Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-402/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-559/2020 saylı, 16 noyabr 2020ci il tarixli qətnaməsindən (hakim L.Əliyeva) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehdən 1.123.258,00 manat əsas borcun, 395.974,00 manat cərimənin və 30 manat dövlət rüsumunun, cəmi 1.519.262,00 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq cəmiyyətə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”na müvafiq olaraq İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 03.08.2012-ci il tarixli 35-LA/12 və 19.11.2013-cü il tarixli 28-LA/13 nömrəli müqavilələrə əsasən cavabdeh satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə ümumi dəyəri 1.806.034 manat olmaqla 2 ədəd texnoloji avadanlıq lizinqə götürülmüşdür. Həmin avadanlıqlara görə cəmiyyətin hesabına 36.800 manat məbləğində ilkin ödəniş etmiş, qalan 1 769.234 manat məbləğə isə ödəniş qrafiki tərtib olunmuşdur. Cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Belə ki, bu ödəniş qrafiki əsasən 1.225 553 manat ödənilməli olduğu halda, cəmi 463.799 manat ödəniş olunmuşdur. Müqavilə üzrə 22.01.2019-cu il tarixədək 761.754 manat və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış 485.168,63 maant məbləğində cərimə borcu qalmışdır. Cavabdehə borc məbləğinin ödənilməsi barədə göndərilmiş xəbərdarlıq cavabsız qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəliyin icrası günü müəyyənləşdirilibsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 748-1.12.4-ci maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Yenə həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Müqavilənin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq iki dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən (İddiaçı» ASC) lizinq alandan (Cavabdeh MMC) gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Pezidentinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” 17 avqust 2020-ci il tarixli 1137 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “xxxx” Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-559/2020 saylı, 16.11.2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdehndən 1.120.838 manat məbləğində əsas borc və 50.000 manat məbləğində cərimə, cəmi 1.170.838 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-559/2020 saylı, 16.11.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, lizinq predmeti olan avadanlıqlar hal-hazırda Cavabdeh MMC-nin istifadəsində deyildir. Belə ki, “xxxx” ASC və Cavabdeh MMC arasında lizinq müqaviləsi bağlanandan qısa müddət sonra, Cavabdeh MMC və “xxxx” MMC arasında sublizinq müqaviləsi imzalanmışdır. Hər iki müqavilənin predmeti eyni avadanlıqlar olmuşdur. İddiaçı ASC tərəfindən təqdim olunan 09.08.2012-ci il tarixli ASX/2-1624 saylı məktubdan da göründüyü kimi, həmin qurum avadanlıqların sublizinqə verilməsindən xəbərdardır və buna etiraz etmir. Həmçinin, Cavabdeh MMC ilə “xxxx” MMC arasında 09 avqust 2012-ci ildə 01-SL nömrəli sublizinq müqaviləsi ilə göstərilmişdir ki, bütün ödənişlər Cavabdeh MMC-yə deyil, məhz İddiaçı ASC-yə edilməlidir. Bundan başqa, məhkəmə iclas protokollarından da göründüyü kimi, mübahisə predmeti olan avadanlıqlar Cavabdeh MMC-də deyildir, onlar “xxxx” MMC tərəfindən saxlanılır. Göründüyü kimi, 09 avqust 2012-ci ildə 01-SL nömrəli sublizinq müqaviləsi ilə İddiaçı ASC barəsində də hüquqlar müəyyən olunmuşdur. Həmin hüquqları təmin edən subyekt qismində isə məhz “xxxx” MMC çıxış edir. Odur ki, 09 avqust 2012-ci ildə 01-SL nömrəli sublizinq müqaviləsinə əsasən, ödənişləri həyata keçirmək öhdəliyi Cavabdeh MMC-dən “xxxx” MMC-yə ötürülmüşdür. Bu səbəbdən kommersiya mübahisəsi üzrə cavabdeh də Cavabdeh MMC deyil, “xxxx” MMC olmalı idi. Buna baxmayaraq, məhkəmə bu halları nəzərə almamış, Cavabdeh MMC-nin üzərinə əsassız olaraq öhdəliklər qoymuşdur. Bundan başqa mübahisələndirilən məhkəmə qətnaməsi ilə İddiaçı ASC-yə ödənilməli olan pul məbləği şişirdilmişdir. Belə ki, hal-hazırda müqavilənin predmeti olan avadanlıqların real qiyməti qətnamə ilə qət edilmiş məbləğlə üst-üstə düşmür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2 sentyabr 2020-ci il tarixli, 9/2310 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan maliyyə arayışı məlumatlardan göründüyü kimi, tərəflər arasında imzalanmış 03.08.2012-ci il tarixli 35-LA/12 saylı və 19.11.2013-cü il tarixli, 28- LA/13 saylı lizinq müqavilələrinin qeyd edilən şərtləri üzrə Cavabdeh MMC-nin İddiaçı ASC-yə 02 sentyabr 2020-ci il tarixə olan gecikdirilmiş əsas borcu 1.069.338 manat məbləğində müəyyən edilir, o cümlədən: 1.497.337 manat - 427.999 manat=1.069.338 manat müəyyən edilmişdir. Göründüyü kimi, məhkəmə ekspertizası keçirilərkən yalnız iddiaçının təqdim etdiyi arayışlara əsaslanmışdır. Həmin ekspert rəyi ilə müəyyən edilən məbləğ həqiqəti əks etdirmir və ağlabatan deyildir. Buna baxmayaraq, məhkəmə iş üzrə təkrar ekspertiza keçirməmiş, yalnız iddiaçının xeyrinə olan maddi sübutlara əsaslanmışdır. İş üzrə təkrar ekspertiza keçirilməli, İddiaçı ASC-yə ödənilməli olan məbləğ yenidən hesablanılmalıdır. Beləliklə, iş üçün əhəmiyyət kəsb edən hallar ümumiyyətlə nəzərə alınmamış və mülki iş düzgün araşdırılmamış, nəticədə cavabdehin hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir. İşə apellyasiya qaydasında baxılması 21.04.2021-ci il tarixə təyin edilmiş, sonradan 05.05.2021-ci tarixə, daha sonra isə 02.06.2021-ci il tarixə təxirə salınmış, Cavabdeh MMC-yə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 apelyasiya şikayəti ilə razı olmadığını bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə izahatı dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-559/2020 saylı, 16.11.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı halda apelyasiya şikayətində qətnamənin tam ləğv edilməsi xahiş olunsa da şikayətin məzmunundan göründüyü kimi, qətnamə yalnız iddianın təmin edildiyi hissədə mübahisələndirilir. Məhkəmə qətnaməni mübahisələndirilən hissədə yoxlayaraq hesab edir ki, məhkəməsinin iş üzrə gəldiyi qanuni və əsaslıdır. İş materiallarında olan lizinq verən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan Cavabdeh MMC arasında bağlanmış 03.08.2012-ci il tarixli 35-LA/12 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən qalıq dəyəri 1.070.504 manat olan bu müqavilənin tərkib hissəsi sayılan 1 nömrəli əlavədə göstərilən fındıq emalı avadanlığını dəyəri lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 8 il müddətədək lizinqə vermişdir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan avadanlığın qalıq dəyərini ödəniş qrafikində göstərilən qaydada ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan lizinq verən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan Cavabdeh MMC arasında bağlanmış 19.11.2013-cü il tarixli 28-LA/13 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən ümumi dəyəri 735.553 manat olan fındıq emalı avadanlıqlarını dəyəri lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 il müddətədək lizinqə vermişdir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan avadanlığının dəyərindən 36.800 manat məbləği əvvəlcədən ödəyir, qalan məbləği isə ödəniş qrafikində göstərilən qaydada ödəməyi öhdəsinə götürür.Həmin müqavilənin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 02.11.2020-ci il tarixli maliyyə arayışından görünür ki, lizinq alan Cavabdeh MMC-nin arasında bağlanmış 03.08.2012-ci il tarixli 35-LA/12 nömrəli lizinq müqaviləsi üzrə qalıq borcu 716.258 manat, 19.11.2013-cü il tarixli 28-LA-13 nömrəli lizinq müqaviləsi üzrə qalıq borcu 802.974 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2 sentyabr 2020-ci il tarixli, 9/2310 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan maliyyə arayışı məlumatlardan göründüyü kimi, tərəflər arasında imzalanmış 03.08.2012-ci il tarixli 35-LA/12 saylı və 19.11.2013-cü il tarixli, 28-LA/13 saylı lizinq müqavilələrinin qeyd edilən şərtləri üzrə Cavabdeh MMC-nin İddiaçı ASC-yə 02 sentyabr 2020-ci il tarixə olan gecikdirilmiş əsas borcu 1.069.338 manat (1.497.337 manat - 427.999 manat=1.069.338) məbləğində müəyyən edilir. Ekspert rəyində qeyd edilir ki, cavabdeh tərəfindən lizinq müqavilələri üzrə 02.09.2020-ci il tarixinədək ümumilikdə 1.497.337 manat ödəməli olduğu halda 427.999 manat ödəniş edilmişdir. Ekspert rəyi məhkəməyə daxil olduqdan sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə cavabdehdən 02.11.2020-ci il tarixədək, yəni 2020-ci ilin 3-cü rübü də daxil olmaqla hesablanmış borcun tutulmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 386.1, 442, 443.1 və 448.1-ci, 741.1-ci, maddələrinə istinad edərək belə nəticəyə gəlmişdir ki, Cavabdeh MMC-nin lizinq müqavilələri üzrə üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyi, həmin müqavilələr üzrə iddiaçıya əsas borcunun 1.120.838 manat məbləğində olduğu (1.069.338 manat ekspert rəyi ilə müəyyən edilmiş əsas borc+ lizinq müqavilələrinə əlavə edilmiş qrafiklər üzrə 03.08.2012-ci il tarixli müqavilə üzrə 2020-ci ilin 3-cü rübü üçün 33.000 manat+ 19.11.2013-cü ilin 3-cü rübü üçün 18500 manat) müəyyən edilərək Cavabdeh MMC-dən 1.120.838 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı iddia ərizəsində lizinq müqavilələri üzrə əsas borcun ödənilməsinin gecikdirilməsinə görə həmin müqavilələrin 4.2-ci bəndinə əsasən hesablanmış 395.974 manat məbləğində cərimənin cavabdehdən tutulmasını xahiş etmiş, məhkəmə Mülki Məcəllənin 467-ci maddəsini tətbiq edərək cavabdehdən cəmi 50.000 manat məbləğində cərimə tutulması barədə nəticəyə gəlmişdir. Cavabdeh apelyasiya şikayətində iş üzrə verilmiş ekspert rəyinin yalnız iddiaçı tərəfindən təqdim edilmiş sənədlər əsasında tərtib edildiyini göstərərək təkrar ekspertiza keçirilməsini xahiş etsə də, iddiaçıya lizinq müqavilələri üzrə 427.999 manatdan artıq ödəniş edilməsi barədə apelyasiya şikayətinə hər hansı sübut əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102.2-ci maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Hazırkı iş üzrə məhkəmənin iş üzrə verilmiş ekspert rəyi ilə razılaşmaması üçün əsaslar olmadığından məhkəmə apelyasiya instansiyası mərhələsində iş üzrə təkrar ekspertiza təyin edilməsini zəruri hesab etməmişdir. Cavabdehin apelyasiya şikayətinin digər bir dəlili ondan ibarətdir ki, iddiaçıdan lizinqə götürülmüş avadanlıqlar Cavabdeh MMC və “xxxx” MMC arasında bağlanmış sublizinq müqaviləsi və lizinq verənin 09.08.2012-ci il tarixli ASX/2-1624 saylı razılıq məktubuna əsasən sublizinqə verilmişdir. Cavabdehin qeyd edilən dəlili ilə bağlı iş materiallarına və apelyasiya şikayətinə hər hansı sübut əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehə lizinqə verilmiş avadanlığın lizinq verənin razılığı ilə sublizinqə verilməsi ilə bağlı sübutlar təqdim edilmiş olsaydı belə bu hal, cavabdehi lizinq verənlə bağladığı müqavilələrdən irəli gələn öhdəliyin icrasından azad etmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-559/2020 saylı, 16 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-559/2020 saylı, 16 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-402/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-402/2021
02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver