Məhkəmə qərarları › İş №2-2(103)-397/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-397/2023

25.05.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-397/2023 25.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Açar söz: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-1285/2023 nömrəli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. Hüquqi şəxs haqqında məlumatdan və “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş əmək müqaviləsi məlumatlarından görünür ki, "xxxx" MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxsdur.

2. "xxxx" MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsindən görünür ki, onun Dövlət Sosial Müdafiə Fonduna olan borcu 45.877,97 manat təşkil edir.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli bildirişin surətindən görünür ki, "xxxx" MMC-dən borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir.

4. Ərizəçinin təqdim etdiyi vegi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan görünür ki, xx.xx.2021-ci il tarixli bildiriş "xxxx" MMC-nin elektron kabinetinə yerləşdirilmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Sosial Müdafiə Fonduna olan 45877,97 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin fərdi identifikasiya nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi – AZE ********) barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 45877,97 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixli **********586000 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-1285/2023 nömrəli qətnaməsi ilə (hakim Nərmin Əhmədova) ərizə təmin edilmişdir.

8. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisi olan "xxxx" MMC məcburi dövlət sosial sığorta haqqı üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Həmin borcun ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən vergi ödəyicilərinə borcun ödənilməsinə dair bildiriş ünvanlanaraq onların 5 gün müddətində ödənilməsi tələb edilmiş, lakin qeyd olunan müddət ərzində "xxxx" MMC tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir.

9. Məhkəməyə maraqlı şəxs tərəfindən dəftərxana vasitəsilə təqdim edilən sənədlərə əsasən hesab etmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-976/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “məcburi sosial sığorta haqqı üzrə borcun silinməsi” tələbi təmin edilməmiş, həmin qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti hazırlanmışdır. Həmçinin Bakı İnzibati Məhkəməsinin icraatında iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh "xxxx" MMC-yə qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair 2-1(112)-13351/2022 nömrəli inzibati mübahisə mövcuddur.

10. Məhkəmə qeyd etmişdir ki, maraqlı şəxsin və ya onun rəhbəri olduğu hüquqi şəxsin dövlət büdcəsinə olan vergi borcunun (o cümlədən məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcun) inzibati icraat qaydasında mübahisələndirilməsi kommersiya işi üzrə icraatın dayandırılması və ya ərizənin təmin edilməməsi üçün əsas ola bilməz. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsi barədə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd edilir ki, Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. Müvafiq kommersiya işi üzrə qəbul edilmiş məhkəmə qətnaməsi əsasında maraqlı şəxsin ölkədən getmək hüququna qoyulan məhdudiyyət onun və ya qanuni təmsilçisi olduğu hüquqi şəxsin dövlət büdcəsinə olan vergi borcu ödənilənə və ya ləğv edilənədək qüvvədə olacağından kommersiya işi üzrə icraatın dayandırılması və ya ərizənin təmin edilməməsi yolverilməzdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

11. Maraqlı şəxs apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-1285/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, ərizənin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Konstitusiyada qərarın qanuna və sübutlara əsaslanması vurğulansa da, məhkəmə Konstitusiyanın qeyd olunan maddəsinin tələblərinə riayət etməmişdir. Məhkəmə tərəfindən heç bir sübut olmadan konstitusion maraqlı şəxsin hüququ pozularaq maraqlı şəxsin ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Üstəlik də ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi "xxxx" MMC-yə qarşı "siyahıya alınmış əmlakın satılması" tələbi ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və iş hazırda Bakı İnzibati Məhkəməsinin hakimi Mehriban xanım Qarayevanın icraatındadır. Qeyd olunan əmlakların siyahıya alınması o deməkdir ki, 45877,97 manat borc "xxxx" MMC tərəfindən ödənilməli olacaqsa onda, həmin borcun ödənilməsinin təminatı kimi siyahıya alınmış əmlak mövcuddur. Daha doğrusu borc öhdəliyinin ödənilməsinin təminatı üsului kimi inzibati orqan tərəfindən əmlakların siyahıya alınması seçilmişdir. Belə olan halda maraqlı şəxsin ölkədən getmə hüququnun məhdudlaşdırılması konstitusion hüquq olan sərbəst hərəkət etmək hüququn məhdudlaşdırılması deməkdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Maraqlı şəxs məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

14. Ərizəçiyə məhkəmə iclasını yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.

15. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası 73-cü maddəsinin İ bəndi- qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. 28-ci maddənin 3-cü bəndi- əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. 71-ci maddənin 2-ci hissəsi- insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

“Avropa İnsan hüquqları Konvensiyası” 4 saylı Protokolunun 2-ci maddəsi- hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Birinci bənddə təsbit edilmiş hüquqlar müəyyən ərazilərdə qanuna müvafiq olaraq tətbiq edilən və demokratik cəmiyyətdə ictimai maraqlara əsaslandırılan məhdudiyyətlərə məruz qala bilər.

“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunu 9-1.1-ci maddə-məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir.

Azərbaycan Respublikası Vergi Məcəlləsi 16.1.1-ci maddə- qanunla müəyyən edilmiş vergilərə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.15-3-cü maddə- vergi ödəyicisi vergi öhdəliklərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. 24.0.2-1-ci maddə- vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanının vəzifəsidir. 77.3-cü maddə- vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1-ci maddə- vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 355-5.1-ci maddə- vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

16. Qətnamə maraqlı şəxs tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

17. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-1285/2023 nömrəli qətnaməsi ləğv edilsin, yeni qətnamə qəbul edilərək ərizə rədd edilməlidir.

18. İşin hallarından görünür ki, "xxxx" MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsindən görünür ki, onun Dövlət Sosial Müdafiə Fonduna 45.877,97 manat borcu mövcuddur.

19. Maraqlı şəxs tərəfindən təqdim edilmiş sənədlərə əsasən müəyyən olunur ki, vergi orqanı hüquqi şəxsdən Dövlət Sosial Müdafiə Fonduna olan borcunun tutulması üçün hüquqi şəxsin xüsusi mülkiyyətində olan 45900 manat qiymət qoyulmuş ümumi sahəsi 15496 kv.m olan Bakı şəhəri, Nərimanov rayonunda, Ə.Qayıbov küçəsində yerləşən, 10E saylı əmlak kompleksinin açıq hərracda satılması məqsədi ilə siyahıya alınmış, bu barədə xx.xx.2020-ci il tarixdə qərar qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə iddia qaldırılmışdır.

20. Məhkəmə kollegiyası hesab edir ki, maraqlı şəxsin sərbəst hərəkət azadlığının məhdudlaşdırılmasının qanuni əsasları olsa da, bu tədbirin tətbiq edilməsinə əsaslı zərurət olmadığı halda hüquqa müdaxilə qanuni hesab edilmir və “Avropa İnsan hüquqları Konvensiyası” 4 saylı Protokolunun 2-ci maddəsinin pozuntusu hesab olunur. Hazırkı halda "xxxx" MMC-nin Dövlət Sosial Müdafiə Fonduna olan borcunun tutulması üçün qanunda nəzərdə tutulmuş digər və daha effektiv tədbir görülərək hüquqi şəxsin mülkiyyətində olam əmlakın açıq hərracda satılması məqsədi ilə iddia qaldırdığından əlavə tədbir kimi qanuni təmsilçisinin ölkədən getmək hüququnun məhdudlaşdırılmasına zərurət olmadığından mübahisələndilən qətnamə ləğv edilərək iddia rədd edilməlidir.

21. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)- 1285/2023 nömrəli qətnaməsi ləğv edilsin, yeni qətnamə qəbul edilərək ərizə rədd edilməlidir.

22. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Maraqlı şəxs apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-1285/2023 nömrəli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. Ərizə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar