Məhkəmə qərarları › İş №2-2(103)-402/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-402/2025

25.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-402/2025 25.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdeh Firmasına qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Əliyevanın sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənovdan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-433/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı (satıcı) Cavabdeh Firması (alıcı) arasında xx.xx.2021-ci il tarixli 03RTL- 1121ERC nömrəli məhsul/xidmət satışına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən alıcı müqavilənin qüvvədə olduğu müddət ərzində vaxtaşırı yerləşdirdiyi sifarişləri əsasında satıcnın təqdim etdiyi məhsul/xidməti almağı və dəyərini ödəməyi, satıcı isə məhsul/xidməti təhvil almağı təqdim etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən, Alıcı Məhsul/Xidmət üzrə ödənişi bu Müqavilənin 4.2-ci Maddəsində müəyyən olunmuş vaxtda həyata keçirmədikdə, Satıcının hər gecikən gün üzrə, ödənməyən məbləğə görə Alıcıya həmin məbləğin 0,1 faizi məbləğində dəbbə pulu tətbiq etmək hüququ vardır.

2. İddiaçı (satıcı) Cavabdeh Firması (alıcı) arasında xx.xx.2024-cü il tarixli B2C ERC220224 nömrəli malın alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə üzrə İddiaçı Cavabdeh Firmasının sifarişləri əsasında müqavilənin şərtlərinə uyğun olaraq və qeyd olunmuş müddətdə cavabdehə mal təhvil verməyi, cavabdeh isə həmin malı qəbul edərək, malın dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür.Həmin müqavilənin 2.7-ci bəndinə əsasən, Alıcı, bu Müqavilənin 1 №-li Əlavəsinin tələblərini pozaraq, ödənişi vaxtında, tam və ya lazımı qaydada həyata keçirmədikdə və ya ödənişi gecikdirdikdə, gecikdirilmiş hər gün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən ödənilməmiş məbləğin 0,1 faizi məbləğində Satıcıya dəbbə pulu ödəyir.

3. İddiaçı ilə Cavabdeh Firması arasında məhkəmə icraatının gedişi zamanı imzalanmış və hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş 01 yanvar 2024-cü il – 29 oktyabr 2024-cü il dövrünə olan xx.xx.2024-cü il tarixli B2C ERC220224 nömrəli malın alqı-satqı müqaviləsi və xx.xx.2021-ci il tarixli 03RTL-1121ERC nömrəli məhsul/xidmət satışına dair müqavilə üzrə xx.xx.2024-cü il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, xx.xx.2024-cü il tarixə qalıq borc 75687,47 manat olmuş, sonrakı tarixlərdə aparılmış əməliyyatlardan sonra hər iki müqavilə üzrə ümumilikdə Cavabdeh Firmasının İddiaçınə dövrün sonuna olan qalıq borcu 41003,72 manat təşkil edir.

4. xx.xx.2024-cü il tarixli 554 nömrəli ödəniş tapşırığı ilə 7841,58 manat əsas məbləğ, xx.xx.2024-cü il tarixli ödəniş tapşırıqları ilə 256,08 manat, 398,09 manat, 757,31 manat ƏDV məbləği, xx.xx.2024-cü il tarixli 564 nömrəli ödəniş tapşırığı ilə 2900 manat əsas məbləğ, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə 522 manat ƏDV məbləği, xx.xx.2024-cü il tarixli 569 nömrəli ödəniş tapşırığı ilə 1164,94 manat əsas məbləğ, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə 209,69 manat ƏDV məbləği, xx.xx.2025-ci il tarixli 09 və 09EDV nömrəli ödəniş tapşırığı ilə ƏDV daxil olmaqla 1416 manat, 08 və 08EDV nömrəli ödəniş tapşırığı ilə ƏDV daxil olmaqla 1084,15 manat, 07 və 07EDV nömrəli ödəniş tapşırığı ilə ƏDV daxil olmaqla 497,31 manat, 06 nömrəli ödəniş tapşırığı ilə 6777,49 manat, xx.xx.2025-ci il tarixli ödəniş tapşırıqları ilə 731,69 manat, 20,75 manat, 52,03 manat, 63 manat, 84,22 manat, 34,34 manat, 170,41 manat, 63,52 manat ƏDV məbləği olmaqla ümumilikdə ƏDV daxil olmaqla 25044,6 manat məbləğində pul cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

5. İddiaçı Cavabdeh Firmasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli və xx.xx.2024-cü il tarixli alqı-satqı müqavilələri üzrə 50572,98 manat əsas borc, 3030 manat cərimə məbləği, 3666,54 manat əldən çıxmış faydanın və ödənilmiş 266 manat dövlət rüsumunun, 1100 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, 2.1. iddiaçı ilə cavabdeh arasında 03RTL-1121ERC saylı xx.xx.2021-ci il tarixli məhsul/xidmət satışına dair müqavilə imzalanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən, cavabdeh müqavilənin qüvvədə olduğu müddət ərzində vaxtaşırı yerləşdirdiyi sifarişləri əsasında iddiaçının təqdim etdiyi məhsul/xidməti almağı, müqavilənin 4.2-ci bəndinə əsasən isə cavabdeh ödənişi 10% avans şəklində iddiaçının hesab-faktura təqdim etdiyi təqvim günündən 10 təqvim günü ərzində ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə qüvvəyə mindikdən sonra iddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixli müqavilə əsasında ümumilikdə 252 116,71 manat məbləğində mal satılmışdır. Sonradan cavabdeh ilə iddiaçı arasında müqavilə yenilənmiş və tərəflər arasında B2C№ERC220224 saylı xx.xx.2024-cü il tarixli malın alqısatqı müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən, iddiaçı cavabdehin sifarişləri əsasında müqavilənin şərtlərinə uyğun olaraq cavabdehə məhsul təhvil verməyi, cavabdeh isə həmin məhsulu qəbul edərək, məhsulun qiymətini iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə qüvvəyə mindikdən sonra iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli müqavilə əsasında ümumilikdə 10507,40 manat məbləğində mal satılmışdır. Satılmış malların ödənişləri üçün iddiaçı cavabdehə aşağıdakı elektron qaimələir göndərmişdir xx.xx.2024-cü il tarixli EBED 523866 seriya və nömrəli (8509,52 manat), xx.xx.2024-cü il tarixli MT2407 11090047 seriya və nömrəli (1084,15 manat), xx.xx.2024-cü il tarixli MT2407 11090597 seriya və nömrəli (416,42 manat), xx.xx.2024- cü il tarixli MT2407 11089639 seriya və nömrəli (497,31 manat). 2.3. Hər iki müqavilə üzrə cavabdeh iddiaçıdan aldığı malların dəyərinin bir qismini iddiaçıya ödəsə də, bir qismini bu günə kimi ödəməmişdir. Sonuncu dəfə cavabdeh xx.xx.2024-cü il tarixində 969,02 manat ödəmiş və nəticədə onun xx.xx.2021-ci il tarixli müqavilə üzrə 40065,58 manat məbləğində, xx.xx.2024-cü il tarixli müqavilə üzrə isə 10507,40 manat məbləğində borcu qalmışdır. Satılmış malların dəyərinin ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə edilmiş müraciətlərin nəticəsi olmamışdır. Bu səbəbdən də iddiaçı məcburiyyət qarşısında qalaraq cavabdehə xx.xx.2021-ci il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələrin vaxtından əvvəl xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli bildirişlər göndərmiş və müqavilələrə xx.xx.2024-cü il tarixində xitam veriliməsini, 10 iş günü ərzində satılmamış malların geri qaytarılmasını, yaxud satılmış malların dəyərinin ödənilməsini xahiş etmişdir. Cavabdeh bildirişləri xx.xx.2024-cü il tarixində qəbul etsə də, satılmamış malların qaytarılması və ya satılmış malların dəyərinin ödənilməsi ilə bağlı heç bir addım atmamışdır. Bu səbəbdən də iddiaçı cavabdehə ERC197 və ERC198 saylı xx.xx.2024-cü il tarixli pretenziyalar göndərmiş və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 40065,58 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 10507,40 manat məbləğində borcu 3 iş günü ərzində tam həcmdə ödəməyi tələb etmişdir. Cavabdeh pretenziyaları xx.xx.2024-cü il tarixində qəbul etmiş, lakin ödəniş etməmişdir. 2.4. Əlavə olaraq iddiaçı xx.xx.2024-cü il tarixində cavabdehə “e-mehkeme” portalı vasitəsilə də P6050/2024 və P6051/2024 nömrəli elektron pretenziyalar göndərmişdir. Tərəflər arasında imzalanmış 03RTL-1121ERC saylı xx.xx.2021-ci il tarixli məhsul/xidmət satışına dair müqaviləsinin 4.4-ci bəndinə əsasən, cavabdeh məhsul/xidmət üzrə ödənişi müqavilənin 4.2-ci maddəsində müəyyən olunmuş vaxtda həyata keçirmədikdə, iddiaçının hər gecikən gün üzrə ödənməyən məbləğə görə cavabdehə həmin məbləğin 0,1 faizi məbləğində dəbbə pulu tətbiq etmək hüququ vardır. Tərəflər arasında imzalanmış B2C№ERC220224 saylı xx.xx.2024-cü il tarixli malın alqısatqı müqaviləsinin 2.7-ci bəndinə əsasən, cavabdeh müqavilənin 1 saylı əlavəsinin tələblərini pozaraq, ödənişi vaxtında, tam və ya lazımi qaydada həyata keçirmədikdə və ya ödənişi gecikdirdikdə, gecikdirilmiş hər gün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən ödənilməmiş məbləğin 0,1 faizi məbləğində iddiaçıya dəbbə pulu ödəyir. 2.5. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsində (https://www.cbar.az) olan məlumata əsasən, bank uçot dərəcəsi xx.xx.2021-ci il tarixindən – 7,25%, xx.xx.2022-ci il tarixindən – 7,5%, xx.xx.2022-ci il tarixindən – 7,75%, xx.xx.2022-ci il tarixindən – 8,00%, xx.xx.2022-ci il tarixindən – 8,25%, xx.xx.2023-cü il tarixindən – 8,5%, xx.xx.2023-cü il tarixindən – 8,75%, xx.xx.2023-cü il tarixindən – 9,0%, xx.xx.2023-cü il tarixindən – 8,5%, xx.xx.2023-cü il tarixindən – 8,0%, xx.xx.2024-cü il tarixindən – 7,75%, xx.xx.2024-cü il tarixindən – 7,5%, xx.xx.2024-cü il tarixindən isə 7,25% miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi borclu şəxsin başqasının pul vəsaitinin qaytarmaması, gələcəkdə kreditora hüquq verir ki, o məhkəmədə borcludan, borcdan əlavə faizləri və zərəri tələb etsin. Belə olan halda cavabdehdən müqavilə üzrə öz öhdəliklərini yerinə yetirmədiyi üçün iddiaçıya zərər vurmuş və aşağıdakı məbləğdə borcu yaranmışdır: 03RTL-1121ERC saylı xx.xx.2021-ci il tarixli müqavilənin 4.2-ci bəndinə əsasən, (son ödəniş tarixi – xx.xx.2024dən, 60 gün) hər gecikditilmiş gün üçün ödənilməmiş məbləğin (40065,58 manat) 0,1 faizi (40 manat) məbləğində, 2400 (iki min dörd yüz) manat; B2C№ERC220224 saylı xx.xx.2024-cü il tarixli müqavilənin 2.7-ci bəndinə əsasən, (son elektron qaimə tarixi – xx.xx.2024-dən, 60 gün) hər gecikditilmiş gün üçün ödənilməmiş məbləğin (10507,40 manat) 0,1 faizi (10,50 manat) məbləğində, 630 manat; ölkə üzrə rəsmi bank uçot dərəcəsinə görə, xx.xx.2024-cü il tarixindən – 3666,54 manat (50572,98 x 7,25%) əldən çıxmış faydanın məbləği. 2.6. Bundan başqa, cavabdeh müqavilə üzrə öz öhdəliklərini yerinə yetirmədiyi üçün iddiaçı məcburiyyət qarşısında qalaraq 1100 manat məbləğində vəkil qonorarı ödəmişdir. Beləliklə, cavabdeh müqavilə üzrə öz öhdəliklərini yerinə yetirmədiyi üçün iddiaçıya hər iki müqavilə üzrə 50572,98 manat məbləğində əsas borc, 3030 manat məbləğində gecikmə faizi, 3666,54 manat əldən çıxmış fayda məbləği, 1100 manat vəkil qonorarı xərci, ümumilikdə 58369,52 manat məbləğində borcu yaranmışdır. Həmçinin 266 manat məbləğində dövlət rüsumu ödənilmişdir İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21.2, 442.1, 449-cu və s. maddələri göstərilmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-433/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh Firmasından 15959,12 əsas borc, 2000 manat cərimə məbləği olmaqla ümumilikdə 17959,12 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı hər iki müqavilə üzrə ümumilikdə 50572,98 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb edir. Cavabdeh iddiaya etiraz edərək xx.xx.2024-cü il tarixli üzləşmə aktı ilə borc məbləğinin 41003,72 manat olduğunu, həmin borcdan da ödənişlər edildiyini, həmçinin iddiaçıdan alınan malın ona qaytarılmasının mümkün olduğunu bildirir. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab etmişdir. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, mülki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə iddiaçının verilmiş əşyanın ödənilməsini tələb etmək və ya ödənilməmiş malın qaytarılmasını tələb etmək hüquqları təsbit edilmiş, iddiaçı isə hazırda qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə etmişdir. Bu mənada cavabdehin malların qaytarılması təklifi ilə iddiaçı razı olmadığından bu əsasla cavabdehin etirazı düzgün olmamışdır. Lakin məhkəmə hər iki müqavilə üzrə əsas borcun məbləğinə münasibətdə göstərmişdir ki, iddiaçı 50572,98 manat məbləğində pulun tutulmasını tələb etsə də, xx.xx.2024-cü il tarixli qarşılıqlı üzləşmə aktı ilə borc məbləği həmin tarixə 41003,72 manat təsdiq edilmiş, həmin tarixdən sonra ümumilikdə ƏDV daxil olmaqla 25044,6 manat məbləğində pul cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Belə olan halda məhkəmə bu qənaətə gəlmişdir ki, xx.xx.2024-cü il tarixli B2C ERC220224 nömrəli malın alqı-satqı müqaviləsi və xx.xx.2021-ci il tarixli 03RTL-1121ERC nömrəli məhsul/xidmət satışına dair müqavilə üzrə cavabdehin iddiaçıya olan ümumi borcu 15959,12 manat (41003,72 manat – 25044,6 manat) təşkil edir. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlmişdir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin olunmalı, 15959,12 manat məbləğində pul Cavabdeh Firmasından tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddia ərizəsində iddiaçı həmçinin 3030 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulmasını xahiş edir. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar). İş materialları ilə müəyyən olunmuşdur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlə ilə mübahisənin məhkəməyəqədər həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Həmçinin cavabdeh tərəfindən məhkəmə icraatının gedişində ödənişlər edilmişdir. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları, cavabdehin ödənişi məhkəmə icraatının gedişində etdiyini nəzərə alaraq hesab etmişdir ki, iddiaçının tələb etdiyi cərimə məbləğinin 2000 manat müəyyən edilməsi ağlabatan və ədalətlidir. Beləliklə, məhkəmə bu qənaətə gəlmişdir ki, cərimə olaraq 2000 manat pul Cavabdeh Firmasından tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddiaçı iddia ərizəsində Mərkəzi Bankın bank uçot dərəcəsinə uyğun olaraq 3666,54 manat məbləğində pulun da tutulmasını tələb edir. Göründüyü kimi, iddiaçı ödənişin gecikdirildiyi müddət üçün bank uçot dərəcəsinə əsasən faiz hesablamışdır. Lakin həmin maddəyə əsasən iddianın təmin edilməsi üçün iddiaçı sübut etməlidir ki, cavabdeh pul vəsaitini özündə saxlamaqla ondan faydalanmışdır. Bu halı təsdiq edən sübutlar isə təqdim edilməmişdir. Digər tərəfdən, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Lakin xx.xx.2024-cü il tarixli B2C ERC220224 nömrəli malın alqı-satqı müqaviləsi və xx.xx.2021-ci il tarixli 03RTL-1121ERC nömrəli məhsul/xidmət satışına dair müqavilədə borclunun pul öhdəliyinin icrasını gecikdirməsi üçün ayrı qayda – dəbbə pulu nəzərdə tutulmuşdur. Belə olan halda 3666,54 manat məbləğində pulun tutulması ilə bağlı iddia tələbinin Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən də təmin edilməsi mümkün deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, 3666,54 məbləğində pulun tutulması hissəsində iddia tələbi təmin edilməməlidir. İddiaçı 266 manat dövlət rüsumunun və 1100 manat hüquqi yardı xərcinin də cavabdehdən tutulmasını xahiş etmişdir. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən məhkəmə müəyyən edir ki, iddiaçı tərəfindən ********** nömrəli mədaxil qəbzi əsasında 266 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsinə görə dövlət büdcəsinə ödənilmişdir. Məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, 1100 manat məbləğində pul “Nümayəndə və partnyorları” vəkil bürosuna ödənilmişdir (xx.xx.2024-cü il tarixli ******* nömrəli vəkil orderi). Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə kommersiya mübahisəsinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin xüsusi qaydada çatdırılması və s.), məhkəmə iclaslarının sayını və müddətini nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq 1100 manat məbləğində pul ağlabatandır və cavabdehdən tutulmalıdır. Beləliklə, iddia tələbinin qismən təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, hüquqi yardım xərcinin əvəzi olaraq 1100 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 197 manat məbləğində pul Cavabdeh Firmasından tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

9. Cavabdeh Firması həmin qətnamədən apellyasiya şikayəti verərək şikayətin təmin edilməsini, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-2(113)- 433/2025 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, B2C N: ERC220224 nömrəli müqavilənin 2.6-cı bəndinə əsasən ödəniş, bu müqavilənin 1 nömrəli Əlavəsində nəzərdə tutulan “Qiymətlərin razılışdırılması protokolu”nun şərtlərinə uyğun həyata keçirilir. Tərəflər arasında Qiymətlərin razılışdırılması Protokolunun 1.1 bəndinə əsasən alıcı tərəfindən satılmış malların aylıq hesabatına uyğun olaraq 90 gün ərzində alıcı satılmış malın dəyərini tam ödəməlidir. Göründüyü kimi tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdehin iddiaçı tərəfindən ona satılmış malların dəyərini tam olaraq 90 gün ərzində ödəmək hüququ vardır. İddiaçının göndərdiyi malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə sonuncu elektron qaimə faktura cavabdeh tərəfindən xx.xx.2024 tarixində qəbul edilmişdir. xx.xx.2024-cü il tarixində isə iddiaçı 90 gün müddətini gözləmədən cavabdehdən malların dəyərini tam olaraq ödəməsini tələb etmişdir. Məhkəmə əşyanı təhvil almış alıcının onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsinin olduğunu qeyd etsə də, cavabdeh tərəfindən öhdəliyin icrası müddətinin gecikdirilmədiyinə diqqət yetirməmişdir. Bundan başqa məhkəmə 2000 manat cərimə məbləğinin tutulmasını müəyyən edərkən də cavabdehin öhdəliyin icrasını hansı müddət üçün gecikdirdiyini, əgər gecikmə olmuşdursa, cərimənin gecikən hansı müddət və hansı məbləğdən hesablandığını göstərməmişdir. Hesab edirlər ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan aşağıdakı faktiki hallar aydınlaşdırılmamışdır. Belə ki, İddiaçı MMC cavabdeh"xxxx" Firmasına xx.xx.2024-cü il tarixli bildirişlər göndərərək iddiaçıdan ümumilikdə 50572,98 manat məbləğində borcu ödəməyi və ya həmin məbləğdə göndərilmiş malları geri qaytarmağı tələb etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda iddiaçıdan qalıq malların geri alınması xahiş edilmiş, dəqiqləşdirilmiş borc məbləğinin tez bir müddətdə ödəniləcəyi bildirilmişdir. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyəmüraciət etdikdən sonra tərəflər arasında qarşılıqlı üzləşmə aktına əsasən dövrün sonuna qalıq məbləğinin 41003,72 manat olması müəyyən olmuşdur. İş birinci instansiya məhkəməsinin icraatında olan zaman cavabdeh dəqiqləşdirilmiş 41003,72 manat məbləğdən 25044,6 manatı iddiaçının hesabına ödəmişdir. 15959,12 manat dəyərində mal isə satılmamışdır. Cavabdeh həmin malları geri qaytarmaq istəsə də, iddiaçı mallarıın qəbulundan imtina etmişdir. Halbuki, əvvəllər satılmamış mallar cavabdeh tərəfindən geri qaytarılmış, iddiaçı da buna etiraz etməmişdir. Hazırda iddiaçı satılmamış malların qəbulundan imtina etməsini xx.xx.2024-cü il tarixli bildirişlərdə cavabdehə belə bir təklifin olduğu, lakin cavabdehin vaxtında malları qaytarmaması ilə əsaslandırır. Ancaq həmin bildirişlərdə 50572,98 manat məbləğində borc və ya həmin məbləğdə malların geri qaytarılması tələb olunmuşdur. Tərəflər arasında borcun üzləşməsindən sonra bəlli olmuşdur ki, həmin məbləğ 41003,72 manatdır. Belə olan halda borc məbləği dəqiqləşmədiyi üçün cavabdeh satılmamış malları geri qaytara bilməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

11. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti əsassız olduğu üçün rədd edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-433/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh tərəfindən öhdəliyin icrası müddətinin gecikdirilməməsi barədə cavabdehin dəlili ilə bağlı qeyd edir ki, 2024-cü ilin iyul ayında iddiaçı tərəfindən cavabdehə məxsus mağazalarda malların qalığı yoxlanılmış və məlum olmuşdur ki, malların böyük qismi satılmış, lakin cavabdeh satılan malların dəyərini ödəməmişdir. Cavabdehin nümayəndəsi Bakı Kommersiya Məhkəməsində icraat zamanı etiraf etmişdir ki, həmin vaxt məktəbə hazırlıq dövrü olduğundan dəftərxana və məktəbli ləvazimatlarının alışı ilə məşğul olduqları üçün iddiaçıya olan borcunu ödəməmişlər. Məhz bu səbəbdən də, iddiaçı tərəfindən Cavabdeh Firmasına xx.xx.2024cü il tarixli bildiriş göndərilmiş və cavabdehdən satılmamış malların geri qaytarılması, yaxud satılmış malların dəyərinin ödənilməsi xahiş edilmişdir. Lakin, Cavabdeh Firması nə malları geri qaytarmış, nə də ki, satılmış malların dəyərini ödəmişdir. Beləliklə, cavabdehin dəlili əsassızdır, çünki İddiaçı MMC apellyasiya şikayətində göstərildiyi kimi, Cavabdeh Firmasından malların dəyərini deyil, satılmamış malların qaytarılmasını və ya yalnız satılmış malların dəyərinin ödənilməsini xahiş etmişdir. Belə olan halda, hesab edir ki, Cavabdeh Firmasının apellyasiya şikayəti təmin edilə bilməz. Cavabdehin apellyasiya şikayətində göstərdiyi növbəti əsassız dəlil ondan ibarət olmuşdur ki, məhkəmə 2000 manat cərimə məbləğinin tutulmasını müəyyən edərkən də cavabdehin öhdəliyin icrasını hansı müddət üçün gecikdirdiyini, əgər gecikmə olmuşdursa, cərimənin gecikən hansı müddət və hansı məbləğdən hesablandığını göstərməmişdir. Cavabdehin bu dəlili ilə bağlı Məhkəmə Kollegiyasına bildirmək istəyirik ki, Cavabdeh Firması, 03RTL-1121ERC saylı xx.xx.2021-ci il tarixli Müqavilə üzrə ödənişləri xx.xx.2024-cü il tarixindən 60 gün müddətində, B2C№ERC220224 saylı xx.xx.2024-cü il tarixli Müqavilə üzrə ödənişləri xx.xx.2024-cü il tarixindən 60 gün müddətində gecikdirmişdir. Bu səbəbdən də iddia ərizəsində, Cavabdeh Firmasından 03RTL-1121ERC saylı xx.xx.2021-ci il tarixli Müqavilə üzrə 40065,58 manat ödənilməmiş məbləğin, həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, 0,1 faizi məbləğində olmaqla 2400 manat, B2C № ERC220224 saylı xx.xx.2024-cü il tarixli Müqavilə üzrə 10507,40 manat ödənilməmiş məbləğin, həmin Müqavilənin 2.7-ci bəndinə əsasən, 0,1 faizi məbləğində olmaqla 630 manat, ümumilikdə hər iki Müqavilə üzrə 3030 manat məbləğində cərimə məbləğinin tutulmasını xahiş ediblər. Cavabdeh Firması, məhkəmə dövründə müəyyən borcunu ödəmiş və bu səbəbdən də, işə baxan məhkəmə bunları nəzərə alaraq iddia tələbini bu hissədə qismən təmin edərək cavabdehdən cəmi 2000 manat cərimə məbləğini tutmuşdur. Cərimənin gecikən hansı müddət və hansı məbləğdən hesablandığı iddia ərizəsində göstərilmiş və qətnamədə də əksini tapmışdır. Beləliklə, Cavabdeh Firmasının bu dəlili də digəri kimi əsassızdır və bu səbəbdən də təmin oluna bilməz. Bütün yuxarıda qeyd olunanlar təsdiq edir ki, Bakı Kommersiya Məhkəməsi (hakim Nərmin Əhmədova) qətnamə qəbul edərkən hər hansı maddi və prosessual hüquq normalarını pozmamış, ədalətli, əsaslı və qanuni qətnamə qəbul etmişdir. Bu səbəbdən də, hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-433/2025 saylı xx.xx.2025ci il tarixli qətnaməsinin ləğv olunması üçün hər hansı əsas mövcud deyildir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq, Cavabdeh Firmasının xx.xx.2025-ci il tarixli apellyasiya şikayətinə etiraz edirlər, Məhkəmə Kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-433/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş edirlər.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

12. Məhkəmə iclasında iştirak edən cavabdehin qanuni təmsilçisi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etdi.

13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayyəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq:

14. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. -567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. -598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. -600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

15. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edildiyindən və həmin qətnamə yalnız cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslığı iddianın təmin edilmiş hissəsində yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

20. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı (satıcı) ilə Cavabdeh Firması (alıcı) arasında xx.xx.2021-ci il tarixli 03RTL-1121ERC nömrəli məhsul/xidmət satışına dair müqaviləyə və xx.xx.2024-cü il tarixli B2C ERC220224 nömrəli malın alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı sözügedən müqavilələr üzrə öhdəliklərini lazımi qaydada icra edərək həmin müqavilələr üzrə iddiaçıya mallar təqdim etsə də, cavabdeh həmin malların dəyərini tam şəkildə ödəməmiş, nəticədə iddiaçıya 15959,12 manat məbləğində borcu yaranmışdır.

21. İddiaçının ödənilməsini tələb etdiyi malların satılmaması, əvvəllər mallar satılmadıqda iddiaçının satılmayan malları geri götürməsi, mübahisəli malları isə geri götürməkdən imtina etməsi barədə cavabdehin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, tərəflər arasında alqı-satqı müqavilələrinə əsasən təqdim edilmiş, lakin satılmamış malların satıcı geri qaytarılması barədə işgüzar münasibətin mövcudluğu (xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinin 3.9-cu bəndində hətta belə şərt nəzərdə tutulmuşdur) işin mübahisəsiz halıdır. Lakin iş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən cavabdehə bildiriş göndərilərək 10 iş günü ərzində borcun ödənilməsi və ya göndərilmiş malların qaytarılması tələb edilsə də, cavabdeh bildirişdə nəzərdə tutulmuş müddət ərzində satılmamış malların iddiaçıya qaytarılması istiqamətində hər hansı bir addım atmamış və ümumiyyətlə bildirişə həmin müddət ərzində cavab verməmişdir. Göründüyü kimi işgüzar praktikaya uyğun olaraq iddiaçı tərəfindən cavabdehə satılmamış malların geri qaytarılması təklif edilsə də, cavabdeh həmin satılmamış malları qaytarmaq üçün təqdim etməmişdir. Odur ki, iddiaçının istinad etdiyi dəlillər əsassız olmaqla iddianın rədd edilməsi üçün əsas vermir.

22. Qeyd olunanlara əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçı Mülki Məcəllənin 567 və 598.1-ci maddələrinə əsasən cavabdehdən mübahisəli alqı-satqı müqavilələri üzrə 15959,12 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etməkdə haqlıdır.

23. Digər tərəfdən qətnamənin öhdəliyin icrasının gecikdirilməsinə görə dəbbə pulu tutulması hissəsinə gəldikdə kollegiya cavabdeh tərəfindən alqı-satqı müqavilələri üzrə malları ödəmək öhdəliyinin icrasının gecikdirilməsi iş materialları ilə öz təsdiqini tapdığını, həmin alqı-satqı müqavilələrində malların dəyərini ödəmək öhdəliyinin icrasının gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğunu, eləcə də cavabdeh mübahisəli müqavilələr üzrə 40.000 manat məbləğində borcun ödənilməsinin gecikdirildiyini və həmin borcun bir hissəsinin yalnız məhkəmə araşdırması gedişində ödənildiyini nəzərə alaraq hesab edir ki, məhkəmənin müəyyənləşdirdiyi dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehdən 2000 manat məbləğində dəbbə pulunun tutulması hissəsində də qətnamə qanuni və əsaslıdır.

24. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.

25. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i: Cavabdeh Firması tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-433/2025 saylı saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Elnur Həsənov

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar