Məhkəmə qərarları › İş №2-2(103)-397/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-397/2022

06.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-397/2022 06.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi, ilk iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdeh X3 qarşı lizinq müqaviləsinin ləğvi, lizinq obyektinin geri qaytarılması, müqavilə üzrə borcun tutulmasına dair ilk iddiası, qarşılıqlı iddia üzrə X2 cavabdeh İddiaçı ASC-yə qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 06.09.2021-ci il tarixli 2-2(113)-944/2021 nömrəli qətnaməsindən (hakim Aytən Əliyeva) cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə verərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X4 arasında 17 yanvar 2020-ci il tarixli, KTA-DM-20/0001 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X6 Müqaviləsinə əsasən 17955,99 manat əsas borcun, 3847,45 manat faiz borcunun, 3169,15 manat gecikdirilmiş günlərə görə cərimə borcunun, 17065,40 manat məbləğində sığorta haqqının, ümumilikdə 42037,99 və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdeh X1 tutularaq İddiaçı ASC-yə ödənilməsi, tərəflər arasında bağlanmış 17 yanvar 2020-ci il tarixli, KTA-DM-20/0001 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X6 Müqaviləsi”nə xitam verilməsi və lizinq obyekti olan 68 baş Simmental cinsli damazlıq heyvanın sağlam şəkildə cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra X4 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 yanvar 2020-ci il tarixli, KTA-DM-20/0001 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən “X6 Müqaviləsi” üzrə təhvil verilmiş 68 baş damazlıq heyvanın 40 günlük karantin müddətində saxlanması və yenilənməsinə xərclənən 30.000 AZN manat məbləğində vəsaitin və məhkəməyə müraciətlə bağlı ödənilən 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 06.09.2021-ci il tarixli 2-2(113)-944/2021 nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin olunaraq İddiaçı ASC ilə X4 arasında bağlanmış 17 yanvar 2020-ci il tarixli, KTA-DM-20/0001 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X6 müqaviləsinin ləğv edilməsi, İddiaçı ASC ilə X4 arasında bağlanmış 17 yanvar 2020-ci il tarixli, KTA-DM-20/0001 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən “X6”Müqaviləsi üzrə 17955.99 manat əsas borc, 3847,45 manat faiz borcu, 17065,40 manat məbləğində sığorta haqqı, 1.795 manat gecikdirilmiş günlərə görə cərimə borcu olmaqla cəmi 40.663,84 manatın X1 İddiaçı ASCnin xeyrinə tutulması, 17 yanvar 2020-ci il tarixli, KTA-DM-20/0001 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən “X6” müqaviləsi üzrə lizinq obyekti olan 68 baş Simmental cinsli damazlıq heyvanın sağlam şəkildə cavabdehdən alınaraq iddiaçıya qaytarılması, iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən X4 apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-944/2021 nömrəli iş üzrə 06.09.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, ilk iddianın tam rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsi işə İddiaçı ASC-nin mövqeyindən yanaşaraq mübahisəyə birtərəfli qiymət vermişdir. Belə ki, 25.06.2021-ci il tarixli vəkil sorğusuna cavab məktubu ilə İddiaçı ASC bildirdi ki, ölkə ərazisinə idxal edilən heyvanlar dövlət sərhəd baytarlıq nəzarətindən keçdikdən sonra 30 gün müddətinə karantində saxlanılması məsələsi qanunvericiliyə uyğun şəkildə təşkil edilir və X3 münasibətdə lizinqi obyekti olan damazlıq heyvanların karantində saxlanılması lizinq alana həvalə edilmişdir. Əgər ölkə ərazisinə idxal edilən heyvanların karantində saxlanması qanunvericiliyə uyğun şəkildə həyata keçirilirsə, nəyə görə lizinqi obyekti olan damazlıq heyvanların karantində saxlanılması X3 həvalə edilmişdi. Göründüyü kimi Məhkəmənin mövqeyi tamamilə əsassızdır. Bakı Kommersiya məhkəməsi əsassız və qeyri-qanuni qətnamə qəbul etmişdir. Heyvanların karantində saxlanılmasına görə sərf edilmiş 30.000 manat lizinqverən tərəfindən ödənilməlidir. X2 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi. ”Prior Leasing” ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 06.09.2021-ci il tarixli 2-2(113)-944/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsi xahiş olunsa da, apellyasiya şikayətinin məzmunundan və X2 nümayəndəsi və vəkili Vəkil2 işə apellyasiya qaydasında baxılarkən verdiyi izahatdan görünür ki, qətnamə ilk iddiaçının xeyrinə tutulmuş pul məbləğləri ilə bağlı hissədə mübahisələndirilmir. Nümayəndə bildirmişdir ki, qətnamə tərəflərindən lizinq müqaviləsinin ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməməsi hissəsində mübahisələndirilir. İş materiallarından görünür ki, tərəflər arasında 17.01.2020-ci il tarixli lizinq X6 müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ümumi dəyəri 306000 olan 68 baş damazlıq heyvan Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə 179120 manat subsidiya tətbiq edilməklə X3 36 ay müddətinə (lizinqə verilmişdir. Müqavilədə lizinq ödənişlərinin ümumi məbləği 132”315,76 manat, 76”510 manat avans ödənişi, 50 370 manatı lizinq obyektinin qalıq dəyəri, 5435,76 manat lizinq verənin mükafat məbləği, 34700 sığorta haqqı, 15300 müqavilənin rəsmiləşdirmə komissiyası nəzərdə tutulmuşdur. Həmin müqavilənin 7.1.4-cü bəndinə əsasən lizinq “verən”in “lizinq alan”dan damazlıq heyvanların yerləşdiyi tövlənin (tikilinin) ən azı lizinq müddətinə bütün zərərdən sığortalanmasını tələb etmək, 7.1.5-ci bəndə əsasən lizinq alan müqavilə şərtlərinə əməl etmədikdə ona lizinqə verilmiş damazlıq heyvanları balaları ilə birlikdə geri almaq, ödəniş qrafiki üzrə ödənilməli olan məbləği və damazlıq heyvanlara dəyən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır; - 8.2.1-ci bəndinə əsasən “lizinq alan”ın lizinq obyektinin faktiki vəziyyətindən asılı olmayaraq, “lizinq verən” tərəfindən hesab təqdim edilmədən lizinq ödənişlərini qrafik ilə müəyyən edilmiş vaxtda və həcmdə həyata keçirmək vəzifəsi vardır; - 8.2.2-ci bəndinə əsasən lizinq alanın lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində lizinq obyektinin saxlanması ilə bağlı göstərişlərdə nəzərdə tutulan bütün öhdəliklər üzrə, habelə lizinq obyektinin sağlam vəziyyətdə saxlanılması, ona baytarlıq və zootexniki xidmətlərinin keçirilməsi ilə bağlı bütün xərcləri ödəmə vəzifəsi vardır; - 11.3-cü bəninə əsasən lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i (sıfır tam onda bir faizi) miqdarında cərimə hesablamaq hüququna malikdir. 11.4-cü bəndə əsasən lizinq verənin mükafat məbləği lizinq obyektinin qalıq dəyərinə illik 7% nəzərdə tutulmaqla hesablanır. Həmin mükafat məbləği Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ödənilir. - 12.1-ci bəndinə əsasən lizinq obyekti 3 il müddətinə Lizinq verən tərəfindən sığortalanır və lizinq obyektinin sığortalanması üçün Lizinq verən tərəfindən çəkilmiş bütün xərclər və sığorta haqqı Lizinq alan tərəfindən Lizinq verənə ödənilir. 17 yanvar 2020-ci il tarixli X6 Müqaviləsinə əlavə №1-in təsdiqlənmiş surətindən görünür ki, lizinq ödənişləri hər ayın sonuncu günü (son ödəniş 17.01.2023-cü il tarixdə) həyata keçirilməli idi. İş materiallarında olan 17.01.2020-ci il tarixli, KTA-DM-19/0004-İ-T-02 saylı təhviltəslim aktının təsdiqlənmiş surətindən görünür ki, 69 baş “simmental” cins iribuynuzlu damazlıq heyvanlar X3 təhvil verilmişdir. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı ASC arasında imzalanmış C-LİV- 0025/20 nömrəli heyvanların sığortası şəhadətnaməsinin təsdiqlənmiş surətindən məlum olur ki, yuxarıda qeyd olunan 69 baş iri buynuzlu damazlıq heyvanlar, faydalanan şəxslər 60% Aqrar Kredit və İnkişaf Agentliyi, 25% X4 və 15% İddiaçı ASC, sığorta məbləği 306.000 manat, sığorta haqqı 34.700,40 manat, sığortalı İddiaçı ASC olmaqla 17.01.2020ci il tarixdən 16.01.2023-cü il tarixədək sığortalanmışdır. İş materiallarında olan ödəniş tapşırığından məlum olur ki, İddiaçı ASC tərəfindən C-LİV-0025/20 saylı sığorta şəhadətnaməsi əsasında 34.700,4 manat “Pasha İnsurance OJSC”nin bank hesabına köçürülmüşdür. İş materiallarında olan 23.11.2020-ci il tarixli pretenziya məktubunda X2 23.11.2020-ci il tarixə İddiaçı ASC qarşısında borcun 32,263.94 manat məbləğində olması qeyd olunmuş, 3 iş günü ərzində pozulmuş şərtlər təmin edilməyəcəyi halda qanunvericilikdə nəzərdə tutulan hərəkətlərin həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 23 iyun 2021-ci il tarixli maliyyə arayışında cavabdeh X2 İddiaçı ASC qarşısında 17 yanvar 2020-ci il tarixli, KTA-DM-20/0001 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X6 Müqaviləsi”nə əsasən 23.06.2021-ci il tarixə qədər 17,955.99 manat əsas borc, 3,847.45 manat faiz borcu, 3,169.15 manat gecikdirilmiş günlərə görə cərimə borcu, o cümlədən 17.065,40 manat məbləğində sığorta haqqı, ümumilikdə 42.037,99 manat öhdəliyi olması qeyd olunmuşdur. Arayışdan görünür ki, X4 tərəfindən müqavilə üzrə 76510 manat avans, 15300 manat komissiya, 17635 manat sığorta haqqı ödənilmişdir. Lizinq ödənişləri ilə bağlı hesabdan çıxarış iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan X7 Firması tərəfindən İddiaçı ASC-yə ünvanlanan 25 iyun 2021-ci il tarixli 34/21/AE saylı xəbərdarlıq məktubunda, 68 baş damazlıq heyvanın 40 gün müddətində X3 məxsus fermada karantində saxlanılmsı və yemlənməsinə görə 30.000 manat məbləğdə vəsait xərclənməsi qeyd olunmuş, həmin məbləğin X3 ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan İddiaçı ASC-yə ünvanlanan 25 iyun 2021-ci il tarixli vəkil sorğusunda İddiaçıASC tərəfindən X3 lizinqə verilmiş heyvanların ölkə ərazisinə idxalına dair gömrük bəyannamələrinin müvafiq qaydada təsdiqlənmiş surətləri, lizinqə veriləcək heyvanlar ölkə ərazisinə idxal olunandan sonra karantində saxlanılması, əgər saxlanılırsa harada saxlanılması, lizinqə veriləcək heyvanlar neçə gün karantində saxlanılması, lizinqə veriləcək heyvanların karantində saxlanma xərcinin nə qədər olması və həmin xərcin kimin tərəfindən ödənilməsi barədə məlumat tələb olunmuşdur. Qeyd olunan sorğuya cavabda İddiaçı ASC tərəfindən verilən 12 iyul 2021-ci il tarixli PLM-21/0239 saylı cavabda ölkə ərazisinə idxal edilən heyvanların dövlət sərhəd baytarlıq nəzarətindən keçdikdən sonra 30 gün müddətinə karantində saxlanılması məsələsinin qanunvericiliyə uyğun şəkildə təşkil edilməsi, X3 münasibətdə lizinq obyekti olan damazlıq heyvanların karantində saxlanılması lizinq alana həvalə edilməsi, tərəflər arasında bağlanmış 17.01.2020-ci il tarixli, KTA-DM-20/0001 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X6 Müqaviləsinə” əsasən Vüqar Muradov lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində heyvanlara baytarlıq və zootexniki xidmətlərinin keçirilməsi ilə əlaqədar bütün xərcləri öz üzərinə götürməsi qeyd olunmuş, X3 lizinqə verilmiş heyvanların ölkə ərazisinə idxalına dair gömrük bəyannamələrinin surətləri əlavə olunmuşdur. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-6.1.- ci maddəsinə əsasən lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əmlakı lizinq verənə verdiyi andan lizinq müqaviləsinin müddəti başa çatanadək lizinq obyektini itirilmə (məhv olma), çatışmazlıq və ya zədələnmə risklərindən sığortalamalıdır. Həmin Məcəllənin 748-10.1.- ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.4.-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Həmin Məcəllənin 748-1.12.4-ci maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.11.1-ci maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri. Həmin Məcəllənin 748-1.12.4-ci maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləğv etmək hüququ vardır. Məhkəmə araşdırması zamanı lizinqverən İddiaçı ASC ilə lizinqalan V.Muradov arasında bağlanmış daxili lizinq müqaviləsi üzrə lizinq alanın öz öhdəliyin lazımı qaydada icra etmədiyi, lizinq ödənişlərini və müqavilə ilə şərtləşdirilmiş sığorta haqqını tam ödəmədiyi müəyyən edildiyindən MM-nin yuxarıda istinad edilən normalarına və tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 7.1.4 və 7.1.5-ci bəndlərinə əsasən müqavilənin vaxtından əvvəl ləğv edilməsi, lizinq obyektinin geri alınması, lizinq müqaviləsi üzrə borcun, öhdəliyin icrasının gecikdirilməsinə görə cərimənin tutulması hissəsində iddiaçının tələbi əsaslıdır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən ilk iddianın təmin edildiyi hissədə birinci instansiya məhkəməsinin qətnaməsini qanuni və əsaslı hesab edir. Kollegiya eyni zamanda hesab edir ki, qarşılıqlı iddia tələbinin rədd edildiyi hissədə də qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qarşılıqlı iddia üzrə X4 iddia edir ki, lizinq müqaviləsi bağlandıqdan sonra ona təhvil verilmiş heyvanlar 40 gün karantində saxlanıldığı dövrdə heyvanların saxlanılması üçün xərclər lizinq verən tərəfindən çəkilməli olduğu halda, onun tərəfindən çəkildiyindən heyvanların saxlanılması üçün 30.000 manat məbləğində sərf edilmiş vəsaitin əvəzi İddiaçıASC-dən onun xeyrinə tutulmalıdır. Heyvanların lizinqlana 17.01.2020-ci il tarixdə (lizinq müqaviləsi bağlandığı gün) təhvil verildikdən sonra 40 gün karantində saxlanıldığı işin mübahisəsiz halıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qarşılıqlı iddianın təmin olunması üçün lizinq alan tərəfindən aşağıdakılar sübut edilməli idi: karantin dövründə həqiqətən heyvanların saxlanılmasına 30.000 manat xərc çəkildiyi, həmin xərcin lizinqverən tərəfindən ona ödənilməli olduğu. Lizinq alan tərəfindən karantin dövründə heyvanların saxlanılmasına 30.000 manat xərc çəkilməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun 19.0.8-ci maddəsinə əsasən ərazini xaricdən keçə biləcək xəstəliklərdən qorumaq məqsədilə başqa ölkələrdən gətirilən heyvanların sağlamlığını müəyyənləşdirmək üçün qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə onları təcrid olunmuş halda saxlamaq; 19.0.12-ci maddəyə əsasən baytarlıq baxışından keçirilməyən, baytarlıq (baytarlıq-sanitariya) tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsinə, ətin və digər məhsulların qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan satışına və istifadəsinə yol verməmək; 19.0.13-cü maddəyə əsasən heyvanların, heyvan mənşəli məhsulların və xammalın ticarəti ilə yalnız onların sağlamlığını və baytarlıq normativlərinin tələblərinə uyğunluğunu təsdiq edən baytarlıq sənədləri olduqda məşğul olmaq heyvan yetişdirilməsi, heyvan mənşəli məhsulların və xammalın istehsalı, emalı, saxlanması, daşınması və satışı ilə məşğul olan hüquqi və fiziki şəxslərin baytarlıq (baytarlıq-sanitariya) tələbləri üzrə vəzifələrinə aiddir. ”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.01.2007-ci il tarixli 19 saylı qərarı ilə təsdiq olunmuş “Heyvanların saxlanılması, yetişdirilməsi və istifadə olunması” Qaydalarının 2.9-cu bəndinə əsasən heyvanların yoluxucu xəstəliklərdən mühafizəsini təmin etmək”məqsədilə yeni qəbul””edilən heyvanlar iri heyvandarlıq təsərrüfatlarında”təcrid edilmiş halda karantində, vətəndaşlara məxsus olan kiçik təsərrüfatlarda isə ayrı bir yerdə 1 ay müddətində saxlanmaqla, epizootiki vəziyyətləri”laboratoriya müayinələri ilə aydınlaşdırıldıqdan sonra”””ümumi heyvanlar”qrupuna daxil edilməlidir. Göründüyü kimi, qanunvericilikdə ölkə ərazisinə xaricdən gətirilən heyvanların karantində saxlanılmalı olduğu müəyyən edilmiş heyvandarlıqla məşğul olan fiziki və hüquqi şəxslərin vəzifələrinə aid edilmişdir. Qanunda bu vəzifənin məhz mülkiyyətçiyə aid olduğunun qeyd edilməməsi belə qənaətə gəlməyə əsas verir ki, heyvanların karantin dövründə müqavilə tərəflərindən kimin vəsaiti hesabına saxlanılacağı qarşılıqlı razılıqla müəyyən olunmalıdır. Apellyasiya şikayətində qeyd edilir ki, lizinq müqaviləsi bağlanarkən lizinqə verilmiş heyvanların lizinqalana məxsus ərazidə və onun vəsaiti hesabına karantində saxlanılması razılaşdırılmış, lizinq verən şifahi olaraq həmin xərclərin ödəniləcəyini öhdəsinə götürmüşdür. İddiaçı ASC-nin nümayəndəsi belə bir razılaşma olduğunu qəbul etmədiyindən bu halı sübut etmək vəzifəsi qarşılıqlı iddia üzrə iddiaçının üzərinə düşdüyü halda bu barədə məhkəməyə sübut təqdim edilməmişdir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, qarşılıqlı iddianın əsaslı olduğu sübut edilmədiyindən rədd olunmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır və hesab edir ki, lizinqalan lizinqə verilmiş heyvanlara karantin müddətində çəkilmiş xərcləri o halda lizinqverəndən tələb edə bilərdi ki, heyvanlar lizinq müqaviləsi qüvvəyə minənədək ona təhvil verilmiş olsun. Lizinq müqaviləsi qüvvəyə mindikdən sonra lizinqə götürülmüş heyvanların saxlanılması ilə bağlı xərclər müqavilənin 8.2.2-ci bəndinə əsasən lizinqalana aid oduğundan (heyvanların karantində olub-olmamasından asılı olmayaraq) bu xərclərin lizinqverəndən tələb edilməsi əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 06.09.2021-ci il tarixli 2-2(113)-944/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı X4 apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 06.09.2021-ci il tarixli 2-2(113)-944/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar