Məhkəmə qərarları › İş №2-2(103)-400/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-400/2022

21.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-400/2022 21.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair ilk iddia, iddiaçı Cavabdeh MMC-nin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “avadanlıqların geri götürülməsi və avadanlıqların dəyərinin borcdan çıxılması” tələbinə dair qarşılıqlı iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-299/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İşin mübahisəsiz halları ondan ibarətdir ki, lizinq verən "xxxx" ASC ilə lizinq alan Cavabdeh MMC arasında xx.xx.2013-cü il tarixli 04-LA/13 nömrəli lizinq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən lizinq verən dəyəri 892.500 manat olan bu müqavilənin tərkib hissəsi sayılan 1 nömrəli əlavədə göstərilən məhsuldarlığı 20 ton olan südün emalı və təkrar emalı texnoloji xətti və dəyəri 156.000 manat olan bu müqaviləyə 2 nömrəli əlavədə göstərilən süd emalı zavodunun istifadəyə verilməsi üçün əlavə avadanlıqların dəyəri lizinq ödəniş qrafikinə (3 nömrəli Əlavə) uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 9 il müddətinə lizinq alana lizinqə vermişdir.

2. Həmin müqaviləyə 12 may 2014-cü il tarixli D-04-LA/13 saylı razılaşmaya əsasən "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 04- LA/13 nömrəli müqavilənin ödəniş qrafikinə dəyişiklik edilərək 2014-cü ilin İİ rübündən (iyun ayından) başlayaraq 10 (on) il müddətinə ödəniş aparılması şərtilə yeni ödəniş qrafiki tərtib olunur; Lizinq alan yeni tərtib olunmuş ödəniş qrafiki üzrə ödənişləri vaxtında yerinə yetirməyi öhdəsinə götürür; Bu razılaşma xx.xx.2013-cü il tarixli 04-LA/13 nömrəli müqavilənin tərkib hissəsi hesab olunmaqla imzalandığı gündən qüvvəyə minir.

3. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanından irəli gələrək "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülmüşdür.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixli 04-LA/13 nömrəli müqavilə üzrə 649.000 manat gecikdirilmiş əsas borc və hesablanmış 464.574 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 manat, cəmi 1.113.924 manat pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Eyni zamanda Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı qarşılıqlı iddia qaldıraraq, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 04-LA/13 saylı lizinq müqaviləsi əsasında verilmiş, lakin istifadə olunmamış avadanlıqların ilkin iddiaçıya geri qaytarılması və həmin avadanlıqların dəyərinin yaranmış borcdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı bildirir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2021-ci il tarixə 649000 manat gecikdirilmiş əsas borcu və 464574 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir.

7. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, müqavilə bağlanandan bir müddət sonra Cavabdeh MMC-nin südlə təminatı əvvəlcədən nəzərdə tutulmuş miqdardan xeyli aşağı olması səbəbi ilə südün texnologiyaya müvafiq emal edilməsində müəyyən problemlər yaratmış və bu səbəbdən də "xxxx" ASC tərəfindən lizinq verilən və quraşdırılmayan bir sıra avadanlıqlar zavodun anbarında istifadəsiz vəziyyətdə qalmışdır və istismar olunmamışdır. Cavabdeh MMC tərəfindən qeyd olunan faktlar əsas gətirilərək verilmiş avadanlıqların geriyə götürülməsi ilə bağlı sərəncam verilməsi xahişi ilə dəfələrlə "xxxx" ASC və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə müraciətlər olunmuş, lakin müraciətləri nəticəsiz qalmış və bu günə qədər avadanlıqları geri qaytarmaq mümkün olmamışdır. Həmçinin avadanlıqların istismar və istifadə edilməməsi faktı "xxxx" ASC tərəfindən hər il keçirilmiş inventarizasiya və monitorinq zamanı tərtib edilmiş aktlarla bir daha təsdiq olunmuşdur.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-299/2022 saylı qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-dən 18 yanvar 2013-cü il tarixli 04-LA/13 saylı müqavilə üzrə 649.000 (altı yüz qırx doqquz min) manat məbləğində əsas borc, 60.000 (altmış min) məbləğində dəbbə pulu, cəmi 709.000 (yeddi yüz doqquz min) manat məbləğində pul vəsaiti, vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 250 (iki yüz əlli) və mediasiya xərclərinin əvəzi olaraq 250 (iki yüz əlli) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, qalan hissədə ilk iddianın rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı avadanlıqların geri götürülməsi və avadanlıqların dəyərinin borcdan çıxılması tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi, ilk iddianın verilməsinə görə ödənilməli olan 585 manat məbləğində dövlət rüsumunun ilk iddia üzrə cavabdeh tutularaq Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

9. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi, ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir.

APELYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apelyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi Nümayəndə3 və iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 isə apellyasiya şikayətinə etiraz etdilər.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. Mülki Məcəllənin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

14. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

15. Həmin Məcəllənin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

16. Həmin Məcəllənin 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

17. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

18. Həmin Məcəllənin 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

19. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

20. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

21. Həmin Məcəllənin 690-cı maddəsinə görə əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir (690.1). Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişdə müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir (690.2).

22. Həmin Məcəllənin 691.4-cü maddəsinə görə daşınar əşyaların kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərində müqavilənin ləğvinə aşağıdakı hallarda yol verilir: əmlak kirayəsi haqqı günlər üzrə hesablanarkən müqavilənin ləğvinə dair bildiriş növbəti günün sonu üçün qüvvəyə minməklə istənilən gün verildikdə (691.4.1); əmlak kirayəsi haqqı daha uzun zaman hissələri üzrə hesablanarkən müqavilənin ləğvinə dair bildiriş kirayə hüquq münasibətlərinə xitam verilməli günə ən geci yeddi gün qalmış verildikdə (691.4.2).

23. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

24. Həmin Məcəllənin 751-ci maddəsinə əsasən lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir.

APELYASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, hər iki iddia qismən əsaslıdır.

27. Belə ki, ilk iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 747.1-ci və 462.1-ci maddələri təşkil edir.

28. Qarşılıqlı iddia tələblərinə dair isə qeyd olunur ki, Mülki Məcəllənin lizinq münasibətlərini tənzimləyən 747-751-ci maddələrində, habelə tərəflər arasında bağlanmış müqavilədə lizinqə verilmiş əşyanın lizinq alan tərəfindən geri qaytarılması imkanını nəzərdə tutan hər hansı müddəa mövcud deyildir.

29. Bununla belə nə mülki qanunvericilikdə, nə də tərəflər arasında bağlanmış müqavilədə bunu qadağan edən hər hansı bir norma da yoxdur.

30. Mülki Məcəllənin 751-ci maddəsində isə göstərilmişdir ki, lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir.

31. Həmin Məcəllənin kirayə müqaviləsinin ləğvinə dair məsələləri tənzimləyən 690-cı maddəsinə görə əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir (690.1). Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişdə müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir (690.2).

32. Həmin Məcəllənin 691.4-cü maddəsində isə göstərilmişdir ki, daşınar əşyaların kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərində müqavilənin ləğvinə aşağıdakı hallarda yol verilir: əmlak kirayəsi haqqı günlər üzrə hesablanarkən müqavilənin ləğvinə dair bildiriş növbəti günün sonu üçün qüvvəyə minməklə istənilən gün verildikdə (691.4.1); əmlak kirayəsi haqqı daha uzun zaman hissələri üzrə hesablanarkən müqavilənin ləğvinə dair bildiriş kirayə hüquq münasibətlərinə xitam verilməli günə ən geci yeddi gün qalmış verildikdə (691.4.2).

33. Hazırki işin halları da ondan ibarətdir ki, Cavabdeh MMC "xxxx" ASC-yə müraciət edərək lizinq avadanlıqlarının bir hissəsinin geri götürülməsini xahiş etmişdir.

34. Belə ki, iş materiallarında olan 12 iyul 2013-cü il tarixli 07/12 nömrəli məktuba əsasən müəyyən edilir ki, Cavabdeh MMC "xxxx" ASC-yə müraciət edərək, MMCnin südlə təminatının əvvəlcədən nəzərdə tutulmuş miqdardan xeyli aşağı olduğunu, südün texnologiyaya müvafiq olaraq emal edilməsində müəyyən problem yarandığını, müəssisədə olan pasterizasiya və soyutma qurğusunun, habelə plastik qablaşdıran və südlü qablara doldurma avtomatlarının və polistrol stəkanlara doldurma avtomatının istehsalatda istifadəsiz qaldığını bildirmiş və həmin aparatların geriyə götürülməsinə sərəncam verilməsini xahiş etmişdir.

35. 14 aprel 2014-cü il tarixli 47/14 nömrəli məktuba əsasən müəyyən edilir ki, Cavabdeh MMC "xxxx" ASC-yə müraciət edərək, MMC-nin südlə təminatı əvvəlcədən nəzərdə tutulmuş miqdardan xeyli aşağı olduğunu, südün texnoloji prosesə və həcmə müvafiq olaraq emal edilməsində müəyyən problem yarandığını, müəssisədə olan pasterizasiya və soyutma qurğusunun, südlü qablara doldurma avtomatı və polistrol stəkanlara doldurma avtomatı istehsalatda istifadəsiz qaldığını, istehsalatın həcminə müvafiq olaraq tərəflərindən öz hesablarına, yeni texnoloji avadanlıqlar alınaraq quraşdırıldığını və bu yaxın günlərdə zavod işə salınacağını bildirmiş və həmin aparatların geriyə götürülməsinə və yenidən ödəmə qrafikinin tərtib edilməsi zamanı geriyə götürülən aparatların qiymətlərinin nəzərə alınmasına sərəncam verilməsi xahiş edilmişdir.

36. 24 fevral 2015-ci il tarixli 47/15 nömrəli məktuba əsasən müəyyən edilir ki, Cavabdeh MMC Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə müraciət edərək, Cavabdeh MMC-nin "xxxx" ASC-nin texniki və maliyyə dəstəyi ilə gətirilmiş süd zavodu kompleksinin tərəflərindən Zərdab rayon mərkəzində inşa edilmiş binada quraşdırdıqlarını və hal-hazırda 8 çeşiddə sınaq üçün süd məhsulları istehsal etdiklərini, süd zavodunun tam işə salınması məqsədi ilə Cavabdeh MMC tərəfindən, əlavə avadanlıqların alınması üçün daxili imkanlar hesabına, bir milyon manatdan artıq vəsait xərcləndiyini, zavodun sınaq işə salınmasına baxmayaraq müəssisədə olan pasterizasiya və soyutma qurğusunun, habelə plastik qablaşdıran, südlü qablara və polistrol stəkanlara doldurma avtomatlarının istehsalatda istifadəsiz qaldığını və bunların gələcəkdə istifadəsi imkan xaricində olmaqla cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinə öz mənfi təsirini göstərməkdə olduğunu bildirərək, əhalinin süd və süd məhsullarına olan ehtiyacının daxili istehsal hesabına ödənilməsində zavodun müəyyən müsbət rol oynamasını, onun maliyyə-təsərrüfat fəaliyyətinin daha da yaxşılaşdırılmasını nəzərə alaraq, həmin aparatların "xxxx" ASC tərəfindən geri götürülməsinə göstəriş verilməsini xahiş etmişdir.

37. 28 oktyabr 2015-ci il tarixli akta əsasən isə müəyyən olunur ki, Zərdab rayonu ərazisində Cavabdeh MMC-yə lizinqə verilmiş bir dəst süd emalı avadanlıqlarına texniki baxış keçirilmiş, avadanlıqlar saz və işlək vəziyyətdədir, sex istismar olunmur. Bağlanmış lizinq müqaviləsinin 5.2, 5.3 və 5.6-cı bəndlərini əsas tutaraq borc öhdəliyi yarandığı səbəbindən istismarının dayandırılmasını təmin etmək məqsədilə 03 noyabr 2015-ci il tarixinədək içərisindəki məhsulların çıxarılması üçün 5 gün vaxt verilmiş, ödəniş olmadığı halda 5 gündən sonra avadanlığın istismarının dayandırılaraq geri götürmək üçün məhkəməyə müraciət olunacağı barədə Cavabdeh MMC-nin nümayəndəsi xəbərdar edilmişdir. Aktın doğruluğu lizinq verənin texnoloji avadanlıqların lizinqi şöbəsinin müdir əvəzi T.Budaqov, texnika və texnoloji avadanlıqlara texniki xidmət şöbəsinin baş mütəxəssisi F.Ələsgərov, ümumi şöbənin kuryeri F.Ələsgərov və lizinq alanın nümayəndəsi R.Səfərovun imzaları ilə təsdiq edilmişdir.

38. Göründüyü kimi lizinq müqaviləsi bağlandıqdan qısa müddət sonra lizinq alan yuxarıda qeyd olunan avadanlıqların bir hissəsinin quraşdırılmadığını və istifadə olunmadığını bildirərək, iddiaçıdan dəfələrlə həmin avadanlıqların geri götürülməsini xahiş etmişdir.

39. Kollegiya hesab edir ki, həmin məktublar Mülki Məcəllənin yuxarıda qeyd olunan 690-cı maddəsinin göstərişlərinə uyğun olaraq müqavilənin ləğvinə dair bildirişə bərabər sənəd hesab olunur.

40. İddiaçı əvvəlcə həmin məktublara cavab verməsə də, 28 oktyabr 2015-ci il tarixdə həmin avadanlıqlarına texniki baxış keçirərək, avadanlıqların saz və işlək vəziyyətdə olunduğunu, sexin istismar olunmadığını aşkarlamış, borc öhdəliyi yaranması səbəbindən istismarının dayandırılmasını təmin etmək məqsədilə 03 noyabr 2015-ci il tarixinədək içərisindəki məhsulların çıxarılması üçün 5 gün vaxt verilmiş, ödəniş olmadığı halda 5 gündən sonra avadanlığın istismarının dayandırılaraq geri götürmək üçün məhkəməyə müraciət olunacağı barədə Cavabdeh MMC-nin nümayəndəsini xəbərdar etmişdir.

41. Göründüyü kimi iddiaçı 28 oktyabr 2015-ci il tarixli akt tərtib edən zaman avadanlıqların geri götürülməsinə ödənişin olmayacağı təqdirdə razı olması ilə bağlı öz iradə ifadəsini bildirmişdir.

42. Həmin akt iddiaçı tərəfindən mübahisələndirilməmişdir.

43. Mülki Məcəllənin 421.1-ci maddəsinə görə isə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

44. Həmin Məcəllənin 421.3-cü maddəsində təsbit olunmuşdur ki, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

45. Göründüyü kimi iddiaçı hazırda həmin avadanlıqların geri götürülməsi ilə razılaşmasa da, cavabdehin müqavilənin qeyd olunan avadanlıqlara münasibətdə ləğvinə dair bildirişinə (məktublarına) öz razılığını bildirmiş, bununla bağlı aktiv hərəkətlər edərək, 28 oktyabr 2015-ci il tarixdə mübahisəli ərazidə avadanlıqlarına texniki baxış keçirərək, akt tərtib etmişdir.

46. Eyni zamanda işin hallarından görünür ki, aktda qeyd olunan 5 gün müddətində cavabdeh tərəfindən ödəniş həyata keçirilməmişdir.

47. Bu isə onu deməyə əsas verir ki, lizinq müqaviləsi yuxarıda qeyd olunan avadanlıqlara münasibətdə 03 noyabr 2015-ci il tarixindən ləğv edilmiş sayılmalıdır.

48. Kollegiya hesab edir ki, əks yanaşma, yəni avadanlıqları qəti şəkildə istəmədiyi və istismar etmədiyi halda (iddiaçı həmin halları aktda təsdiq etmişdir) onlara münasibətdə məcburi qaydada lizinq münasibətlərində qalması və ödənişlərin tutulması müqavilə azadlığı prinsipinə ziddiyyət təşkil edir.

49. Əlavə olaraq kollegiya qeyd etməyi zəruri hesab edir ki, həmin avadanlıqlar lizinq müqaviləsinin bağlandığı 18 yanvar 2013-cü il tarixdə deyil, bundan təxminən 6 və 2 il əvvəl, yəni 2007-ci ilin noyabr və 2011-ci ilin noyabr aylarında alqı-satqı müqavilələri əsasında alınmışdır.

50. Bu fakt iş materiallarında olan alqı-satqı müqavilələri ilə öz təsdiqini tapır (cild 1, i/v 197-212).

51. Göründüyü kimi avadanlıqlar məhz cavabdehin sifarişi əsasında xüsusi olaraq onun üçün alınmamış, iddiaçının təklifi əsasında ona lizinqə verilmiş, hətta quraşdırılmamışdır.

52. Bu baxımdan kollegiya hesab edir ki, həmin avadanlıqlar iddiaçıya geri qaytarıldığı təqdirdə belə yenidən üçüncü şəxslərə lizinə verilməsi imkanı istisna olunmur.

53. İşin hallarını və Mülki Məcəllənin 5.3. 16.1, 425.1, 425.2, 560.2-ci maddələrinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı öz hüquqlarından suiistifadə etmiş və avadanlıqları geri götürülməsi əvəzində həmin avadanlıqlara görə də lizinq ödənişlərinin ödənilməsini tələb etmişdir.

54. Bu baxımdan kollegiya hesab edir ki, cavabdeh tərəfindən istifadə olunmamış həmin avadanlıqlar iddiaçıya geri qaytarılmalı və həmin avadanlıqların dəyəri yaranmış borcdan çıxılmalıdır.

55. Bununla yanaşı onların dəyəri cavabdehin tələb etdiyi kimi müqavilə bağlandığı tarixdən deyil, müqavilənin ləğv edildiyi hesab edilən tarixdən, yəni 03 noyabr 2015-ci il tarixindən (28 oktyabr 2015-ci il tarixli aktda müəyyən edilən 5 günlük müddətin bitdiyi tarix) lizinq ödənişləri hesablana bilməz.

56. Qeyd olunan halların araşdırılması üçün hazırki apellyasiya baxışı zamanı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 11 oktyabr 2022-cı il tarixli 9/4579 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən müqavilə üzrə lizinqə verilmiş 1 ədəd “Məhsuldarlığı 2500 s/ı olan homogenerator 180 atm”, 1 ədəd “Pasterizasiya və soyutma qurğusu”, 1 ədəd “Polistirol stəkanlara doldurma avadanlığı”, 1 ədəd “Südü qablara doldurma avtomatı” və 1 ədəd “Qablaşdırma aparatı” adlı avadanlıqların dəyəri ümumi lizinq ödənişlərindən çıxılaraq 03 noyabr 2015-ci il tarixdən etibarən hesablanmadığı halda 06 iyul 2021-ci il tarixə olan ümumi qalıq borcu 165.900 manat müəyyən edilir.

57. Bu baxımdan kollegiya hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə cəmi 165900 manat məbləğində pul tutulmalı, qalan hissədə, o cümlədən dəbbə pulunun tutulması hissəsində ilk iddia rədd edilməlidir.

58. Belə ki, işin hallarına əsasən ekspert qarşısında lizinq müqaviləsi üzrə lizinqə verilmiş 1 ədəd “Məhsuldarlığı 2500 s/ı olan homogenerator 180 atm”, 1 ədəd “Pasterizasiya və soyutma qurğusu”, 1 ədəd “Polistirol stəkanlara doldurma avadanlığı”, 1 ədəd “Südü qablara doldurma avtomatı” və 1 ədəd “Qablaşdırma aparatı” adlı avadanlıqların dəyəri ümumi lizinq ödənişlərindən çıxılaraq 03 noyabr 2015-ci il tarixdən etibarən hesablanmadığı halda 06 iyul 2021-ci il tarixə olan əsas və cərimə borcunun nə qədər təşkil etməsi barədə suallar qoyulmuş və ekspert tərəfindən ümumi qalıq borc 165.900 manat məbləğində müəyyən edilmişdir.

59. Göründüyü kimi borc məbləği tamamilə yeni qaydada, yuxarıda qeyd olunan avadanlıqların dəyəri ümumi lizinq ödənişlərindən çıxılaraq yenidən hesablandığından cavabdeh tərəfindən ödənişlərin nə zamandan etibarən və neçə müddət ərzində gecikdirildiyini müəyyən etmək mümkün deyildir.

60. Bu baxımdan kollegiya hesab edir ki, cərimənin tutulması hissəsində ilk iddia rədd edilməlidir.

61. Eyni zamanda kollegiya hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən qarşılıqlı iddia qismən təmin edilməli və 1 ədəd “Məhsuldarlığı 2500 s/ı olan homogenerator 180 atm”, 1 ədəd “Pasterizasiya və soyutma qurğusu”, 1 ədəd “Polistirol stəkanlara doldurma avadanlığı”, 1 ədəd “Südü qablara doldurma avtomatı” və 1 ədəd “Qablaşdırma aparatı” adlı avadanlıqlar cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

62. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və dəyişdirilməli, yuxarıda göstərilən əsaslara görə ilk və qarşılıqlı iddialar qismən təmin edilməli, məhkəmə xərclərinə aid hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə apellyasiya baxışında yaranmış məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

63. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-299/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi ilk iddiada irəli sürülmüş əsas borcun tutulması hissəsində dəyişdirilsin, dəbbə pulunun tutulması hissəsində və qarşılıqlı iddiaya aid hissədə ləğv edilsin. Cavabdeh MMC-dən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə 165900 manat məbləğində pul vəsaiti pul tutulsun. Dəbbə pulunun tutulması hissəsində ilk iddia təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. 1 ədəd “Məhsuldarlığı 2500 s/ı olan homogenerator 180 atm”, 1 ədəd “Pasterizasiya və soyutma qurğusu”, 1 ədəd “Polistirol stəkanlara doldurma avadanlığı”, 1 ədəd “Südü qablara doldurma avtomatı” və 1 ədəd “Qablaşdırma aparatı” adlı avadanlıqlar Cavabdeh MMC-dən alınaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə verilsin. Qətnamə məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 200 manat məbləğində pul vəsaiti iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vidadi Məmmədov

Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar