Məhkəmə qərarları › İş №2-2(103)-402/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-402/2023

24.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-402/2023 24.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X1 ve X2 Ticaret Limited” şirkətinin Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair Açar söz: alqı-satqı müqaviləsi üzrə mübahisə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, iddiaçı Türkiyə Respblikasının hüquqi şəxsi olan “X1 ve X2 Ticaret Limited” şirkətinin Cavabdehnə qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)- 198/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İşin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında xx.xx.2020-ci tarixli 2020/99 saylı və xx.xx.2022-ci il tarixli 2022/27 saylı alqı-satqı müqavilələri bağlanmışdır. Müqavilələrin 11.2-ci bəndində təəfər arasındakı mübahisələrin Azərbaycan məhkəmələri tərəfindən həll edilməsi nəzərdə tutulmuşdur. Müqavilələrin 6.2-ci bəndinə əsasən, alıcı malın dəyərini hesab-faktura əsasında mal təslim edildikdən sonra 10 gün ərzində satıcının bank hesabına ödəməlidir. Müqavilələrin 8.2-ci bəndinə görə, alıcı malın satış qiymətinin ödənilməsini gecikdirdiyinə görə gecikmənin hər günü üçün satıcıya vaxtında ödəmədiyi məbləğin 0,1%-i həddində dəbbə pulu ödəməlidir.

2. 27 ədəd elektron qaimədən görünür ki, iddiaçı tərəfindən 2021-ci ilin noyabr- 2022-ci ilin fevral ayları ərzində cavabdehə tikinti materiallarının və tikintidə istifadə edilən ləvazimatların satılması ilə bağlı elektron qaimələr təqdim edilmişdir. Elektron qaimələrin ləğv edilməsi barədə sübutar iş materiallarındə mövcud deyil.

3. İş materiallarına satılmış mallarla bağlı 28 ədəd təhvil-təslim aktı əlavə edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı “X1 ve X2 Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı Filialı Cavabdehnə qarşı cavabdehdən müqavilə üzrə 59819 manat əsas borcun, 17945 manat dəbbə pulunun və 324 manat dövlət rüsumunun, cəmi 78088 manatın iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-6079/2022 nömrəli qərardadı ilə iş üzrə iddiaçı “X1 ve X2 Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı Filialı, əsl iddiaçı “X1 ve X2 Ticaret Limited” şirkəti ilə əvəz edilmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “X1 ve X2 Ticaret Limited” şirkətinin Azərbaycan Resbuplikasındakı filialı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli və xx.xx.2022-ci il tarixli malların alqı-satqısı barədə müqavilə bağlanılmışdır. Həmin müqavilələr əsasında iddiaçı tərəfindən müəyyən tarixlərdə cavabdehə müxtəlif çeşidli mallar satılmışdır. Sözügedən müqavilələrin 2.1-ci bəndinə əsasən, satıcı malı alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul etməyi və onun əvəzində malın satış qiymətini müəyyən edilən məbləğdə və şərtlərlə alıcıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin xx.xx.2022-ci il tarixə almış olduğu mallara görə iddiaçıya ƏDV daxil olmaqla 59819 manat borcu vardır. Cavabdeh 2021-ci ilin noyabr ayından almış olduğu malların dəyərini artıq 10 aya yaxın vaxt keçməsinə baxmayaraq müxtəlif səbəblər gətirməklə bü günə kimi ödəməməkdədir. Bu barədə cavabdehə dəfələrlə şifahi və rəsmi xəbərdarlıq göndərilməsinə baxmayaraq cavabdeh üzərinə düşən öhdəliyin icrasından yayınmışdır. Bakı 2 saylı Mediasiya təşkilatı tərəfindən tərəflər arasında ilkin mediasiya sesiayası keçirilməklə xx.xx.2022-ci il tarixli 2-1463/2022 saylı arayış verilmişdir. Müqavilənin 8.2-ci bəndinə görə, alıcı malın satış qiymətinin ödənilməsini gecikdirdiyinə görə gecikmənin hər günü üçün satıcıya vaxtında ödəmədiyi məbləğin 0,1%-i həddində dəbbə pulu ödəməlidir. Cavabdehlə bağlanılmış xx.xx.2022-ci il tarixli malların alqı-satqı müqaviləsinin 6.2-ci maddəsində alıcı malların dəyərini hesab faktura əsasında mal təslim edildikdən sonra 10 gün ərzində satıcının bank hesabına ödəməli olduğu halda aldığı mallar üzrə 2021-ci ilin ayının 6 da sonuncu ödənişi etmiş, lakin digər vaxtı keçmiş borcu olan 59819 manatı 10 aydan çox vaxt keçməsinə baxmayaraq ödəməmişdir. Belə olan halda hesab edir ki, müqavilə tələbləri qaydasında cavabdehdən 59819 manat əsas borc məbləğindən əlavə 300 gün gecikmə nəticəsində 17,945 manat cərimə pulu tutulmalıdır.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-198/2023 nömrəli qətnaməsi ilə (hakim Zaur Pirverdiyev) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh MMC-dən müqavilə üzrə 59819 manat əsas borc, 2900 manat dəbbə pulu və 261,30 manat dövlət rüsumu, cəmi 62980,3 manat tutularaq “X1 ve X2 Ticaret Limited” şirkətinə ödənilməsi qət edilmişdir.

8. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci tarixli 2020/99 saylı və xx.xx.2022-ci il tarixli 2022/27 saylı alqısatqı müqavilələri bağlanmış və müqavilələrə əsasən iddiaçı malı cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə həmin malı qəbul etməyi və onun əvəzində malın satış qiymətini müəyyən edilən məbləğdə və şərtlərlə iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdehə 59819,86 manat dəyərində mal satılmaqla təhvil verilmiş, lakin cavabdeh tərəfindən təhvil alınmış malların dəyəri iddiaçıya ödənilməmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan məhsulları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır.

10. Məhkəmə iddianın dəbbə pulu hissəsi ilə bağlı qeyd etmişdir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilələrdən irəli gəlir. Belə ki, müqavilələrin 8.2-ci bəndinə görə, alıcı malın satış qiymətinin ödənilməsini gecikdirdiyinə görə gecikmənin hər günü üçün satıcıya vaxtında ödəmədiyi məbləğin 0,1%-i həddində dəbbə pulu ödəməlidir. Lakin məhkəmə hesab etmişdir ki, tələb olunan 17945 manat dəbbə pulu məbləği yaranmış 59819 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 2900 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-198/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslanmışdır ki, məhkəmə tərəfindən 385.1-ci maddənin tələbi pozulmuşdur. Kreditor yəni iddiaçı malları həqiqətən iddiaçıya verilməsi barədə hər-hansı təhvil təslim aktı ilə razılaşdırmamışdır. MPM-nin 77.1-ci maddəsinin tələbi pozulmuş, iddiaçı məhkəməyə sübut qismində elektron qaimə təqdim etməsinə baxmayaraq həmin malların naturada təhvil verməsi barədə təhvil-təslim aktlarını təqdim etməmiş, nəticədə həmin məbləğdə malların cavabdehə həqiqətən də təhvil verməsi sübut edilməmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

14. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı haqqında lazımi məlumat verilməsinə (elektron kabinetə bildiriş yerləşdirilməsinə) baxmayaraq məhkəmə iclaslarında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir.

15. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddə-öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddə-öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 567-ci maddə-alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 462.1-ci maddə-dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 385.2-ci maddə- birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

16. Apellyasiya şikayətinin məzmununda qeyd edilənlərə əsasən qətnamə cavabdeh tərəfindən qismən-iddia tələbinin təmin edildiyi hissədə mübahisələndirildiyindən həmin hissədə yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

17. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-198/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

18. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, mübahisə xarici elementlidir. Tərəflər arasında bağlanmış yazılı müqavilələrdə müqavlə münasibətlərindən irəli gələn mübahisələrə Azərbaycan Respublikasının məhkəmələri və Azərbaycan qanunvericiliyi əsasında baxılması nəzərdə tutulduğundan Bakı Kommersiya Məhkəməsi işə baxmağa səlahiyyətli olmuş və tətbiq edilməli hüquq düzgün seçilmişdir.

19. Cavabdehin apellyasiya şikayətində tərəflər arasında bağlanmış xx.xx.2020-ci tarixli 2020/99 saylı və xx.xx.2022-ci il tarixli 2022/27 saylı alqı-satqı müqavilələrinin bağlandığı mübahisələndirmir. Apellyasiya şikayətində qeyd edilənlərə əsasən malların təhvil verilməsi barədə iddiaçı mötəbər sübutlar təqdim etməmişdir.

20. Apellyasiya şikayətinin dəlillərinin araşdırılması üçün cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclaslarına elektron kabinetinə bildiriş yerləşdirilməklə dəvət edilsə də, iclaslara gəlməmiş, cavabdehin qanuni təmsilçisi elektron kabinet vasitəsi ilə vəsatət göndərərək xx.xx.2023-cü il tarixli məhkəmə iclasının Bakıda olmadığı üçün təxirə salınmasını xahiş etmiş, vəsatət təmin edilərək iclas xx.xx.2023-cü il tarixə təxirə salınmış, həmin məhkəmə iclasında cavabdehi nümayəndəsi hər hansı üzürlü səbəb olmadan iştirak etməmişdir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 31 avqust 2022-ci il tarixədək qüvvədə olan redaksiyada 1.2-ci bəndinə əsasən elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. 1.3-cü bəndə əsasən Bu Qaydalara uyğun tərtib edilməyən elektron qaiməfaktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən dəyəri tələb olunan malların cavabdehə təqdim edildiyi təhvil-təslim aktları, cavabdeh tərəfindən mübahisələndirilməmiş elektron qaimələrlə təsdiq edildiyindən, o cümlədən təəflər arasında bağlanmış müqavilələrin 8.2-ci bəndində ödənişin icrasının gecikdilməsinə görə cərimə nəzərdə tutulduğundan iddianın təmin edildiyi hissədə qətnamə qanuni və əsaslıdır.

22. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 198/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

23. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-198/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar