Məhkəmə qərarları › İş №2-2(103)-398/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-398/2023

16.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-398/2023 16.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X4 qarşı “pul tələbi”nə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-372/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. Lizinq verən "xxxx" ASC (hazırkı adı "xxxx" ASC) ilə lizinq alan X5 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 1788-GL/16 saylı; xx.xx.2016-cı il tarixli 2809-GL/16 saylı; xx.xx.2016-cı il tarixli 2811-GL/16 saylı; xx.xx.2017-ci il tarixli 547-L/17 saylı; xx.xx.2017-ci il tarixli 380-L/17 saylı və xx.xx.2017-cı il tarixli 574-GL/17 saylı lizinq müqavilələrinə əsasən müxtəlif adda kənd təsərrüfatı texnikaları cavabdehə lizinqə verilmişdir.

2. Hazırda iddiaçı qeyd edilə lizinq müqavilələri üzrə əsas və cərimə borcunun tutulmasını xahiş edir.

3. Cavabdeh isə göstərilən müqavilələr üzrə iddia müddətinin ötürüldüyünü bildirərək iddia tələbinin rədd edilməsini xahiş edir.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdeh X4 qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixli 1788-GL/16 nömrəli müqavilə üzrə 4.480 manat gecikdirilmiş əsas borcun və 2.746,24 manat cərimə məbləği, xx.xx.2016-cı il tarixli 2809- GL/16 nömrəli müqavilə üzrə 41.068 manat gecikdirilmiş əsas borcun və 26.870,28 manat cərimə məbləği və xx.xx.2016-cı il tarixli 2811-GL/16 nömrəli müqavilə üzrə 467 manat gecikdirilmiş əsas borcun və 547,23 manat cərimə məbləği, xx.xx.2017-ci il tarixli 547-L/17 nömrəli müqavilə üzrə 390 manat gecikdirilmiş əsas borcun və 464,79 manat cərimə məbləği, xx.xx.2017-ci il tarixli 380-L/17 nömrəli müqavilə üzrə 420 manat gecikdirilmiş əsas borcun və 508,02 manat cərimə məbləği, xx.xx.2017-ci il tarixli 574-L/17 nömrəli müqavilə üzrə 1.370 manat gecikdirilmiş əsas borcun və 1.250,75 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 manat, cəmi 80.931,31 manat pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış xx.xx.2016-cı il tarixli 1788-GL/16 nömrəli, xx.xx.2016-cı il tarixli 2809-GL/16 nömrəli, xx.xx.2016-cı il tarixli 2811-GL/16 nömrəli, xx.xx.2017-ci il tarixli 547- L/17 nömrəli, xx.xx.2017-ci il tarixli 380- L/17 nömrəli, xx.xx.2017-ci il tarixli 574-L/17 nömrəli müqavilələrə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2021-ci il tarixə xx.xx.2016-cı il tarixli 1788-GL/16 nömrəli müqavilə üzrə 4.480 manat gecikdirilmiş əsas borcu və 2.746,24 manat cərimə məbləği, xx.xx.2016-cı il tarixli 2809-GL/16 nömrəli müqavilə üzrə 41.068 manat gecikdirilmiş əsas borcu və 26.870,28 manat cərimə məbləği və xx.xx.2016-cı il tarixli 2811-GL/16 nömrəli müqavilə üzrə 467 manat gecikdirilmiş əsas borcu və 547,23 manat cərimə məbləği, xx.xx.2017-ci il tarixli 547-L/17 nömrəli müqavilə üzrə 390 manat gecikdirilmiş əsas borcu və 464,79 manat cərimə məbləği, xx.xx.2017-ci il tarixli 380-L/17 nömrəli müqavilə üzrə 420 manat gecikdirilmiş əsas borcu və 508,02 manat cərimə məbləği, xx.xx.2017-ci il tarixli 574-L/17 nömrəli müqavilə üzrə 1.370 manat gecikdirilmiş əsas borcu və 1.250,75 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdehlə mübahisənin məhkəməyədək həll olunması üçün mediasiya proseduruna iddiaçı tərəfindən əməl olunmaqla Mediasiya Şurasına müraciət edilmiş və nəticədə mediasiya proseduru mediatorun ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə təqdim etdiyi xx.xx.2021-ci il taixli 2021-02808 saylı arayışı ilə rəsmiləşdirilmişdir.

6. Cavabdeh tərəfindən iddiaya etiraz təqdim edilməmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-372/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh X2 xx.xx.2016-cı il tarixli 1788- GL/16 saylı müqavilə üzrə 4.480 (dörd min dörd yüz səksən) manat məbləğində əsas borcun, 200 (iki yüz) manat məbləğində dəbbə pulunun; xx.xx.2016-cı il tarixli 2809-GL/16 saylı müqavilə üzrə 41.068 (qırx bir min altmış səkkiz) manat məbləğində əsas borcun, 2000 (iki min) manat məbləğində dəbbə pulunun; xx.xx.2016-cı il tarixli 2811-GL/16 saylı müqavilə üzrə 467 (dörd yüz altmış yeddi) manat məbləğində əsas borcun, 25 (iyirmi beş) manat məbləğində dəbbə pulunun; xx.xx.2017-ci il tarixli 547-L/17 saylı müqavilə üzrə 390 (üç yüz doxsan) manat məbləğində əsas borcun, 20 (iyirmi) manat məbləğində dəbbə pulunun; xx.xx.2017-ci il tarixli 380-L/17 saylı müqavilə üzrə 420 (dörd yüz iyirmi) manat məbləğində əsas borcun, 20 (iyirmi) manat məbləğində dəbbə pulunun; xx.xx.2017-cı il tarixli 574-GL/17 saylı müqavilə üzrə 1370 (bir min yüz yüz yetmiş) manat məbləğində əsas borcun, 70 (yetmiş) manat məbləğində dəbbə pulunun; cəmi 50.530 (əlli min beş yüz otuz) manat məbləğində pulun, vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 250 (iki yüz əlli) və mediasiya xərclərinin əvəzi olaraq 250 (iki yüz əlli) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.

8. İddiaçı X5 apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

9. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd edilmişdir ki, hazırkı məhkəmə prosesi barədə o, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayon İcra şöbəsindən ona icraata başlamaq haqqında qərar təqdim edildikdən sonra məlumat almışdır. Həmin tarixdə də Bakı Kommersiya Məhkəməsinə qətnamənin ona təqdim olunması üçün ərizə ilə müraciət etmişdir.

10. İddiaçı tərəfindən ona şifahi və rəsmi xəbərdarlıq edilməmişdir. Müqavilənin icrasının müddəti bitdikdən sonra belə 5 il ərzində heç bir bildiriş, rəsmi xəbərdarlıq ona göndərilməmişdir.

11. Həmçinin, kommersiya işi üzrə iddia müddəti keçmişdir. Hadisədən 5 ilə yaxın vaxt keçdikdən sonra Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən hazırkı iş üzrə iddia müddəti üzürsüz səbəbdən ötürülmüşdür.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. İddiaçının nümayəndəsi apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, birincisi, iş materiallarına əlavə edilən sənədlərdən göründüyü kimi, cavabdehə pretenziya məktubu göndərilmiş, gecikdirilmiş əsas borcun və hesablanmış cərimə məbləğinin qısa müddət ərzində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi xahiş edilmiş, əks halda lizinq müqaviləsi üzrə hesablanmış əsas borcun, cərimənin və məhkəmə xərclərinin məcburi qaydada alınaraq məhkəməyə müraciət olunacağı barədə rəsmi qaydada xəbərdar edilmişdir. Həmçinin, mübahisənin məhkəməyə qədər həll olunmasına dair ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməməsi barədə MŞİH- 02808 nömrəli, 09 oktyabr 2021-ci il tarixi arayış təqdim edilmişdir.

13. Həmçinin MPM-in 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzküyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Bu baxımdan məhkəmə, MPM-in 185.5 və 185.6-cı maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxmaqda haqlıdır.

14. Digər tərəfdən MM-in 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. MM-in 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İş materiallarına əlavə olunan ödəniş qrafiklərindən göründüyü kimi hazırkı mübahisə üzrə iddia müddəti keçməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, ödənilmiş məbləğlər tələb olunan məbləğlərdən çıxılmışdır.

16. Cavabdeh tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

18. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

19. Mülki Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

20. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

21. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

22. Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

23. Mülki Məcəllənin 378-ci maddəsinə əsasən öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur.

24. Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

25. Mülki Məcəllənin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

26. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

28. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

29. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

30. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

31. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

32. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

33. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

36. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

37. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

38. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə sasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

39. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı mübahisələndirilən - iddia tələbinin təmin edilən hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

40. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır.

41. Lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan X5 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 1788-GL/16 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən ümumi məbləği 12.800 manat olan və spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.3-cü bəndinə əsasən texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur. Həmin müqavilənin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə (peniya) tələb etmək hüququna malikdir.

42. Müqavilə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir.

43. xx.xx.2016-cı il tarixli 1788-GL/16 saylı lizinq müqaviləsinin spesifikasiyasından (Əlavə № 1) görünür ki, “Traktor Belarus-892” adlı texnika ilkin qiyməti 32.000 manat, ödənilmiş məbləğ 6.400 manat, güzəştdən sonrakı qalıq məbləği 12.800 manat, müddəti 10 il olmaqla lizinqə verilmişdir.

44. Əlavə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir.

45. xx.xx.2016-cı il tarixli 1788-GL/16 saylı lizinq müqaviləsinə 2 saylı əlavə olan ödəniş qrafikindən görünür ki, həmin qrafikə əsasən lizinq alan tərəfindən xx.xx.2016-cı il tarixində xx.xx.2026-cı il tarixədək olan dövrdə hər ay üçün 320 manat məbləğində lizinq ödənişləri edilməli idi.

46. Əlavə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir.

47. 01.06.2016-cı il tarixli 262 saylı aktdan görünür ki, qiyməti 32.000 manat olan “Traktor Belarus” adlı 892 markalı texnika lizinq alan X4 təhvil verilmişdir. Akt tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir.

48. "xxxx" ASC (hazırkı "xxxx" ASC) tərəfindən verilmiş maliyyə arayışından görünür ki, xx.xx.2016-cı il tarixli 1788-GL/16 saylı lizinq müqaviləsi üzrə lizinq alan X3 gecikdirilmiş borcu 4.480 manat, cərimə borcu 2.746,24 manat təşkil edir.

49. Lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan X5 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 2809-GL/16 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən ümumi məbləği 99.008 manat olan və spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.3-cü bəndinə əsasən texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur. Həmin müqavilənin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə (peniya) tələb etmək hüququna malikdir.

50. Müqavilə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir.

51. xx.xx.2016-cı il tarixli 2809-GL/16 saylı lizinq müqaviləsinin spesifikasiyasından (Əlavə № 1) görünür ki, “Gübrəsəpən asma AGGSD-600” adlı texnika ilkin qiyməti 1.250 manat, ödənilmiş məbləğ 250 manat, güzəştdən sonrakı qalıq məbləği 500 manat, müddəti 3 il olmaqla, “Kombayn yemyığan DON-680M” adlı texnika ilkin qiyməti 198.270 manat, ödənilmiş məbləğ 39.654 manat, güzəştdən sonrakı qalıq məbləği 79.308 manat, müddəti 10 il olmaqla, “X8 M-135” adlı texnika ilkin qiyməti 48.000 manat, ödənilmiş məbləğ 9.600 manat, güzəştdən sonrakı qalıq məbləği 19.200 manat, müddəti 7 il olmaqla lizinqə verilmişdir.

52. Əlavə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir.

53. xx.xx.2016-cı il tarixli 2809-GL/16 saylı lizinq müqaviləsinə 2 saylı əlavə olan ödəniş qrafikindən görünür ki, həmin qrafikə əsasən lizinq alan tərəfindən xx.xx.2016-cı il tarixində 2.514 manat, xx.xx.2017-ci ildən xx.xx.2019-cu ilədək olan dövrdə hər rüb üçün 2.790 manat, xx.xx.2019-cu ildən xx.xx.2023-ci ilədək olan dövrdə hər rüb üçün 2.745 manat, xx.xx.2023-cü il tarixində 266 manat, xx.xx.2023-cü ildən xx.xx.2026-cı ilədək olan dövrdə hər rüb üçün 2.034 manat məbləğində lizinq ödənişləri edilməli idi.

54. Əlavə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir.

55. 09.09.2016-cı il tarixli 705 saylı aktdan görünür ki, qiyməti 1250 manat olan “Gübrəsəpən asma AGGSD-600” adlı texnika lizinq alan X4 təhvil verilmişdir.

56. Akt tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir.

57. 15.08.2016-cı il tarixli 653 saylı aktdan görünür ki, qiyməti 48.000 manat olan “X8” adlı M-135 markalı texnika lizinq alan X4 təhvil verilmişdir.

58. Akt tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir.

59. 15.08.2016-cı il tarixli 652 saylı aktdan görünür ki, qiyməti 198.270 manat olan “Kombayn yemyığan DON-680M” adlı texnika texnika lizinq alan X4 təhvil verilmişdir.

60. Akt tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. “

61. Aqrolizinq” ASC (hazırkı "xxxx" ASC) tərəfindən verilmiş maliyyə arayışından görünür ki, xx.xx.2016-cı il tarixli 2809-GL/16 saylı lizinq müqaviləsi üzrə lizinq alan X3 gecikdirilmiş borcu 41.068 manat, cərimə borcu 26.870,28 manat təşkil edir.

62. Lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan X5 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 2811-GL/16 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən ümumi məbləği 930 manat olan və spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.3-cü bəndinə əsasən texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur. Həmin müqavilənin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə (peniya) tələb etmək hüququna malikdir.

63. Müqavilə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir.

64. xx.xx.2016-cı il tarixli 2811-GL/16 saylı lizinq müqaviləsinin spesifikasiyasından (Əlavə № 1) görünür ki, “Kotan 5 gövdəli asma (təkərli) P5” adlı texnika ilkin qiyməti 3.100 manat, ödənilmiş məbləğ 930 manat, güzəştdən sonrakı qalıq məbləği 930 manat, müddəti 2 il olmaqla lizinqə verilmişdir.

65. Əlavə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir.

66. xx.xx.2016-cı il tarixli 2811-GL/16 saylı lizinq müqaviləsinə 2 saylı əlavə olan ödəniş qrafikindən görünür ki, həmin qrafikə əsasən lizinq alan tərəfindən xx.xx.2016-cı il tarixində 64 manat, xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilədək olan dövrdə hər rüb üçün 133 manat, xx.xx.2018-ci il tarixində 68 manat məbləğində lizinq ödənişləri edilməli idi.

67. Əlavə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir.

68. 07.10.2016-cı il tarixli 763 saylı aktdan görünür ki, qiyməti 3.100 manat olan Kotan 5 gövdəli, təkərli adlı P5 markalı texnika lizinq alan X4 təhvil verilmişdir.

69. Akt tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir.

70. "xxxx" ASC (hazırkı "xxxx" ASC) tərəfindən verilmiş maliyyə arayışından görünür ki, xx.xx.2016-cı il tarixli 2811-GL/16 saylı lizinq müqaviləsi üzrə lizinq alan X3 gecikdirilmiş borcu 467 manat, cərimə borcu 547,23 manat təşkil edir.

71. Lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan X5 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 380-L/17 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən ümumi məbləği 2.100 manat olan və spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını dəyərini tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikaların dəyərindən spesifikasiyada (Əlavə № 1) göstərilən 630 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.4-cü bəndinə əsasən texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur. Həmin müqavilənin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə (peniya) tələb etmək hüququna malikdir.

72. Müqavilə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir.

73. xx.xx.2017-ci il tarixli 380-L/17 saylı lizinq müqaviləsinin spesifikasiyasından (Əlavə № 1) görünür ki, “Kanalaçan-Can K.A” adlı texnika qiyməti 2.100 manat, ilkin ödənişin məbləği 630 manat, ödəmə müddəti 1 il olmaqla lizinqə verilmişdir.

74. Əlavə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir.

75. xx.xx.2017-ci il tarixli 380-L/17 saylı lizinq müqaviləsinə 2 saylı əlavə olan ödəniş qrafikindən görünür ki, həmin qrafikə əsasən lizinq alan tərəfindən xx.xx.2017-ci il tarixində 630 manat, xx.xx.2017-ci il tarixində 124 manat, xx.xx.2017-ci ildən xx.xx.2017- ci ilədək olan dövrdə hər rüb üçün 490 manat, xx.xx.2018-ci il tarixində 366 manat məbləğində lizinq ödənişləri edilməli idi.

76. Əlavə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir.

77. 10.05.2017-ci il tarixli 225 saylı aktdan görünür ki, qiyməti 2.100 manat olan Kanalaçan adlı Can-K.A markalı texnika lizinq alan X4 təhvil verilmişdir.

78. Akt tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir.

79. "xxxx" ASC (hazırkı "xxxx" ASC) tərəfindən verilmiş maliyyə arayışından görünür ki, xx.xx.2017-ci il tarixli 380-L/17 saylı lizinq müqaviləsi üzrə lizinq alan X3 gecikdirilmiş borcu 420 manat, cərimə borcu 508,02 manat təşkil edir.

80. Lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan X5 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 547-L/17 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən ümumi məbləği 2.675 manat olan və spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını dəyərini tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikaların dəyərindən spesifikasiyada (Əlavə № 1) göstərilən 803 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.4-cü bəndinə əsasən texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur. Həmin müqavilənin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə (peniya) tələb etmək hüququna malikdir.

81. Müqavilə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir.

82. xx.xx.2017-ci il tarixli 547-L/17 saylı lizinq müqaviləsinin spesifikasiyasından (Əlavə № 1) görünür ki, “Otbiçən rotorlu 165 sm Karataş” adlı texnika qiyməti 2.675 manat, ilkin ödənişin məbləği 830 manat, ödəmə müddəti 1 il olmaqla lizinqə verilmişdir.

83. Əlavə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir.

84. xx.xx.2017-ci il tarixli 547-L/17 saylı lizinq müqaviləsinə 2 saylı əlavə olan ödəniş qrafikindən görünür ki, həmin qrafikə əsasən lizinq alan tərəfindən xx.xx.2017-ci il tarixində 803 manat, xx.xx.2017-ci il tarixində 597 manat, xx.xx.2017-ci ildən xx.xx.2018- ci ilədək olan dövrdə hər rüb üçün 624 manat, xx.xx.2018-ci il tarixində 27 manat məbləğində lizinq ödənişləri edilməli idi.

85. Əlavə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir.

86. 09.06.2017-ci il tarixli 456 saylı aktdan görünür ki, qiyməti 2.675 manat olan Otbiçən rotorlu 165 sm adlı Karataş markalı texnika lizinq alan X4 təhvil verilmişdir.

87. Akt tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir.

88. "xxxx" ASC (hazırkı "xxxx" ASC) tərəfindən verilmiş maliyyə arayışından görünür ki, xx.xx.2017-ci il tarixli 547-L/17 saylı lizinq müqaviləsi üzrə lizinq alan X3 gecikdirilmiş borcu 390 manat, cərimə borcu 464,79 manat təşkil edir.

89. Lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan X5 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 574-L/17 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən ümumi məbləği 4.950 manat olan və spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını dəyərini tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikaların dəyərindən spesifikasiyada (Əlavə № 1) göstərilən 1.485 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.4-cü bəndinə əsasən texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur. Həmin müqavilənin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə (peniya) tələb etmək hüququna malikdir

90. Müqavilə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir.

91. xx.xx.2017-ci il tarixli 574-L/17 saylı lizinq müqaviləsinin spesifikasiyasından (Əlavə № 1) görünür ki, “Çiləyici qollu 1000 Ltr(16 metr) ASTRUM HP1000” adlı texnika qiyməti 4.950 manat, ilkin ödənişin məbləği 1.485 manat, ödəmə müddəti 2 il olmaqla lizinqə verilmişdir.

92. Əlavə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir.

93. xx.xx.2017-ci il tarixli 574-L/17 saylı lizinq müqaviləsinə 2 saylı əlavə olan ödəniş qrafikindən görünür ki, həmin qrafikə əsasən lizinq alan tərəfindən xx.xx.2017-ci il tarixində 1.485 manat, xx.xx.2017-ci il tarixində 457 manat, xx.xx.2017-ci ildən xx.xx.2019-cu ilədək olan dövrdə hər rüb üçün 495 manat, xx.xx.2019-cu il tarixində 38 manat məbləğində lizinq ödənişləri edilməli idi.

94. Əlavə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir.

95. 09.06.2017-ci il tarixli 457 saylı aktdan görünür ki, qiyməti 4.950 manat olan Çiləyici qollu 1000lt (16 metr) ASTRUM HP1000 markalı texnika lizinq alan X4 təhvil verilmişdir.

96. Akt tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir.

97. "xxxx" ASC (hazırkı "xxxx" ASC) tərəfindən verilmiş maliyyə arayışından görünür ki, xx.xx.2017-ci il tarixli 574-L/17 saylı lizinq müqaviləsi üzrə lizinq alan X3 gecikdirilmiş borcu 1.370 manat, cərimə borcu 1.250,75 manat təşkil edir.

98. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin pretenziya məktubundan görünür ki, cavabdehə lizinq müqavilələri üzrə borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

99. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir.

100. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, "xxxx" ASC (hazırkı adı "xxxx" ASC) ilə cavabdeh X5 arasında xx.xx.2016-cı il tarixli 1788-GL/16 saylı; xx.xx.2016-cı il tarixli 2809-GL/16 saylı; xx.xx.2016-cı il tarixli 2811-GL/16 saylı; xx.xx.2017-ci il tarixli 547-L/17 saylı; xx.xx.2017-ci il tarixli 380-L/17 saylı və xx.xx.2017-cı il tarixli 574-GL/17 saylı lizinq müqavilələrinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. "xxxx" ASC həmin müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh X5 lizinq ödənişlərini ödəniş qrafikinə uyğun olaraq həyata keçirməməklə lizinq müqavilələri üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, nəticədə A.Əhmədovun 6 lizinq müqaviləsi üzrə cəmi 48.195 (4.480+41.068+467+420+390+1.370 manat) manat məbləğində gecikdirilmiş borcu yaranmışdır.

101. Məhkəmə kollegiyası, yuxarıda qeyd edilən qanunvericilik normalarını, eləcə də cavabdeh X3 mübahisəli lizinq müqavilələrinə əsasən üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə lizinq ödənişləri üzrə X3 altı lizinq müqaviləsi üzrə cəmi 48.195 (4.480+41.068+467+420+390+1.370 manat) manat məbləğində borcunun yarandığını, lizinq müqavilələrində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğunu, eləcə də Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən sözügedən lizinq müqavilələri üzrə "xxxx" ASC-nin bütün hüquq və öhdəliklərinin iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçdiyini nəzərə alaraq hesab edir ki, iddiaçı həmin müqavilələr üzrə əsas borcun və dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.

102. Məhkəmə kollegiyası tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehdən tutulması tələb olunan dəbbə pulunun tənasübsüz surətdə yüksək olması səbəbindən həmin məbləğin azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulunun xx.xx.2016-cı il tarixli 1788-GL/16 saylı müqavilə üzrə 200 manat, xx.xx.2016-cı il tarixli 2809-GL/16 saylı müqavilə üzrə 2000 manat, xx.xx.2016-cı il tarixli 2811-GL/16 saylı müqavilə üzrə 25 manat, xx.xx.2017-ci il tarixli 547-L/17 saylı müqavilə üzrə 20 manat, xx.xx.2017-ci il tarixli 380-L/17 saylı müqavilə üzrə 20 manat və xx.xx.2017-cı il tarixli 574-GL/17 saylı müqavilə üzrə 70 manat məbləğində müəyyən etmişdir.

103. Cavabdehin məhkəmə iclasları barədə məlumatı olmamasına dair apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, cavabdehin elektron kabineti olmadığından birinci instansiya məhkəməsi tərəfindən cavabdehin qeydiyyat ünvanı (apellyasiya şikayətində qeydiyyat və faktiki ünvanı kimi göstərilmiş) olan ünvan 1əhkəmə bildirişləri, həmçinin yekun məhkəmə aktı göndərilmiş, lakin həmin ünvanda yaşamaması əsası ilə geri qaytarılmışdır.

104. Bundan başqa bildirişlər və məhkəmə qətnaməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti-nin AVİS-X1 Sisteminə göndərilmiş və bu barədə çıxarış iş materiallarına əlavə edilmişdir. Həmçinin iddiaçı tərəfindən pretenziya məktubu da eyni ünvana ünvanlanmışdır.

105. İddiaçı tərəfindən iddia müddəti ötürüldükdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət olunması barədə cavabdehin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, apellyasiya baxışı zamanı iddiaçı tərəfindən ödənişlərə dair sənədlər təqdim edilmişdir.

106. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli 000İNTL1910B0SB saylı və xx.xx.2019-cu il tarixli 000İNTL191219458 saylı ödəniş sənədlərindən görünür ki, cavabdeh tərəfindən müvafiq olaraq xx.xx.2019-cu il tarixdə 5430 manat, xx.xx.2019-cu il tarixdə isə 810 manat ödəniş edilmişdir.

107. Həmin ödəniş sənədlərində ödənilmiş məbləğlərin konkret olaraq hansı müqavilə üzrə hansı məbləğə aid olması müəyyən edilməmiş, eyni zamanda iş materiallarına əlavə edilmiş lizinq müqavilələrinə əlavə olan ödəniş qrafiklərində də belə məbləğlərin bir dəfəyə ödənilməsi nəzərdə tutulmamışdır.

108. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası Mülki Məcəllənin 380.1 və 380.2ci maddələrinə əsasən hesab edir ki, cavabdeh tərəfindən xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərdə ödənişlər həyata keçirildiyindən, iddiaçı tərəfindən üç illik iddia müddəti ötürülmədən xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edildiyindən cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə vəsatəti də əsassızdır.

109. Bundan başqa, tərəflər arasında 6 lizinq müqaviləsi bağlanmış, həmin müqavilələrdən xx.xx.2016-cı il tarixli 1788-GL/16 saylı lizinq müqaviləsi üzrə ödəniş müddəti xx.xx.2026-cı il tarixədək, xx.xx.2016-cı il tarixli 2809-GL/16 saylı lizinq müqaviləsi üzrə ödəniş müddəti xx.xx.2026-cı il tarixədək, xx.xx.2017-cı il tarixli 574-GL/17 saylı lizinq müqaviləsi üzrə xx.xx.2019-cu il tarixədək ödəniş edilməsi nəzərdə tutulmuşdur. İddiaçı hazırkı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət emişdir.

110. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 250 manat və müdiasiya xərclərinin əvəzi olaraq 250 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə də düzgün nəticəyə gəlmişdir.

111. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

112. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində ləğvi üçün əsas ola bilməz.

113. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-372/2022 saylı, 07 yanvar 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən - iddia tələbinin təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər

Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar