Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-396/2022 06.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə iddiaçı Nümayəndə1 MMC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2483/2021 nömrəli iş üzrə 13 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən 131.040 manat əsas borc, əsas borc öhdəliyinin icra edilməsinə dair qətnamə qəbul edilən günə faiz borcu 32.760 manat olmaqla, ümumilikdə 163.800 məbləğin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, müqavilə üzrə ödənilməmiş 66.132 manat məbləğ cavabdeh tərəfindən ödənilmədiyindən, həmin lift avadanlıqlarının xarici ölkədən dəyəri ABŞ dolları ilə ödənilməklə idxal edildiyindən, müqvilə imzalanan tarixdə (xx.xx.2015-ci il) Azərbaycan manatının 1 ABŞ dollarına nisbəti 1,05 olduğunu və devalvasiyadan sonra 1 manatın ABŞ dollarına nisbəti 1,70 olduğunu nəzərə alıb, ödənilməyən məbləğ 107.982 manat təşkil edir (66.132 : 1,05 = 62.982 x 1,70 = 107.069). Eyni zamanda, xx.xx.2017-ci il tarixli lift xidmətləri haqqında müqaviləyə əsasən ödənilməyən məbləğ 6.000 manat və liftlərin quraşdırılması üzrə tikintiyə aid görülmüş işlər haqqında xx.xx.2016 cı il tarixli akta əsasən 17.971,80 manat məbləğ cavabdeh tərəfindən ödənilməmişdir. Beləliklə, yuxarıda göstərilən sənədlər əsasında cavabdehin ümumilikdə ödənilməmiş 131.040 manat borcu yaranmışdır. Bununla da, ümumi məbləğ 131.040 manat əsas borc və əsas borc öhdəliyinin icra edilməsinə dair qətnamə qəbul edilən günə bank faizinin uçot dərəcəsinə faiz borcunun (131.040 x 5% x 5 il) 32.760 manat olmaqla, ümumilikdə 163.800 manat məbləğ cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamənin əsaslarına görə, “Məhkəmə iddia tələbinin 01 iyul 2015 ci il tarixli müqavilə üzrə ödənilməmiş 66.132 manat məbləğində borcun ödənilməsinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı qeyd olunan borc məbləğinin tam olaraq ödənilməsi ilə bağlı cavabdeh tərəfindən ödəniş qəbzləri təqdim edilmiş, iddiaçının nümayəndəsi isə həmin ödənişlərin bir qisminin başqa müqavilə əsasında ödənildiyini bildirsə də, bu hal məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə iddia tələbinin 6.000 manat məbləğində olan hissəsinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi qeyd olunan müqavilə üzrə xidmətlərin göstərilməsini sadəcə olaraq tərəflər arasında imzalanan müqavilənin olmasını əsas gətirərək tələb etmişdir. Müqavilə üzrə ödənişləri tələb etməsinə müasibətdə məhkəmə qeyd edir ki, həmin müqavilə üzrə xidmətlərin göstərilməsi iddiaçı tərəfindən sübuta yetirilməmişdir. İddia tələbinin liftlərin quraşdırılması üzrə tikintiyə aid yerinə yetirilmiş işlər üzrə akta əsasən yaranmış 17.971,80 manat məbləğində tələbinə dair isə məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə iş materialları ilə sübuta yetirilməmişdir. Belə ki, qeyd olunan tələb üzrə iddiaçı sadəcə olaraq, ona məxsus müəssisənin əməkdaşları tərəfindən tərtib edilmiş aktı əsas gətirmişdir ki, qeyd olunan hal iddianın sübuta yetirilməsi üçün kifayət deyil.” Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Şikayətin dəlillərinə görə, məhkəmə baxışı zamanı cavabdeh iddia tələbinin doğru olmadığını sübut etmək üçün Məhkəməyə kassa məxaric orderləri təqdim etmişdir. Həmin kassa məxaric orderlərindən tam aydın göründüyü kimi, orderlərin çoxu cavabdehə aid olmayan sənədlərdir. Belə ki, həmin orderlərin çoxu cavabdehin direktoru Nümayəndə3 baş mühasib vəzifəsində işlədiyi və "xxxx" MMC ilə bərabər eyni sahibkara məxsus olan "xxxx" MTK və "xxxx" MTK tərəfindən ödənilmiş maliyyə vəsaitləri haqqında kassa məxaric orderləridir. Hər üç təşkilat üçün quraşdırılmış liftlərə görə ödənilən maliyyə vəsaitləri haqqında kassa məxaric orderləri Nümayəndə3 tərəfindən tərtib edilmiş və onun tərəfindən imzalanmışdır. Lakin həmin orderlərin hamısı guya "xxxx" MMC-yə aid olan sənəd kimi Məhkəməyə təqdim edilmişdir. Beləliklə, Məhkəməyə cavabdeh tərəfindən təqdim edilmiş həmin sənədlərin “Sahil D“ MMC-yə aidiyyatı olması haqqında heç bir qeyd yoxdur və saxtadır. Eyni zamanda, həmin kassa məxaric orderləri "xxxx" MMC ilə Nümayəndə1 MMC arasında baglanmış xx.xx.2015 ci il tarixli müqavilədən əvvəlki dövrə, yəni 2013-2014-cü il tarixlərə aiddir və həmin kassa məxaric orderlərinin “Sahil D“ MMC ilə baglanmış xx.xx.2015-ci il tarixli müqaviləyə heç bir aidiyyatı yoxdur. Lakin bütün bu hallar iş materiallarından tam aydın şəkildə görünməsinə baxmayaraq, təqdim edilmiş kassa məxaric orderləri Məhkəmə tərəfindən guya iddiaçıya liftlərin quraşdırılması üçün bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən ödənilmiş maliyyə vəsaitinin sübutu kimi qəbul edilmişdir. Məhkəmə iddiaçı tərəfindən Məhkəməyə təqdim edilmiş liftlərin xidməti üzrə müqaviləyə görə "xxxx" MMC tərəfindən ödənilməli olan 6.000 manat borcun ödənilməsi hissəsində mövcud Müqavilədən əlavə sübutun olmamasını əsas götürərək həmin hissədə də iddianı rədd etmişdir. Hansı ki, həmin liftlərin Fövqəladə Hallar Nazirliyinə təhvil verildiyi vaxt liftlərin istismar aktında həmin liftlər iddiaçı tərəfindən xidmət göstərilməsi haqqında qeyd edilmiş, eyni zamanda liftlərə xidmətə görə pul ödənilmədiyinə görə liftlərə xidmətin dayandırılacagı barədə iddiaçı tərəfindən cavabdehə göndərilmiş məktublar da Məhkəməyə təqdim edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi şikayəti müdafiə edərək, ona uyğun izahat vermiş, cavabdehin nümayəndəsi şikayəti qəbul etməyib, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşdən müəyyən edilir ki, tərəflər arasında xx.xx.2015-ci il tarixli müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən icraçı (iddiaçı) 4 komplekt 1.000 kq-lıq, 4 komplekt 450 kq-lıq liftlərin quraşdırılması və təhvil verilməsini təmin edir. Müqavilənin: 5.2-ci bəndinə əsasən, müqavilə üzrə işlərin və xidmətlərin ümumi dəyəri ƏDV daxil olmaqla 375.200 manat təşkil edir; 5.3-cü bəndinə görə, bu müqaviləyə əsasən görüləcək işlərin ümumi dəyərinin 50%-i əvvəlcədən sifarişçi (cavabdeh) tərəfindən ödənilir. Lift avadanlıqları sifarişçinin anbarına təhvil verildikdən sonra ümumi məbləğin 30%-i, quraşdırma işləri başa çatdıqdan sonra qalan 20%-i icraçıya ödənilir. İddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixli 7 nömrəli müqavilə də imzalanmış, həmin müqaviləyə əsasən icraçı sifarişçiyə məxsus olan ünvan 1 ünvanda yerləşən 24 mərtəbəli yaşayış binasında 4 ədəd 1.000 kq-lıq liftlərə liftlərin quruluş və təhlükəsiz istismar qaydasına, istehsalçı zavod tərəfindən müəyyən olunmuş tələblərə, həmçinin müqavilədə əks olunmuş liftlərin texniki xidmətinə uyğun olaraq texniki xidmət göstərilməsini, sifarişçi isə bu xidmətlərin dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilənin: 5.2-ci bəndinə əsasən, göstəriləcək xidmətlərin ümumi dəyəri 600 manat təşkil edir; 5.3-cü bəndinə görə, texniki xidmətin göstərilməsinə dair təhvil-qəbul aktı imzalandıqdan sonra qeyd olunan məbləğ sifarişçi tərəfindən 5 bank günü ərzində icraçıya nağd qaydada ödənilməlidir. xx.xx.2015-ci il tarixli 10 nömrəli təhvil-təslim aktına görə, 4 ədəd 400 kq-lıq lift pasportları iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Cavabdehin AR FHN X1 Görülməsi və X2 Agentliyinə ünvanladığı xx.xx.2017-ci il tarixli 053 nömrəli məktubunda Bakı şəhəri Xətai rayonu F.Bayramov küçəsi 1156-cı məhəllədə tikilmiş yeni 24 mərtəbəli binalarda iddiaçı tərəfindən quraşdırılmış 2 ədəd 1.000 kq-lıq sərnişin-yük liftlərinin qeydiyyata alınıb istismarına icazə verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; Maddə 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər; Maddə 770. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. MPM-in: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 47.1. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, podrat müqaviləsinə əsasən razılaşdırılmış muzdun ödənilməsi ilə bağlı götürdüyü öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (sifarişçi) müqavilə üzrə iddiaçıya (podratçı) olan borcunu ödəməlidir. Belə ki, məhkəmə kollegiyasının araşdırması ilə sabit olmuşdur ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli podrat müqaviləsinə əsasən 8 ədəd lift iddiaçı tərəfindən cavabdehin yaşayış binalarına quraşdırılmışdır. İddiaçının nümayəndəsinin izahatına görə liftlərin quraşdırılıb, təhvil verilməsi prosesi 2018-ci ilin avqust ayında, cavabdehin nümayəndəsinin izahatına görə isə 2019-cu ilin, yanvar, fevral ya da mart ayında başa çatmışdır. Cavabdeh borcunun qalmadığını, həmçinin, iddiaçı tərəfindən işlərin qüsurlu görüldüyünü bildirir. Cavabdeh borcunun qalmadığı etirazına sübut kimi kassa məxaric orderlərini təqdim etmişdir ki, onların əksəriyyəti xx.xx.2015-ci il tarixli podrat müqaviləsindən əvvəlki tarixə aiddir, habelə cavabdeh həmin əvvəlki tarixə ödənişlərin məhz sözügedən müqavilə üzrə öncədən həyata keçirilən ödəmələr olduğunu sübuta yetirə bilməmişdir, xx.xx.2015-ci il tarixdən sonraya aid kassa məxaric orderlərinin cəmi məbləği isə ümumi müqavilə dəyəri 375.200 manatın iddiaçının tələb etdiyi 66.132 manat məbləğə fərqindən azdır. İşlərin iddiaçı tərəfindən qüsurlu görüldüyünə dair etiraza gəldikdə isə, işdə cavabdehin məhkəmədən əvvəl bu barədə iddiaçıya rəsmi müraciət etməsini təsdiq edən hər hansı sübut mövcud deyil, bu halın əksi isə işdə olan, hər iki tərəfin imza və möhürü ilə təsdiq olunan xx.xx.2015-ci il tarixli təhvil-təslim aktı, cavabdehin FHN-ə ünvanlanan xx.xx.2017-ci il tarixli məktubu və liftlərin 2019-cu ilin mart ayında quraşdırılıb, təhvil verilməsini qəbul etməsi ilə təsdiqini tapır. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin xx.xx.2015-ci il tarixli müqavilə üzrə 66.132 manat məbləğdə borcun ödənilməsi tələbini qeyd olunan borc məbləğinin tam olaraq ödənilməsi ilə bağlı cavabdeh tərəfindən ödəniş qəbzlərinin təqdim edilməsi, iddiaçının həmin ödənişlərin bir qisminin başqa müqavilə əsasında ödənildiyini bildirməsi və bu halın məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sübuta yetirilməməsinə əsaslanaraq rədd etməsi düzgün olmamışdır, iddia həmin tələbə dair hissədə əsaslı olduğundan təmin edilməli idi. İddianın 1 Azərbaycan manatının 1 ABŞ dollarına nisbətinin 1,05-dən 1,70-ə dəyişməsindən yarandığı irəli sürülən 40.937 manat fərqin (107.069 - 66.132) cavabdehdən tutulması tələbi isə əsassızdır. Belə ki, müqavilə dəyəri manatla razılaşdırıldığı üçün müqavilənin icrası da həmin valyuta üzərindən tələb oluna bilərdi ki, iddiaçı da 66.132 manat borc məbləğini doğru olaraq məhz bu qaydada tələb etmişdir, habelə, iddiaçı bu məbləği (40.937 manat fərqi) ona vurulmuş zərərin əvəzi kimi tələb etməmişdir. İddia xx.xx.2017-ci il tarixli lift xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən ödənilməyən məbləğ 6.000 manat və liftlərin quraşdırılması üzrə tikintiyə aid görülmüş işlər haqqında xx.xx.2016 cı il tarixli akta əsasən 17.971,80 manat məbləğin cavabdeh tərəfindən ödənilməsi hissələrdə də əsaslı deyil. Belə ki, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə lift xidmətlərinin göstərildiyi barədə Məhkəməyə heç bir mötəbər sübut, o cümlədən həmin müüqavilə ilə tələb olunan texniki xidmətin göstərilməsinə dair təhvil-qəbul aktları təqdim olunmamışdır, liftlərin quraşdırılması üzrə tikintiyə aid görülmüş işlər haqqında xx.xx.2016 cı il tarixli akt isə yalnız iddiaçının işçiləri tərəfindən, cavabdehin iştirakı olmadan tərtib və imza edilmişdir. İddia 131.040 manat əsas borc öhdəliyinin icra edilməsinə dair qətnamə qəbul edilən günə (131.040 x 5% x 5 il) 32.760 manatın cavabdehdən tutulması hissəsində isə qismən əsaslıdır. Belə ki, liftlərin quraşdırılıb, təhvil verilmə tarixi cavabdehin də razılaşdığı 2019-cu ilin mart ayı götürülərsə, iddianın hazırkı qətnamə qəbul edilən tarixə keçən müddətin mübahisəsiz qismi 3 il 2 ay təşkil edir. 66.132 manatın illik 5%-nin 3.306,60 manat olduğu nəzərə alınarsa, 3 il üçün 5% məbləğ 9.919,80 manat, 1 ay üçün 275,55 manat hesabı ilə 2 aya görə 551,10 manat olmaqla, cəmi təmin olunmalı 5% məbləğin 10.470,90 manat olması müəyyən edilmiş olar. Tərəflərin apellyasiya instansiyasına təqdim etdiyi yeni sübutlar MPM-in 217.5 və 372.2-ci maddələrinin tələblərinə uyğun olmadığı üçün məhkəmə kollegiyası tərəfindən qəbul edilmir və hüquqi qiymət verilmir. MPM-in: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.
Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə qismən təsdiq olunur, dəlillər qətnamənin ləğvinə əsas verir. Bununla əlaqədar olaraq, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia müzakirə edilən qaydada qismən təmin ediməli, apellyasiya şikayəti qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2483/2021 nömrəli iş üzrə 13 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. 66.132 manat əsas borc və 10.195,40 manat zərərin əvəzi olaraq, cəmi 76.327,40 manat (yetmiş altı min üç yüz iyirmi yeddi manat qırx qəpik) məbləğdə pul Cavabdeh MMC-dən tutularaq iddiaçı Nümayəndə1 MMC-yə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova