Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-400/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh “xxxx” ASC-yə qarşı sığorta ödənişinin tutulması tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, e-2-2 (113)- 1841/2020 saylı qətnaməsindən (hakim Leyla Əliyeva) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, sonradan iddia tələbinin həcminin artırılmas barədə ərizə verərək, cavabdeh “xxxx” ASC-dən sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzini təşkil edən 2.259 manat, həmçinin ödənişin verilməsinin gecikdirildiyi hər günə 0,1% faiz hesablamaqla 1.000 manat və 30 manat məbləğində dövlət rüsumu, cəmi 3.289 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, e-2-2 (113)-1841/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, e-2-2 (113)-1841/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin mülkiyyətində olan, sığortalı “CHANGAN” markalı ** AN *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi etibarnamə əsasında X1 istifadəsində olmuşdur. Həmin nəqliyyat vasitəsi 01.09.2018-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu ərazisində “xxxx“ ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi ilə sığortalanmış “VAZ 2107” markalı ** LK *** dövlət qeydiyyat nişanlı sığortalı avtomobil İddiaçı MMC-yə məxsus olan “CHANGAN“ markalı, ** AN *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Sığorta hadisəsi zamanı İddiaçı MMC-yə məxsus “CHANGAN“ markalı ** AN *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 2.808,10 manat məbləğində maddi zərər vurulmuşdur. Sığorta hadisəsi baş verərkən hadisə yerinə Suraxanı rayon Polis İdarəsinin əməkdaşları gəlmiş və hadisə ilə bağlı araşdırma aparmışdır. Hadisə zamanı icbari sığorta şəhadətnaməsi almış “VAZ 2107” markalı ** LK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə edən X3 barəsində Suraxanı RPİ- nin təhqiqat şöbəsinin təhqiqatçısı Sahil Hacıyev 15.09.2018-ci ildə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Həmin nəqliyyat vasitəsini idarə etmiş X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirləri tətbiq edilməsi ilə bağlı cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surəti Suraxanı RPİ-nin DYPŞ -nə göndərilmişdir. Lakin, Suraxanı rayon DYPŞ əməkdaşları inzibati tənbeh qərarının surətini “xxxx” ASC göndərmədiyindən icbari sığorta üzrə ödənilməli olan maliyyə vəsaitini zərərçəkmiş İddiaçı MMC-yə ödəməkdən imtina etmişdir. Suraxanı rayon Polis İdarəsinin təhqiqatçısı tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi qərarında “xxxx “ASC sığortalanmış, icbari sığorta şəhadətnaməsi almış “VAZ 2107” markalı ** LK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edənin günahkar olduğu açıq aydın görünür. Sığorta hadisəsi nəticəsində“ İddiaçı”MMC-nin mülkiyyətində olan ** AN *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə vurulmuş ziyanın ödənilməsi barədə “xxxx “ ASC-nə dəfələrlə məktub ünvansalar da icbari sığorta üzrə ödənilməli olan maliyyə vəsaiti ödəməkdən yayınmışdırlar. Hadisə barəsində sığorta bürosuna məlumat verilmiş, zərər çəkən“ CHANGAN“ markalı ** AN *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər sığorta təşkilatı tərəfindən hal-hazırki vaxta qədər ödənilməmişdir. “İcbari Sığorta Haqqında“ Azərbaycan Respublikası Qanunun 53.4.-cü maddəsində deyilir ki, icbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. Bildirik ki, avtonəqliyyat vasitəsinin sahibi İddiaçı MMC-dir. Hadisə barəsində cəmiyyət məlumatlı olduğu vaxt dərhal CavabdehSC məlumat vermişdir. Yol nəqliyyat hadisəsi barədə (sığorta hadisəsi) səahiyyətli dövlət orqanına Suraxanı Rayon Polis İdarəsinə məlumat verilmişdir, hadisə yerində sürücü qalmışdır və avtomobili idarə etmək hüquq verən sürücülük vəsiqəsini təqdim etmişdr. Sürücü ayıq vəziyyətdə olmuş, avtomobili idarə etməyə hüquq verən müvafiq sürücülük vəsiqəsi və avtomobili idarə etmək üçün etibarnaməsi olmuşdur. Məhkəmənin iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə1 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə2 apelyasiya şikayəti ilə razı olmadığını bildirərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, e-2-2 (113)-1841/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin mübahisəsiz hallarından görünür ki, 01.09.2018-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu ərazisində cavabdeh “xxxx“ ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi ilə sığortalanmış “VAZ 2107” markalı ** LK *** dövlət qeydiyyat nişanlı sığortalı avtomobil İddiaçı MMC-nin balansında olan “Changan” markalı **-AN-*** dövlət qeydiyyat nömrəli avtonəqliyyat vasitəsi ilə toqquşmuşdur. İddiaçı baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində mülkiyyətində olan nəqliyyat vasitəsinə 2259 manat məbləğində ziyan dəydiyini iddia edərək həmin ziyanın ödənilməsi üçün 29.11.2018-ci il tarixli məktubla “xxxx” ASC-yə müraciət etmişdir. “xxxx” ASC-nin 07/HS-246 saylı 20 may 2019-cu il tarixli məktubu ilə İddiaçı MMCnin 14.05.2019-cu il tarixli müraciət məktubuna cavab olaraq baş vermiş yol nəqliyyat hadisəsini qeydə alaraq araşdırmış səlahiyyətli dövlət orqanından sənədlərin surətinin rəsmi alınması tövsiyə edilmişdir. Suraxanı RPİ-nin TŞ-nin təhqiqatçısı Sail Hacıyev tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 22.08.2018-ci il tarixli qərarın surətindən görünür ki, X2 əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, sürücü X6 barəsində AR İXM-nin 327-ci maddəsinə əsasən inzibati tənbeh tədbirləri tətbiq edilməsi üçün qəbul edilmiş qərarın surəti Suraxanı RPİ-nin DYPŞ-yə göndərilmişdir. Azərbaycan Respublikası DİN Suraxanı rayon Polis İdarəsinin iddiaçıya ünvanlanmış 25.04.2019-cu il tarixli məktubundan görünür ki, 01.09.2018-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar sürücü X6 barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara əsasən DİN-nin X5 baxış keçirilən zaman vətəndaşın sürücülük vəsiqəsinin olmaması müəyyən olunmuşdur. Qeyd olunan qərarın düzgün qəbul olunması və dəyişikliyin edilməsi üçün, aidiyyəti üzrə Suraxanı rayon Pİ TŞnə göndərilmiş, bu səbəbdən vətəndaşın inzibati məsuliyyətə cəlb edilməsi mümkün olmamışdır. İş materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin 14.08.2020-ci il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikası DİN Suraxanı rayon Polis İdarəsinin 096-25609-1210 saylı, 21.10.2020-ci il tarixli məktubu ilə bildirmişdir ki, 01.09.2018-ci il tarixdə Suraxanı rayonu ərazisində “VAZ-2107” markalı AZ **-LK-*** və “CHANGAN” markalı AZ **-AN-*** dövlət nömrə nişanlı avtomaşının iştirakçı olduğu yol nəqliyyat hadisəsi ilə əlaqədar, Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsində inzibati icraat aparılmamışdır. Həmçinin, tərəflərindən “VAZ-2107” markalı AZ **-KL-*** dövlət nömrə nişanlı avtomaşının sürücüsü X6 barəsində inzibati xəta haqqında protokol və qərar qəbul edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının tələbinin təmin edilməsi üçün aşağıdakı hallar iddiaçı tərəfindən sübut edilməli idi: baş vermiş hadisənin qanunla sığorta hadisəsi hesab olunduğu, hadisə nəticəsində həqiqətən mülkiyyətində olan nəqliyyat vasitəsinə 2.259 manat ziyan dəydiyi və əgər bu hallar təsdiq olunursa qanunla sığorta ödənişinin verilməsi üçün tələb olunan bütün sənədlərin sığorta şirkətinə təqdim edildiyi. İddiaçı mülkiyyətində olan nəqliyyat vasitəsinə 2.259 manat ziyan dəyməsi barədə özü tərəfindən tərtib edilmiş imzasız və möhürsüz ilkin qiymət cədvəlindən başqa hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Mülki Məcəllənin 924.1-ci maddəsinə görə sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədləri və məlumatları bu Məcəllənin 924.2-ci maddəsi nəzərə alınmaqla, sığortalıdan tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 933.1-ci maddəsinə görə sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir- 933.1.2-ci maddə: sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı, hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; “İcbari Sığortalar haqqında” AR Qanununun 17.1-ci maddəsinə görə icbari sığorta ödənişi aşağıdakı sənədlər əsasında həyata keçirilir: 17.1.4: bu Qanunun Xüsusi bölməsində ayrı qayda nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisəsinin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə səlahiyyətli orqanın təqdim etdiyi arayış. Hazırkı halda sığorta ödənişinin həyata keçirilməsi üçün sığortaçıya sığorta tələbi ilə birlikdə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış təqdim edilməmişdir. Bundan əlavə iddiaçı tərəfindən təqdim edilmiş sübutlar əsasında baş vermiş hadisənin sığorta hadisəsi olduğu təsdiq olunmur. Mülki Məcəllənin 922.1-ci maddəsinə görə sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 926.1-ci maddəsinə görə sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 53.4-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Polis İdarəsinin məktublarından və cinayət işinin başlanmasının rədd edilməsi barədə 22.08.2018-ci il tarixli qərarın məzmunundan görünür ki, 01.09.2018-ci il tarixdə yol nəqliyyat hadisəsi baş verərkən cavabdeh tərəfindən sığortalanmış “VAZ-2107” markalı AZ **-LK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş sürücü X2 nə etibarnaməsi, nə də sürücülük vəsiqəsi olmamışdır. Belə olan halda ziyan vurmuş nəqliyyat vasitəsi qanuni əsaslarla idarə edilmədiyi üçün sığorta hadisəsinin baş verdiyi və cavabdehin sığorta ödənişi ödəmək öhdəliyinin yarandığı müəyyən olunmur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın təmin edilməsi üçün qanuni əsaslar mövcud deyil. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, e-2-2 (113)- 1841/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı MMC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, e-2-2 (113)-1841/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-400/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-400/2021
09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver