Məhkəmə qərarları › İş №2-2(103)-402/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-402/2024

15.05.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-402/2024 15.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinın Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə tələbi Açar söz: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinın Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi barədə xüsusi icraat qaydasında ərizəsi üzrə qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-821/2024 nömrəli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İşdəki xx.xx.2023-cü il tarixə olan xəbərdarlıqdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vergilər üzrə 925,31 manat, mdss haqqı üzrə 140,04 manat, icbari sığorta haqqı üzrə 477,29 manat, cəmi 4543 manat borcunun dövlət büdcəsinə ödənilməsi, əks təsdiqdə ölkədən getmək hüququnun məhdudlaşdırlacağı ilə bağlı hüquqi şəxsin qanuni təmsilçisi Maraqlı şəxs xəbərdarlıq edilmişdir.

2. İşdəki ödəniş qəbzlərindən görünür ki, qeyd edilən xəbərdarlıq məktubundan sonra maraqlı şəxs tərəfindən vergi və döblət büdcəsinə digər borcları üzrə xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 220 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 730 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2024cü il tarixdə 1100 manat, ümumilikdə 2850 manat ödəniş edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək vergi ödəyicisi olan hüquqi şəxs "xxxx" MMC tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 959,75 manat, dövlət sosial müdafiə fonduna olan 1017,18 manat, işsizlikdən sığorta fonduna olan 134,53 manat, icbari tibbi sığorta fonduna olan 451,45 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət sosial müdafiə fonduna 1017,18 manat, işsizlikdən sığorta fonduna 134,53 manat, cbari tibbi sığorta fonduna 451,45 manat, dövlət büdcəsinə 959,75 manat məbləğində (o cümlədən, vergilər üzrə 764,95 manat, faizlər üzrə 154,8 manat, maliyyə sanksiyası üzrə 40 manat) olmaqla, ümumilikdə 2562,91 manat borcu vardır.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-821/2024 nömrəli qətnaməsi ilə (hakim Emin Əliyev) ərizə rədd edilmişdir.

6. Məhkəmə qeyd etmişdir ki,ərizəyə məhkəmədə baxılan dövrdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 3150 manat məbləğində ödənişlər edildiyindən və tələb olunan borc ödənildiyindən ərizə təmin edilməmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

7. Ərizəçi qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-821/2024 nömrəli qətnaməsini ləğv edərək ərizənin təmin edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ətraflı araşdırma aparmayaraq, vergi ödəyicisinin şəxsi hesab vərəqəsində ödənilməmiş borc məbləğlərinin olmasına baxmayaraq maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmalı olmaması qənaətinə gəlmişdir. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə nəzər saldıqda görünür ki, ərizə üzrə tələb olunan borclardan Dövlət Sosial Müdafiə Fonduna olan borc məbləği tam şəkildə ödənilsə də, işsizlikdən sığorta fonduna 118,96 manat, İcbari Tibbi Sığorta Fonduna 451,45 manat,dövlət büdcəsinə vergilər üzrə 359,75 manat, faizlər üzrə 154,8 manat, maliyyə sanksiyası üzrə 40 manat borc məbləğləri ödənilməmiş qalmaqdadır. Maraqlı şəxs tərəfindən həmin borcların ödənilməsi barədə məhkəməyə heç bir sənəd təqdim edilməyib.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Ərizəçi və maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdirlər.

10. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 28-ci maddənin 3-cü bəndi- əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. 71-ci maddənin 2-ci hissəsi- insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanununun 3.6-cı maddəsinə əsasən “…Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində ... göstərilən hüquqlar və azadlıqlar ... dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə ... həmçinin ictimai qaydanın təmin edilməsi üçün ... məhdudlaşdırıla bilər”. Azərbaycan Respublikası Vergi Məcəlləsi 16.1.1-ci maddə- qanunla müəyyən edilmiş vergilərə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.15-3-cü maddə- vergi ödəyicisi vergi öhdəliklərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 355-5.1-ci maddə - vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X1 (X2) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il 26 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqelərə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan əsaslar və mütənasiblik prinsipindən irəli gələn meyarlar kifayət qədər aydındır... Mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə işə baxarkən hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsində qeyd edilmişdir ki, dövlətin ərazisində qanuni yerləşən hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ var. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsiszlik və ictimai arayışın maraqları naminə, ictimai qaydanı yaratmaq üçün cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın mühafizəsi üçün və ya digər şəxsləriun hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

11. Qətnamə ərizəçi tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

12. Məhkəmə izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-821/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

13. Xüsusi icraat qaydasında baxılmış işdən görünür ki, vergi orqanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə və sığorta fonduna olan 2562,91 manat borcunun ödənilməsinin təmin edilməsi üçün qanuni təmsilçisi Maraqlı şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etmiş, maraqlı şəxs tərəfindən tələb edilən borcların yarıdan çoxu ödənildiyindən məhkəmə ərizəni təmin etməmişdir.

14. Vergi orqanının apellyasiya şikayətində qeyd edilmişdir ki, Dövlət Sosial Müdafiə Fonduna olan borc məbləği tam şəkildə ödənilsə də, işsizlikdən sığorta fonduna 118,96 manat, İcbari Tibbi Sığorta Fonduna 451,45 manat,dövlət büdcəsinə vergilər üzrə 359,75 manat, faizlər üzrə 154,8 manat, maliyyə sanksiyası üzrə 40 manat, cəmi 1124,96 manat borc ödənilməmişdir.

15. Maraqlı şəxs tərəfindən işə apellyasiya qaydasında baxılarkən təqdim edilmiş qəbzlərdən görünür ki, qətnamə qəbul edildikdən sonra Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinə xx.xx.2024-cü il tarixdə 125 manat, xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 105 manat, cəmi 530 manat ödəniş edilmişdir.

16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, Maraqlı şəxs qanuni təmsilçisi olduğu hüquqi şəxsin dövlət büdcəsinə olan borcları üzrə mütəmadi ödənişlər etdiyindən onun ölkədən getmək hüququnun məhdudlaşdırılması demokratik cəmiyyətdə şəxsin sərbəst hərəkət azadlığına müdaxilə edilməsinin zəruriliyi meyarına cavab vermir. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə alır ki, vergi orqanı hüquqi şəxsin vergi borclarının dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi üçün Vergi Məcəlləsində nəzərdə tutulmuş digər imkanlardan istifadə edildiyi (hesabdakı pul vəsaitləri üzərinə həbs qoyulması, mülkiyyətində olan əmlakların açıq hərracda satılması üçün siyahıya alınması) barədə məhkəməyə sübutlar təqdim etməmişdir.

17. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 821/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

18. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinın Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-821/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar