Məhkəmə qərarları › İş №2-2(103)-397/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-397/2024

01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-397/2024 01.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı kommersiya işi Açar söz: lizinq müqaviləsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh lizinq müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-444/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 04-LA/14 nömrəli müqaviləyə əsasən lizinq verən bu müqaviləyə 1 nömrəli əlavədə göstərilən təsnifata və şərtlərlə uyğun ümumi dəyəri 2.767.600 manat olan Masallı rayonunda 2.5 ha (24192 kv.m) sahədə istixana avadanlıqlarının (quraşdırılması ilə birlikdə) dəyərini lizinq ödəniş qrafikində (2 nömrəli Əlavə) göstərilən qaydada ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 il müddətədək lizinqə verir.

2. Müqavilənin: - 1.2. Lizinq alan obyektin dəyərinin 10% ni 2014-cü ilin fevral ayının sonunadək, qalan məbləği isə ödəniş qrafikində göstərilən müddətdən gec olmayaraq lizinq verənə ödəməyi öhdəsinə götürür. Lizinq alan tərəfindən ödənilən məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. - 1.3. Obyektə mülkiyyət hüququ lizinq alan tərəfindən ödənişlər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur. - 3.1. Obyekt üzərində müstəsna mülkiyyət hüququ onun dəyəri lizinq alan tərəfindən tam ödənilənədək Lizinq verənə məxsusdur. - 3.2. Lizinq müqaviləsi və onun tərkib hissəsi olan lizinq ödəniş qrafiki imzalandıqdan sonra lizinq verən obyektin lizinqə verilməsi barədə əmri imzalayır. Həmin əmrdə lizinq alan barədə məlumatlar, istifadəyə verilən obyektin dəyəri, ilkin ödənişi, verilmə müddəti və yeri göstərilir. - 4.1. Lizinq alan obyektin istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə № 2) uyğun olaraq ödənişləri həyata keçirir.

3. xx.xx.2014-cü il tarixli, 04 La/14 nömrəli lizinq müqaviləsinin 4.1-ci bəndinin ödəniş qrafikinə əsasən 2.5 ha sahədə quraşdırılmış istixana avadanlığı 2014-cü il tarixdən 2023-cü il tarixədək olan dövr ərzində hər rüb 69190 manat olmaqla ümumilikdə ******* manat məbləğində lizinqə verilmişdir.

4. xx.xx.2014-cü il tarixli, 04 La/14 nömrəli lizinq müqaviləsi üzrə ödənişlərə görə cərimənin hesablanması qrafikinə əsasən Cavabdeh tərəfindən ümumilikdə ödənilməli məbləğ ******* manat, gecikdirilmiş borc məbləği 830280 manat və cərimə məbləği 467447.64 manat təşkil etmişdir.

5. xx.xx.2023-cü il tarixli bank hesabından çıxarışa əsasən Cavabdeh tərəfindən ümumilikdə xx.xx.2014-cü il tarixli, 04-LA/14 nömrəli müqavilə üzrə 425660 manat məbləğində ödəniş həyata keçirilmişdir.

6. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2014-cü il tarixli, 04-LA/14 nömrəli müqavilə üzrə ödənilməli məbləğ ümumilikdə 2.767.600 manat təşkil etmiş, Cavabdeh tərəfindən 425.660 manat məbləğində ödəniş edilmişdir. Gecikdirilmiş borc 830.280 manat, hesablanmış cərimə 467.447,64 manat olmaqla, ümumilikdə ödənilməli olan borc məbləği 1.297.727,64 manat təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, gecikdirilmiş borc məbləğinə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(113)-47/2021 nömrəli qətnaməsindən ödənilməmiş 1,442.470 manat daxil deyil.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(113)-47/2021 saylı qətnaməsinə əsasən Cavabdeh ******* manat məbləğində əsas borc, 20 000 manat məbləğində cərimə olmaqla, ümumilikdə ******* manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir və qətnamə qanuni qüvvəyə minmişdir.

8. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixində pretenziya qaydasında 3- 22-2/2-Q-16-895/2023 nömrəli xəbərdarlıq məktubu ünvanlanaraq, xx.xx.2014-cü il tarixli, 04-LA/14 nömrəli müqavilə üzrə yaranmış 899470 manat gecikdirilmiş borcun və hesablanmış 384,350.45 manat cərimə məbləğinin qısa zamanda ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2014-cü il tarixli 04-LA/14 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 830280 manat gecikdirilmiş borc və hesablanmış 467447.64 manat cərimə borcu, hüquqi yardımla bağlı 500 manat və 400 manat mediasiya xərci, cəmi 1298627.64 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 04-LA/04 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) istixana avadanlıqlarını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə xx.xx.2014-cü il tarixli 04-LA/14 nömrəli müqavilə üzrə 899470 manat gecikdirilmiş borcu və hesablanmış 384350.45 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilmiş ilkin mediasiya sessiyasında tərəflərdən yalnız Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iştirak etmiş, iş üzrə cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayış tərtib edilmişdir (arayış ərizəyə əlavə edilir).Mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiyaya dair xərc də iddiaçı tərəfindən ödənilib.

11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-444/2024 nömrəli qətnaməsi ilə (hakim İlham Əhmədov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh xx.xx.2014-cü il tarixli 04-LA/14 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 830280 manat gecikdirilmiş əsas borc, 41514 manat cərimə borcu, hüquqi yardımla bağlı 500 manat və 400 manat mediasiya xərci, cəmi 872,694 manat məbləğində pulun tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi qət edilmişdir.

12. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 22 yanvar 2014-cü il tarixdə bağlanmış 04-LA/14 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən, yəni iddiaçı ümumi dəyəri ******* manat olan Masallı rayonunda 2.5 ha (24192 kv.m) sahədə istixana avadanlıqlarının (quraşdırılması ilə birlikdə) dəyərini lizinq ödəniş qrafikində (2 nömrəli Əlavə) göstərilən qaydada ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 il müddətədək cavabdehə lizinqə vermişdir. Cavabdeh tərəfindən həmin məbləğdən ümumilikdə 425660 manat məbləğində ödəniş həyata keçirilmiş, 830280 manat məbləğində pul isə ödənilməmiş qalmışdır. Tərəflər arasında əvvəl də məhkəmə mübahisəsi olmuşdur və həmin mübahisə üzrə qəbul edilmiş məhkəmə aktına əsasən cavabdehdən tutulmalı olan məbləğ hazırki iddia olunan məbləğə daxil deyildir. Belə ki, məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından da məlum olur ki, Cavabdehin tərəflər arasında bağlanmış lizinq müqaviləsi üzrə 830280 manat məbləğində ödənilməmiş borcu mövcuddur.

13. Məhkəmə əsas borcla bağlı qeyd etmişdir ki, cavabdeh tərəfindən öz öhdəliklərinin icra edilmədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında bağlanmış müqavilənin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq Cavabdeh 830280 manat məbləğində əsas borc məbləği tutularaq iddiaçıya ödənilməlidir.

14. Məhkəmə iddianın cərimə borcu hissəsinə münasibətdə qeyd etmişdir ki, borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, iddiaçının mənafeyini nəzərə alınaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini vurğulayaraq iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 41.514 manat məbləğində dəbbə pulu tutulmalıdır.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-444/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli maliyyə arayışı xx.xx.2023-cü il tarixli maliyyə arayışlarında qeyd olunan məbləğlər arasında inanılmaz və ağlasığmaz dərəcədə çox fərq var. İki maliyyə arayışı arasındakı müddət fərqi 4 aydır. Dörd ay ərzində əsas borc və cərimə borcu arasındakı fərq ağlasığmazdır və borc şişirdilmişdir. Bakı Kommersiya Məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını ətraflı müəyyənləşdirmədən düzgün hüquqi nəticəyə gəlməmiş, maliyyə arayışları arasındakı 4 ay müddətində yaranmış əsas və cərimə borcu arasındakı şişirdilmiş borc fərqini araşdırmamış, gəldiyi nəticələr isə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

18. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir.

19. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 386.1-ci maddə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 467-ci maddə-məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-10.1 maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-11 maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

20. Qətnamə cavabdeh tərəfindən qismən – iddianın təmin edildiyi hissədə mübahisələndirdiyindən qismən yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

21. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-444/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

22. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, tərəflər arasında 22 yanvar 2014-cü il tarixdə bağlanmış 04-LA/14 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən, yəni iddiaçı ümumi dəyəri ******* manat olan Masallı rayonunda 2.5 ha (24192 kv.m) sahədə istixana avadanlıqların (quraşdırılması ilə birlikdə) Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 il müddətədək cavabdehə lizinqə vermişdir. Lizinq müqaviləsinə əlavə edilmiş ödəniş qrafikindən görünür ki, lizinq alandan ilkin ödəniş tələb olunmamış, avadanlığın dəyəri olan ******* manatın 2023-cü ilin 4-cü rübünün sonunadək tam ödənilməsi nəzərdə tutulmuşdur.

23. Məhkəmə tərəfindən iddiaçının təqdim etdiyi maliyyə arayışları və hesabdan çıxarışa əsasən müəyyən edilmişdir cavabdeh tərəfindən ümumilikdə 425660 manat məbləğində ödəniş həyata keçirilmiş, 830280 manat məbləğində pul isə ödənilməmiş qalmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, tərəflər arasında əvvəl də məhkəmə mübahisəsi olmuş, həmin mübahisə üzrə qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(103)-739/2021 saylı qanuni qüvvədə olan məhkəmə qətnaməsinə əsasən cavabdehdən xx.xx.2020-ci il tarixə 1.462.470 manat əsas borc, 20.000 manat cərimə tutulmuş, həmin məbləğ hazırki iddia olunan məbləğə daxil edilməmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından da məlum olur ki, cavabdehin həmin tarixə lizinq müqaviləsi üzrə qalıq borcu 830280 manat təşkil edir.

24. İşə apellyasiya qaydasında baxılarkən cavabdeh məhkəməyə elektron kabinet vasitəsi ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsi barədə vəsatət versə də, iş materiallarında hesablama aparılması xüsusi bilik tələb edən sənədlər olmadığından vəsatət məhkəmə tərəfindən əsassız hesab edilərək təmin edilməmişdir. MPM-nin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdəki lizinq alanın ödənişləri barədə cədvəldən görünür ki, cavabdeh tərəfindən sonuncu ödəniş xx.xx.2019-cu il tarixdə 3000 manat olmuş, həmin ödənişlə birlikdə cəmi 425660 manat lizinq ödənişi edilmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edildiyi halda nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsində iclaslarda iştirak etməmiş, iddiaya hər hansı etiraz bildirməmiş, 425660 manat məbləğində ödənişdən artıq ödəniş həyata keçirildiyinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

25. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-444/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

26. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-444/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar