ki, məhkəmə həm qətnaməni, həm bildirişi, həm də qərardadı qarşılıqlı iddiaçının nümayəndəsi Vəkil1 elektron kabinetinə yerləşdirmiş, qarşılıqlı iddiaçının ünvanına çatdırılması mümkün olmamışdır. Məhkəmə, sənədləri qarşılıqlı iddiaçının nümayəndəsi və vəkili olmayan şəxsə ünvanlamış, eyni zamanda qarşılıqlı iddiaçını bütün bu sənədlər haqqında xəbərsiz qoymuşdur. Digər tərəfdən, hətta Vəkil1 qarşılıqlı iddiaçının nümayəndəsi və vəkili olsaydı belə, təkcə ona məhkəmə sənədinin çatdırılması məhkəməni qarşılıqlı iddiaçıya məhkəmə sənədlərini çatdırmaq öhdəliyindən azad etməzdi. Çünki MPM-də bir tərəfi təmsil edən işdə iştirak edən şəxslərdən birinin xəbərdar edilməsinin, yaxud məhkəmə sənədlərinin çatdırılmasının başqalarına həmin sənədləri məhkəmənin çatdırmaq vəzifəsindən azad edilməsinə dair müddəa mövcud deyildir. Sonda qarşılıqlı iddia üzrə iddiaçı şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılmlası üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddiaçı "Cavabdeh" MMC-nin nümayəndəsi vəkil Vəkil2 şikayəti dəlillərinə uyğun müdafiə etmiş və təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddiaçının nümayəndəsi N.Mehdiyev onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərardadının qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kolleiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materillarını araşıdırb belə hesab edir ki, qarşılıqlı iddiaçı "Cavabdeh" MMC-nin şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. "Cavabdeh" MMC-nin şikayətinin dəlillərindən göründüyü kimi, mübahisələndirir ki, iddiaçı rəsmi qaydada qətnaməni almamışdır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi xx.xx.2020-ci il tarixində "Cavabdeh" MMC-nin etibrnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 tərəfindən yaradılmış elektron kabinetdə yerləşdirilmişdir. Konkret halda isə həmin qətnamədən müddətin bərpası barədə ərizə (apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərlə birlikdə) məhkəməyə "Cavabdeh" MMC-nin hazırkı nümayəndəsi Vəkil2 tərəfindən yaradılmış elektron kabinet vasitəsilə xx.xx.2020-ci il tarixində təqdim edilmişdir. Göründüyü kimi, apellyasiya şikayətinin qanunla müəyyən edilən bir aylıq apellyasiya şikayəti vermə müddəti xx.xx.2020-ci il tarixində tamamlandığı halda, "Cavabdeh" MMCnin hazırkı nümayəndəsi tərəfindən müddətin bərpası barədə ərizə xx.xx.2020-ci il tarixində məhkəməyə verilmiş, bununla da qanunla müəyyən edilən bir aylıq şikayət vermə müddəti ötürülmüşdür. MPM-in 74.1-ci maddəsinin tələbinə görə nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyytli həlli üçün zəruri olan bütün prosesual hərəkətlərin edilməsini özündə birləşdirir. İş materiallarına əlavə olunmuş, "Cavabdeh" MMC tərəfindən Vəkil1 2 iki il müddətinə verilmiş xx xxxxxx 2020-ci il tarixli etibarnamədən görünür ki, Vəkil1 iddiaçını bütün dövlət hakimiyyəti orqanlarda, o cümlədən, məhkəmələrdə işin müvəffəqiyytli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsi (o cümlədən, apellyasiya şikayətinin verilməsi də daxil olmaqla) etibar olunmuşdur və həmin etibarnamə hazırkı günə qədər ləğv olunduğu müəyyən edilmir. Elektron məhkəmə informasiya siteminin məlumatlarından görünür ki, "Cavabdeh" MMC etibarnaməsi əsasında Vəkil1 həmin sistemdə yaradılmış elektron kabineti vasitəsilə "Cavabdeh" MMC adından bütün prlosessual hərəkətləri yerinə yetirmiş, (Vəsatət və sair sənədləri təqdim etmişdir). məhz, onun elektron kabinetinə də bütün məhkəmə sənədləri, o cümlədən, qətnamə xx.xx.2020-ci il tarixində istiqamətlənərək orada yerləşdirilmişdir. MPM-in 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.8-ci maddəsi isə nəzərdə tutur ki, kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Beləliklə də, prosessual qanunvericiliyin qeyd olunan tələbləri baxımından, qarşılıqlı iddiaçının həm müddətin bərpası barədə ərizəsində, həm də şikayətində - proses iştirakçısı kimi qətnamənin ona verilmədiyini mübahisələndirən halların müddətin buraxılmasının üzürlü səbəbləri kimi qiymətləndirilməsi istisna edilir MPM-in 133.1-ci maddəsinin mənasından da göründüyü kimi, məhkəmə o halda işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir ki, qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab etsin. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, «Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx xxx 2008-ci il tarixli qərarında da Plenum məhz qeyd etmişdir ki, «… qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.» Beləliklə də göstərilənləri nəzərə alan məhkəmə kollegiyası Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-827/2020 saylı xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə müddətin bərpasından imtina olunmasını işin hallarına və prosessual qanunvericiyə uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası qarşılıqlı iddiaçı "Cavabdeh" MMCnin həmin qərardadın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin olunmadan məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirimədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və MPM-in 263-264, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiyası q ə r a r a a l d ı: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə "Cavabdeh" MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-827/2020 saylı xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz, çıxarıldığı andan qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar