Məhkəmə qərarları › İş №2-2(103)-399/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-399/2022

06.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-399/2022 06.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil2, cavabdehin nümayəndəsi Tan Xıngyının və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı “X4 Kompani” Şirkətinin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)- 82/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında yenidən baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı “X4 Kompani” Şirkəti Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh MMCdən 5.381.165,58 ABŞ dolları məbləğində borcun, 3000 ABŞ dolları məbləğində hüquqşunas xərclərinin və 30 manat məbləğində dövlət rüsumunun tutularaq, “X4 Kompani” Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 11 mart 2013-cü il tarixində Cavabdeh MMC ilə “X4 Kompani” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi arasında PHPOL-201301 nömrəli qazma işlərinin görülməsi ilə bağlı müqavilə imzalanmışdır. Hər iki müqavilə üzrə iddiaçı tərəfindən görülmüş qazma işlərinə görə cavabdehin iddiaçıya ümumilikdə 5.381.165,58 ABŞ dolları məbləğində borcu yaranmışdır. Hər iki müqavilənin 10.2.2-ci maddələrində göstərilmişdir ki, icraçı sifarişçidən görülmüş işləri qəbul etmək və həmin işlərə görə ödənişlərin vaxtlı-vaxtında edilməsini tələb etmək hüququna malikdir. Cavabdehin xx.xx.2015-ci il tarixli 191/01-15 nömrəli və xx.xx.2015-ci il tarixli 192/01-15 nömrəli məktublarında da iddiaçıya 5.381.165.58 ABŞ dolları məbləğində borcu olduğu etiraf edilmişdir. Bununla əlaqədar iddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə borcunu ödəməkdən yayınmışdır. Sonuncu dəfə 25 sentyabr 2018-ci il tarixində isə cavabdehə rəsmi pretenziya məktubu ünvanlanmış və bildirilmişdir ki, cavabdeh tərəfindən 03 oktyabr 2018-ci il tarixinədək borc tam şəkildə ödənilmədiyi təqdirdə iddiaçı tərəfindən məhkəməyə müraciət olunacaqdır. İddiaçının son xəbərdarlığına baxmayaraq, cavabdeh borcun ödənişini həyata keçirməmiş və bununla müqavilə üzrə öhdəliklərini pozmuşdur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-82/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh MMC-dən 5.381.165,58 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun və 3000 ABŞ dolları məbləğində hüquqşunas xərclərinin tutularaq, “X4 Kompani” Şirkətinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini iddianın təmin edilməməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli 2- 2(103)-655/2021 saylı qətnaməsi ilə Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2-2(113)-82/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı “X4 Kompani” Şirkəti kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-655/2021 saylı 30 iyun 2021-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi, iddianın təmin edilməsi, Cavabdeh MMC-dən 5.381.165,58 ABŞ dolları məbləğində borcun, 3000 ABŞ dolları məbləğində hüquqşunas xərclərinin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı “X4 Kompani” Şirkətinə ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 2-2(102)- 39/2022 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 30 iyun tarixli, 2-2(103)-655/2021 saylı qətnaməsi qismən – hüquqi xidmətlə bağlı 3000 ABŞ dolları və 1.000.000 ABŞ dolları borcun tutulmasının rədd edilməsi hissəsi istisna olmaqla qalan hissədə ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “X4 Kompani” Şirkətinin borcun etirafı kimi məhkəməyə təqdim etdiyi xx.xx.2015-ci il tarixli 191/01-15 nömrəli və xx.xx.2015-ci il tarixli 192/01-15 nömrəli məktublar çox qəribə və şübhəli məktublardır və bu məktublar heç bir halda mötəbər sübut kimi qəbul edilə bilməz. Birincisi, işin hallarından müəyyən olunur ki, həmin məktublar eyni məzmunda tərtib edilmişlər. Birində tarix xx.xx.2015-ci il göstərilməklə məktubu imza edən şəxs kimi Xian Jiang göstərilmişdir, hansı ki, bu məktubu MMC-nin adından imzalamaq səlahiyyətinə malik olmamışdır. İkinci məktubun tarixi xx.xx.2015-ci il göstərilməklə məktub MMC-nin direktoru Tan Xungyi tərəfindən imzalanmışdır. Belə olan halda meydana sual çıxır ki, birinci məktubun tərtib edilməsində nə zərurət var idi. Bunu yalnız belə izah etmək olar ki, Siao Jiang pis niyyətlə iddiaçı tərəfin yeni rəhbərliyi ilə pis niyyətlə əlaqəyə girib onlara xidmət göstərmişdir. Bu məqsədlə öz adından məktub yazıb iddiaçıya təqdim etmişdir. Lakin sonradan onlar fikirləşib belə qənaətə gəlmişlər ki, daha yaxşı olardı ki, bu məktub MMC-nin əsl rəhbəri Tan Xinqyinin adından tərtib edilsin. O, Tanın etibarından sui-istifadə edərək və onu aldadaraq saxta sənədə imza etdirmiş və iddiaçıya təqdim etmişdir. Lakin ifşa olunacağından ehtiyat edən iddiaçı həmin məktubları uzun müddət özündə saxlamış, yalnız 2020-ci yanvar ayında məhkəməyə iddia ərizəsi verərək onu hakimə təqdim etmişdir. İkincisi, işin hallarından müəyyən olunur ki, tərəflər arasında müqavilələr 2013-cü ildə bağlanmışdır. İşlər güya ki, 2013-2014-cü illər ərzində görülmüş və sifarişçiyə (cavabdehə) təqdim edilmişdir. Belə olan halda sual meydana çıxır ki, nə üçün cavabdeh görülmüş işlərin haqqını dərhal həmin illərdə tələb etməmiş, pullarını almadığı halda işlərin görülməsini davam etdirmişdir? Habelə, nə üçün bu borcları həmin dövrdə nümayəndəliyin rəhbəri olmuş Pu Ci tələb etməmiş, ondan sonra təyin edilmiş Vu Şen tələb etmişdir. İddiaçının təqdim etdiyi xx.xx.2015-ci il tarixli 191/01-15 nömrəli və xx.xx.2015-ci il tarixli 192/01-15 nömrəli məktubların məzmunu düzgün tərcümə edilməmiş və düzgün şərh edilməmişdir. Məktubdan da göründüyü kimi, normal məntiqə sığmayan çox qəribə və ağılasığmaz bir təklifdir. Borcun etiraf edilməsinə dair məktubların iddiaçıya kim tərəfindən necə və nə vaxt çatdırılması da məlum deyil. Məktubların qeydiyyat kitabında belə məktubların iddiaçıya göndərilməsi barədə hər hansı qeydiyyat yoxdur. Həmin məktublarda borcun ödənilməsi üçün iddiaçıya iki seçim təklif edildiyi halda, iddiaçı bu təkliflərə ümumiyyətlə cavab verməmiş – deməli heç bir təklifi qəbul etməmişdir. Bununla belə iddiaçı həmin məktubları 5 il ərzində hərəkətsiz özündə saxlamışdır və yalnız 2020-ci ildə məhkəmədə iddia qaldırmışdır. Bu da çox qəribə və ağlasığmaz bir davranışdır. Əgər borcun etiraf edilməsinə dair məktublar cavabdehə 15 dekabr 2015-ci il tarixdə təqdim edilmişdirsə - deməli həmin tarixdən iddia müddətinin axımı kəsilir və yenidən hesablanmağa başlayır. Yəni, iddia müddətinin axımı 15 dekabr 2015-ci il tarixdən etibarən yenidən başlayır və bu müddət 3 il, yəni 15 dekabr 2018-ci il tarixə qədər davam edir. Lakin, iddiaçı iddia ərizəsini məhkəməyə 3 il keçdikdən sonra 21 yanvar 2020-ci ildə təqdim etmişdir. Belə olan halda iddia müddətinin keçməsi ilə bağlı iddia rədd edilməlidir. İş məhkəmədə olan zaman borcun düzgünlüyünü müəyyən etmək üçün iş üzrə məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmiş və ekspert rəyin vermişdir. “X4 Kompani” Şirkətinin Nümayəndəsinin Vu Şenin adından vəkilinə verilmiş etibarnamə nümayəndəliyin müavini Tan Daiyuan tərəfindən imza edilmişdir. Bu imza Vu Şenə məxsus deyil. Bu imza hər bir çinli tərəfindən tanına bilər. Ona görə də burada iki probem vardır. 1. Vəkilə verilmiş etibarnamənin özü etibarsızdır və bu etibarnamə üzrə “X4 Kompani” Şirkətini təmsil etmək qeyri-mümkündür. İkincisi, nümayəndənin müavini vəkilə verilən etibarnaməni öz imzası ilə təsdiq edirsə o, bunu etməyə səlahiyyət verən öz etibarnaməsini də məhkəməyə təqdim etməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Tan Xıngyı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, müqaviləni o imzalamayıb ki, müqavilədən xəbəri olsun. Əvvəl o şirkətlə işləyiblər. Məktubda iddiaçı tərəfindən böyük hərflərlə şirkətin adı yazılıb. Onlar sübut edə bilərlər ki, onların ixtiyarı var o şirkəti yazmağa. Orada tərcümə səhvləri olub. Onlar borcu öhdəlik kimi qəbul etməyiblər. Məhkəmə məsələsi olmasaydı heç o bilməzdi. Yəni yazılanlar öz təsdiqini tapsa onlar qəbul edərlər. Məktubda da belə yazılıb. Ola bilsin ki, bu məktubu yazan adam istəyib ki, səhv anlaşılsın. Belə görünür ki, bu məktubu yazan doğrunu yazmayıb. Ya qorxub, ya da məcburiyyətdən. Onlar həmişə deyirlər ki, o şirkətlə əvvəllər iş görüblər. O, heç vaxt deməyib ki, onların münasibətləri olmayıb. Qarşı tərəf deyir ki, iki müdir arasında yaxşı münasibət olub deyə iddia qaldırılmayıb. 2015-dən Wu Şen artıq burdadır. Məktubu da Wu Şen yazıb. Lakin iddia qaldırmamışdı. 2018-də iddia qaldırdı. Wu Şenə verilən etibarnamə təsdiq olunmamışdı. Axırıncı prosesdə təqdim olundu. Qarşı tərəf əgər bir milyonu istəmirsə deməli görünür ki, bu onlar üçün elə də maraqlı deyil. Əgər o bir milyon onun şirkətilə bağlı olsa idi o, Avropa Məhkəməsinə də verərdi. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, əgər borcun etirafı kimi qəbul edirlərsə hüquqi fakt kimi qəbul olunmalıdır. Müqavilə bağlananda şirkətin rəhbəri başqa adam idi. Digər iş üzrə deyirlər ki, ödəniş olub. Ödənişlə bağlı sənədi də saxtalaşdırıblar. Konstitusiya məhkəməsinə müraciət olunmalıdır. Çünki onlar öhdəlik götürməyiblər. Etibarnamələri əvvəldən qanunsuz olub. Ali Məhkəmə ərizəni geri qaytarıb ki, etibarnamə düzgün deyil. Başqa işlə bağlıdı. Orada yazılıb ki, hüquqi şəxsin adından verilən etibarnamə hüquqi şəxsin möhürü ilə təsdiq olunmalıdır. Bu etibarnamə isə filial adından verilib. Səlahiyyətləri olmadığı halda etibarnamə veriblər. Etibarnaməni imzalayan da tamam başqa şəxsdir. Onlar vəsatət qaldırdılar ki, ekspertiza keçirilsin. Wu Şen özü iclasa çağırılsın. Onların tərəfi deyir ki, ümumiyyətlə məktubdan xəbərləri yoxdur. Birinci ekspert rəyi ikinci ekspert rəyi ilə ziddiyyət təşkil edir. 28.000 olan ödəniş başqa müqavilə ilə bağlıdır. İş görülməyib ki, invoys üzrə ödənişlər də olmayıb. Sübutlar təqdim etməyiblər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, onlar tərəfdən iddia ərizəsi məhkəməyə təqdim olunub. Əvvəl deyirdilər ki, biz ümumiyyətlə sizi tanımırıq. İddia müddətinin tətbiqi barədə ərizə verməklə işin araşdırılmasına mane olurdular. Müqaviləyə əlavə növbəti mərhələdə əldə olunub və təqdim olunub. Mühəndislik işi görülüb. Sifarişlər hər iki tərəfdən təsdiqlənib. Məktubun mətnində də qeyd olunub ki, ödəniş qrafiki barədə bizə məlumat verin. Onlar qrafiki borcun etirafı kimi qəbul ediblər. İddia müddətinin tətbiqi ilə bağlı Ali Məhkəmə münasibət bildirmişdir. Sübutlara məcmu halda qiymət verəndə, vergi xidmətinə təqdim olunan bəyənnamələrdə münasibətlər öz əksini tapıb. Bir milyona münasibətdə Ali Məhkəmə hesab edib ki, müddət ötürülüb. Qalan hissədə isə təmin edilməlidir. Təqdim etdikləri sifariş sənədlərini təhvil-təslim aktı kimi qəbul edirlər. Digər işlə bağlı ödəniş olmuşdur. Onlar bildirirdilər ki, onların heç bir münasibəti olmayıb. Ona görə təqdim etmişlər. Ödəniş 2013-də həyata keçirilib. Borcun ləğv olunması dedikdə ödənilib bağlanması nəzərdə tutulub. Məktubu göndərəndə ödəniş qrafiki təqdim edilməsini xahiş etmişdilər. Onlar plan A və plan B təqdim ediblər. Tərəf birinci instansiyada ümumiyyətlə başqa mövqe tuturdu. Etibarnamədə yazılıb ki, səlahiyyət ötürülə bilər. O səlahiyyət onlara ötürülüb. Birinci instansiya məhkəməsinin hakimi tərəfindən işə tam qanuni baxılıb. Ödənişin bu işə aidiyyəti yoxdur. Onlar ilkin olaraq təqdim olunan sənədləri tərcümə mərkəzinə vermişdilər. Ola bilər ki, tərcümə səhvi olsun. Service order adlı sənədlər var. Orada iş və ödəniş təsdiq olunub. Etibarnamədə məhkəmə ilə bağlı bütün səlahiyyət verilib. İmzalanma da qeyd olunub. O səlahiyyətlərin digər şəxsə ötürülməsi qeyd olunub. Wu Şen özünün malik olduğu səlahiyyətləri ötürüb. Təqdim olunan sənəddə GWDC qeyd olunub. Hətta möhürdə də elə qeyd olunub. Ona görə heç bir şübhəli məqam olduğunu düşünmür. Əgər adda uyğunsuzluq olsa idi o möhür verilməzdi. Məktubu qarşı tərəf təqdim edib. İki Çin şirkətidir. Bir-birilərini başa düşüblər. 4.300.000-ə münasibətdə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və kommersiya işinin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə yoxlanılan - Cavabdeh MMC-dən 4.381.165,58 ABŞ dolları məbləğində borcun tutulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apellyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının “Cavabdeh MMC-dən 4.381.165,58 ABŞ dolları məbləğində borcun tutulması” hissəsinin yoxlanılması təşkil edir. İşin mahiyyəti ondan ibarətdir ki, iş materiallarına əlavə edilmiş 11 mart 2013-cü il tarixli PHPOL-201301 saylı və 22 oktyabr 2013-cü il tarixli PHPOL-201302 saylı podrat müqavilələrdən və əlavələrdən görünür ki, Cavabdeh MMC (Sifarişçi) ilə “X4 Kompani” Şirkəti (podratçı) arasında müəyyən olunmuş müddət müqabilində qazma işlərinin görülməsi ilə bağlı müqavilələr imzalanmışdır. 11 mart 2013-cü il tarixli PHPOL-201301 saylı müqavilənin müddəti xx.xx.2013-cü ilədək və 22 oktyabr 2013-cü il tarixli PHPOL- 201302 saylı müqavilənin müddəti xx.xx.2014-cü ilədək müəyyən olunmuşdur. İddiaçı tərəfindən cavabdehə ünvanlanan xx.xx.2015-ci il tarixli 129/15 saylı məktubun təsdiq edilmiş tərcüməsindən qeyd edilmişdir ki, X3 Company (GWDC) Şirkəti 8 iyul 2013-cü ildən 9 iyul 2014-cü ilə qədər qazıntı layihəsi üçün qazıntı xidmətlərini yerinə yetirib. Son faktura 22 sentyabr 2014-cü ildə verilmişdir. X1 Corporation Azərbaycan filialı (CNLC) kabel karotajı və qaz karotajı xidmətini yerinə yetirib. Son faktura 19 mart 2015-ci ildə verilmişdir. PHPOL müqavilələrdə nəzərdə tutulan vaxtda fakturaları ödəmədiyindən, ödənilməyən fakturalar GWDC şirkətinə 5,381,165.58 ABŞ dolları və CNLC şirkətinə 813,243.58 ABŞ dolları borclanma ilə nəticələndi. Fakturaların siyahısı bu məktuba əlavə edilib. Nəzərdən keçirməyinizi, borcu ödəməyinizi və təkrar ödəniş planınızla bağlı bizi məlumatlandırmağınızı xahiş edirk. 2015-ci il 3 dekabr tarixli, ***-**-** nömrəli məktubun surətində göstərilmişdir ki, cavabdehin baş menecer müavini Xiao Jiang iddiaçının Azərbaycandakı Nümayəndəliyinə müraciət edərək, iddiaçı qarşısında 5.381.165,58 ABŞ dolları məbləğində borcunun qaldığını etiraf etmiş və əgər qarşı tərəf razılaşarsa onlar tərəfindən 1 milyon dollar həcmində olan borcun 2016-cı ildə ödənilməsinin, qalan borcun isə 5 il ərzində icra edəcəklərini (2016-cı ildə 1.000.000, 2017-ci ildə 1.200.000, 2018-ci ildə 1.400.000, 2019cu ildə 1.400.000 və 2020-ci ildə 1.194.409,16 ABŞ dolları) ödənilməsinin mümkün olduğu bildirilmişdir. Eyni məzmunlu, 2015-ci il 4 dekabr tarixli, ***-**-** nömrəli məktub cavabdehin baş meneceri Tan Xinqyi tərəfindən də iddiaçının Azərbaycan Respublikasındakı nümayəndəliyinə göndərilmişdir. “X4 Kompani” Şirkəti tərəfindən təqdim edilən xx.xx.2018-ci il tarixli maliyyə arayışında və müxtəlif tarixli fakturalarda göstərilmişdir ki, 11 mart 2013-cü il tarixli, PHPOL-201301 saylı və 22 oktyabr 2013-cü il tarixli PHPOL-201302 saylı müqavilələr üzrə göstərilmiş xidmətlərə görə Cavabdeh MMC-nin borcu 5.381.165,58 ABŞ dolları təşkil edir. 2019-cu il 30 avqust tarixli, 20279 nömrəli məhkəmə ekspertizası rəyinin surətində (rəyin əsli 2-2(113)-16/2021 saylı işdə) qeyd olunmuşdur ki, 2015-ci il 3 dekabr tarixli ***- **-** nömrəli məktubun ksero surətində “Xiao Jiang” yazıları qarşısında olan imza – Xiao Jiang tərəfindən icra olunmuş, 2015-ci il 4 dekabr tarixli ***-**-** nömrəli məktubda “Tan Xingyi” yazıları qarşısında olan imza – Tan Xingyi tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 2020-ci il 4 dekabr tarixli, 4/1011 nömrəli ekspert rəyinin surətində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş işin 2-ci cildinin 161 vərəqəsində olan 2017-ci il 2 oktyabr tarixli etibarnamədə cavabdehin baş meneceri Tan Xingyi qrafasındakı imza və 196-cı vərəqəsində olan 2015-ci il 4 dekabr tarixli ***-**-** nömrəli məktubda “X5 Manager of PetroHongkonq-Pirsaat Oil Limited” qrafasındakı imza – eyni şəxs tərəfindən icra olunmuşdur. 2019-cu il 9 dekabr tarixli, 28348 nömrəli məhkəmə ekspertizası rəyinin surətində (rəyin əsli 2-2(113)-16/2021 saylı işdə) gösətərilmişdir ki, 2015-ci il 3 dekabr tarixli ***-**-** nömrəli məktubda “Xiao Jiang” yazıları qarşısında olan imza – Xiao Jiang tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdaəsindən daxil olmuş cavabdehin Azərbaycan Respublikasındakı filialının 2013-2014-cü illər üzrə rüblük hesabatlarına əsasən cavabdeh göstərdiyi fəaliyyətlərlə (görülmüş işlər) bağlı 2013 və 2014-cü illlər üzrə rüblük vergi bəyannamələri təqdim etmiş və vergi orqanı tərəfindən təqdim edilmiş bəyannamələrə uyğun vergilər hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmə öz qərarında qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya göndərilmiş hər iki məktubun məzmununda həm ümumi borcun etiraf edilməsi, həm də bu borcun 2016-cı ildən başlayaraq 2020-ci il də daxil olmaqla hissələrlə (ayrılıqda hər bir il üzrə) ödəniləcəyi vahid iradə ifadəsi kimi əks etdirilib. Belə olan təqdirdə, məhkəmə kollegiyası vurğulayır ki, etiraf edilmiş ümumi borcun hissələrlə son ödəniş vaxtı 2020-ci il nəzərdə tutulduğundan iddia müddətinin hesablanması həmin məktubun imzalanma tarixindən deyil, ayrılıqda orada göstərilən hər bir il üçün tətbiq edilməli idi. Belə ki, hazırkı iş üzrə iddia müddətinin axımının apellyasiya instansiya məhkəməsinin mövqeyindəki qayda üzrə məktubun verilmə tarixindən hesablanması orada göstərilmiş və ödənilməsi 2019, 2020-ci illərdə nəzərdə tutulmuş borc hissələrinin inkar edilməsi ilə nəticələnmişdir. Mülki Məcəllənin 373-cü maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Borc etiraf edildikdən sonra onun ödənilməsi ilə əlaqədar möhlət verilməsi (vaxt dövriliyinin müəyyənləşdirilməsi) tərəflərin buna razılığını ehtiva edir və möhlətin həddini zaman çərçivəsi baxımından məhdudlaşdırmamaqla bunun tərəflərin iradəsindən asılılığını ehtiva edir. Belə olan vəziyyətdə borcun ödənilməsinə möhlətlə bağlı tərəflərin iradə sərbəstliyinə qanunvericiliklə nəzərdə tutulmayan hər hansı müdaxilə istisna edilir. Bu baxımdan, iddia müddətinin tətbiqi zamanı möhlətlə bağlı vaxt dövrünün (dövrlərinin) nəzərə alınmaması, bir tərəfdən müqavilə tələbləri üzrə razılaşma müddətinin tərəflərin iradə sərbəstliyini inkar etməklə yalnız yuxarıda göstərilən 3 illik müddətlə məhdudlaşdırılmasını, digər tərəfdən borcun etirafından sonra onun daha uzun möhlət müddəti müəyyənləşdirildiyi halda, cavabdehin öhdəliklərinin icrasından belə qaydadan sui-istifadə etməklə yayınmasına gətirib çıxarmış olardı. Hazırkı iş üzrə apellyasiya instansiya məhkəməsi 3 illik iddia müddətinin axımının kəsilməsini 2015-ci ilin dekabr ayında cavabdeh tərəfdən borcun etirafı barədə iddiaçıya göndərilmiş məktubla əlaqələndirərək həmin müddətin 2018-ci ilin dekabr ayında bitməsini qeyd etmişdir. Öhdəliyin icra müddətinin 2020-ci ilin dekabr ayınadək uzadılmasına dair tərəflər arasında saziş və ya müqaviləyə əlavənin imzalanmadığı, yalnız cavabdehin məktubunda irəli sürülmüş təklif olduğu, onun iddiaçı tərəfindən qəbul edildiyinə dair hər hansı sübutun mövcud olmadığı qənaətinə gəlmişdir. Bununla bağlı, məhkəmə kollegiyası yuxarıda göstərilənlərdən əlavə olaraq qeyd edir ki, bu məktub hazırkı iş üzrə cavabdehin həm borcun etirafı, həm də onun ödənilməsinə möhlətlə bağlı iradə ifadəsinin tamlığını əks etdirir. Bu, həm də ondan irəli gəlir ki, cavabdeh məktubunda borcun ödənilməsinin müddət qrafikindən başqa alternativ üsulunu da qeyd etmişdir. Digər tərəfdən, məktubda borcun “yoxlanıldıqdan sonra doğrudur” ifadəsi qeyd olunmuşdur. Bu isə, faktiki olaraq onun həmin məbləğlə razılaşmasını ehtiva edir. Belə olan təqdirdə məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddia müddətinin axımının hesablanması 2015-ci ilin dekabr ayından deyil, möhlətin başlanğıcı kimi müəyyənləşdirilmiş 2016-cı ildən başlanmalıdır. Borcun etirafı məktubunda illər üzrə müəyyənləşdirilmiş qrafikdə il, ay, gün istisna olmaqla yalnız il müəyyənləşdirildiyindən Mülki Məcəllənin 367.2-ci maddəsinin tələbinə uyğun olaraq həmin ilin bitməsi ilə müəyyənləşdirilməlidir. Beləliklə, kolegiya bu qənaətə gəlir ki, iddia müddəti ilə bağlı 3 illik müddət hər il üçün möhləti əks etdirən ödəniş qrafikinə uyğun olaraq 2016-cı ildə edilməli olan ödənişlə bağlı 3 illik iddia müddətinin axımı 2017-ci ilin 1 yanvar tarixində başlanmış və 2020-ci ilin 1 yanvar tarixində başa çatdığından ötürülmüşdür. Məhkəmə belə qənaətə gəlir ki, etirafda nəzərdə tutulmuş qalan illər üzrə iddia müddətinin ötürülüb-ötürülməməsi, habelə borc məbləğinin müəyyənləşdirilməsi yuxarıda göstərilənlərə əsasən apellyasiya məhkəməsi tərəfindən yenidən qiymətləndirilərək həll edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyekiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. Göründüyü kimi, apellyasiya məhkəməsi cavabdeh tərəfindən iddiaçının hüququnun pozulub-pozulmadığını aydınlaşdırmadan, həmçinin cavabdehin iddiaçiya göndərdiyi borcun etirafı və hissə-hissə ödənilməsi ilə bağlı məktuba lazımi hüquqi qiymət vermədən iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə dair düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin etirazının dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh borcun etirafına dair məktubunda borcun kimin tərəfindən yoxlanılmalı olması və həmin məbləğlərlə razılaşmadığını inkar edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Həmçinin, iş materiallarında olan sənədlərdən görünür ki, işlərin görülməsi ilə əlaqədar alınmış məhsullar və görülmüş işlərin icrası ilə bağlı mühəndis və digər işçilərə edilmiş ödənişlər tərəflərin imzası ilə təsdiq olunmuşdur. Bundan başqa, iddiaçının icraçı direktoru Ma Yongfeng tərəfindən Wu Shengə verilmiş etibarnamədə ona şirkəti Azərbaycan Respublikası məhkəmələrində təmsil etmək və bu səlahiyyəti digər şəxsə vermək səlahiyyətləri verilmiş, iddiaçının adından iddia ərizəsini imzalamış Vəkil1 da bu səlahiyyət məhz Wu Sheng tərəfindən verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia müddəti ilə bağlı məsələyə yuxarıda qiymət verildiyindən, cavabdehin etirazının iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə dair dəlilinə qiymət verilməsi zərurəti aradan qalxmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Ali Məhkəmənin öz qərarında da qeyd etdiyi kimi, iş materiallarında olan sənədlərdən görünür ki, işlərin görülməsi ilə əlaqədar alınmış məhsullar və görülmüş işlərin icrası ilə bağlı mühəndis və digər işçilərə edilmiş ödənişlər tərəflərin imzası ilə təsdiq olunmuşdur. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş və borcun etirafı kimi qəbul olunan məktubların cavabdeh tərəfindən xəbərsiz olaraq göndərilməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığı kimi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsindən daxil olmuş Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının 2013-2014-cü illər üzrə rüblük hesabatlarından görünür ki, Cavabdeh göstərdiyi fəaliyyətlərlə (görülmüş işlər) bağlı 2013 və 2014-cü illər üzrə rüblük vergi bəyannamələri təqdim etmiş və vergi orqanı tərəfindən təqdim edilmiş bəyannamələrə uyğun vergilər hesablanmışdır. İddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibətdə isə kollegiya Ali Məhkəmənin qərarında göstərilənləri əsas tutaraq qeyd edir ki, yuxarıda qeyd edilən 2015ci il 3 dekabr tarixli, ***-**-** nömrəli və 2015-ci il 4 dekabr tarixli, ***-**-** nömrəli etiraf məktublarında borcun illər üzrə ödənilməsi nəzərdə tutulduğundan, iddia müddətinin ötürülüb-ötürülməməsi də həmin illərə uyğun olaraq müəyyən edilməlidir ki, belə olan halda 2017-ci ildən 2020-ci ilə qədər ödənilməli olan borc məbləğləri ilə bağlı iddia müddəti ötürülmədiyindən həmin hissədə birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Kommersiya Məhkəməsinin 17 mart 2021-ci il tarixli e-2-2(113)-82/2021 saylı qətnaməsi Cavabdeh MMC-dən 4.381.165,58 ABŞ dolları məbləğində borcun tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bektaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar